Şəkidə Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılışı oldu
Avqustun
31-də Şəki şəhərində
Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas alim,
ictimai xadim Bəxtiyar Vahabzadənin ev muzeyinin
açılış mərasimi
keçirildi.
Mərasimdə mədəniyyət naziri
Əbülfəs Qarayev,
Şəki Şəhər
İcra Hakimiyyətinin
başçısı Elxan
Usubov, BDU-nun rektoru, akademik Abel Məhərrəmov,
Atatürk Mərkəzinin
rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, şairin ailə üzvləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak
edirdi.
Tədbirdə çıxış edən
Əbülfəs Qarayev
bildirdi ki, Şəki şəhəri
Azərbaycanın ədəbiyyat,
mədəniyyət tarixində
öz yeri olan böyük şəxsiyyətlərin vətənidir. Gələcək
nəsillər üçün
zəngin irs
və dəyərli nümunələr yadigar qoyan bu insanların
xatirəsi həm ölkəmizdə, həm
də burada – Şəkidə daima əziz tutulur: “Şəki şəhəri
Azərbaycan ədəbiyyatına,
mədəniyyətinə, musiqisinə böyük şəxsiyyətlər, dühalar
bəxş edib. Onlardan biri də Bəxtiyar
Vahabzadədir. Bəxtiyar
Vahabzadə Azərbaycan
və ümumən türk dünyası
ədəbiyyatında özünəməxsus
yeri, dəsti-xətti
olan şairlərdəndir.
İstisnasız olaraq millətin
bütün nümayəndələrinin,
hər bir vətəndaşın sevgisini,
rəğbətini qazanmış
nadir söz sənətkarlarındadır.
O həm də istiqlal mücahidi, Azərbaycan xalqının
taleyüklü məsələlərinə
həssas, milli mənafeləri müdafiə
edən bir ziyalı olmuşdur. Bəxtiyar Vahabzadə nə qədər millətini, vətənini sevirdisə,
xalq da, ölkə də o qədər onu sevir. Açılışına toplaşdığımız ev muzeyində də bu məqamların
imkan daxilində əks etdirilməsinə çalışıb”.
Nazir vurğuladı
ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev hər zaman vətənin dəyərli
ziyalılarının xatirəsinin
əbədiləşdirilməsinə, onların yaradıcı irsinin qorunaraq gələcək nəsillərə
çatdırılmasına xüsusi diqqət yetirir, bu istiqamətdə
müxtəlif sərəncamlar
imzalayır. Belə sərəncamlardan biri də “Şəki şəhərində Bəxtiyar
Vahabzadənin ev muzeyinin yaradılması və yaşadığı
binaya xatirə lövhəsinin vurulması
haqqında” 27 oktyabr
2015-ci il tarixli sərəncamdır.
Əbülfəs Qarayev bildirdi ki, əsl vətəndaşlıq
mövqeyi nümayiş
etdirən Bəxtiyar Vahabzadə vaxtilə öz yaşadığı
evi uşaq bağçasına vermişdi. Ölkə başçısının
tapşırığı ilə həmin evdə muzey yaradıldı. Uşaq bağçasına
isə ayrıca, müasir üslubda yeni bina inşa
olundu.
Əbülfəs Qarayev qeyd etdi
ki, dövlət tərəfindən görkəmli
şairin yaradıcılığına
diqqət və qayğı yalnız bu muzeylə məhdudlaşmır. O, hər zaman müstəqil Azərbaycan dövləti
tərəfindən yüksək
qiymətləndirilib, ulu
öndər Heydər
Əliyevin imzaladığı
müvafiq sərəncamla
respublikamızın ən
ali təltiflərindən
olan “İstiqlal” ordeninə layiq görülüb. Bəxtiyar Vahabzadənin
Bakıda yaşadığı
evə xatirə lövhəsi vurulub, şəhərin küçələrindən
birinə onun adı verilib. Şəki şəhərində
şairin büstü
ucaldılıb, adına park salınıb,
2015-ci ildə şairin
90 illik yubileyi respublikamızda təntənəli
şəkildə qeyd
edilib.
“Həmin qayğının
daha bir nümunəsi olaraq açılan bu muzeyə görə ölkə başçısı
cənab İlham Əliyevə çoxminli
mədəniyyət ictimaiyyəti
adından dərin təşəkkürümüzü bildirirəm. İnanırıq
ki, muzey həm yerli əhalinin, həm də qonaqların böyük marağına
səbəb olacaqdır”,
- deyə nazir vurğuladı.
Əbülfəs Qarayev Şəki şəhərinin UNESCO-nun Dünya
irsi siyahısına salınması istiqamətində
işlərin davam etdiyini də diqqətə çatdırdı. Azərbaycan
xalqının mədəni
irs nümunələrinin
UNESCO siyahılarına salınmasında
göstərdiyi böyük
əməyə görə
Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlığını
bildirən nazir sonda bütün şəkililəri, bəxtiyarsevərləri
muzeyin açılışı
münasibətilə təbrik
etdi.
Mərasimdə çıxış edən
akademik Abel Məhərrəmov
Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycanın ədəbiyyat
və ictimai fikir tarixində tutduğu mövqedən danışdı. Bildirdi ki, Bəxtiyar Vahabzadənin sovet dövrünün çətinliklərindən,
qadağalarından, repressiv
üsullarından qorxmayaraq
qələmə aldığı
"Gülüstan" poeması
Azərbaycanın ikiyə
bölünməsini, bunun
nəticəsində yaşadığı
fəlakətləri çox
gözəl bədii dillə millətə çatdırmışdır. Bu
poemaya görə böyük şair hətta cəzalandırılmış,
1962-ci ildə Azərbaycan
Dövlət Universitetindən
işdən çıxarılmış,
yalnız 2 ildən sonra işə bərpa edilmişdi.
Akademik daha sonra dedi: “Millətin
dərdlərini rəmzlər
və müxtəlif ədəbi üsullarla ifadə edən, iri həcmli poemaları və pyeslərində hadisələri
ya tarixə, ya da başqa
ölkələrə keçirərək
öz millətinin dərdlərini dilə gətirən Bəxtiyar Vahabzadənin yaradıcılığı
hər zaman oxucular tərəfindən
diqqətlə izlənilmiş
və rəğbət
qazanmışdır”.
Akademik Nizami Cəfərov çıxış
edərək görkəmli
şair haqqında xatirələrini bölüşdü. Bildirdi ki,
universitetdə təhsil
alarkən müəllimi
Bəxtiyar Vahabzadədən
elmin sirləri ilə yanaşı, həm də əsl həyat dərsi alıb. Bildirdi ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatında, tarixində
böyük izlər qoymuş əsl vətəndaş, millətini
sevən, onun maraqlarını hər şeydən üstün tutan şəxsiyyət idi. O, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük
şairidir.
Daha sonra çıxış
edən Şəkinin
icra başçısı
Elxan Usubov son illər şəhərdə
həyata keçirilən
tikinti-quruculuq işləri
haqqında məlumat verdi. Bildirdi ki,
ölkə başçısının
diqqət və qayğısı nəticəsində
Şəki şəhəri
gündən-günə öz
simasını dəyişir,
inkişaf edir.
Bu gün açılan
Bəxtiyar Vahabzadənin
ev muzeyi
görülən işlərə
daha bir töhfədir.
Şairin ailəsi adından çıxış edən qızı Gülzar Vahabzadə bildirdi ki, Bəxtiyar Vahabzadə erkən yaşlarında ailəliklə Şəkidən köçsə də, daim doğulduğu yurda bağlı qalmış, buradan ilham almışdır. O, ev muzeyinin yaradılmasına görə ailəsi adından ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirdi.
Nazir daha sonra Şəki şəhərində 40 yerlik uşaq bağçasının açılış mərasimində iştirak etdi. 2 mərtəbədən ibarət bağça binasının ümumi sahəsi 1196 kvadrat metrdir. Tikinti işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi əsasında aparılıb. Binada tibb, musiqi, mətbəx, yemək və oyun otaqları, idman zalı və digər yardımçı otaqlar yaradılıb. Bağçanın həyətində uşaqlar üçün əyləncə sahəsi yaradılıb.
Görülən işlərdən razılığını bildirən Əbülfəs Qarayev kollektivə uğurlar arzuladı.
Qeyd edək ki,
ev muzeyində bərpa, yenidənqurma
işləri Mədəniyyət Nazirliyi
yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidməti tərəfindən aparılıb. Xalq şairi Bəxtiyar
Vahabzadənin anadan olduğu
Ə.Haqverdiyev küçəsi, 73
ünvanında yaradılan ev muzeyinin ekspozisiyası 70 kvadratmetr
təşkil edir və 3 otaqdan
ibarətdir. Həmçinin inzibati və
fond otaqları mövcuddur.
Muzeyin ekspozisiyası şairin
ailəsi tərəfindən təqdim edilmiş
sənəd, kitab, əlyazma, foto və arxiv sənədləri,
şəxsi əşyalar əsasında
formalaşdırılıb. Burada
ümumilikdə 735 ədəd eksponat nümayiş olunur.
525-ci qəzet.- 2018.-
1 sentyabr.- S.13.