Yenə bu şəhərdə
üz-üzə gəldik...
“Kiyev gündəliyi”ndən
Mən, pəncərələrin
müqəddəsliyinə inanıram. Düz sözümdü. Heyif deyil pəncərə?
Lap çox darıxanda
pəncərədən çölə
baxıram. Şəhərin
çölünə, göyün
çölünə, lap elə
xatirələrin çölünə...
Göyüzü yarımbuludlu Kiyev axşamçağısında qədim Arbat küçəsiylə mərkəz
sarı düşürəm. Sağımdan
“Dom Turbinıx” - Bulqakovun
ev muzeyi
əzəmətlənir. Təxminən 20 metr ötər-ötməz
dayanıram. Lap Bulqakovun Stalinə yazdığı ol məşum məktubdakı
cümlələrin sehrinə
düşdüm. Yazırdı,
“Nə yaxşı ki, dünya insanların ümidinə
qalmayıb, yoxsa çoxdan məhv olar idi...” Yazırdı,
“Nə yaxşı ki, bizi gözəgörünməz
qüvvələr idarə
edir...”
Heç bilmirəm hansı qüvvələrin müdaxiləsiylən
dayandım, geriyə döndüm və muzeyə sarı addımladım. Bir neçə dəfə olmuşam bu muzeydə, sözüm onda yox, amma
həmin an qəti şəkildə muzeydə olmaq fikrində deyildim. Sadəcə
dayandım, çevrildim
və addımladım.
Elə yazılar
olur, köklənilməsi
müşkül. Bilmirsən hardan başlayasan,
necə təsvir edəsən. Xüsusilə mövzu çəkilməz
olanda. Mən adətən hər-hansı
yazıdan, şeirdən,
yaxud hekayədən, essedən və ya romanın adamı girinc qoyan hissələrini yazmazdan qabaq uzun-uzadı uzanıqlı
vəziyyətdə qalıram.
Bu proses beş
saat da çəkə
bilər, iyirmi dəqiqə də, bir ay da. Ey
vah! Elə
indicə hiss etdim ki, otağım çox işıqlıdır
və bu gur işıqlar mənə zehnimin qaranlıqlarındakı görünəsilərə
baxmağa mane olur. Qalxıb lüsturdakı beş lampadan
üçünü söndürürəm.
Heç bilmirəm hansı gözəgörünməz qüvvələrin
təsiriylə dayandım,
geri döndüm və muzeyə tərəf yön aldım. Bir daha qeyd edirəm, qəti şəkildə muzeyə
girmək fikrim yoxdu. Qarşıdan gələn üç
gənc xanımın
qulağayatımlı gülüşləri
olmasaydı, əməlli-başlı
rəncidə olacaqdım
geridönüşümə. Ki, bu xanımlardan biri mənim çoxdan unutduğum nə qədər qadın idi. O qədər çox idi ki bu
qadın, həmin an az qala bütün Ukraynanın yarım əhalisiydi.
Təəccüblənməyi çox sevirəm. Bu rəqəmsal çağdaş
məzmunsuz dövr heyrət hissimizə nə qədər qənim kəsilsə də, gözügörünməz
qüvvələr məni
heç olmasa kvartalda bir yol
təəccübləndirir. Hətta diksindirir. Üstəlik, özümü itirməyi də sevirəm. Hələ-hələ qadın qarşısında.
Hələ-hələ şarmlı
olsa bu qadın
və ol qadın sənin az qala hamısını unutduğun
sevgilin olsa...
Getdiyim yerdəcə
tam ciddi dik atıldım, əvvəlcə
əlbəttə, baxışlarımız
toqquşdu və aramızdakı 5-3 addımlıq
məsafədəcə dondular. Bilirəm, indi
o görüşü necə
yazsam, deyəcəksiniz
yazıçılığından istifadə eləyib bizi qandırır. Amma Allaha and olsun, xanımın yanındakı
qızlar heç nə olmamış kimi deyə-gülə yanımdan ötüşüb
keçdilər, biz isə
üz-üzə qaldıq
aramızdakı 5-3 addımlıq
məsafədə toqquşan
baxışlarımızın uzağında. Vallah qəfil
ildırım çaxsaydı,
yağış yağsaydı,
özümü hansısa
Bollivud filminin içində hiss edəcək
idim. Və əlbəttə uca səslə bağıraraq:
“Yox, mən bu səhnəyə çəkilmək istəmirəm!”
- deyə irad edəcək idim rejissora.
(Yeri gəlmişkən,
sonuncu cümlədəki
“uca səslə bağıraraq”-ı qəsdən
yazmışam. Redaktə yönündən baxanlar oxuyub gülsünlər, lağa qoysunlar - “Yazıçıma bax, guya pəsdən də bağırmaq olarmış...”)
Elə yazılar
olur, köklənilməsi
müşkül. Nə qədər zarafat
qatsan da, yumşaltmaq xatirinə, olmur ki olmur.
Elə indicə hiss etdim ki, otağımdakı
sükut əsəblərimə
toxunur və qalxıb pəncərəni
açıram.
Aramızdakı 5-3 addımlıq məsafə. İlahi, bunca
uzaq yol görməmişdim ki heç. Ciddi sözümdü. Mən heç vaxt kiməsə bunca uzaqlıqdan baxmamışdım.
Göz işlədikcə uzanan
5-3 addımlıq yolun
o tərəfindəki qadın
o qədər uzaqdaydı
ki. İndi həmin uzaqlıqdan
bir qaranquş da gəlməz, bir it də hürməz, bir arzu da tutulmaz
həmin uzaqlıqda.
Amma elə həminki uşaqdı... Gözlərinin içindəki parıltı,
üzündəki həyəcan,
uzun burnunun xəfifcə yığılıb-genişlənən
pərləri. Çantasına baxsam xatirə dəftəri də çıxar billahi.
Birdən-birə baxışlarımızın donu
açıldı və
gülüşdük. Yaxınlaşıb olan-qalan bütün qollarımızla bir-birimizə
sarıldıq və...
ağladıq.
- Hardan belə? - dedim.
- Muzeydən.
- Hmm, muzeydən... - dedim.
- Bəs sən? - soruşdu
- Bilmirəm.
Elə bu dəm bayaqkı şən rəfiqələrin səsi eşidildi. Belə razılaşdıq ki, 2 saat sonra zəngləşək. Ara yerdə nömrə almaq yadımdan çıxmışdı. Sözün düzü, bu, məndə heç vaxt alınmır. Elə bu dəfə də xanım zirəng davrandı. Sağ olsun...
Elə yazılar olur, həqiqətən köklənilməsi müşkül. Üstəlik, qripə yaxalanmışam beş gündür. Zalım öskürək də bir yandan. Qalxıb çay dəmləyirəm - “Travyanoy çay kaşel No:25”. Kömək etməsə “Multiqrip” içəcəm. Görək başımıza nə gəlir.
Artıq hava qaralmaq üzrə. Həyəcandan tir-tir əsirdim bayaq. Əlaydı. Başınıza gəlsin. Deməli, muzeydən gəlir imiş. Bulqakov burda da yardımçımız oldu demək. Görüşməyimizi deyirəm. Bizi birləşdirən dəyərlər hərdaim bizi öz əhatə dairələrində saxlar. Həmin o gözügörünməz qüvvə dediyimiz nəsnə də məhz bu tövr qutsal dəyərlərin mistik aurası. Əl-qərəz, elə bu kimi sarsaq fikirlərdəydim telefon cibimdə titrədi və gözlənilən zəng gəldi. Vədələşib ortaq bir məkanda görüşdük. Gülümsəyərək, “yenə bu şəhərdə üz-üzə gəldik...” - dedi. Mən də duet xatirinə - “neyləyək, ayrıca şəhərimiz yox” - dedim. Dedi, nə bilim vallah, bax da, gör neynirsən...
Mənim təklifimlə Dnepr sahili “HidroPark”da bir restorana getməyə qərar verdik. Burası gürcü mətbəxli bir restoran. Məkan olaraq elə yerdə ki, günəşin batışının bütün heyrətamizliyini seyr etmək mümkün. Təxminən 300 metrlikdə körpü. Körpüdən maşınlar da keçir, qatarlar da. Maşınları boş verin, qatarların keçişi mürgülü bir romantika qatır məkana. Günəş də körpünün obri tərəfindən batır. Bir balaca şairanə nəzər etsən, and olsun, sanarsan günəş körpünün o tərəfində Dneprə düşür. Hətta islandığını da görürsən günəşin. İndi durub bir dördbucaqbaş şəbədə qoşacaq ki, ay nə bilim günəş islanmaz, onun nüvəsində 2 milyard +C hərarət var filan. Mən də deyəcəm, yalançının filan-bəsməkan. Eee, olmadı ki. Bu cür yazının ortasına mənasız informasiya daşıyıcılarının qup-quru şəngülüm müdaxiləsi niyə girsin axı? Günəşin mərkəzində 2 milyard nə bilim nə qədər istilik varmış. Cəhənnəmə ki! Bu əttökən informasiyanın mənim həyatımda nə kimi rolu var? Nəinki mənim, ümumiyyətlə, bu kimi dəxlisiz elmi araşdırmaların bəşəriyyətin taleyində hansı müsbət iştirakı var? Ay nə gözəl olardı hamı bu intonasiyada yaşayardı: Günəş dənizin, çayın arxasında batmağa gedəndə islanır...
Bəlkə də inanmayacaqsınız. Amma elə yazılar var, əməlli-başlı adamın atasını yandırır. Belə də iş olar? Az qala yazıdakı cümlələr monitordan çıxıb adamla süpürləşə. Vallah, dünyanın düz vaxtında işə salmışıq özümüzü. Durum bir “Multiqrip” içim.
Əlimi batmaqda olan narıncı günəşə uzadıram:
- Bax, gör necə
islanacaq Dneprdə...
O, mehriban-mehriban gülümsəyərək:
- Hmmm, necə gözəldi. Mən də islanmaq istəyirəm...
- Deyirsən muzeydən gəlirdin... - söhbət
xatirinə soruşuram.
- Hə, heç olmamışdım. Çox maraqlıydı
- mehriban gülüşünü
saxlayaraq cavab verir.
- Pianinonu gördün?
Üzündəki gülüş ildırım sürətiylə yoxa çıxır. Yerində bom-boz boşluq. Komputerin yazı masasından hansısa bir faylı silirsən, yerində boşluq qalır. Silinən fayl da gedib düşür “zibil qutusu”na. Eynən belə göründü xanımın üzü. Ümumiyyətlə, üzümüzdən silinən gülüşlərin də hamısı ömrün zibil qutularına düşür. Daha heç vaxt qayıtmırlar. Daha dəqiq desək, bir gülüş eyni yanağa cəmi bircə dəfə qonur. Qalanları imitasiyadı. Adamlar ömürləri boyunca cəmi bircə dəfə gülürlər. Daha doğrusu, cəmi bircə dəfə gülə bilirlər. Gerisi təfərrüat...
Qəbahətin sualımın harasında olduğunu vərə-vürd eləyirəm. Tapmıram. Axı mənim tanıdığım bu xanım pianoçu idi. Allah haqqı. İnanmırsınız tapın, əllərinə, barmaqlarına baxın. Heç tanımasanız da biləcəksiniz. Görəcəksiniz barmaqlarının altında ağ-qara dilimli piano dilləri gəzdirir. Hətta saçlarını üzündən yığışdırıb qulağının arxasına keçirəndə də melodiya eşidirsən. Nə isə. Mövzunu həmən dəyişmək lazım. Düzü, bu da məndə alınmır. Sağ olsun, ofisiant xanım qanımın arasına girir. Sifarişlərimizi götürür və nə vaxtsa güldüyü həqiqi gülüşü imitasiya eləyə-eləyə çıxıb gedir.
- Burda nə yaxşı? - soruşuram.
- Elə-belə, qızlarla gəzməyə qərar verdik - deyir - Kiyevi seçdik. Heç bilmirdim burdasan. Nə vaxt gəlmisən?
- Nə bilim, unutmuşam. Mənə hərdən elə gəlir ümumiyyətlə burda olmuşam bütün ömrüm boyu, heç yerə də getməmişəm. Amma xatırlamıram.
- Nə qəliz danışırsan - deyə rişxənd edir (gülüşürük)
- Hə, deyəsən, nitqimdə rabitələrə nəzarəti itirirəm yavaş-yavaş. Hərdən məni narahat edir bu. Amma çox da ciddiyə almıram. Dahilərdə olur belə şeylər (yenə gülüşürük).
Sifarişlərimiz gəlir. Qırmızı şərab dolu badələrimizi ilk olaraq Bulqakovun sağlığına qaldırırıq. Nədən ki, o hərdaim sağ olacaq. Nədən ki, sizin tanıdığınız heç bir diri bizi Kiyevdə görüşdürə bilməz idi.
- Yaxşı, bəs...
- Bilirəm nə soruşacaqsan - deyə sözümü kəsir. Bir neçə saniyə susduqdan sonra düz gözlərimin içinə zilləyir baxışlarını. Və sonra səsindəki bütün qətiyyətlə davam edir - ... Ayrıldıq!
- Niyə?
- Pianinomun qapağına mismar vurdu...
Şəhriyar del GERANİ
525-ci qəzet.- 2018.-
1 sentyabr.- S.12.