Şərəfə layiq
Onda
hamımız hələ xeyli gənc idik, yol yenicə
başlanırdı və indiki yaş bizə əlçatmaz,
hətta təsəvvüredilməz qədər uzaq
görünürdü, 1970-ci illərin ikinci yarısı idi.
Mən Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinin tələbəsiydim və Azərbaycan
Televiziyası ilə bir neçə daimi veriliş
aparırdım.
Həmin
yeni yaranan verilişlərdən biri “Necəsən, əziz
dost?” adlanırdı və bu proqramın ilk
buraxılışı studiyada deyil, açıq havada - indi
hər gün yanından keçdiyiniz, Filarmoniya
bağındakı Büllur fəvvarənin
aşılışı münasibətilə elə oradan təşkil
edilmişdi.
O zamanlar
televiziyanın Gənclik redaksiyasının baş redaktoru
olan jurnalist və yazıçı Yusif Kərimov təklif
etmişdi ki, bu veriliş üçün ayrıca mahnı
başlığı hazırlaya bilsəniz, pis olmaz.
Mahnı bircə günün içində
yaranmışdı.
Sözləri yazıb vermişdim elə bizim kimi yolunu təzəcə
başlayan, sonralar Gülara xanım Əliyeva ilə birgə
işləyəcək, onun vəfatından sonra isə “Dan
ulduzu”nun rəhbəri olacaq gənc pianoçu və bəstəkar
Həsənağa Qurbanova.
Gecəylə mahnını bəstələmişdi,
Züleyxa Mirismayılovaoxumuşdu, lentə
almışdıq və birinci veriliş həmin nəğməylə
başlanmışdı.
Elə ekrana gələn kimi bəyənilən təzə
verilişin ilk saylarından birini Azərbaycan kinosunun
sabahı olacaq gənclərə həsr etmişdik.
O
dövrdə çox məşhur və nüfuzlu - kino nəhənglərinin
dərs dediyi Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunda, eləcə də Moskvadakı ikiillik Ali
rejissorluq və ssenariçilik kurslarında təhsil alan, illər sonra hamısının mədəniyyətimizdə
sanballı yeri və sözü olacaq tələbə gəncləri
dəvət etmişdik.
Vaqif Mustafayev onlardan biri idi.
Verilişin yazılışından sonra Vaqiflə
Dağüstü parkdakı “Dostluq” restoranına getdik.
Müəllimi Eldar Ryazanovun son dərəcə
maraqlı dərs saatlarından, yeni baxdığı,
böyük ekranlara çıxmayan xarici filmlərdən,
Moskva sərgüzəştlərindən
danışırdı.
O gündən
yadımda qalan belə bir əhvalatı da danışdı
ki, hansısa filmə baxırlarmış, tələbə
yoldaşlarından olan çox qəşəng bir qız
deyir ki, mən bu filmin rejissoruna ürəyimi verərdim.
Vaqif də
dərhal qayıdır ki, mən bundan da yaxşısını
çəkərəm!
Vaqif belə söyləmişdi,
gülüşmüşdük, amma indi həmin sözlər
yadıma düşür və anlayıram ki, bunlar sadəcə
söz deyil, əslində, Vaqifin bütün ömrü
üçün bir açarmış, düsturmuş.
Qarşısına məqsəd qoymaq və nə qədər
çətin olsa da, ilk baxışdan lap mümkünsüz
təsir bağışlasa da, o hədəfə doğru can
atmaq və istəyinə hökmən yetişmək.
Bu, Vaqif Mustafayevin xarakteridir, mahiyyətidir və həyatda
da, sənətdə də nəyə nail olubsa,
hamısında Allahın bağışladığı
fitri istedadla yanaşı, bu vacibdən-vacib məziyyətinin
də ayrıca yeri var.
Vaqif böyük kinoya gələndə Azərbaycan
kinosunun yaşı artıq səksənə
çatmışdı. Görkəmli kino xadimlərimiz də, ad
çıxarmış filmlərimiz də vardı və
sanki yeni söz demək, elə ilk gəlişdən parlaya
bilməkçün imkanlar çox məhdud idi.
Lakin Vaqif yolunun siftəsindən, ilk işlərindən
“mən gəlmişəm” deyə bildi, səksəndirməyi
bacardı, sevildi və beləcə, Azərbaycan kinosunun
sabahının həm də onunla bağlı olduğunu bəyan
etmiş oldu.
Dünya kinosu 1895-ci ildə anadan, daha dəqiqi, atadan
olub.
Bu,
xalqımız, yurdumuz üçün böyük
iftixardır ki, Lui və Ogüst Lümer
qardaşlarının dünyanı heyran qoyan
ixtirasının yaranmasından, kinematoqrafın təvəllüdündən
düz üçcə il sonra artıq Azərbaycanın
da ilk filmləri çəkilib.
İndi dünya kinosunun 123 yaşı varsa, Azərbaycan
kinosu 120 yaşındadır.
Hətta dünya kino sənayesində bu gün ən
aparıcı mövqe tutan bir çox ölkələrin belə
bu qədər köhnə ekran tarixi yoxdur.
Və kinomuzun taleyi lap əvvəldən neftlə yol
yoldaşlığı edib.
Aleksandr Mişonun yadigarı olan ilk filmlərimiz “Bibiheybətdə
neft buruğunda yanğın” və “Balaxanıda neft
fontanı” adlanırdı.
Bu, bəlli tarixi hadisələri əks etdirən sənədli
süjetlər idi.
XIX yüzilin sonu, XX əsrin əvvəllərində
neft bumu yaşayan Bakıda 1916-cı ildə çəkilən
ilk bədii filmimiz də “qara qızıl”la bağlı
olmuşdu.
Bu, İbrahimbəy Musabəyovun povesti əsasında
filmləşdirilmiş və baş rolda Hüseyn Ərəblinskinin
oynadığı “Neft və milyonlar səltənətində”
idi.
Və qismət elə gətirib ki, Azərbaycan kinosunun
taleyi ilə həmişə əlaqədar olmuş, daim
kinomuzun sabit mövzularından sayılmış neftə dair
Vaqif Mustafayev də film yaradıb.
Onun da 2010-cu ildə öz ssenarisi əsasında
ekranlaşdırdığı dördhissəli “Azərbaycanın
neft tarixi” adlı publisistik filmi var.
Amma Vaqifin çoxlu sənədli filmləri arasında əziz
paytaxtımıza həsr etdiyi və 1990-cı illərdə
çəkdiyi “Bakı, Bakı” adlı bir film var ki, o
kinolentdə mən də düşüncələrimi
bölüşmüşəm.
Qısa çıxışımda elə bu gün də
qüvvədə qalan bir arzumu dilə gətirmişdim ki,
yaxşı olar şəhərimizdə bir “Bakı muzeyi”
yaradılsın.
Şəhərlərimiz
arasında öz əsrarəngiz aləmi və mühiti ilə
seçilən, ölkəmizin, millətimizin tərcümeyi-halında
silinməz izlər buraxan, hər küçəsi
füsunkar, hər əski binası neçə şəcərənin
nisgilli və məsud xatiratını yaşadan doyulmaz
Bakımız haqqında haçansa belə bir muzey qurularsa, təbii
ki, onun ilk qəhrəmanlarından və əsas surətlərindən
biri də elə neft olacaq.
Neft bizə Tanrının lütf etdiyi sərvətdir
ki, o zənginlikdən keçmişlərdə də
çox bəhrələnmişik, gələcəkdə də
həmin təbiət payının faydalarını çox
görəcəyik.
Lakin Azərbaycanın və Bakının ən
başlıca sərvəti olan neftdən də qat-qat
üstün olan nemətlərimiz, sərvətlərimiz var.
Bu, qiymətə sığmayan insanlarımız,
quran-yaradan, istedadlı, parlaq Vətən
Övladlarıdır.
Və
inanıram ki, haçansa hökmən yaradılacaq Bakı,
paytaxt muzeyini neftimizin macəralı tarixçələri, cəsur
neft qəhrəmanlarımızın surətləri ilə
yanaşı, Bakını Bakı, Azərbaycanı Azərbaycan
edən, yurdumuza şöhrət, qürur, fəxr gətirən
dəyərli insanların çöhrələri və fədakar
əməllərinin nişanələri də bəzəyəcək.
Söz yox ki, Vaqif Mustafayev də sərvətlərimiz
sırasında o şərəfli qatardakı ilklərdən
biri olacaq.
Vaqif Mustafayev Azərbaycan kinosuna qanad vermiş, onu
dünya miqyasında tanıtdırmağa, sevdirməyə
nail olmuş azlardandır.
Azərbaycan kinosunu təmsil edərək Yer
üzünün ən mötəbər film müsabiqələrində
və festivallarda Vaqif qədər ödüllər və
uğurlar qazanan rejissorumuz olmayıb.
Dünya
kino seli içərisində Vaqif Mustafayevin ayrı-ayrı əsərləri
görsənir və etiraf edilirsə, seçdirilərək,
üstün tutularaq Amerika Birləşmiş
Ştatlarında, Rusiyada, Kanadada, Yaponiyada, Türkiyədə
və digər ölkələrdə yüksək
mükafatlara layiq görülürsə, bu, bir tərəfdən
ölkəmizə, Azərbaycan kinosuna
başucalığı gətirir, digər tərəfdən
də bir çağırışa, dəvətə
çevrilir ki, yeni Vaqiflərimiz yaransın.
Vaqif
Mustafayevin yaratdığı “Musiqili xaş” (1984), “Bəyin
oğurlanması” (1985), “Yaramaz” (1988), “Nakəs” (1991),
“Fransız” (1995), “Milli bomba” (2004), unudulmaz Heydər Əliyev
haqqındakı sənədli-publisistik filmlər cərgəsi
və sayı öz yaşından çox olan digər
bir-birindən xoşagəlim ekran əsərlərinin hər
biri milli kino salnaməmizi və milli mədəniyyət xəzinəmizi
süsləyən incilərdir.
Vaqifin özünəməxsus dünyaduyumunu, həyat və
sənət fəlsəfəsini, həqiqətlərə
baxışda incə yumoru və kinayəsini əks etdirən
əvəzsiz incilər.
Hamının baxıb yanından keçdiklərində
heç kimin görmədiklərini görmək bəsirətliliyi
və üstəlik, həm də bunları indiyəcən
kinomuzda bənzərinə rast gəlmədiyimiz göyçəklik
və plastika ilə, zərif Şərq zövqü ilə Qərblicəsinə
göstərə bilmək ustalığı Vaqifin fitrətindədir.
Belə qabiliyyətlərə sonradan yiyələnmək
olmur, göylərin səxavəti ilə bu
işığın bağışlandığı insan elə
həmin keyfiyyətlərlə doğulur və əvvəldən
qeyri-adi olur.
Peşəkar vərdişlər isə asta-asta
vaxtın gətirdiyi tamamlayıcı, cilalayıcı cizgilərdir.
XX yüzildə Azərbaycan tarixinin ən həlledici
simalarından biri nadir dövlət və siyasət adamı
Heydər Əliyev oldu.
Müasir
Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni və
elmi həyatının 40 ilə çatan iri bir dövrü
Heydər Əliyevin bilavasitə iştirakı, coşqun fəaliyyətləri,
ağıllı və uzaqgörən idarəçiliyi ilə
ötmüşdür.
Ömrünün son illərindəki nitqlərindən
birində ulu öndər Heydər Əliyev qəti inamla “Mən
Azərbaycanda həmişə olacağam” söyləmişdi
və bu da artıq onsuz yaşadığımız
çağlarda vaxtın sübuta yetirdiyi danılmaz həqiqətdir.
Böyük
Heydər Əliyev millət və dövlət quruculuğunun
bilavasitə şahidi olduğumuz mürəkkəb, təlatümlü,
sürətli və sınaqlı tarixi dönəmində hətta
çox-çox bacarıqlı dövlətçilərə
xas olmayacaq bir qüdrətlə elə təməllər
qurub, elə yollar açıb, elə dərin izlər qoyub
ki, adı və boyu Azərbaycanın ən uzaq gələcəyindən
də ucalacaq.
İstisnasız olaraq hər dövrdə və hər
yerdə hər parlaq yaradıcının bədxahları,
paxılları, gözügötürməyənləri də
arada-bərədə baş qaldırır, zəhərini səpir,
könül bulandırır, qan qaraldır.
Təbii ki, Vaqifin də.
Bir ara belə ağcaqanad xislətlilərdən bəziləri
böyük Heydər Əliyevin Fəxri xiyabandakı məzarı
qarşısında ikiqat əyilərək təzim edən
Vaqif Mustafayevə bunu öz cılız aləmlərində
guya irad tutaraq onu qınayırdılar.
Ehtiram, sevgi yalnız hisslərlə yox, həm də
düşüncəylə, biliklə bağlı
duyğulardır.
Heydər Əliyev o müstəsnalardandır ki, onun
fövqəladəliyinin yeni-yeni qatlarına vardıqca, onu
misilsiz bir şəxsiyyət olaraq özünçün daha
artıq kəşf etdikcə daha çox vurulursan.
Vaqif Mustafayev Heydər Əliyevlə dəfələrlə
təmasda olmuş, onu ən yaxın məsafədən
müşahidə etmiş, mürəkkəb daxili
dünyasına sirayət etməyə müvəffəq
olmuş və təbii ki, bu gedişatda qəhrəmanını
hamımızdan daha yaxşı tanımış, ona məftun
kəsilmiş, qəlbən vurulmuş bir sənətkardır.
Heydər
Əliyevi kim Vaqif Mustafayev qədər duya, dərk edə,
yalnız sıradan olan bir insan kimi yox, həm də rejissor
olaraq GÖRƏ bilsəydi, indi o unudulmaz şəxsiyyətin
olmadığı günlərdə xatirəsini yalnız
sonsuz sayğıyla təzim etməklə yox, diz çökərək
ifadə edərdi!
O bələdliyin,
o valehliyin, o heyrətin bəhrəsidir ki, Vaqif Mustafayev Heydər
Əliyev haqqında 1999-2013-cü illər arasında bir-birindən
maraqlı və təsirli, çoxseriyalı çox bədii
filmlərdən daha maraq və diqqətlə seyr edilən,
tamaşaçını ekrandan ayrılmamağa vadar qoyan
silsilə yaratdı.
Onlardan bir neçəsinə Heydər Əliyev
özü də baxdı və bəyəndi.
Tələbkar Heydər Əliyevəsə nəyisə
bəyəndirmək, illah da özü barəsində olan əsəri
bəyəndirmək sadə məsələ deyildi.
O,
yalnız ən yaxşı olanı təqdir edirdi və Heydər
Əliyevin cavan rejissorun bu əsərləri, ümumən
yaradıcılığı ilə bağlı
razılıq sözləri, məmnun qiymətləndirməsi,
zənnimcə, Vaqif Mustafayevin sənət ömrü boyunca ən
ali mükafatlarından hesab edilsə, doğru olar.
Çünki bu qiyməti qeyri-adi bir insan verib.
Özü
tarix olan, tarix yaradan və sənəti də incəliklərinə
qədər dərk edən, içərisindən keçirən,
dəqiqdən dəqiq və ədalətlə dəyərləndirməyi
bacaran şəxsiyyət!
Heydər Əliyevin - canlı klassikin, əngin zəka
sahibinin tərifinin necə duyğulandıran, nə qədər
şirin, hər təltifdən nə təhər canayatan
olduğunu şəxsi təcrübəmdən bilirəm.
2001-ci il dekabrın 25-i idi. Respublika
(indiki Heydər Əliyev) sarayında Rəsul Rzanın 90 illik
yubiley mərasimi keçirilirdi. Prezident
Heydər Əliyev də təntənəli gecəyə
qatılmışdı. Şair
haqqındakı bir neçə nitqdən sonra bədii hissə
başlandı.
O axşam Rəsul Rza haqqında söz söyləyənlərdən biri də mən idim. Tədbir bitəndə ayağa qalxıb rəhbəri yola salırdıq. Gəlib mənə çatanda ayaq saxladı, əllərimi sıxdı, “Yaxşı danışdın! Sən elə həmişə yaxşı danışırsan”, - dedi.
Bu, sadə sözlər deyildi, bu, adi qiymət deyildi. Bu sözlər hər mükafatdan üstün idi.
Çünki bu sözləri özü natiqlər natiqi olan, sözün mahir zərgəri Heydər Əliyev söyləyirdi.
Heydər Əliyev adam sərrafı idi. Birgə iş əsnasında, çəkilişlər gedişindəki ünsiyyətlərdə Vaqifin kimliyini, qabında nə olmasını, inadkar təbiətini aydınlığı ilə sezə bilmişdi.
Mənim bir ağsaqqal dostumun tövsiyyəsi var ki, heç vaxt axır sözünü əvvəldə demə.
İmkan daxilində həmişə özümü kökləməyə çalışıram ki, bu müdrik nəsihətə əməl edim.
Lakin Vaqifin Heydər Əliyevə həsr etdiyi sənədli filmlər silsiləsinin çəkilişlərindən birinə hazırlıq əsanasında Prezidentlə rejissor arasında baş tutmuş söhbət var ki, həmin ağıllı məsləhətə riayət etməmək kimi təsir bağışlayır.
Vaqif Mustafayev “Bir həsədin tarixçəsi” filminin çəkilişləri ərəfəsində məncə, ehtiyatsızlıq edərək, alınmama ehtimalını nəzərə almayaraq, öz gücünə güvənərək məhz axır sözünü əvvələ çəkərək Heydər Əlievə vəd edir ki, Mixail Qorbaçovdan müsahibə götürəcək və onun dilindən həqiqətləri alacaq.
Real vəziyyətdən, bunun təqribən mümkünsüzlüyündən agah olduğundan təcrübəli Heydər Əliyev cavan rejissoru tam da ruhdan salmamaq üçün sadəcə “Çətin olacaq”, - deyir.
Axı doğrudan da Mixail Qorbaçov kimi sürüşkən, Azərbaycan əleyhinə silahlı təcavüzə qərar vermiş, Heydər Əliyevə qarşı xəbisliklər etmiş bir şəxsin dilindən etiraflar qoparmağa nail olmaq ağlabatan deyil.
Heydər Əliyevin verilən mühüm sözləri unutmamaq və necə yerinə yetirilməsini yoxlamaq adətindən xəbərdaram və gümanımca, cavan rejissorun bu riskli, bir az da özündən deyən kimi səslənən vədinin nə ilə nəticələnəcəyini gizli bir maraqla gözləyirmiş.
Mixail Qorbaçov hər kəsdən yaxşı bilirdi ki, həm Azərbaycan, həm Heydər Əliyev qarşısında hansı qəbahətləri var.
Ona görə də nəinki bu mövzularda müsahibə vermək, heç Azərbaycandan olan hansısa jurnalist, ya rejissorla görüşmək onunçün sərfəli deyildi.
Və Vaqif heç kimin edə bilməyəcəyinə müvəffəq olur.
O, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovla nəinki görüşür, nəinki söhbət edir, hətta onunla müsahibə yox, “istintaq” aparır.
O boyda, o hiyləgərlikdə, söz altından sivişib çıxmaqda o qədər məharətli Qorbaçova özünü ifşa və rüsvay edən bütün lazımi sözləri dedizdirə bilir.
Buna da əminəm ki, unudulmaz Heydər Əliyev yalnız Mixail Qorbaçovdan belə məzmunda bir müsahibənin alınmasına görə deyil, Vaqif Mustafayevin verdiyi sözü yerinə yetirmə qətiyyətinə, çətin əməliyyat adlandırıla biləcək bir ağır işin öhdəsindən uğurla gəldiyinə görə xeyli xoşhal olubmuş.
Heç şey təsadüfi olmur. Məhz belə-belə xüsusiyyətlərinə, niyyətlərini gerçəkləşdirmək yolundakı ardıcıllığına, boyun olduğunu ali peşəkarlıqla yerinə yetirə bilməsinə görə Heydər Əliyev Vaqifi bir rejissor olaraq qəbul etmiş və ona inanmışdı.
Heydər Əliyev ömrü uzunu çox müsahibələr verib, kameralar və mikrofonlar önündə ən müxtəlif mətləblərdən, eləcə də öz başına gələnlərdən, taleyindən ötüb-keçənlərdən bəhs edib. Lakin müqayisə edin və görün onun daha əvvəllərdə Vaqifin filmlərindəki kimi açıq ürəklə, tam səmimiyyətlə, istiqanlılıqla danışdığı olubmu?
...Heydər Əliyevin çox abidələri var və yəqin, gələcəkdə yeniləri də yaranacaq. Amma Vaqif Mustafayevin filmləri ilə yaratdığı Heydər Əliyev abidəsi həmişə həmin abidələrin ən möhtəşəmlərindən olaraq qalacaq.
“Qalacaq”, bəlkə də, bu məqamda o qədər də sərrast, tam yerinə düşən söz deyil.
Axı bu, kinodur. Zaman ötdükcə, xatirə yükü artdıqca, nəsillər dəyişdikcə qiyməti artan kinolent.
Axı həmin kadrlarda canlı Heydər Əliyev var ki, o çağacan heç kəslə bölüşmədiyi məhrəm və xəlvət yaddaşlarını son dərəcə təbii tərzdə, doğma bir ahənglə kameranın böyründən ona baxan Vaqifə və həmin vəsilə ilə də bizə, sabaha, tarixə ürəyini açır.
Gəncliyindən, ailə gizlinlərindən, sevgisindən, həyatın onu tuş saldığı qəliz maneə və dolanbaclardan, Kremlin sirli divarlarının ardında cərəyan etmiş məkrli tələqurmalardan mücərrəd tamaşaçıya deyil, yaxınlarına, simsarlarına nağıl edən kimi danışır...
Heydər Əliyev hələ bizə vaxtca yaxındır. Bugünkü azərbaycanlıların çoxu onu canlı görüb, dinləyib.
Gələcəkdəkilər bu misilsiz şəxsiyyəti onlara nəfəsini duyacaq qədər yovuqdan, bütün əzəməti və daxili zənginliyi, mehribanlığı və səmimiyyəti, çoxçalarlığı və bütövlüyü ilə bunca əyani çatdırdığına görə Vaqifə minnətdar olacaqlar.
Bilənlər bilir ki, görkəmli dövlət və
siyasət xadimləri haqqında bunca təsirli və insani, inanımlı və bədii cəhətdən üstün əsər yaratmaq həddən ziyadə müşküldür.
Vaqif Mustafayev bəxtiyar sənətkardır ki, onun yaradıcılıq kitabında belə bir öyülməyə yaraşan səhifə də var.
Hələ Heydər Əliyev haqqındakı bədiifilmi görəsiniz!
2 saatdan artıq müddətdə nəzərlərinizi ekrandan ayıra bilməyəcəksiniz, ilk kadrından son kadrınacan sehrlənmiş kimi baxacaqsınız, mat qalacaqsınız.
Bir insanın timsalında, əslində,XX yüzildəki Azərbaycanın keşməkeşli taleyi haqqındakı hekayəti görəcəksiniz və inanmayacaqsınız.
Zənn edəcəksiniz bu film Hollivudda çəkilib, dünyanın ən məşhur ssenariçiləri, rejissorları, operatorları, montajçıları hamısı əl-ələ verərək bu şah əsəri yaradıblar.
İnanmayacaqsınız ona görə ki, indiyədək bizdə bu biçimdə, bu cazibədə, bu icra səviyyəsində film olmayıb.
Vaqif bu ilkə də imza atdı.
Baxın, təsirlənin, gücümüzə inanın və sevin!
O filmin dünyanı zəfərlə dolaşacağına da qətiyyən şübhəm yoxdur!
...Vaqifin müəllimi Eldar Ryazanovun bir şakəri vardı ki, adətən, filmlərində xırda bir epizodda da olsa özü çəkilirdi və həmin kadrlar da əsərə ayrı bir rəng qatır, əlavə təravət gətirirdi.
Vaqif rejissor, ssenariçi olmaqla bərabər, elə həm də aktyordur.
Bir sıra filmlərdə də görünüb - həm bədiilərdə hansısa rolda, həm də sənədli kinolentlərdə - elə özü kimi.
Kameranın, obyektivinbir qəribəliyi var ki, heç də adamı həmişə tam həyatda olduğu kimi göstərmir.
Birini əslində olduğundan daha qəşəng, kimisini gerçəklikdəkinə nisbətən daha kök, ya arıq, bir sözlə, fərqli.
Vaqif kamera ilə, obyektivlə nə qədər sirdaşlıq etsə də, bir neçə on il ərzindəki həmin ən dəyişməz, ən sabit həmdəmləriylə bunca çox oturub-dursa da, dostumuza münasibətdə onlar, mənim müşahidəmcə, çox da dəqiq deyillər.
Vaqifi əslində olduğundan daha yaşlı, daha oturuşmuş kimi göstərirlər.
Elə göstərirlər ki, guya, Vaqifin 60-65 yaşı var.
Hələ radioda danışanda Vaqif bundan bir az da yaşlı görünür.
Əslində isə belə deyil axı.
Vaqif Mustafayev qaynar həvəslə, istedadla, təzə fikirlərlə, yeni-yeni yaradıcılıq niyyətləri və əzmi ilə dolu cavan, qıvraq bir oğlandır.
O mənada bugünədək etdikləri hələ müqəddimədir.
Demək, Vaqifin və bütövlükdə milli kinomuzun fəth edəcəyi daha geniş üfüqlər də hələ irəlidədir.
Qarşıda onun millətimizə və sənətimizə bir-birindən gözəl töhfələr verəcəyi onillər dayanır.
Vaqifin yeni-yeni “milli bomba”larının əks-sədası hələ çox uzaqlardan eşidiləcək.
...Yadıma yenə də Vaqifin 40 il əvvəl zarafatyana dediyi, amma ömrü boyu ciddiyyətlə əməl etdiyi, həyat kredosuna çevrilmiş vədi düşür: “Mən daha yaxşısını edə bilərəm”.
Vaqif kino üçün yaranıb!
Kinomuz da avqustda doğulub, o da - 55 il fərqlə!..
Əvvəl kino üçün doğulduğundan xəbəri olmayıb, gedib 5 il vaxt sərf edib, Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Amma kinonun tilsimi daha güclü çıxıb, alıb Vaqifi ağuşuna.
Və sənətə bağlı olduğu 40 ildən artıq bir yol ərzində Vaqifi kino, kinomuzu Vaqif xoşbəxt edə bilib.
...Azərbaycan kinosunun 120 yaşının tamamında, 2018-ci ilin avqustu başlananda Vaqifə ölkənin ən ali təltiflərindən birinin verilməsi, onun “Şərəf” ordeninə layiq görülməsi çox rəmzidir.
Millətini və yurdunu şərəfləndirənlər, əlbəttə ki, ŞƏRƏFə layiqdir.
28 avqust, 2018
Rafael
HÜSEYNOV
Akademik,
Milli Məclisin deputatı
525-ci qəzet.- 2018.-
1 sentyabr.- S.10-11.