Rus ədəbiyyatından türk kamerasına
19-20-ci əsr rus ədəbiyyatının bütün dünya mədəniyyətinə necə təsir etdiyi barədə kifayət qədər məqalələr, esselər, kitablar yazılıb.
Dünya sivilizasiyasına böyük töhfələr vermiş, Tolstoy, Dostoyevski, Çexov, Qoqol, Turgenyev, Pasternak, Şoloxov, Nabokov və onlarla ədib yeni ədəbi axınların yaranmasına səbəb olub, hətta öz dövründən sonra belə mətnlərinin təsiri bütün Qərb və Şərq ədəbiyyatı üzərində qalıb. Zaman-zaman bu yazıçılara yenidən qayıdır və tam öyrənmədiyimiz nələrsə varmış kimi oxuyur və hər mütaliədə ilk oxu zövqünü yenidən və yenidən alırıq.
Dostoyevski öz mətnləri ilə nihilizmin, eksistensializmin, absurd ədəbiyyatın yaranmasına zəmin yaradıb. Tolstoy dünyanın Mahatma Qandi kimi liderinə öz məktubları ilə həyat və sülh barədə yeni yanaşmalar verib. “Çexovun hekayələrini oxusanız, bütün Rusiyanı gəzəcəksiniz” deyimi isə Çexovun artıq Rusiyadan böyük olduğunu göstərir. Turgenyev ilk dəfə nəsillərarası savaşı yazmış (“Atalar və oğullar”), Nabokov isə bu yazıçıların hər birini təzədən təhlil etmiş və yazıların estetik tərəflərini oxucuya göstərməklə tənqiddə yeni dalğa yaratmışdı.
Rəssamlığa, kinomatoqrafiyaya, bəstəkarlığa ciddi təsirləri olmuş rus romançılığı Qərb ədəbi kriteriyalarından fərqlənirdi, hətta özü yeni standartlar ortaya qoyurdu.
Bir məsəl var:
“Bütün ədəbiyyatı məhv etmək olar, Tolstoy yaradıcılığını isə yox”.
Dünya ədəbiyyatı modernizmə ayaq basanda onu yaradanlar Dostoyevskiyə söykəmişdi kürəklərini.
Absurd film ssenariləri Dostoyevskinin “Cinayət və cəza”sından, “Yeraltından notlar”ından təsirlənirdi.
Kinomatoqrafiya tarixində silinməz izi olan Tarantino ilə Pasternakın qəbrinin şəkli böyük incəsənətin ən gözəl fokusu idi. Yağışlı havada çiynini dahi yazarın baş daşına söykəyən yorğun Tarantino “...belə rahatdı...” deyəndə bütün ruhu ilə ədibin vurğunu olduğunu göstərirdi.
Əslində, rus ədəbiyyatından günlərlə, aylarla dayanmadan mühazirə demək olar. Bizi indi də təəccübləndirən ədəbi materiallar dünya var olduqca yaşayacaq. Çünki onlar bəşəridir.
Son dövrdə - 21-ci əsrin əvvəllərindən artan xətlə inkişaf edən Türkiyə kino sənayesi hər il daha bir uğurlu filmlə çağdaş rejissorları təəccübləndirir. Bu essedə üç müasir türk kinomatoqrafın adını çəkəcəyəm. Kann Festivalının baş mükafatını İstanbula gətirməyi bacaran Nuri Bilgə Ceylan. Satira ilə absurd yumoru birləşdirən və qara yumorun ən görkəmli nümayəndəsi Onur Ünlü. Ağır rənglərlə və sirli detallarla insan psixologiyasının ən dərin nöqtələrini göstərməyi bacaran, insana insan olmağı xatırladacaq dərəcədə yüksək psixoanaltik çalarlar işlənmiş filmləri ilə izləyənləri bəzən və çox hallarda depressiyaya salan Zeki Demirkubuz. Hər üç rejissorun filmlərində rus klassiklərinin qələmlərini hiss etdim və bu yazını yazmaq istədim. Ümumiyyətlə, türk filmlərindəki rus klassiklərinə maraq haradan doğur?
Onur Ünlünün absurd yumor anlayışından yola çıxıb onun filmlərindəki Tolstoy detallarını vurğulamaq istəyirəm. “Polis” filmi bu rejissorun ən mükəmməl kamera işlərindən biridir. “İvan İliçin ölümü” hekayəsindəki insanın ölümdən sonrakı -belə deyək - xətir-hörməti və ya insanın elə ölümün özü barədə düşündükləri, insan yaşayışının faniliyinə edilən incə satirə “Polis” filminin ilk səhnələrindən sona qədər davam edən baş obrazla ailəsi arasında keçən dialoqlarda detallarıyla işlənib. “İnsan yaradıcılığı imtina mədəniyyəti ilə uğurlu ola bilər” deyən Onur Ünlü bizə imtina mədəniyyətinin yaradıcısını - böyük ustadı yadımıza salır. Ekranlara çıxdığı gündən böyük maraqla qarşılanan və sosial problemləri satirik tərzdə ifadə edən “Leyla ilə Məcnun” teleserialındakı İsmayıl obrazı Nexlyudovu (“Dirilmə” romanı), “Günəşin oğlu”ndakı Fikri Şemsigil Serji atanı (“Serji ata” hekayəsi) xatırladır. Ya da “Sən aydınladarsan gecəni” filmindəki bütün məsum (məzlum) obrazlar “Hərb və Sülh” romanındakı alt təbəqəni yansıdır. Rejissorun bir neçə müsahibəsini oxuduqdan sonra bu detalların, əslində, şüurlu şəkildə işlədildiyini, təsirdən qaynaqlanan bir iş olmadığını da yəqin etdim. Türkiyənin klassik komediya filmlərində Əziz Nesin var idisə (Kamal Sunalın sosial mesaj verən filmləri), modern filmdə ingilis poeziyasını görürdüksə, postmodern və absurd filmlərin ssenarilərində rus ədəbiyyatını oxuyuruq.
Evindən Dostoyevskinin böyük portretini asıb ona müqəddəs bir insan kimi baxan, ekran işlərində onun mətnlərindən nöqtə-nöqtə yararlanan Zeki Demirkubuz. 22 yaşında siyasi məhbus taleyi yaşayır və 3 illik həbsxana həyatında Dostoyevskiylə tanış olur.
“Keçən üç ildə, sadəcə, “Cinayət və cəza”nı oxudum”.
“Yeraltı”, “Məsumiyyət”, “Gözləmə otağı” filmləri anbaan bizə rus klassikini xatırladır.
“Mən yaradıcılığımı Ona (Dostoyevski) borcluyam”.
Zeki Demirkubuzun filmlərindəki obrazlar dərin mənəvi iztirablar keçirir. Sağlam xarakterə sahib obrazlar fövqalədə kədərlidir. Təkliyin dözülməz ağırlığı, cəmiyyətin məhv etməyə çalışdığı talant və şəhərlərin insan psixologiyasına tələsgənlik, darıxdırıcı qeyri-müəyyənlik gətirməsi təkcə Dostoyevskinin romanlarında yox, həm də Demirkubuz filmlərində var.
“Yeraltı” filmindəki qonaqlıq səhnəsi ilə “Yeraltından notlar” romanındakı qonaqlıq səhnəsi eyni hissi yaşada bilir və izləyiciyə kitabı xatırladır. Bu, vacib amildir.
2002, 2006, 2008 və 2014-cü illərdə Kann Festivalında mükafat almağı bacaran, bu günə qədər ən yaxşı türkiyəli rejissor adını alan Nuri Bilgə Ceylanın filmlərində çox incəliklə işlənmiş Çexov detallarına rast gəlirik. “Uzaq”da və “Bir zamanlar Anadoluda” filmində divardan asılan tüfəng görüntüsü, sonda bu görüntünün hadisəyə çevrilməsi bizə Çexovun “əgər divardan tüfəng asılıbsa, o, mütləq açılmalıdır” fikrini xatırladır. “Bir zamanlar Anadoluda” filminin obrazları fərdi olaraq Anadolu insanın rənglərini göstərir. Əvvəldə də qeyd etdiyim “Çexovu oxumaq Rusiyanı gəzməkdir” cümləsi Nuri Bilgə Ceylanda “Ceylanın filmlərinə baxmaq Anadolunu tanımaqdır” formasına düşür.
Türkiyə tarixini çox yaxşı bilən, bilməklə yetinməyib onu səhnələşdirmək bacarığına sahib olan dünya səviyyəli rejissor filmlərində insanın vətənpərvər hissləri ilə yaşamaq çətinliyi arasında qalarkən keçirdiyi qürur, bəzən də təəssüf və peşmanlıq duyğularını Çexov sənətindən bəhrələnərək ustalıqla göstərə bilir.
Təkcə Türkiyə modern
və postmodern kinomatoqrafiyasına deyil, həm də dünyada
uğurlu filmlər yaratmış
kinostudiyaların gündəmində rus ədəbi
mətnləri daima var
və zaman keçdikcə onlara qayıtmaq ehtiyacı duyulur.
Bütün uğurlu
kino sənətkarlarının Rusiya ədəbiyyatına vurğunluğu
təsadüfi sayıla bilməz. Eyni təsirləri
və təsvirləri incəsənətin digər növlərində
də müşahidə etmək çətin deyil.
Rəvan CAVİD
525-ci qəzet.- 2018.-8 sentyabr.- S.24.