Köpüklü çay, dar ayaqqabı...

 

 

 

Əvvəllər quş uçmaz, karvan keçməz dediyimiz bəlli yerlər vardı. Bir vaxtlar çöl-biyaban olan o ərazilərdə məcburi köçkünlər üçün çadır şəhərcikləri salınmışdı.

 

Yazın ortasından dayanıb ora baxanda, adama elə gəlirdi ki, bircə həmin ərazidə qışdır. Çünki sıra-sıra düzülən çadırlar, lopa-lopa yağan, qaldıqca sərtləşən, ərimək bilməyən qar topalarına bənzəyirdi. Səmasından şaxıyan günəş şüaları da şəhərcikdəki mövsümü dəyişə bilmirdi. Orada həmişə rütubətli hava, qara bulud, öldürücü isti, dondurucu soyuq hökm sürürdü! Qovurucu istilərdə aldıqları hava köz kimi ağızlarına dolub, yandıraraq qırtlaqlarından keçib, nəfəs borusu ilə irəliləyib, pörşələyə-pörşələyə ciyərlərinə dolurdu. Bəzən içməyə bir qurtum su tapmayıb yanıb-yaxılırdılar. Yayın odundan çıxmağa macal tapmamış, payız seli özünü çatdırırdı. Yağış yağanda digər yerlərdə hüzur, orada hüzursuzluq tüğyan edirdi. Çünki daxmaların damından içəriyə su axırdı, torpaq örtüyündən ibarət yollarda palçıq dizə qədər qalxırdı. İnsanlar həmin palçıqlı yolda addımlayanda, ayağını dünyanın dibinə basıb çıxardırmış kimi çətinlik çəkirdilər. Ağac əkirdilər - quruyurdu, gül bəsləyirdilər - solurdu, bostan salırdılar - bitmirdi. Buna görə həmin yerlərə ilanmələməz deyirdilər. Sözə bax da, ilanmələməz... İlanın belə, mələmədiyi yerlərdə, insanlar doğurdu, doğulurdu, nəfəs alırdı, hə, hə, yaşamırdılar, sadəcə nəfəs alıb, ölürdülər! Halbuki onlar varlıqdan, güllük-gülüstanlıqdan, mərtəbə-mərtəbə evlərdən, səfalı yerlərdən, ən təmiz havanın bağrından qopub ora sığınmışdılar. Gözlərindəki kədər dibsiz quyuya bənzəyirdi. Çünki qoca çinar kimi illərlə kök atdıqları torpaqlarından çıxarılıb kənara atılmışdılar. Həmin insanlar üçün yeni qəsəbələr salındı. Əhali köçürüldükdən sonra çadır şəhərcikləri ləğv edildi. Yüzlərlə insanın yaşadığı ərazidə bir nişanə belə qalmadı. Çünki aid deyildilər! Aid olduqları yerlə aralarında kilometrlər, minalar, silahlar, tikanlı məftillər, bombalar, ordan-ora diyirlənib yumaq kimi dolaşıq düşən, düyünlənən siyasət vardı.

İnsan belədir, aid olmayanda boşluğunda ulayan bayquş səsindən qulaq tutulur. Aid olduğu yeri, aid hiss etdiyi insanı itirəndə geyindiyi paltar, çeynədiyi tikə, uzandığı yataq tikan kimi batır.

Aid ola bilməməyin qəribə təsir gücü var. Anan-atan həyatdaykən yetim qalmaq kimi, əlin-ayağın üstündəykən şikəst olmaq kimi, illərlə bir yastığa baş qoyduğun insanla yalnızlıq acısı yaşamaq kimi, içi ağ boya dolu qutuya düşən qara damla kimi ziddiyyət yaradır.

Bu hiss insanı, küləyin budağından qırıb saldığı yarpaq kimi yerdən götürüb divara, divardan çəkib daşa çırpa-çırpa sürüməsinə bənzəyir!

İllərlə sevdiyimiz, “onsuz bir dəqiqə də mümkün deyil” dediyimiz, hər nazına dözdüyümüz, ağrısını çəkdiyimiz sevgilidən də buna görə soyuyuruq. Artıq aidlik hiss etməyəndə, onun üçün apardığımız mübarizəni dayandırıb, meydanı tərk edirik! Bundan sonra pessimistlik başlayır. Ağlasığmaz addımlar atırıq, harda olsaq da, məyusluq əcəl kimi gəlib bizi tapır. Rahatlıq gedir, narahatlıq sürüylə qapımızın ağzını kəsdirir.

İllər əvvəl amerikalı yazar Vinston Qrumun “Forrest Qamp” kitabını oxumuşdum. Orada əsərin qəhrəmanı ilə bağlı heç vaxt unutmadığım maraqlı məqam var idi. Forrest uşaqlıqdan dəlicəsinə sevdiyi Cenni ilə bir müddət birlikdə yaşayır. Bir səhər oyanıb görür ki, qadın onu tərk edib. Forrest sarsılır, boşluğa düşür, yaşadığı ağrının miqyasından qurtulmaq üçün qaçır, özü də, nə az-nə çox, düz 3 il, 12 ay, 14 gün, 16 saat... Şərqdən başlayıb, qərbə doğru uzanan bu qaçış sürəkli bir marafona çevrilir. Bir gün qaçdığı yerdə ayaq saxlayır və evinə qayıdır. Hətta bu addımı atmağa onu nəyin vadar etməsini də az qalsın unudur. Aid olduğunu itirəndə dünyadan çıxdığına əmin olana qədər qaçmaq istəyirsən. Bu duyğu əl-ətəyini hər şeydən çəkməyə məcbur edən bezgin ruh halına bürüyür! Adamın içində nəhayətsiz uçurum yaradır, əyilib baxanda baş fırlanır, göz qaralır!

İnsan kiməsə, nəyəsə, harasa aid olmaq istəyir. Təkcə yaşayanda yox, öldükdən sonra gorumuzu, kəfənimizi, cansız bədənimizin necə məzara, hansı qəbiristanlığa aid olacağını düşünürük.

Aid olmaq ruhda sabitlik yaradır. Bu hissdən ayrı düşəndə ruha hopan gərginlik səngimir.

Bu yaxınlarda İçərişəhərdə yerləşən restoranlardan birində oturmuşduq. Digər qonaqları gözləyənə qədər nəsə içək dedik. Önümüzə fincanda dadsız, bulanıq, köpüklü çay gətirdilər. Fikirləşdik ki, yəqin yeməklərinin də keyfiyyəti bu çaydan fərqli olmayacaq. Buna görə, gözlədiyimiz şəxslər gələnə qədər oturub, sonra başqa məkana birlikdə keçmək qərarına gəldik. Digər yoldaşdan fərqli olaraq orada əlavə bir neçə dəqiqə qalmaq üçün özümdə təpər tapa bilmədim! Nəfəsim daralırdı, masalar üstümə yeriyirdi, terrasda oturmağımıza baxmayaraq, boğulurdum, çünki aidlik hissimi tamsız çayla birlikdə itirmişdim! Narahat idim, buna görə də, elə indicə qalxıb, oradan uzaqlaşmaq istəyirdim. Təkcə məkanların yox, insanların da içində rahatlıq tapa bilməyəndə, özünü aid hiss etməyəndə qaçmaq istəyirsən!

Oradan çıxıb, bayaqkı çayı beynimdə çək-çevir edə-edə Qala küçəsi ilə üzüyuxarı, növbəti məkan axtarışına çıxanda ağlıma gəldi ki, həyatımızın yuxarı başına keçirdiyimiz insanlardan da beləcə qopduq. Aid ola bilmədiyimiz üçün arxamızı çevirdik. Eynilə o köpüklü çay kimi; önümüzdə soyudular, bulandılar, dadsızlaşdılar, aidlik hissini itirdilər. Ya da bizim belə qənaətə gəlməyimizə səbəb oldular!

Bəzən vitrində alışıb yanan ayaqqabı görürük, ölçüsünü müəyyən edib dərhal alırıq. Geyinib harasa gedirik, bir qədər sonra adamın ayağını necə incidirsə, sümüklərinə qədər sızlayırsan! Geyinib alırsan, bəs niyə özünü canına qəsdi varmış kimi aparır? Çünki aid deyil, əynimizə, boyumuza, ölçümüzə uyğunlaşmır! Rahatlıq verməyən insanlar da dar ayaqqabı kimidir, hər tərpənişdə ömrü vurur!

 

 

Türkan TURAN

 

 

525-ci qəzet.- 2018.-8 sentyabr.- S.24.