Səhnəmizin sönməyən Hüseynağa Atakişiyev
işığı
Bu gün - 8 sentyabr
Əməkdar incəsənət
xadimi, aktyor və rejissor mərhum Hüseynağa Atakişiyevin doğum günüdür.
Yaşasaydı, 69 yaşını qeyd edəcəkdi. O isə düz 12 il öncə, cəmi 57 yaşında, sevənlərini,
canından çox sevdiyi səhnəni, çətin şərtlər
altında yaradıb inkişaf etdirdiyi Gənclər Teatrını,
aktyorlarını boynubükük
qoyub son bir gülüşlə vidalaşmalı
oldu həyatla.
Peşəkar jurnalist, rejissor,
aktyor, müəllim, həkim, usta, neftçi... olmaq asandır, amma əsl insan olmaq və hər
kəsin xatirəsində
əsl insan kimi qalmaq hər
kəsə nəsib olan deyil. Hüseynağa Atakişiyev haqqında yazıya başlamazdan öncə apardığım
araşdırma, onu soruşduğum insanların
sözləşibmişlər kimi verdikləri eyni cavab onun
haqqında əminliklə
bu sözləri deməyimizə əsas verir.
Bir aktyor kimi tanınmağında
Hüseynağa Atakişiyevin
rolunu xüsusi vurğulayan və onu böyük sayğıyla, sevgiylə
yad edən Xalq artisti Qurban
İsmayılovun sözləri
ilə desək, “hamı Hamletin atası haqqında “çox gözəl insan idi” deyir.
Amma
Hamlet isə deyir ki, “yox, o, əsl
insan idi”. Doğrudan da Hüseynağa Atakişiyev əsl insan və böyük
rejissor idi”.
Qəlbisınıq uşaqlıq
1949-cu ilin yayın son, payızın ilk dəmlərində
Bakının məşhur
Çəmbərəkənd məhəlləsində (indiki
Nazirlər Kabineti binasının yaxınlığındakı
inzibati binaların salındığı yerdən
“Şəhidlər xiyabanı”na
olan qədər ərazi) sürücü
Ağahüseynlə, evdar
qadın İranidanın
yoxsul ailəsində dünyaya göz açmışdı. Üç uşaqlı
ailənin (1 qız, iki oğul) böyük oğlu kimi doğulmuşdu.
Əksər yaradıcı insanlar
kimi onun da uşaqlığı ağır travmalarla, yoxsulluq və qayğılarla dolu idi. Həyatının
ilk və bəlkə
də ən böyük zərbəsini
6 yaşında ikən
alır: anası gözlərinin önündəcə
ölür. Bu səhnədən böyük
sarsıntı keçirən
uşaq baş götürüb evdən
qaçır, onu bir neçə gün sonra şəhəri “ələk-vələk
edib” axtarandan sonra tapırlar. Sonralar az
qala hər kəsin, onun ən yaxınındakıların
dediyi xarakterindəki ciddilik, dalğınlıq
və kövrəklik
bəlkə də qəlbi sınıq uşaqlıq illərindən
gəlirdi.
Yoxsul həyat
evin böyük oğlu olan Hüseynağanı hələ
12-13 yaşlarından işləyib
pul qazanmağa vadar edir. Ancaq o, dərslərindən,
təhsilindən də
qalmır. Həm işləyir,
həm də böyük səylə təhsilini davam etdirir.
Ən böyük eşq - TEATR
Onun teatrla yolu elə ilk dəfədən kəsişir. Tale onu öz ayaqları
ilə teatra gətirir, ömrünün
sonuna kimi bir daha burdan
ayrılmamaq şərtilə.
İlk işi də teatrda işıqçılıq olur. Arada cəmi iki il sevgili teatrından ayrı düşür, o da hərbi xidmət keçmək üçün.
Və bundan sonra yenidən
uzun, şərəfli
teatr yolu davam edir.
Bu sevgi onu M.Əliyev
adına İncəsənət İnstitutuna
gətirib çıxarır.
Burada dörd il boyunca
teatr professoru Mehdi Məmmədovdan aktyor sənətini öyrənir.
1975-ci ildə universiteti
bitirdikdən sonra dostu, Moskva Teatr
İnstitutunun məzunu
Vaqif Abbasovla Şəkidə teatr yaratmağa gedirlər. Və beləcə
Şəki Dövlət
Teatrında aktyor kimi işə başlayır. Bir il sonra
isə teatrın yaradıcı prosesinə
rəhbərlik H.Atakişiyevə
keçir, o, həmin
teatrda həm də baş rejissor olur.
Müsahibələrinin birində H.Atakişiyev Bakıdan Şəkiyə gedişini
belə xatırlayırdı:
“Mən Şəkiyə
gedəndə heç
nəyi gözümün
altına almadım. Mənim üçün teatr yaratmaq hər şeydən vacib və əziz idi”.
Bu teatrda “Sərgüzəşti-mərdi-xəsis”
(“Hacı Qara”) tamaşası onun ilk rejissor işi olur və ona
uğur gətirir. Məhz orada
Vaqif Səmədoğlunun
məşhur “Bəxt
üzüyü” əsərini
səhnəyə qoyan
ilk rejissor olur.
Rejissor kimi Şəkidə qazandığı ardıcıl
böyük uğurların
səs-sədası Bakıya
da gəlib çatır və bir neçə il sonra
Hüseynağa Atakişiyevi
Bakıya dəvət
edirlər.
1985-ci ildə Hüseynağa
Atakişiyev artıq Milli Dram Teatrında çalışır, tamaşalara
quruluş verir. Amma onunku
burada gətirmir, ilk gündən tətbiq etməyə başladığı
yenilikləri kollektiv arasında qəbul etməyənlər vardı.
Teatr tənqidçisi
Aydın Talıbzadənin
sözlərinə görə,
H.Atakişiyevin Milli
Dram Teatrındakı rejissorluq
taleyi necə deyərlər, Yusif Sərrac sərgüzəştinə
bənzədi.
Milli Dram Teatrından
uzaqlaşdığı 1989-ci ildə o, özünün
Gənclər Teatrını
yaradır və xeyli istedadlı cavan aktyorları bura cəlb edə bilir. Bu teatr elə 1989-cu ilin mart ayının 27-də
Yusif Səmədoğlunun
“Qətl günü” tamaşası ilə öz yaradıcılıq
fəaliyyətinə başlayır.
1993-cü ildə isə teatra Dövlət statusu verilir. H.Atakişiyev
17 il bu
teatra rəhbərlik etməklə, böyük
səs-küyə səbəb
olan tamaşalar hazırlayır...
2006-ci il aprelin
9-da hamı üçün
yaxşı adam elə teatrdaca, iş prosesində qəfildən gələn
beyninə qansızması
(beyin infaktı) xəstəliyinin ardından
həyatdan köçür...
Sənət fədaisi
H.Atakişiyev rejissor kimi 157-dən çox tamaşaya quruluş verib. Aktyor kimi
əlli yeddidən artıq rol oynayıb. “Uzun
ömrün akkordları”
filmindəki Üzeyir
bəy obrazı, eləcə də “Ac həriflər” teletamaşasındakı
Artist rolu xüsusən
məşhurdur.
Dünyanın iyirmidən artıq məşhur dramaturqunun
ilk dəfə Azərbaycan
səhnəsinə gəlişi
də məhz onun adı ilə
bağlıdır. O, 20-dən artıq
dünya dramaturqlarının
pyeslərini dilimizə
tərcümə edib.
Televiziya
və kütləvi tamaşalar üçün
ssenarilər yazıb.
Dövlət Gənclər Teatrında
“Qətl günü” tamaşası ilə öz yaradıcılığını
davam etdirən Hüseynağa Atakişiyevin
son tamaşası Firuz
Mustafanın “Qara qutu” əsəri olub. Təəssüf ki, sağlığında
bu tamaşasının
premyerasını görmək
ona qismət olmadı.
Onun yaratdığı
teatr 2009-cu ilə kimi öz işini
davam etdirib. 2009- cu ildə Dövlət Gənclər Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrı ilə birləşdirilib.
Deyirlər ki...
Hüseynağa Atakişiyev qısa ömrünə və uzun illərdir yoxluğuna baxmayaraq, hər kəsin xatirəsində əbədiyyən
yaşayır. İllərdir haqqında yazılmasına,
danışılmasına baxmayaraq,
hələ də bitmir, tükənmir.
Quruluş verdiyi, rol aldığı tamaşalarla
yanaşı, insansevərliyi,
mərhəməti, saf
qəlbi və hər kəsə olan diqqəti onu yaddaşlarda əbədi yaşadır.
Mərhum
jurnalist Tofiq Abdin onun haqqındakı
bir yazısında Hüseynağa Atakişiyevi
belə xatırlayır:
“Mən bir gün Hüseynağa bəyin arxasınca yavaş-yavaş yürüyüb
onu müşahidə
edərkən, gördüm
ki, bəs bir orta yaşlı
qadın Hüseynağa
bəyə maraq içində baxır. Və hətta arxasınca da durub xeyli baxdı
və düşündüm:
bir kərə olsun mənim dalımca belə baxan adam
olmadı bu fani dünyada.
Həqiqətən Hüseynağa bəyi
qısqandım belə...”
Xalq artisti Qurban İsmayılov deyir: “Ömür vəfa eləsəydi onun hələ çox böyük işlərini
görəcəkdik. O, Gənclər
Teatrında gözəl
bir kollektiv yaratmışdı. Həmin kollektivin
üzvləri bu gün öz istedadları, peşəkarlıqları
ilə Azərbaycan səhnəsində özünəməxsus
yerlər tutublar.
Bütün bunlar Hüseynağa
Atakişiyevin əməyinin
nəticəsi idi”.
Əməkdar artist Ayşad Məmmədov da onun yaratdığı Gənclər Teatrının Azərbaycan səhnəsinə bəxş etdiyi istedadlı aktyorlardandır: “İnstitutun ikinci kursunu bitirdikdən sonra Hüseynağa müəllimin yanına gedib ona müraciət etdim ki, mən Şəki teatrına gəlmək istəyirdim. O vaxt Şəki Teatrı çox məşhur idi, mən də onların heyranlarından biri idim. Hüseynağa müəllim dedi ki, məmnuniyyətlə qəbul edərəm. Rəhmətlik dostum, gözəl aktyor Ələkbər Hüseynovla birgə getdik həmin teatra. İlk dəfə Hüseynağa müəllimlə “Lənkəran xanının vəziri” tamaşasını hazırladıq. Onunla çox işlərimiz oldu. Gənclər teatrı açılanda Ələkbər Bakıya gəldi, amma mən bir-iki il də qaldım Şəki teatrında. Hüseynağa müəllim məni çağırırdı ki, artıq Bakıya gəlmək vaxtıdır. Mən də teatr açılandan təxminən bir il sonra gəldim Gənclər teatrına - Hüseynağa müəllimlə işləməyə. Bəzən aktyora obrazı açmaq üçün bir söz lazım olur, Hüseynağa müəllim o bir sözü deyə bilən rejissorlardandır. Onun mənim yaddaşımda qalan sözlərindən biridir, həmişə deyərdi: “Əgər məndən soruşsalar ki, özünlə o dünyaya nə apararsan, mən deyərəm tamaşalarımın musiqisini”. Heyf ki, dünyadan tez getdi. Onunla çox işlər görə bilərdik. Əgər o yaşasaydı, mən yəqin ki, ancaq onunla işləyərdim, başqa heç kimlə işləməzdim. Tez-tez xatırlayıram onu. Yaxşı anlarımda da, pis anlarımda da. Onun şəkli mənim evimdə yuxarı başda asılıb. O, həmişə mənim yaddaşımdadır”.
Nasir, dramaturq, publisist Elçin Hüseynbəyli də onunla bir çox işbirliyi həyata keçirib. O, həmin illəri belə xatırlayır: “Teatr tariximizə adı böyük hərflərlə yazılmış Hüseynağa Atakişiyevlə tanışlığım 1999-cu ilin payızında baş verdi. Mən ona həmin vaxt “Fanatlar” adlı birhissəli, naşı yazılmış pyesimi təqdim eləmişdim. Bu, mənim dramaturq kimi ilk qələm təcrübəm idi. Hüseynağa müəllim pyeslə tanışlıqdan sonra mənə təxminən bunları dedi: “Düzdü, pyesin necə yazılmağını hələ tam bilmirsən, bəlkə də bilərəkdən edirsən, amma əsər maraqlıdır və biz onu tamaşaya hazırlayacağıq”. 2000-ci il iyunun 10-da “Fanatlar”ın Dövlət Gənclər Teatrının yerləşdiyi Aktyorlar evində ilk tamaşası oldu. Ondan sonra Dövlət Gənclər Teatrında mənim 7 əsərim tamaşaya qoyuldu. Altısını Hüseynağa müəllim özü hazırlamışdı. “İmperator” isə yarımçıq qaldı. Ömür vəfa eləmədi. Bu tamaşanı da aktyor Sərvər Əliyev hazırladı”.
Bu gün keçmişə nəzər
saldığımızda o qədər böyük sevgi və
sayğıyla qarşılaşırıq ki,
mərhum sənətkarın bu sənət
uğrunda çətinlikləri,
sıxıntıları boşuna
yaşamadığının şahidi oluruq. Həyatı erkən tərk edən
H.Atakişiyev onu
tanıyanların qəlbində mehriban, həlim
xasiyyətli, heç kəsin könlünü qırmayan bir
insan kimi qalıb.
Hamıya yaxşı, hamı üçün
yaxşı insan olaraq...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.-8 sentyabr.- S.23.