İspaniya -
düşüncələr və unudulmaz xatirələr
“Bütün böyük səyahətçilər
kimi, mən xatırladığımdan çox şeyi
görmüşəm və gördüklərimdən
çox şeyi xatırlayıram”.
Bencamin
Dizraeli
Böyük
Britaniyanın 1868-1874-cü illərdəki baş naziri
İspaniya - Avropanın qərbində yerləşən,
bu qitəyə bütünlüklə aid olan ölkə olsa
da, onun digər ərazilərindən xeyli dərəcədə
fərqlənir.
Bu fərq onun əhalisinin xüsusiyyətlərində,
təbii relyefində, mədəniyyətində, xüsusən
musiqisində və təsviri sənətində, ispanların
vətənpərvərliyində aydın surətdə nəzərə
çarpır. Qitənin digər ölkələrinə
ciddi surətdə oxşarlığın olmamasına görə
İspaniya, elə bil ki, qeyri-Avropa ölkəsidir. Onun bir sıra cəhətlərə görə
unikallığı bu ölkənin özünə, tarixinə,
bugünkü həyatına marağı xeyli artırır və
İspaniya, ərazisinə turist axınına görə
rekord səviyyədə olmaqda qalır. Həqiqətən
də, bu ölkə ilə tanışlıq, onun yaratdığı
nəcib təəssürat adama həzz verməklə, uzun
müddət unudulmur. Gözəl bir
canlını və mənzərəni gördükdən
sonra o, yaddaşa həkk olunur, yəqin ki, bu da istənilən
gözəlliyin sirlərindən biridir. Uzun
zaman məsafəsindən sonra da bu təəssürat
uşaqlığın sevimli xatirəsi kimi canlanmağa,
adamı düşüncələrə dalmağa vadar edir.
İspaniyanın məlahəti isə gözəlliyi də
ötüb keçir, ona görə də onu unutmaq
mümkün olmur. Bu qəribə, bir qədər də
müəmmalı tarixə malik olan ölkəyə səfərdə
keçirdiyim xoş təəssüratlar xeyli vaxt
keçdikdən sonra da onları xatırlamağa,
başqaları ilə bölüşməyə məcbur
etdi. Yəqin ki, bu ölkəyə,
azacıq da olsa maraq göstərən oxucu bu səthi qeydlərdən
və düşüncələrdən nəsə bir şey
götürəcəkdir. Bu təsəlli
müəllifdə də öz yaddaş cədvəlini yenidən
vərəqləmək və ona həm də ciddi diqqət
vermək həvəsi yaratdı.
İspaniyanın
təbiəti və əhalisi
İspaniya ərazisinə görə Avropa dövlətləri
arasında üçüncü ölkədir, Pireney
yarımadasının əksər hissəsini tutur.
İspaniya adı bəzi tarixçilərə görə,
qədim yunanlardan gəlir, onlar yazılarında bu ölkəni
“Hispaniya” (Hesperia) - “Axşam ulduzu ölkəsi”
adlandırırdılar. Roma epoxasından (bizim eradan əvvəl
II əsr) başlayaraq, bütün yarımada “Hispaniya”
(Hispania) adlandı. B.e.ə. VI-V əsrlərdə
ölkə burada yaşayan iber tayfasının adı ilə
həm də İberiya adlanmışdı və bu ad indi də
işlədilməkdə qalır.
Pireney yarımadasında, Avropanın qərbə və
cənuba tərəf çıxan hissəsində olan
İspaniya qitənin qalan hissəsindən ayrılmış
kimi görünməsi və müəyyən qədər
izolyasiya olunması ilə seçilir. Bu ərazi cənubda
Afrikaya doğru uzanır, şimalda isə onu Pireney
dağları və Biskay körfəzi əhatə edir.
Bu dağ həm də İspaniyanı Fransadan
ayırmaqla, təbii sərhəd rolunu oynayır və onun
digər Avoropa dövlətləri ilə xarici iqtisadi əlaqələrini
də mürəkkəbləşdirir. Cənubdakı
kiçik Gibraltar yarımadası isə 1713-cü ildən
Britaniyanın suverenliyi altındadır.
Avopanın və Afrikanın qovuşduğu bir yer
olmaqla, ölkə ərazisinin xeyli hissəsinin kənarlarını
Aralıq dənizinin və Atlantik okeanının suları yuyur. Bu amil ölkənin
təbiətinin xüsusiyyətlərinə, əhalisinin
etnik tərkibinə və iqtisadiyyatına öz təsirini
göstərməmiş qalmır. Bu cəhətinə
görə İspaniya dəniz marşrutları ilə
dörd yol üzərindəki körpü rolunu oynayır.
Buradan Amerikalara ən qısa su yolu keçir.
Demək olar ki, bütün İspaniya subtropik zonada yerləşir,
lakin onun təbiəti xeyli dərəcədə özünəməxsusluğu
ilə fərqlənir. Bu, Pireney yarımadasının Avropadan
Afrika qitəsinə daha yaxın olması ilə əlaqədardır
və bu cəhət isə öz növbəsində onun təbii
şəratinə Avopanın digər vilayətlərindən
daha əhəmiyyətli təsir göstərir. İspaniyanın cənubunun təbii landşaftı
Avropa ilə Afrika arasındakı aralıq xüsusiyyəti
daşıyır. Qərbdə Portuqaliya sərhədindən,
şərqdə Fransa sərhədinə qədər
Andalusiya və Aralıq dənizi sahili ilə olan səfərimiz
bizim bu həqiqətə şahid olmağımıza şərait
yaratdı.
İspaniya Avropada İsveçrədən sonra ən
uca dağlıq ölkəsi sayılır, yaylalar və
dağ silsiləsi ölkəsidir. Bütün düzənliklər
çayların gətirdiyi lil ilə münbitləşir,
ona görə də burada torpaq məhsuldardır.
Ölkənin rəngarəng relyefi ta qədimdən onun
tarixində mühüm rol oynamışdır, dağ silsiləsi
isə orta əsr krallıqları üçün təbii
bir sərhəd kimi xidmət göstərmişdir.
İqliminə gəldikdə, subtropik vilayətlərin
çoxunda isti, quraq yay və yağışlı mülayim
qış mövcuddur. Atlantik okeanının təsirinə və
“quru” Afrika qitəsinin yaxınlığına görə
ölkə çox müxtəlif iqlimlidir. Səfər boyu biz, aprelin əvvəli olmasına
baxmayaraq, gödək qollu nazik köynəklərdə gəzirdik.
Yayla ərazisi olan Mesetada isə vəziyyət
tam fərqlidir.
Meseta - plato, yayla mənasını verir, həm də
“stol” deməkdir. İspan dilindəki “mesa” -
“stol” sözüdür. Bu söz isə ərəb
dilindəki “masa” - “stol” ifadəsinin dəyişdirilmiş
formasıdır. Meksikada da Şimali və
Mərkəzi Mesa vardır.
Meseta sakinlərinin zərb-məsəlində deyilir ki, “Bizdə üç ay soyuqdur, doqquz ay isə cəhənnəmdir”, başqa sözlə, olduqca soyuq qışı qızmar yay əvəz edir. Cənubda isə yağıntının miqdarı çox deyildir. Ölkənin quraqlıq rayonlarını suvarma suyu ilə təmin etmək üçün romalılar və ərəblər onun ərazisində bəndlər və su anbarları tikmişdilər. Romalıların şəhərləri içməli su ilə təchiz etmək üçün tikdikləri akveduklar Seqoviyada və Meridada indiyədək qalır. Meridadakı akvedukun - romalıların bu icadının İspaniyaya da fayda verdiyinin şahidi olduq və həmin möhtəşəm tikintiyə heyranlıqla tamaşa etdik. Andalusiyada isə iri su çarxları ilə suyun xeyli yüksəklikdə olan şlyuza aşağıdan götürməklə çatdırıldığını gördük. Ərəblərdən qalan bu irs bu gün də bitkilərə fayda verməkdə davam edir.
Sərt iqlim kontrastı və relyefin mürəkkəbliyi torpaq tiplərinin geniş müxtəlifliyinə səbəb olmuşdur. Aşağı düzənliklərdəki və çay vadilərindəki allivual torpaqlar çox münbitdir.
Ölkəyə bitki və heyvan aləminin bolluğu xasdır. Buraya Avropa və Afrika qitələrinin flora və faunasının nümayəndələri nüfuz etmişdir. Ona görə də İspaniya florasına hər iki qitənin elementləri daxildir. Andalusiyada tarla ətrafındakı üç metr hündürlüyündə kaktus ailəsindən olan yaşıl opuntsi kolundan ibarət olan çəpəri gördük. Opuntsinin iri yarpaqları üstündəki şiş tikanlar hansısa bir canlının tarlaya girməsinə imkan vermir. Mursiyadan Alikanteyə qayıdarkən ev sahibi olan holdinqin müşayiət missiyasını həyata keçirən işçiləri, Elçe şəhəri yanındakı geniş xurma palması bağındakı restoranda bizi nahara qonaq etdilər. Elçe yeganə yerdir ki, orada meyvə verən xurma palması bağı vardır.
Flora barədə İspaniya qitənin ən zəngin ölkəsidir. Burada 8 minə yaxın müxtəlif bitki növləri mövcuddur. Dağlar sıx meşələrlə örtülmüşdür. Kastiliyada, Eskorialdan şimalda “Həlak olanlar” vadisində biz sıx meşələri gördük. “Rütubətli” İspaniyada iri yarpaqlı meşələr çoxdur. “Quru” İspaniyada isə meşələr azdır. Burada Aralıq dənizi tipində olan bitkilər üstünlük təşkil edir. Probka ağacından xammal tədarükünə görə ölkə Portuqaliyadan sonra ikinci yeri tutur. Bu ağaclar, əsasən, cənubda bitir, probkaya isə dünya bazarında tələbat böyükdür.
İspaniya zəngin heyvan aləminə malikdir. Şimalda, əsasən,
Avropa tipli fauna mövcuddur, ölkənin quş faunası isə
qitədə öz zənginliyi ilə seçilir. Burada qırqovulun xüsusi növünə, kürən
kəkliyə tez-tez rast gəlmək mümkündür.
İspaniya qitənin nəhəng “ovetmə” məkanı
sayılır. Xoşbəxtlikdən, İspaniyanın bəxti
onda gətirmişdir ki, burada Avstriya imperatoru Frants İosif və
Böyük Britaniya kralı V Corc kimi vəhşiliyi
andıran yerli ovçuluq həvəskarları
olmamışdır, yoxsa quşların və vəhşi
heyvanların əsl “genosidinə” həris olan bu adamlartək
onlar da öz hobbilərini eybəcərcəsinə həyata
keçirsəydilər, yəqin ki, bu nadir quşların da
kökü kəsilərdi. Frants İosif hətta
ahıl yaşında da çox sayda maralları öldürməkdən
həzz alırdı. V Corc isə
dostları ilə birlikdə tək bir gün ərzində
1.200 qırqovul ovlamışdı.
Ölkədə əhalinin sayına gəldikdə İspaniya qitədə altıncı yerdədir (46 milyon nəfər). Həm də çoxmillətli olmaqla yanaşı, burada əhalinin 70 faizini ispanlar təşkil edir. İspaniya əhalisinin etnik tərkibi cəhətdən bircinsli olmayan bir ölkədir. Sayı 6 milyon olan katalonlar tarixi Kataloniya vilayətində yaşayırlar. Basklar isə 1 milyon nəfərə yaxındır. Onların öz dinləri, ənənələri və qədim mədəniyyətləri vardır. İspan və ya kastiliyalıların dili vahid dövlət dilidir. İlk ədəbi abidə olan “Sid haqqında nəğmə” epik poeması da XII əsrdə kastil dilində yazılmışdır. Ərəblərlə çoxəsrlik ünsiyyət ispan dilində də xeyli iz qoymuşdur.
Milli məsələnin həllinin mühüm xüsusiyyətlərindən biri muxtar vilayətlərin - Kataloniya və Bask ölkəsinin iqtisadi cəhətdən daha yaxşı inkişaf etməsidir.
İspaniyanın, demək olar ki, bütün əhalisi katolikdir. Katolik kilsəsi bir çox əsrlər ərzində ölkədə böyük təsir gücünə malik olmuşdur, lakin həm də daha irticaçı rol oynamışdır. İnkvizisiya ölkədə məhz bu dinin sayəsində meydana gəlmişdi. Ölkədə indiyədək çoxlu köhnə kilsələr, monastırlar qalır.
Bir kiçik şəhərdə bizi köhnə monastırda - yenidən qurulmuş oteldə yerləşdirdilər. Ağır, çarpaz dəmir vurulmuş qapılar, həyətin daş döşəməsi rahiblərin burada yaşadığından xəbər verirdi. Lakin bu köhnə binanın otaqlarında müsafirlər üçün hər cür rahatlıq yaradılmışdır, rahiblər bunu görsəydilər, yəqin ki, köks ötürərdilər.
Ölkədə urbanizasiya çox inkişaf etmişdir, şəhərsalma işində xalqın xüsusən məharətli olduğu nəzərə çarpır. Varlı şəhərlilərin evlərində, həmçinin, müasir binalarda böyük daxili həyət - patio vardır. Bizə bir patio göstərdilər, orada dibçəklərdəki çoxlu yaşıllıq, gül-çiçək, ortada isə kiçik fəvvarə var idi. Patio siesta vaxtı (nahardan sonra istirahət ərzində) evdəki sakinlərin istidən, bürküdən qorunduqları nisbətən sərin yerdir və küçədəki istinin şiddəti həqiqətən də orada o qədər də hiss olunmur.
Şəhərlərin çoxluğuna, ölkənin tarixi zənginliyinə və burada istirahət üçün yaxşı şəraitin mövcudluğuna, həm də yəqin ki, isti iqlimə görə İspaniyada turizm çox inkişaf etmişdir. Buraya il ərzində ölkə əhalisinin sayına bərabər miqdarda (40 milyondan artıq) turist gəlir. Turizm industriyası şəhərlərin də görünüşünün dəyişilməsinə şərait yaradır.
Tarixin acı və şirin səhifələri
Avropanın ən qədim ölkələrindən biri olmaqla, İspaniya uzun müddət ən qüdrətli dövlətlərdən biri olmuş, XVI əsrdən XIX əsrədək Amerikalarda iri bir imperiyanı idarə etmişdir. Braziliya istisna olmaqla, bu gün Latın Amerikası öz dilinə görə və mahiyyət etibarilə, həm də mədəniyyətinə görə İspaniyaya borcludur.
Neolit dövrü buraya b.e.ə. 2500 il əvvəl gəlmişdi, xeyli sonra El Alqar mədəniyyəti meydana çıxmışdı və əhali Şərqi Aralıq dənizinin digər mərkəzləri ilə intensiv ticarət aparırdı. Bu vaxt İspaniya yazılı tarixə malik oldu. Bibliyanın yazdığına görə, Tartess krallığı mühüm ticarət mərkəzi idi. Tartesslilər Aralıq dənizində üzür, onun Afrika sahillərinə gedib çıxırdılar. Bu xalq yunanlarla və finikiyalılarla dostluq edirdi, onlara borc pul verirdi. Finikiyalılar b.e.ə. 1100-cü ildən bir qədər əvvəl yarımadada Qadir şəhərinin (müasir Kadis) əsasını qoymuşdular. Andalusiyada isə kənd təsərrüfatını inkişaf etdirmişdilər.
Sonra onlar Afrikanın şimalındakı qüdrətli Karfagen şəhərinə himayəçilik edirdilər. Romalılarla aparılan Üç Puniya müharibəsi isə onun mövcudluğuna son qoydu. Romalıların İspaniya şəhərlərini tutması ilə Karfagenin İspaniyadakı ağalığı da arxada qaldı.
B.e.ə. IX və VIII əsrlərdə İspaniyada yunan koloniyaları meydana gəldi. Böyük tarixçi Herodotun yazdığına görə, Samosdan olan Komus VII əsrdə Tartessə gəlib çatmışdı. Yunanlar Massiliya (Fransanın cənubunda yerləşən müasir Marsel) şəhərinin əsasını qoydular.
İisus Xristin anadan olmasından əvvəlki beş və ya altı əsr ərzində İberiya mədəniyyəti, əsasən yarımadanın cənubunda və şərqində isə yüksələn sivilizasiya tətbiq edildi. İberiyalılar həm də əcnəbi koloniyaların təsirinə məruz qalırdı.
İspaniya hələ qədim dövrlərdən müxtəlif xalqları öz içərisində əridib, gələcək ispanları yaradan marten sobası rolunu oynamışdı. Çox sayda xalqlar onların nəzərini cəlb edən bu əraziyə gəlmiş, onların qidalandırıcı kökləri nəticə etibarilə yeni bir sivilizasiyanın yaranmasına şərait yaratmışdı. İspaniya minilliklər boyu çox sayda çiçək açan mədəniyyətlərə sığınacaq verən məkana çevrilmişdi; onlar, nəbatat aləmi dilində desək, endemik xarakter daşımağa başlamışdılar. Onlar epifit bitki növü də deyildilər, öz gövdələrində boy atırdılar.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2018.-8 sentyabr.- S.22.