“Bir günlük
müharibə” - 6 illik xronika
İkinci Dünya müharibəsi bəşəriyyətin şahid
olduğu ən böyük hərb kimi tarixə keçib. 1 sentyabr, 1939-cu ildə Almaniyanın Polşaya hücumu ilə başlayan müharibə düz 6 il 1 gün
davam edib.
1945-ci ilin sentyabrın
2-də Yaponiyanın təslim
olmasıyla başa çatan müharibə “Bir günlük müharibə” kimi də anılır. Əlbəttə,
aradakı 6 ili
“nəzərə almayanda”...
Bu 6 ildə döyüş
meydanlarında, əsirlikdə
27 milyon hərbçi
həlak oldu. 25 milyona yaxın dinc əhalinin həyatına son qoyuldu.
Bəzi mənbələrdəsə itkilər
65 milyondan çox göstərilir.
Müharibənin ayaq səsləri
Hitlerin 1933-cü ildə
iqtidara gəlməsindən
etibarən Almaniya iqtisadiyyatını maksimum
şəkildə inkişaf
etdirməyi məqsəd
seçdi. Ölkə İlk Cahan
hərbindən məğlub
çıxmışdı. Üstəlik, 1929-cu ildə dünyanı
vəba kimi saran 10 illik Böyük böhran (“Great Depression”) Almaniyadan
da yan keçməmişdi.
Hitler çox qısa
müddətdə hiperinfliyasiya,
kütləvi işsizlik,
sənaye durğunluğunun
öhdəsindən gəldi. Ardınca
Versal sülh müqaviləsinin qüvvədən
düşməsinə nail oldu.
Daha sonra reyxs-kansler almandilli əhalinin yaşadığı
qonşu ölkələri
də Almaniyanın tərkibinə qatmağa başladı. 12 mart, 1938-ci ildə Avstriyanın ilhaqı gerçəkləşdi,
sentyabrın 1-də Çexslovakiyaya
aid Sudet bölgəsi, 1939-cu ilin
15 martında geriyə
qalan ərazisi Almaniyanın tabeliyinə keçdi.
Birinci Dünya müharibəsi nəticəsində Polşaya
verilən Danziq bölgəsininsə Almaniyaya
birləşdirilməsi cəhdləri
nəticə vermir, danışıqlar uzanırdı...
İlk atəş...
İkinci
Dünya Müharibəsinin
rəsmən başlamasını
bildirilən ilk atəşin
1 sentyabr, 1939-cu ildə,
saat 04:45-də “Schleswig-Holstein” adını daşıyan
hərbi gəminin Polşanın Qdansk (Danziq) şəhəri yaxınlığındakı Vesterplatte
yarımadasında yerləşən
silah anbarına açıldığı iddia
olunur. Əslindəsə
ilk atəş 4:30-da Velyun
şəhərinə açılmışdı:
alman hərbi təyyarələri, “Yunker
Ju 87”lər məntəqənin
altını üstünə
çevirdilər, 1200 mülki
şəxs bombardmanda
can verdi.
Bundan əvvəlsə
bir alman-slovak bölüyü 26 avqust tarixində Jablona Keçidini işğal etmişdi. Bölük komandirinə hücum
tarixinin təxirə salındığı xəbərini
bildirmək unudulmuşdu.
Fitnə-fəsad yolu ilə hücuma keçən Almaniya sərhədləri pozaraq
Polşa üzərinə
57 diviziya (1,5 milyon adam), 2500 tank, 2000 təyyarə göndərdi.
İkinci Dünya müharibəsi başlandı.
Sentyabrın 3-də İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Ardınca Avstraliya, Yeni Zelandiya, Hindistan, Kanada Almaniyaya qarşı müharibəyə
qoşuldular. ABŞ özünü bitərəf
elan etdi. Yaponiya Avropa müharibəsinə
qarışmadığını bildirdi.
Böyük Vətən müharibəsi
1941-ci il iyunun
22-də Almaniya SSRİ-yə
hücum etdi. İldırımsürətli müharibə strategiyasına
əsaslanan Hitler qəfil
zərbəylə Sovet
ordusunu ciddi məğlubiyyətə uğratdı.
Almanlar qışa qədər Arxangelsk-Həştərxan xəttinə
çıxmaq ümidindəydilər.
Müharibənin birinci həftəsində
Leninqrad və Kiyevə yaxınlaşdılar,
Smolenski ələ keçirdilər. Sentyabrda Kiyev
tutuldu, Leninqrad mühasirəyə alındı,
Moskvaya güclü hücum başlandı.
Lakin Sovet ordusu Moskva
döyüşündə almanları darmadağın
etdi. Noyabrın 15-də alman qoşunları
böyük qüvvə
ilə paytaxt üzərinə ikinci dəfə hücuma keçdi. Bəzi yerlərdə paytaxta
5 kilometrə qədər
yaxınlaşan almanlar
müdafiə döyüşlərində
taqətdən düşdülər.
Dekabrın 5 və
6-da sovet qoşunlarının
əks-hücumu başlandı...
Azərbaycan müharibə illərində
Azərbaycan iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Almaniya Bakı neftini
ələ keçirməklə
Şərqə - İran
körfəzi və
Hind okeanına hərəkət
etmək niyyətindəydi.
Hitlerin tapşırığı əsasında
hətta Bakının
sənaye və hərbi əhəmiyyətli
obyektlərinin dəqiq
xəritəsi hazırlanmışdı.
Nasist rəhbərlərindən
biri olan Rozenberqin hazırladığı
“Qafqazın idarə olunması planı”na əsasən, Azərbaycanda
Qafqaz reyx Komissarlığına tabe
olan xüsusi komissarlıq idarə üsulu təşkil edilməliydi.
Digər plana görə, SSRİ məğlub edildikdən sonra onun ərazisində
olan türklərin “Böyük Türküstan”
dövləti yaradılmalı,
Azərbaycan da tərkibinə salınmalıydı. Hitlerin “Edelveys”
adlanan Qafqaza hücum planında Bakının tutulmasının
dəqiq vaxtı da göstərilmişdi.
ABŞ və Böyük
Britaniyanın “Vilvet” planında Azərbaycanı
öz nüfuz dairələrinə çevirməyi
əsas məqsədlərdən
biri kimi görürdülər.
SSRİ-nin də
azərbaycanlıları Mərkəzi
Asiyaya və Qazaxıstana köçürmək
şərtilə Azərbaycanı
tərkibində saxlamaq
planı vardı.
Müharibə illərində Azərbaycan
cəbhəyə 600 minə
yaxın adam
göndərdi. Həmvətənlərimizdən 77-ci, 223-cü, 271-ci, 402-ci, 416-cı diviziyalar formalaşdırıldı.
40 nəfər azərbaycanlı
Brest qalasının müdafiəsində
iştirak etmişdi. 1941-ci ilin
payızında Leninqrad
(indi Sankt-Peterburq) səmasını qoruyarkən
Hüseynbala Əliyev
düşmənin ona
qarşı döyüşən
6 təyyarəsindən 2-ni məhv etmiş, 17 yara alsa da,
təyyarəsini uçuş
meydançasına endirmiş,
özü həlak olmuşdu. Ölümündən
sonra Sovet İttifaqı Qəhrəmanı
fəxri adına
layiq görülmüşdü.
1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı
Pustinka kəndi uğrunda döyüşlərdə
İsrafil Məmmədov
azərbaycanlılar arasında
ilk dəfə Sovet İttifaqı Qəhrəmanı
fəxri adına
layiq görülmüşdü.
1942-ci ildə Stalinqrad
(indi Volqoqrad) uğrunda döyüşlərdə
azərbaycanlılar şücaətlə
vuruşmuşdular. Baloğlan Abbasovun
snayperlər qrupu, Həzi Aslanovun tank alayı Stalinqrad döyüşlərində böyük
mətanət göstərmişdilər.
Stalinqrad uğrundakı
döyüşlərdə göstərdiyi rəşadətə
görə 1942-ci il dekabrın 22-də
Həzi Aslanov ilk dəfə Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülmüşdü. İkinci
dəfə Sovet İttifaqı Qəhrəmanı
fəxri adına
Berezina çayını keçərək
Pleşeni şəhərini,
habelə 508 yaşayış
məntəqəsini azad
etdiyinə görə
almışdı. Bu barədə
fərman onun ölümündən 47 il sonra - 1991-ci ildə həyata keçirilmişdi.
İsmayıl Əliyev Smolensk vilayətində
fəaliyyət göstərən
partizan briqadasının
qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin başçısı,
Ələkbər Əliyev
Belarusiyada “Dyadya Kolya” partizan birləşməsinin qərargah
rəisi olmuşdu. Ukraynada 400 azərbaycanlı
partizan dəstəsi təşkil etmişdi.
1942-ci ildə Polşada faşist hərbi əsir düşərgəsində Hadi
Qiyasbəyovun və Mirzəxan Məmmədovun
başçılığı ilə gizli təşkilat yaranmışdı.
Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdi. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı xüsusilə qeyd edilməlidir.
Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupunun rəhbəri kimi 1000 nəfərdən çox faşist zabitini zərərsizləşdirmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.
Azərbaycandan cəbhəyə səfərbər edilmiş 600 minə yaxın adamdan 200 mindən çoxu həlak olmuş və itkin düşmüşdü. Müharibə cəbhələrində göstərdikləri şücaətə görə xalqımızın 121 nəfər mərd oğlu Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.
Yaponiyanın müharibəyə qoşulması
Fransa Almaniyaya təslim olduqdan sonra Yaponiya hərbi hissələrini Vyetnam, Laos və Kambocada yerləşdirdi. Filippindəki mülklərinə təhlükə yarandığını görən ABŞ Yaponiyadan qoşunlarını geri çəkməyi tələb etdi.
1941-ci ili dekabrın 7-də tərkibində 6 təyyarədaşıyan gəmi olan yapon eskadrası ABŞ-ın Perl-Harbor bazasına güclü zərbə endirdi. Nəticədə 8 linkorndan 5-i batırıldı, 3-ü zədələndi. Müharibə alovu artırdı...
İkinci cəbhə: Almaniya təslim olur
Müharibənin gedişində sonrakı mərhələ (1944-cü il yanvar-1945-ci il sentyabr) Almaniya faşizminin və Yaponiya militarizminin darmadağın edilməsi uğrunda mübarizə ilə səciyyələnir. Bu dövrdə müttəfiq ölkələrin bütün səyləri tezliklə müharibəyə son qoyulmasına yönəldilmişdi. 1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin yanvar-fevralında Leninqrad-Novqorod vilayətləri, martda sağ sahil Ukraynası, aprel-mayda Krım-Odessa vilayətləri, iyunda Kareliya, iyun-iyulda Belarusiya, iyul-avqustda Qərbi Ukrayna, avqust ayında Moldaviya, sentyabr-oktyabrda Baltikyanı respublikalar almanlardan xilas olundular. 1944-cü ilin oktyabrı üçün SSRİ-nin keçmiş sərhədi bərpa olundu. Sovet orduları Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazilərinə daxil oldu. Onların faşistlərdən azad edilməsi və sovet nüfuz dairəsinə keçirilməsi uğrunda mübarizə başlandı.
Əlverşli şəraitdən istifadə edən müttəfiqlər 1944-cü il iyunun 6-da Fransanın şimalına (Normandiyaya) qoşun çıxardılar. Normandiya əməliyyatında müttəfiqlərin 2,9 milyon əskəri, 10 min təyyarəsi və min hərbi gəmisi iştirak etmişdi.
Almaniyaya qarşı çoxdan vəd edilən və gözlənilən ikinci cəbhə açıldı. Almaniya iki cəbhədə müharibə aparmağa məcbur oldu. 1944-cü ilin avqustunda Fransa azad edildi.
Sonrakı proseslər sürətlə cərəyan etməyə başladı. Almaniya artıq məngənətə düşmüşdü. Nəhayət, 1945-ci il mayın 9-da qeyd-şərtsiz təslim aktına imza atmalı oldu.
Müharibəsə davam edirdi...
Hiroşima və Naqasakinin atom bombardmanı - bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və hələlik yeganə hadisədir. İkinci Dünya müharibəsinin sonlarında ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilib.
1945-ci il 6 avqustunda ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan “Enola Gay” amerikan B-29 bombardman təyyarəsi 13-18 kiloton trotilə bərabər “Balaca oğlan” adlı atom bombasını Yaponiyanın Hiroşima şəhərinə atdı.
9 avqust, 1945-ci ildəsə 21 kiloton trotilə ekvivalent “Gonbul” adlı ikinci bomba “Bockscar” amerikan B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atıldı. Təyyarənin komandiri pilot Çarlz Suini idi.
Hiroşimada həlak olanların sayı 90-166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olmuşdu.
Belə zalımca addımdan sonra Yaponiya müharibəni dərhal bitirməyə məcbur oldu.
15 avqust, 1945-ci ildə Yaponiya kapitulyasiyasını elan
etdi. 1945-ci ilin 2
sentyabrında imzalanmış akt İkinci Dünya
müharibəsinin son nöqtəsini qoydu.
Cavid
QƏDİR
525-ci qəzet.- 2018.-8 sentyabr.- S.19.