Orada həyat da səni
sevir - Amerikadan ikinci yazı
Jurnalistin yol qeydləri
Səfərə
çıxmağı kim xoşlamır? Bəs səfərsonrası təəssüratları
bölüşməyi necə?
Amma biri var - mülahizə və düşüncələr,
biri də var faktlar, həm də bizim üçün
faydalı ola bilən konkret faktlar. Ki elə ötən yazımda da məhz o faktlar idi
söylədiklərim - okeanın o tayından bura gətirib də
gerçəkləşdirə biləcəklərimiz.
lll
Gerçək
bu ki, Amerikada insanların bir qismi - həm də
görünür yetərincə böyük qismi fri-lans
sistemilə işlədiyindən şəhərlərdə
bir-birinin ardınca xüsusi yeni təsisatlar yaranmaqda. Yəni? İri-xırda, sahəsi
təxminən 100-1000 kvadrat metr arası, mükəmməl təmirli,
ultra-müasir dizaynlı, zövqlü mebellərlə təchiz
olunmuş obyektləri gətirin təsəvvürünüzə.
Yüzə qədər adamın oturub kompüterdə bərabər
çalışacağı və bir-birinə mane
olmayacağı bir iş məkanı. İnsanlar
ora işə gedən kimi gedir - hər gün səhər
9-dan axşam 6-ya qədər. Buyur, işlə,
paranı qazan, nə yer icarəsi, nə işıq pulu
ödə, internetin də havayı. İstəsən
bütün biznes görüşmələrini, 5-10 nəfərlik
müzakirələrini də burada keçirə bilərsən
- bu da ödənişsiz. Əcəba vəhşi
dediyimiz kapitalizmin lap baş məskənində - belə niyə?
Ya o sahibkarların məqsədi nədi,
qazancı nə? O dediyim yüz nəfərlik məkan
ki var, gün boyu 500-600 adama xidmət eləyə bilir, insanlar
gəlir, 3-4 saat işləyib gedirlər və orada olduğu
sürəcə çay içir, yemək yeyir, məkanın
lap küncündəki kafedə bol-bol alış-veriş
edirlər. Fakta biznesmen qafasıyla yanaşmaya
bax - adi kafe kimi təsadüfi müştərilərlə
kifayətlənməkdənsə, insanlara ödənişsiz
ofis kimi xidmət göstərir, əvəzində öz
kafesi üçün daimi və məmnun müştəri
kütləsi qazanır. Nədən məmnun
- soruşacaqsız. İnsan o məkandakı yüksək
şəraitdən, komfortdan, pulsuz əldə etdiyi imkandan o qədər
məmnun qalır ki, həmin kafedə bolluca pul xərcləmək
istəyir, bir növ iş şəraiti yaradanlara minnətdarlıq
bildirmək üçün. Müştəriyə
pul xərclətmək üçün əla motivasiyadır,
deyilmi?
lll
Motivasiya bu ki, Nyu-Yorkda oyanıb evdən bayıra
çıxdınmı, artıq həyatı sevməyə
başlayırsan. Çünki orada həyat səni sevir.
Sevgi də elə bir hiss ki, çox zaman özünə
qarşılıq yaratmağa qadir. Bax bizim ilkin təsəvvürümüzdə
oraların adamları bir az soyuq, az
ünsiyyətcildi guya. Yanlış təsəvvürdü
- deyim bilin. Evdən bayıra
çıxdınmı - qonşuların normal şəkildə
bir-birilə salamlaşdığını görəcəksən.
Orada həyat dediyin düz ovcunun içindədi,
bizimkilərin lovğalıq azarının baiskarı olan
mobil telefonlarda. Nyu-Yorklu üçün
telefon çoxdan yalnız rabitə vasitəsi deyil. Telefonlarda xüsusi əlavələr var - məhəllə
əlavəsi, məsələn. Məhəlləndə
kimin iti xəstələnib, kimə nə dərman
lazımdı, kim hansı kitabı oxuyub
qurtarıb və hansısı ilə dəyişmək istəyir
- hamısı orada var. Daha nə? Hansı
avtobus hansı dəqiqədə dayanacaqda olacaq? Metro qatarı nə vaxt yola düşəcək? Hansı restoranda hansı yemək var və neçəyədi?
Bütün sualların cavabı var deyə sən
vaxtını və enerjini boşuna xərcləmirsən.
Günü düzgün planlaya bilirsən.
Yadıma gəlir, bir neçə il əvvəl
bizdə də nəqliyyatı intellektual idarə etməyə
başladılar. Cihazlar alındı,
quraşdırıldı, çe fayda? Axtarsan,
görərsən biri də işləmir, göz
dağıdır hamısı - dar ağacından asılan
ölülər kimi bir zad.
lll
Qəribə bu ki, o ölkədə sənin boşuna xərclədiyin
vaxt (ömür, həyat) həm də başqalarını
narahat edir. İri-iri nəhəng mollar var. Alış-veriş
üçün gəzməyə başlasan - bir günə
bitirməzsən. Nə ediblər
qoçaqlar? Molun birinci mərtəbəsində
iri monitorlar quraşdırılıb. Moldakı
bütün mağazalar, mağazalardakı bütün mallar
haqda məlumat bura yerləşdirilib, həm də təfsilatıyla
- rənginə və ölçüsünə qədər.
Ağzını ayırıb başın gicəllənənə
qədər dükanda gəzməyə nə hacət? Bax, uyğun bir şey seç tap, sonra - əlin
cibində olsun.
lll
İnnovasiya bu ki, insanın intellektual fəaliyyətinin
son nəticəsi kimi, işi yüngülləşdirmiş
olsun, yoxsa səslənişi gözəl melodik sözləri
ha gətir leksikonuna, nə mənası? Sırf əhaliyə
xidmət edən bir innovasiyadan danışım, xəbəriniz
olsun. Oranın iri ticarət mərkəzlərində
minlərlə insan olsa da, əsəb gətirən uzun
sıralara, adam tıxaclarına rast gəlməzsən.
Çünki bir çox ticarət mərkəzləri
tam yeni xidmət üsuluna keçib. Kassaları
kassir yox, alıcı özü idarə eləyir. Mərkəzlərin çıxışında
30-40 kassa aparatı sıralanıb. Buyur, zənbil
arabanı sür get aparatın yanına, aldığın
malların bar-kodunu bir-bir yaxınlaşdır sensora,
hesablayıb ödəməli olduğun məbləği
ekranda göstərsin. Bank kartını
sal aparata, pulunu ödə, düz qapıya doğru istiqamətlən
və - izali-mürəxxəsi-şərif.
lll
İstiqamət bu ki, və hər sahədə istiqamət bu ki insanın həyatı yüngülləşsin. Mən nə sosial proqramlardan, nə sığorta təkliflərindən, nə də pensiyaların inanılmaz məbləğindən (800-1800 dollar arası) danışacam. Bu, iqtisadçıların işidi. Mənim dediyim adi obıvatelin gördüyü məqamlardı. Linkoln mərkəzindəki konsert salonlarından birindəyik. Müasir tikilidə, təbii ki, liftlər var. Amma binanın arxitekturası elədir ki, salonların biri foyedən yarım mərtəbə aşağıdadı, yəni vur-tut 6 pilləkən. Və bu 6 mərmər pilləkənin yanına metal-şüşə örtüklü üstüaçıq bir qurğu da bərkidilib. Ki fiziki əngəli olan insanlar bu yarım mərtəbənin də əziyyətini çəkməsinlər. Cəmiyyət xəstəsinin də, şikəstinin də qayğısını çəkir.
lll
Qayğı bu ki, əngəlli insanların rahatlığı hər yerdə, elə nəqliyyatda da nəzərə alınır. Dayanacaqda əlil arabası dayanıbsa, avtobus ehmallıca əyilib yanını yerə qoyur, əlil arabasındakı adam təkdirsə - sürücü avtobusdan düşüb gəlir, arabanı itələyib içəri salır, xüsusi yerdəki xüsusi kəmərlərlə arabanı bərkidir ki, hərəkət zamanı tərpənməsin, bir də adam mənzil başına çatanda sürücü eyni məmnuniyyətlə arabanı yerə düşürüb sərnişinə xidmət göstərir. Nağıl danışmıram, gözümlə gördüyüm faktlardı.
lll
Fakt bu ki, meqapolisin xidmət sektoru günbəgün təkmilləşməkdə. Yollarda yeni balaca maşınlar dəyir gözümə. ANS-in “mılnitsa”ları vardı, şəhərdə görməmiş olmazdınız, bax, ona bənzər maşınlar. Nədi bu maşınların özəlliyi? Taksilərdi, amma sürücüsüz, birbaşa müştəriyə bağlı. Sənə təcili ucuz nəqliyyat lazımdı? Telefondakı əlavəyə baxırsan, ən yaxın yerdə dayanan maşının koordinatını təqdim eləyir. Həmin yerə gedib elə telefon vasitəsilə ödənişini eləyirsən, sənə xüsusi kod gəlir. O koddakı rəqəmləri yığan kimi olur “Sim-sim, aç qapını”. Və budur, maşının qapısı açılır, sükan sənin ixtiyarında. İstədiyin yerə sür get, oradaca park elə və düş. Dıqqılı maşın elə qoyduğun yerdə növbəti müştərisini gözləyəcək. Əladı.
lll
Əla bu ki, orada insanların bir-birinə etibarı yüksək. Bəlkə də qanunlar normal işləyir deyə aldadılmaqdan qətiyyən qorxmurlar. Hərçənd oranın da dələduzu, oğrusu, qatili, canisi yox deyil - yəni bütün cəmiyyətlər kimi, kiçik bir statistik göstəricidi, vəssalam. Amma ümumən adi vətəndaş gözüqıpıq deyil. Böyük əksəriyyət poçtla sifariş edir geyim-keçimləri. Əsl nyu-yorklu turist axınıyla üzləşməmək üçün dükan-bazar gəzən deyil deyə internetlə sifarişini edib gözləyir. Poçt işçisi sənin bağlamanı blokun qapısına qoyub gedəsidi. O bağlama bəzən gün ərzində küçədəcə qalır və heç kəsin ağlına da gəlmir ki, oğurlayıb aparsın.
Küçələr - yəni yaşayış binalarının sıx olduğu ərazilər - düşünün - işlənmiş mallar qəbristanlığı. Nyu-York camaatı ev avadanlığı almağı xoşlayır deyə köhnələrlə tez-tez vidalaşmalı olurlar. Lazımsız hər əşyanı tərtəmiz qutuda evin kandarına qoyurlar - paltodan, çəkmədən tutmuş divana, masaya qədər, kitab-dəftərdən tutmuş tozsorana, çilçırağa qədər. Sınıq-salxaqları yox ha, yaxşılarını. Bir tindən o birinə keçənəcən azı 2-3 yerdə topalama qoyulmuş əşyalar görərsən. Ağappaq divan gördüm, qəttəzə kulyonkaya bükülüb qablaşdırılmış - urvatlı-urvatlı. Yəni qayda budu - işlətmirsənsə, təmiz vəziyyətdə qoy küçəyə, kimə lazım olsa - götürüb aparacaq.
Restoranda yemək yeyirsən. Hesab gəlir, ödənişi kartla edirsən, kartı qaytarırlar özünə, üstündə də çek və qələm. Qələm niyə? Qaydaları budu - ofisanta vermək istədiyin məbləği (cibxərci, çaypulu, nədirsə - bizdə bunun adını tapmayıblar hələ) yazırsan çekin üzərinə, imza atıb çıxıb gedirsən, kartın da cibində. Demə, kart səndə olsa da, hesabın onlarda açıq qalır, dediyin məbləği götürüb hesab qapadırlar. Mental təfəkkürümlə anlaya bilmirdim bu proseduru - birdən artıq pul çəkərlər, birdən o hesabı tamam sıfırlayarlar deyə. Nyu-Yorklu dostlarımsa - qəti qorxusu yoxdu dedilər. Dələduzun normal restoranlarda nə işi?
lll
İş bu ki, o cəmiyyətdə insan lap uşaqlıqdan qayğı çəkməyə alışıq. Konkret könüllülər hərəkatı var. Və bir məktəbli o hərəkata qoşulub da deyəlim, köməksiz bir qocanın gündəlik ərzaq payını dükandan alıb gətirirsə, ya bir gözdən əlilə qəzet-jurnal oxuyursa təmənnasız, könüllü olması haqda məlumat onun CV-sinə əlavə olunur. Bu isə elə bir avantajdır ki, sabah universitet tələbəsi olanda karına gələcək, gəncə yaşıdlarından bir üstün pozisiya qazandıracaq. Həm də mərhəmət hissini yaradacaq, nəyi pisdi?
lll
Pis bu ki, sonucda hər şey gəlib dirənir insan faktoruna və elə bu üzdən hər yerdə olduğu kimi, orada da acından ölən də var, əl açıb dilənən də, bomj da. Bu artıq fərdin öz bəlasıdı. Və çəkinib eləmirlər də. Misalçün, mərkəzi küçələrin birində iri brend dükanın düz kandarında ədəli-dədəli iki nəfərlik yataq düzəldib xoruldayan qadın gördüm, sevgilisi hələ gəlib çıxmamışdı. Polis də elələrindən “dolya” yığmır oralarda, nəzarət eləyir ki, səhər dükan açılanda bomjların o həndəvərdə izi-tozu qalmasın. Gecənin sirri qalır elə gecədə.
lll
Sirr bu ki, Nyu-Yorkda insanlar iş yerini itirməkdən qorxmurlar. Heç şübhəsiz, müəyyən biliyi və bacarığı olan ağıllı qisimdən gedir söhbət. Neyçün ki, normal CV-yə sahibsənsə, işsiz qalmayacaqsan. Qurumlar, şirkətlər, təsisatlar N qədərdi. Yetər ki, iş icazən ola, işini biləsən və özünü təqdim eləməyi bacarasan. Haralı olduğunu soruşan olmayacaq. Və oralarda Həsən ağayla heç maraqlanmırlar da.
lll
Maraqlı bu ki, 400 il əvvəl olduğu kimi, bu gün də Amerikaya planetin dörd tərəfindən insanlar axışmaqda. Tanımaza-bilməzə baş götürüb gedənlərsə ya çox cəsarətlilər, çox istedadlılar, çox qorxmazlar olur, ya da həyatın dibindəkilər, artıq itirəcəyi heç bir şeyi olmayanlar. Və iki əks qütbə aid insanlar okeanın o üzündə qanunların şah olduğu normal, sivil bir məmləkət yarada biliblər. Uğur bu gün də onları müşayiət edir. Məqsədlərinə çatıblar demək.
lll
Məqsəd bu ki, yəni gördüklərimi
yazmaqda məqsəd bu ki, o dediyim maraqlı işləri biz də
öz məkanımızda həyata keçirə bilək. Saysam - “525”in iki sayında
10-a qədər bizdə olmayan faydalı faktdan
danışmışam. Durub layihə kimi
işləyən, irəli düşüb həyata
keçirən lazım. Dediklərimdən
birini özüm gerçəkləşdirməyə
çalışacam - təbii ki, dostların köməyilə.
Bəs siz? Bəlkə layihələrdən
birini işləyəniniz ola? Heçmi istəmirsiz - Bakı da Amerika kimi olsun?
Afaq
VASİFQIZI
525-ci qəzet.- 2018.-8 sentyabr.- S.18.