Sənətdə dəniz obrazı: dalğalı duyğular mozaikası - III yazı

 

 

 

Dəniz ədəbiyyatda nədir, hansı mənanın daşıyıcısı, hansı hisslərin simvoludur? Bilirəm, siz də mənim kimi bircə anın içərisində romantik hisslərə qapılıb dənizin gözəlliyini, huzurunu, dalğaların ecazkar titrəşiyini göz önünə gətirəcəksiniz. Ləpələrin sahilə olan sevgisində, bezmədən, usanmadan min illərdir qayaları öpməsində nə böyük eşq var, elə deyilmi?

Ta qədimdən üzübəri dəniz və ulduzlar (göy üzü) sonsuz sevginin simvolu olub. Hələ məktəb yaşımızda xatirə dəftərlərinə yazdığımız o şablon bənzətmə düşdü yadıma: “Göy üzü vərəq olsa, dəniz mürəkkəb, sənə olan sevgimi yazıb bitirməyə yetməz”. Nə saf, pak bənzətmədir.

Sakit, mülayim axşamlarda aydın səmanın tamaşası kimin ruhunu oxşamır? Ya da sevdiyi ilə baş-başa mavi dənizin şıltaq aşiqlər kimi bir-birini qovan ləpələrini seyr etmək kimin məhəbbət, eşq xəyalları deyil? Səma, dəniz nə qədər intəhasızdırsa, insanın sevgi arzuları da o qədər intəhasızdır.

Müxtəlif duyğuların, hisslərin ünvanı ədəbiyyatda dəniz də tez-tez öz donunu dəyişir. İstər milli, istərsə də dünya ədəbiyyatında çox zaman romantikanın, sevginin rəmzi olan dəniz, bəzi məqamlarda ayrılıq kimi də təqdim olunur.

lll

Sonsuz səmayla qucaqlaşan ucsuz-bucaqsız ümmandır dəniz. Göz işlədikcə uzanan aydınlıq, açıqlıq insana dünyaya sığmayacaq azadlıq bəxş edir. Sanki dünyanın mərkəzi sənsənmiş kimi gəlir bir anlıq. Göy üzü başının üzərində bircə sənə görə asılı qalıb, günəş nurunu sənə əta edib, dəniz bütünlüklə sənin əmrindədir. Və bilirsən, əminsən ki, onlara nə danışmağından, nə yaşamağından asılı olmayaraq, onlar heç zaman səni yarqılamayacaqlar. Son dərəcə səbrlə, güvən və huzur dolu səssizliklə səni dinləyəcəklər. İstərsən bir dəqiqə, istərsən bir saat, istərsən bir gün, ya da günlərlə danış. Onlar elə olduqları yerdəncə sözünü kəsmədən, sual vermədən dinləyəcəklər. Yəqin buna görədir ki, hər kəs hisslərini ən içdən, ən azad şəkildə yaşamaq üçün dənizə üz tutur. Sevgililər sevgisini, həsrətlilər həsrətini, yalnızlar yalnızlığını götürüb ilk ona tələsərlər, onunla paylaşarlar. Məncə, dəniz insanın sözün əsl mənasında özü ola bildiyi nadir məkanlardan biridir. Çünki çərçivələrin, sərhədlərin sökülüb dağıldığı, yuyulub sulara qərq olduğu tək yerdir. Baxmayaraq ki, özü də sahillə, qayalıqlarla çərçivələnib, amma bu çərçivələri aşmaq üçün nələr etmir ki...

Ən kövrək insan hisslərinin mahir rəssamı olan qələm əhli, şair və yazıçılar bu qədər gerçək obrazı nəzərdən qaçırardılarmı? Əlbəttə yox!

Həzin duyğular şairi Nəbi Xəzri əbəs yerə sevgisini dənizlə müqayisə etmirdi ki:

Mən bir dənizəm ki, eşqim səhərdir,

Səni düşünürəm, əzizim, yenə.

Mənim dalğalarım xatirələrdir,

Qoy çatsın qəlbinin sahillərinə.

Əsl məhəbbət ki, böyük hünərdir,

Coşar ümman kimi təzə arzular.

Mənim dalğalarım xatirələrdir,

Orda tufan da var, burulğan da var.

Dənizəm, eşqimdən qaçmaq hədərdir,

Mən ki, adlayıram çölü, çəməni.

Mənim dalğalarım xatirələrdir,

Gecə də, gündüz də tapacaq səni.

Ancaq Əliağa Kürçaylı dənizin dəliliyini də, şıltaqlığını da, o məsum çöhrəsinə aldanmağın hansı fəlakətlərə səbəb ola biləcəyini də gözəl bilirdi və realistcəsinə qələmə alırdı:

Dəniz sakit olanda

Sahilə gəldi uşaq.

O baş vurdu sulara

Əl-qolunu ataraq.

O bilmirdi dənizdə

Fırtına var, dalğa var,

Suların həmləsindən

Parçalanır qayalar.

O nə görüb nə bilsin -

Ona dərə də düzdür.

Ancaq mənim gözümdə

Dəniz elə dənizdir.

“Dünya nə kədərli olardı, dəniz olmasaydı” - deyən Xalq şairi Rəsul Rza, yaradıcılığı boyunca dəniz mövzusuna müraciət edən, ona ən çox şeirlər, nəğmələr həsr edən şairlərdən biridir.

“Dəniz düşündürür məni.

Dəniz inandırır məni

həyatın gücünə”

- deyən şairin “Dəniz nəğmələri” silsiləsinə aid şeirlərində (“Dəniz”, “Dəniz, dalğalar, damlalar”, “Dənizin haqqı” “Dəniz niyə əsəbidir”, “Dənizin dənizliyi”, “Dəniz deyir”, “Məhəbbət”, “Yuxusuz dəniz”, “Səhər nigarançılığı”, “Dənizin yerinə olsam”, “Dəniz gecələri”, “Dənizin yurdu” və s) hər dəfə dəniz başqa obrazda, başqa biçimdə qarşımıza çıxır. Gah dəniz insan olub öz gördüklərindən, bildiklərindən, gəlib, keçənlərdən danışır, gecənin qapqara donuna bürünüb durğunlaşır, gah da sevgisini ən ali, ən gözəl şəkildə bildirir, şairin ən sadiq ilham mənbəyinə çevrilir. Elə buna görə də şair deyir:

Mən səndən olmaram bezar.

Mənim böyük bir eşqim var.

Sənətkar duyduğun yazar...

Anam dəniz! Anam dəniz!

Azərbaycan ədəbiyyatında dənizin fərqli obrazına Manaf Süleymanovun “Dalğalar qoynunda” və “Fırtına” əsərlərində rast gəlirik. Hər iki əsərdə müəllif dəniz neftçilərinin qəhrəmanlıq mübarizəsindən, fədakarlığından bəhs edir.

lll

Bədii ədəbiyyatda dəniz obrazından danışanda çoxları kimi mənim də yadıma ən birinci Ernest Heminqueyin o məşhur əsərindəki dəniz düşür. Ta uşaqlığımızdan mübarizənin, dönməzliyin simvoluna çevrilən “Qoca və dəniz”ini. Səyahətçi və macərapərəst bir ruha sahib müəllif bu əsərini, Kubaya yollandığı zaman qələmə almağa başlayıb və Kubada tamamlayıb. Əsər ona Nobel Mükafatını qazandırıb.

Əsər Havana yaxınlığında yalqız yaşayan qoca balıqçı Santiyaqonun səksən dörd günlük uğursuzluğundan sonra tilovuna düşən çox böyük, qayıqdan ən az yarım metr uzun olan qılınc balığı öncə tutmaq, sonra isə onu köpək balıqlarından qoruyub, sahilə çatdıra bilmək uğrunda mübarizəsini əks etdirir. Bəli, o, böyük zəhmətlər hesabına, balıqla olan ölüm-dirim mübarizəsindən qalib çıxaraq onu tuta bilir, amma təəssüf ki, köpək balıqlarından qoruya bilmir, sahilə yalnız balığın skeleti gəlib çatır.

Burada dəniz mübarizə meydanıdır. Haqqla nahaqqın, güclüylə zəifin, ovla ovçunun kəskin, sərt mübarizəsi məhz dalğaların mavi qoynunda gedir. Ancaq bu qədər böyük mübarizədə belə dəniz təmkinlidir, sakitdir, kimsənin tərəfində deyil. Çünki bu mübarizə onun gördüyü nə ilkdir, nə də yəqin ki, son olacaqdır. Dəniz bu mübarizələrə çoxdan, lap çoxdan öyrəşib.

Bəzi mənbələrə görə, Türk dünyasının məşhur yazıçısı Çingiz Aytmatov “Dəniz kənarıyla qaçan Alabaş” əsərini məhz Heminqueyin “Qoca və dəniz”indən təsirlənərək yazıb. Sözügedən povestdə oxucular həyatın çətinliklərinə sinə gərən, ürəklərində işıq daşıyan, xeyirxahlığa çalışan insanların maraqlı taleyi ilə tanış olurlar. 1977-ci ildə yazılmış əsərdə dörd ovçunun dənizə çıxmasından, hadisələrin onların gözlədiklərindən tamamilə fərqli cərəyan etməsindən və Kirisk adlı oğlanın keçdiyi ağır sınaqlardan bəhs olunur.

Çağdaş rus ədəbiyyatının istedadlı simalarından olan Vladimir Varava “Dəniz kənarında” hekayəsində dənizin dəyişkən ruh halını, onun sahilindəki insanlara münasibətini poetik ifadələrlə təsvir edir. Hekayədə daima dənizin sahilində oturan, özünün insanlarla dolu yalqızlığını dənizlə bölüşən, dənizin bütün dəliliklərini, ölüm saçan ağzını, ruha sakitlik bəxş edən səsini, narahat təlatümlərini özünün sakit və süstlüyü ilə qəbul edən, dənizi olduğu kimi sevən qocadan söz açılır. Qocanın hər gün eyni saatda eyni yerdəcə oturduğu dənizin sahilində hər gün neçə nəfər ölür, neçə nəfər doğulur. Bu ölümlər və doğuluşların cəmi iki “nəfərə” dəxli yox idi sanki: qocaya və dənizə. Hər kəs o qocanın bir gün dənizin çılğın dalğaları arasında mavi ənginliklərinə qərq olacağını gözləsə də, qoca ölmür, dəniz də sanki bircə bu qocaya dəymir. Və o sahildə iki əbədiyyət var: qoca və dəniz.

Amerikalı yazıçı Cek Londonun “Dəniz canavarı” adlı əsərində buxarlı gəminin batması nəticəsində özünü dalğaların arasında tapan Humpreyin soyuq su ilə həyat mübarizəsi aparması sonralar onu tamamilə başqa xarakterli birinə çevirir. Müəllif bu əsərdə həyatda qalmağın və təbiətin heç də insanlara qarşı xeyirxah olmayan münasibətlərini əks etdirir. Ədalətin insan qanı ilə təmin olunduğu dünyamızda, hüquq dənizlərin və okeanlarındır.

Cek Londonun ən məşhur əsəri “Martin İden”də isə öncə qəhrəmanın iş yeri, qazanc mənbəyi olan dəniz, sonra məzarına çevrilir. Həyatda hər şeyi daddığını düşünən Martin birdən-birə özünü boşluqda hiss edir və çıxış yolunu dənizin mavi sularında görür.

O mavi sular Knut Hamsunun “Aclıq” əsərinin qəhrəmanı Tangenin də son çıxış yolu idi. Amma fərqli pəncərədən. Roman, aclığı ən qorxunc dərəcədə yaşayan bir yazarın hekayəsidir. O, sonda bir gəmidə nə iş olsa edəcəyini deyərək iş tapır və şəhərdən çıxıb gedir. Beləliklə, dəniz birinin sonu, digərinin qurtuluşu olur.

Cənubi Azərbaycan yazıçısı Səməd Behrənginin qəhrəmanı balaca qara balıq üçün dəniz arzuladığı geniş, azad dünyadırsa, Markesin “Dünyanın ən gözəl ölüsü” hekayəsinin qəhrəmanları olan ada sankinləri üçün bilmədikləri, görmədikləri, təsəvvür belə etmədikləri fərqlilikdir.

Bütün bunlardan başqa, istər xalq yaradıcılığında, istərsə də yazılı ədəbiyyatda dənizi özündə ehtiva edən onlarla, yüzlərlə əsərlərin adlarını çəkmək olar. “Dəniz səyyahı Sindibadın nağılı”, “Balıqçı və balıq nağılı”, Aleksandr Belyayevin “Amfibiya adam”, Suat Dərvişin “Fosforlu Cevriye”, Yukio Mişimanın “Dənizi itirən dənizçi”, “Dalğaların səsi” və başqa əsərlər bu siyahının çox cüzi hissəsidir.

lll

Məşhur dünya yazıçı və filosofları dəniz haqqında müxtəlif fikirlər səsləndiriblər.

Sədi Şirazi deyirdi ki, “Sonsuz dəniz daş atmaqla bulanmaz”; “Mən sənə dənizə çıxma demirəm, çıxırsansa, tufana da döz deyirəm”.

Höteyə görə: “Dəniz nə qədər dalğalı olsa da, sonda durulur”.

Ezopa görə isə: “Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz”

Lord Bayronun fikrincə, “Dərin dəniz elə bir cəmiyyətdir ki, onun huzurunu heç bir şey poza bilməz”.

Cahid Külebi isə nədənsə, bir az pessimistdir: “Dəniz də olsan, yağışda islanırsan”.

Bir də uşaqlığımızdan dilimizdə əzbərə, həyat devizimizə, motivasiyamıza çevrilən bu məşhur fikir var: “Fırtına nə qədər şiddətli olursa, olsun, qağayı sevdiyi dənizdən vaz keçməz”.

lll

Elə indi, siz bu yazının son akkordlarındaykən bilmədiyimiz yerlərdə, görmədiyimiz məkanlarda hansısa şair dənizin həlim ləpələrinə baxaraq, xəyala dalıb. Deyəsən, yeni şeir doğulur...

 

 

 Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2018.- 8 sentyabr.- S.17.