Koroğlu ölməzliyi
TÜRK
MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN
HAZIRLADIĞI KİTAB-ALBOM ÜÇÜN YAZILIB
1.
Geniş mənada türk mədəniyyətinin ən
unikal cəhətlərindən biri də budur ki,
dastançılıq türk bədii təfəkkürünün
ifadəsi kimi olduqca zəngin tarixə və ənənələrə
malikdir.
Eramızdan
xeyli əvvəllərdən başlamış
ozanlarımız (aşıqlarımız,
nağılçılarımız, akınlarımız,
baxşılarımız, sesenlərimiz,
manasçılarımız, kayçılarımız,
juraylarımız...) çağdaş dövrümüzə
qədər dastanlar yaratmış və yaratmaqdadırlar -
yüzilliklər bir-birini əvəz edir, qədim ortaq
türk dastanları şaxələnir, türk
xalqlarının bədii-estetik özünüifadəsinə
çevrilir, mənəvi irsiyyətin yeni-yeni nümunələri
meydana çıxır.
Böyük
türk imperiyaları (Saq, Hun, Göytürk, Uyğur, Xəzər...)
zamanı yaranmış dastanlardan - Tanrı Qara xanın
dünyanı yaratmasından, insanları xəlq etməsindən
bəhs edən “Yaradılış (Doğuş) dastanı”,
İran - Turan müharibələrinin qəhrəmanı, əfsanəvi-tarixi
Turan hökmdarı Alp Ər Tonqa (Mahmud Kaşğarinin
“Divanınü lüğəti-türk”ündə xaqan titulu
qazanmış Əfrasiyab) haqqında “Alp Ər Tonqa
dastanı”, İsgəndər Zülqərneyn (Aleksandr
Makedonlu) ilə qarşılaşan gənc türk
hökmdarı Şu haqqında yaradılmış “Şu
dastanı”, Hun birliyi dağıldıqdan sonra qədim
türk tayfalarının, xanlarının (Oğuz xan, Sevinc
xan, İl xan...) bir-birləri ilə savaşlarına həsr
olunmuş və mahiyyəti, mənası etibarilə türk
birliyinə, türk özünəqayıdışına
çağıran “Ergenekon (Erqənəkon) dastanı”, Qara dənizdən
Hindistana kimi nəhəng bir ərazidə öz dövlətlərini
qurmuş göytürklərin yaratdıqları “Bozqur dastanı”,
uyğur ellərinin hökmdarı Buğu xanın çinlilərlə
savaşına, türk vətənpərvərliyinə həsr
olunmuş “Köç dastanı” və islama qədərki
dövrün bu kimi bir sıra başqa dastanlarından, eləcə
də ortaq “Dədə Qorqud”dan, qırğız
xalqının “Manas”ından, özbək, qazax, qaraqalpaq
xalqlarının “Alpamış”ından, ayrıca qaraqalpaq
xalqının “Qırx qız”ından, Cənubi Sibir türk
xalqlarının “Kay”ından, yakutların “Olonxo”sundan,
altayların “Maaday qara”sından tutmuş yalnız elə Azərbaycanda
və Türkiyədə XX əsr də daxil olmaqla (!) sonrakı
dövrlərdə yaranmış dastanlara qədər
(“Əsli və Kərəm”, “Aşıq Qərib”, “Qurbani”,
“Abbas və Gülgəz”, “Şahsənəm və Qərib”,
“Qaçaq Nəbi”, “Qaçaq Kərəm” və s.) həm
tarixilik, həm bədiilik və estetika baxımından, həm
də kəmiyyət etibarilə nəhəng və qadir
mündərəcatlı bir yaradıcılıq bu janrın
türk xalqlarının tarixi və taleyi, mənəvi
dünyası və xarakteri kontekstində necə yüksək
(və əlamətdar!) bir yer tutduğunu
açıq-aşkar göstərməkdədir.
Türk dastanları bədii-estetik baxımdan
böyük təkamül yolu keçib, qəhrəmanlıq
və vətənpərvərlik, məhəbbət və sədaqət,
mərdlik və xeyirxahlıq ideallarının bədii təqdimatı
əsrlərdən əsrlərə zənginləşib və
bu kontestdə türk xalqları arasında variant və
versiyaları ən çox yayılmış “Koroğlu”
dastanının xüsusi yeri var.
2.
Jorj Sand -
XIX əsr fransız ədəbiyyatı klassiki - “Koroğlu”
dastanını “dünyada ən zəngin və ən gözəl
nümunə” sayırdı və Koroğlunun
özünü “milli dahi” adlandıraraq, olsun ki, bir az da hissə
qapılıb, bir qadın qısqanclığı və hikkəsi
ilə dastandakı kiçik bir nəzm parçası barədə
“bu, bütün Viktor Hüqo yaradıcılığına bərabərdir”
deyirdi.
“Koroğlu”
eposu ortaq türk abidələri arasında nəsrinin də,
nəzminin də (xalq şeirinin dastanda istifadə edilmiş
üç formasının: bayatı, gəraylı və
qoşmaların) poetik vüsəti, mündərəcatının
çoxcəhətliyi etibarilə xüsusi bədii-estetik və
milli-mənəvi çəkiyə malik bir
yaradıcılıq nümunəsidir və bu dastanın
xarakteristikasını yanlız bir anlayışla şərh
etmək, konkret təsnifatını vermək çətin
işdir.
“Koroğlu”
elmi ədəbiyyatda qəhrəmanlıq dastanı hesab
edilir, ancaq məsələ burasındadır ki, o, az qala, qəhrəmanlıq
dastanı olduğu qədər də bir məhəbbət
dastanıdır və bu dastanda Koroğlunun Nigara (türkmən
variantında Ağa Yunus, qazax və özbək
variantlarında Ağa Yunis, Miskal pəri, Gülnar pəri,
Gülnar-Ay...) məhəbbətinin bədii ifadəsi, onun
igidliyindən, cəsarətindən və düşmənlərə
nifrətindən heç də az deyil - necə ki,
Koroğlunun Misri qılıncının bədii estetik cazibəsi,
onun sazının bədii-estetik cazibəsindən az deyil.
Koroğlu,
əlbəttə, qəhrəmandır, cəngavərdir və
baxın, dastanın çox koloritli obrazlarından biri olan
Aşıq Cünun Koroğlunu görməyib, ancaq
adını eşidənlərə onu necə təqdim edir:
İgidlər
oylağı o Çənlibeldə,
Daşdan qala quran qoç Koroğludur.
Kinli
paşalara meydan oxuyan,
Çox
köhlənlər yoran qoç Koroğludur
Düşmanın
üstünü quş tək aldıran,
Aslanlar
dişindən ovlar saldıran,
Xaqanlar
başına şeşpər çaldıran,
Qulac qollar buran qoç Koroğludur.
Dağları,
daşları duman bürüsə,
Qılınclar
pas atıb qında çürüsə,
Misir,
İstanbul, Şam tamam yersə,
Tək qabaqda duran qoç Koroğludur.
Qayada tor
qurub, tərlanlar tutan,
Yüz
yağını birdən qol-qola çatan,
Ərəb
at döşünə sərdarlar qatan,
Ər bağırlar yaran qoç Koroğludur.
Cünun,
əyləşiblər ərlər qarşında,
Alaylar
boşlanar tər savaşında,
Yeddi min
yeddi yüz dəli başında,
Şahlar üstə varan qoç Koroğludur.
Koroğlu
özü də öz qiymətini yaxşı bilir, ancaq bəzən,
elə bil, onun igidliyini özü yox, sirli (canlı!)
üçtelli sazı söyləyir, müstəqil olaraq (!)
onun şəninə nəğmə oxuyur:
Koroğluyam
mən, çaparam,
Qiyamət
olub, qoparam...
Yaxud:
Koroğluyam,
qoç oğluyam,
qoçam mən,
Çətindi
ki, mərd meydandan
qaçam mən...
Yaxud da:
Koroğluyam,
namərd keçməz
yanımdan,
Mərd
kimsəni çox istərəm
canımdan...
Koroğlu
bir tərəfdən “Düşmanın qanından içsəm
doymaram” - deyir (onun zahiri görünüşü də
möhtəşəmdir: “Boyu uca, kürəkləri enli,
süksünü kəl süksünü kimi, boynunun əti
girdin-girdin, bığları burulub keçirilib
qulaqlarının dalına”), o biri tərəfdən isə
bütün daxili aləmi etibarilə saz əhlidir və
baxın, bu qəhrəman, bu cəngavər, bu “Nər
Koroğlu”, “Qoç Koroğlu”, “bığları burulub
qulaqlarının dalına keçirilmiş” (!) insan Çənlibeli,
orada Nigarı, dəlilərini, Eyvazı xatırlayanda, təbiətin
gözəl çağlarını, gözəl mənzərələrini
görəndə, onun “könlü necə
açılır, ürəyi necə atlanır” və
üçtelli saz bu gəraylıda Misri qılıncı necə
əvəz edir:
Göydən
gedən beş durnalar,
Bizim ellər yerindəmi?
Bir-birindən
xoş durnalar,
Bizim ellər yerindəmi?
Söhbət
olurdu sazınnan,
Ördək
olurdu qazınnan,
Neçə
incəbel qızınnan,
Tuti dillər yerindəmi?
Sevib,
seçib bəyəndiyim,
Sədasına
oyandığım,
Arxasında
dayandığım,
Mərd dəlilər yerindəmi?
...Çalxalanıb
döyündüyüm,
Arxa verib
söyündüyüm,
Qovğa
günü öyündüyüm,
Nər dəlilər
yerindəmi?...
Koroğlu “üçtelli sazına” necə
bağlıdırsa, “telli Nigarım” dediyi Nigara da - bu gözəl
gənc qızı İstanbul səfərində ilk dəfə
gördüyü vaxtdan etibarən özünün qocalıq
çağlarınacan - eləcə bağlıdır. Koroğlunun
daxili aləmində sazla Nigar, elə bil, eyniləşib, eyni
mənəvi qüvvəyə, ona enerji verən eyni təpər
mənbəyinə çevrilib.
Çənlibelə
gəlib çıxmaq bilməyən Eyvazın xiffətini
çəkən “ala gözlü Nigar xanım” ağlayır
və onun ağlamağını görən Koroğlu bir tərəfdən
sidqi-ürəkdən kədərlənir, hətta
sarsılır:
Ürəyimi
eləyib qan,
Ağlama,
Nigar, ağlama.
Olum
gözlərinə qurban,
Ağlama,
Nigarım, ağlama...
- o biri tərəfdən isə eyni gəraylıda:
...
Meydanda nərə çəkərəm,
Göydən
od-alov tökərəm,
Dağlar,
qayalar sökərəm,
Ağlama,
Nigarım, ağlama...
- deyə coşur, qəzəblənir və onun
iddiası ilə imkanları üst-üstə
düşdüyü üçün biz (oxucu, dinləyici)
ona inanırıq, bilirik ki, Koroğlu dediyini edəcək,
çünki buna qadirdir.
Koroğlu ilə Nigarın məhəbbəti ona görə
təsirli və inandırıcıdır ki, dastanda yalnız
Koroğlunun birtərəfli sevgisi yox, onların
qarşılıqlı sevgisi (“Leyli və Məcnun”dakı
kimi! “Romeo və Cülyetta”dakı kimi!) özünün yüksək bədii-estetik
ifadəsini tapıb.
Bu dəfə də Koroğlunun səfərdən qayıtmağını gözləyən Nigarın söylədiyi nəğməyə fikir verək, güman edirəm ki, bu nəğmə onun içindəki sevgi və sədaqət barədə çox söz deyir: “Koroğlu... bir də baxdı, vallah, kimdirsə, bir saz çalır, bir oxuyur, gəl, görəsən. Qulaq verib, gördü çalıb-oxuyan Nigardı. Amma elə çalır, elə oxuyur ki, göydə gedən quşlar az qalır qanad saxlayıb, tamaşaya dursun. Belə baxanda gördü Nigar Yağı qoruğunun yanındakı çəmənliyin başında dayanıb, üzünü də ona tutub deyir:
Ay
ağalar, ay qazılar,
Ay bu gələn
yar olaydı!..
Haqdan beləymiş
yazılar,
Ay bu gələn
yar olaydı!..
Bağçalar
olmasın barsız,
Heyvalar
olmasın narsız,
Heç
gözəl olmasın yarsız,
Ay bu gələn
yar olaydı!..
Ay
bimürvət, çıxdı canım,
Müjganların
tökdü qanım,
Sənə
qurban Nigar xanım,
Ay bu gələn
yar olaydı!..”
Bu epizodun
gözəl və əlamətdar cəhəti bir də
ondadır ki, Koroğlu Nigardan çox uzaqlardadır və
gözlə onu görmək mümkün deyil, ancaq bu sevginin
miqyası elədir ki, bütün təbiət
qanunlarının ziddinə olaraq, gözlə görə bilməyəcəyini
də sənə göstərir, eşidə bilməyəcəyini
də sənə eşitdirir.
Bu cəhəti
də yəqin, xüsusi qeyd etmək lazımdır ki, Nigar
Koroğlu üçün yalnız öz yarı, öz
xanımı deyil və Koroğlunun dediyi kimi: “Çənlibeldə
dəlilərin də, xanımların da anası Nigardı”.
Yenə
bir maraqlı cəhəti vurğulamaq istəyirəm:
artıq dediyim kimi, Koroğlu bütün varlığı ilə
Nigarı sevir, Nigar onun ilk və son məhəbbətidir,
ancaq eyni zamanda, Koroğlu qadın gözəlliyini görən
və qiymətləndirə bilən (və qiymətləndirən!)
bir sənətkar, bir aşıqdır. O, təsadüfən
Qars paşasının qızı Hürü xanımı
görəndə, baxın, üçtelli sazı ona (yəni
Koroğlunun özünə!) bu qoşmada bir az
da məzə ilə nələr söyləyir:
... Siyah
saçlar dal gərdənə düzülü,
Qara
gözlər xumarlanıb süzülü,
Elə
baxma, indi canım üzülü,
Xanım, hansı bəxtəvərin yarısan?
Koroğlu
haq deyib, haqdan dərs alıb,
Tər məmənə
külək dəyib, hovlanıb,
Qara
gözlər şux yanaqdan can alıb,
Yoxsa ay
qız, bala qonmuş arısan?..
Koroğlu bu gözəl qızın Eyvaza meylini
görüb, onu Qıratın tərkində Çənlibelə
gətirir, onların toyunu edir. “Nigar xanım Hürünü bir
geyindirib keçindirmişdi, bir zinyət vermişdi ki, gəl
görəsən... Deyirlər ki, Eyvazın toyu düz
qırx gün, qırx gecə çəkdi... Eyvaz
Hürü xanımla murad verib, murad aldı”.
Əslində,
bu qəhrəmanlıq eposunun içində şərti
olaraq desəm, “Koroğlu və Nigar dastanı”ndan başqa
“Eyvaz və Hürü”, yaxud da “Bəlli Əhməd və Məhbubə
xanım” kimi məhəbbət dastanları var. Məhbubə
xanımla Bəlli Əhmədin sevgisi müstəqil bir məhəbbət
dastanı ola bilərdi və təsadüfi deyil ki, bu
qarşılıqlı sevgini və bu sevgi naminə sevgililərin
fədakarlığını görən Koroğlu onlara da
yeddi gün, yeddi gecə toy eləyir.
“Koroğlu”
dastanında dörd bədii atribut var ki, onlar personaj, bədii
surət səviyyəsinə qaldırılıb:
Üçtelli saz, “hər tərəfi sıldırım
qayalıq, çənli, çiskinli bir dağ belində” olan
Çənlibel (Cənubi Azərbaycan variantında
Şamlibel-Çamlıbel, türkmən variantında
Çandibel, qazaxlarda Canbilbel), “qanadlı dərya atından
törəmiş” Qırat və ildırım
parçasından hazırlanmış Misri qılınc.
Koroğlu
deyərkən, assosiativ olaraq, üçtelli saz da, Çənlibel
də, Qırat da, Misri qılınc da dərhal yada
düşür (necə ki, onlardan birinin adını eşitmək
kifayətdir ki, dərhal fikrində Koroğlu obrazı
canlansın!) və yalnız folklorda yox, elə bilirəm ki, hətta
dünya yazılı ədəbiyatında da çox az bədii
surətə, personaja təsadüf etmək olar ki (Don Kixotla
yabısı Rosinant kimi!), atributlara bu dərəcədə
bağlı olsun, eləcə də həmin atributlar bu qəhrəman
qədər məşhur olsun.
Biz
artıq saz barədə danışmışıq, o biri bədii
atributlara gəldikdə isə, baxın, Nigarı ilk dəfə
apararkən, Çənlibel haqqında “aldı qoç
Koroğlu, görək nə dedi”:
Çiskinli
dağların başı,
Nigar,
Çənlibel budu, bu!
İgidlər
açan savaşı,
Nigar,
Çənlibel budu, bu!..
...
Xotkarlar bata bilməyən,
Comərdlər
tuta bilməyən,
Köksünə
yata bilməyən,
Nigar, Çənlibel budu, bu.
Ucalardan
uca dağı,
Hərgiz
gələ bilməz yağı,
Koroğlutək
ər oylağı,
Nigar, Çənlibel budu, bu.
Aşıq
Cununla deyişməsində isə Koroğlu daha artıq bir qəhrəman
ehtirası ilə:
Qırram
qayaları, yıxaram dağı,
Xanlar zəhər
içər, sultanlar ağı,
Çənlibeldi
qoç Koroğlu oylağı,
Şah da
gəlsə, Çənlibelə qoymaram!
- deyir.
Qədim türk təfəkkürünə görə
at - adi heyvan deyil, o, göydən enib (şaman türklərinin
inancında), günəşdən gəlib (yakutların təsəvvüründə)
və Qırat da adi at deyil. Nigarı Çənlibelə aparmaq
istədiyi elə həmin erizodda Qıratdan söz
düşür və Nigarın: “- O necə atdı ki, bizim
ikimizi bu qoşunun içindən çıxarıb, apara?” -
deyə həyəcanlı sualına
Koroğlu bu qoşma ilə cavab verir:
Uca
dağ başında yel kimi əsər,
Dar günümdə mənə ürək Qıratım.
Bir
aylıq mənzili bir gündə kəsər,
Köhlən bəsləmişəm, gərək
Qıratım.
Yolların
tozunu göyə qaldırar,
Müxənnət
üstünü birdən aldırar,
Meydanın
içində düşmən saldırar,
Olar yiyəsinə dirək Qıratım.
Qoç
Koroğlu qonar olsa yəhərə,
Yağı
düşmənləri salar qəhərə,
Axurda
arpasın qoymaz səhərə,
Dara düşsəm, mənə kömək
Qıratım.
Qıratı
səsləyəndə sazı sinəsinə sıxıb:
“Alma gözlüm, qız birçəklim Qırat, gəl!” -
deyən Koroğlunun Qırat sevdası görün nə dərəcədə
güclüdür ki, Keçəl Həmzə (türkmən
və özbək variantlarında Kempir qarı) hiylə ilə
bu atı oğurlayıb aparanda, əlacsız qalmış
Koroğlu kimi bir igid, mərd, əyilməz, polad kimi möhkəm
fövqəlinsan (XXI əsrə gəlib
çıxmış supermen!) bu namərd, oğru, nacins
insana - Keçəl Həmzəyə emosional təsir gücünə
malik bir yalvarışla (elə bil, ahı söyləyir!)
deyir:
Canım Həmzə (!- E.),
gözüm Həmzə (!-E.),
Həmzə, incitmə Qıratı!
Budu sənə sözüm, Həmzə,
Həmzə, incitmə Qıratı!
Qıratdı mənim dirəyim,
Əriyər, qalmaz ürəyim,
Sən olasan duz-çörəyim,
Həmzə, incitmə Qıratı!
Qırat mənim iki gözüm,
Belə dərdə necə dözüm?
Həmzə, sənə budu sözüm,
Oğul (!!- E.), incitmə Qıratı!
Eşidər paşalar, bəylər,
Şadlıq xəbərini söylər,
Koroğlu iltimas eylər,
Bala (!!- E.), incitmə Qıratı!
O, iş-işdən keçdikdən, aldandıqdan sonra artıq Keçəl Həmzənin acgöz, kəmfürsət təbiətinə bələd olduğu və Qıratın taleyi ilə bağlı iztirab çəkdiyi üçün, Keçələ bu atın “qiymətini” söyləyir:
Əylən deyim Qıratın qiymətini,
Səksən min sərkərdə, mala da vermə!
Səksən min ağ tüklü qəmər öyəcə,
Səksən
min xəzinə pula da vermə!
Səksən
min ilxıya, səksən min ata,
Səksən
min mahaldan gələn barata,
Səksən
min kotana, səksən min cütə,
Səksən
min kotanlı kala da vermə!
Burası da əlamətdardır ki, Qırat “Koroğlu”
variant və versiyalarında dəlilərə (qəhrəmanlıqlara!)
həmdəm və dayaq olan yeganə adlı və seçmə
at deyil.
Baxın:
Dürat,
Düldül, Köhlənşir, Haçadil, Qaragöz,
Ağcaquzu, Alagöz, Sarınər, Qəmərday və s.
İldırım parçasından
hazırlanmış Misri qılınc isə Koroğlunun o
arxası, dayağı və sirdaşıdır ki,
“könlünü namərdlər yıxsa, polad qolçaq
qolun sıxsa, Misri qılınc qından çıxsa,
leş sərilər, baş inildər.”
Bu bədii atributlarla yanaşı, dastanda obrazlaşdırılmış Qoşabulaq - Koroğlunun köpüyündə çimib, suyundan içdiyi sehrli Qoşabulaq da yada düşür və Koroğlunun həm aşıqlığında, həm də bir qəhrəman kimi səciyyəsində obrazlaşmış bu bədii atributun xüsusi yeri var. “... yeddi ildən yeddi ilə cümə axşamı məşriq tərəfdən bir, məğrib tərəfdən bir ulduz doğar, bu ulduzlar göyün üzündə toqquşarlar. Onlar toqquşanda Qoşabulaq köpüklənib daşar. Hər kim Qoşabulağın o köpüyündə çimsə, elə qüvvətli bir igid olar ki, dünyada misli-bərabəri tapılmaz. Hər kim Qoşabulağın suyundan içsə, aşıq olar. Özünün də səsi elə güclü olar ki, nərəsindən aslanlar ürkər, pələnglər tük tökər, quşlar qorxusundan qanad salar, dağlar, daşlar titrəyər, atlar, qatırlar dırnaq tökər”.
Bu həmin nərədir ki, dastanın “Durna teli” qolunda Qara xanla qarşılaşan Koroğlu “bir nərə çəkdi, Qara xanın qulaqları batdı”, yaxud “Koroğlu ilə Dəli Həsən” qolunda Koroğlu ilə Dəli Həsən döyüşərkən “qılıncdan murad hasil olmadı, əmuda əl atdılar. Əmuddan murad hasil olmadı, nizəyə əl atdılar. Nizədə də kar olmadı. Atdan düşdülər, güləşməyə başladılar. Gah o, buna güc gəldi, gah bu, ona güc gəldi. Qoç Koroğlu bir dəli nərə çəkib, Dəli Həsəni götürüb, yerə vurdu”, yaxud “Koroğlu bir dəli nərə çəkib, Kürdoğlunu götürüb yerə vurdu”, yaxud da baxın, hələ Koroğlu ilə tanış olmayan igid Dəmirçioğlu nə deyir: “Mən onun (Koroğlunun - E.) nə qılıncından qorxuram, nə şeşpərindən, nə də dəlilərindən. Amma deyirlər dava eləyəndə onun bir nərə çəkməyi var. Qorxsam, qorxsam, bəlkə, bircə o nərədən qorxaram” və türkmən, özbək variantlarından tutmuş tatar-tobol versiyasınacan belə bir obrazlı bədii təfəkkür ifadəsi bu eposun mühüm bədii-estetik xüsusiyyətidir.
Yeri düşmüşkən deyim ki, Qoşabulağın, yaxud Misri qılıncın, yaxud da Qıratın timsalında “Koroğlu” eposunun bütün variantlarında bu dastanla kosmos arasında olduqca maraqlı bir bağlılıq var və dastanın türk ölkələrindəki mifoloji elmin inkişafında (misal üçün, Azərbaycanda M.H.Təhmasibin, M.Seyidovun və başqalarının tədqiqatlarında) ciddi rol oynamısına baxmayaraq, elə bilirəm ki, məhz bu cəhətin mistik-mifoloji baxımdan daha dərin tədqiqinə hələ də ehtiyac var.
Burasını da qeyd edək ki, folklorşünasların apardıqları tədqiqatlara görə dünya folklorunda “Koroğlu” qədər variant və versiyalara malik ikinci epos yoxdur.
3.
“Koroğlu”nun janrı elmi ədəbiyyatda əsasən epik janr kimi müəyyənləşdirilir, ancaq bu dastandakı lirika, qətiyyən onun həqiqətən geniş epik mənzərəsinin kölgəsində qalmır, səhifədən-səhifəyə (qoldan qola) həmin epiklik ilə yanaşı addımlayır.
Azərbaycan folklorunda Koroğlunun bu dastandakı şeirlərdən başqa da bir sıra qoşmaları, gəraylıları var və olsun ki, bu şeirlərin müəllifi real Koroğlular yox, yüzilliklər boyu yazıb-yaradan aşıqların cəmi - mifik Koroğludur. Bu faktın özü göstərir ki, yalnız dastan qəhrəmanı deyil, bədii xəlqiliyin gücü və sövqü ilə dastandan çıxıb, xalqın qəhrəmanı olan Koroğlu obrazı türk xalqlarında aşıq sənətinin inkişafında, poetik rəngarəngliyində, həm lirik, həm də epik səciyyə əldə etməsində çox ciddi və əhəmiyyətli rol oynayıb.
Güman edirəm ki, bu - ümumtürk folkloru üçün səciyyəvi ədəbi hadisədir, dastanın türk, qazax, türkmən, özbək, altay variant və versiyalarında da yalnız kor kişinin (mehtər Alının, türkmənlərdə Adi bəyin, Cənubi Azərbaycan variantında Mirzə Sərrafın) oğlu yox, torpağın, dağın, işığın, odun, atəşin oğlu olan Koroğlunun (Goroğlunun, Qoroğlunun, Qurqulinin…) türk xalqlarının folklorunun lirik-poetik baxımdan zənginləşməsində az rolu olmayıb.
Eləcə də silsilə “Koroğlu” havalarına (Azərbaycanda “Koroğlu gözəlləməsi”, “Misri Koroğlu”, “Qanlı Koroğlu”, “Dəli Koroğlu”, “Şahsevəni” və s., qazax makamları, Türkiyədə “Koroğlu çeşitləməsi”, “Kiziroğlu Mustafa bəy”, “Aldı Kosa bəy” və s., Türkmənlərdə “Aşık bolmuşam”, “Novayi”, “Sen etir” və s.) qulaq asdıqca, açıq-aşkar hiss edirsən ki, bu havaların, nəğmələrin yaranması və yüz illikləri adlaması yalnız saz ifaçılığında yox, ümumiyyətlə, türk xalqlarının musiqi yaradıcılığında mühüm rol oynamış, bu musiqini millidən bəşəriliyə aparan yolun (elə yalnız Qara Qarayevin “Üçüncü simfoniya”sını xatırlasaq, elə bilirəm ki, kifayətdir) bədii-estetik yolçularından biri olmuşdur.
Bir mühüm cəhəti də qeyd etmək istəyirəm: türk dövlətlərində ədəbiyyatşünaslığın, daha konkret desəm, folklorşünaslığın inkişafında “Koroğlu” dastanının böyük rolu olub - onu təhlil və tədqiq edən yüzlərlə (bəlkə də minlərlə!) elmi məqalələr yazılıb, bir çox monoqrafiyalar nəşr edilib və onilliklər boyu aparılan “Koroğlu” tədqiqatı (Azərbaycanda V.Xuluflu, H.Əlizadə, H.Araslı, M.H.Təhmasib, P.Əfəndiyev, F.Fərhadov, X.Koroğlu, V.Vəliyev, A.Nəbiyev, N.Cəfərov, M.Həkimov, İ.Abbasov... və saymaqla qurtarmayan başqa müəllifləri, Türkmənistanda B.A.Karrıyev, Özbəkistanda X.T.Zərifov kimi məşhur ədəbiyyatşünasları, Türkiyədə D.Yıldırım, PN.Boratav, F.Bayat və başqa alimləri xatırlayaq) dərinləşdikcə, elmi nailiyyətlər əldə edildikcə, folklorşünaslıq da daima inkişaf edib, zənginləşib.
1937-ci ildə - o vaxt ki, bütün Sovet İttifaqında, o cümlədən, türk mənşəli respublikalarda, muxtariyyətlərdə, diyarlarda (Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda, Türkmənistanda, Tatarıstanda, Başqırdstanda, Krımda, Altayda, Uyğurustanda, Yakutiyada, Tuvidə və b.) qanlı repressiyalar gedirdi, birdən-birə böyük Üzeyir Hacıbəylinin “Koroğlu” operası meydana çıxdı və Qıratın belinə sıçrayaraq, Misri qılıncı siyirib, başının üstünə qaldırmış Koroğlu yalnız Azərbaycan xalqını yox, bütün türk xalqlarını zülmə, sitəmə sinə gərməyə, əzmkarlığa çağırırdı. Təsadüfi deyil ki, 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində “Koroğlu” operasının uvertürası Azərbaycanda milli mübarizənin himninə çevrilmişdi.
Bu opera 1939-cu ildə Aşqabadda, bir müddət sonra Daşkənddə tamaşaya qoyuldu, illər keçdi, nəhəng Sovet imperiyası dağıldı, dünyanın siyasi xəritəsində türk dövlətlərinin sayı artdı və bu dəfə TÜRKSOY-un layihəsi olaraq Üzeyir bəyin operası Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və Başqırdıstan sənətçilərinin iştirakı ilə tamaşaya qoyulub, böyük uğurla həmin dövlətlərini paytaxtlarında göstərildi.
Mən filateliya ilə maraqlandığım üçün, hardasa mistiq-rəmzi təsir bağışlayan bir faktı da demək istəyirəm: 1966-cı ildə - Sovet İttifaqının (və ideologiyasının) əzəmətli bir dövründə sovet filateliyası yeni gözəl bir marka ilə zənginləşir (!) və “Koroğlu” operasına həsr olunmuş bu markada da Koroğlu Qıratın belində Misri qılıncını başının üzərinə qaldırıb.
1989-cu ildə - Sovet İttifaqının sarsıldığı bir vaxtda SSRİ-nin poçt markalarından biri “Koroğlu” dastanına həsr olunmuşdu və bu markanı belə bir mətn müşayyiət edirdi: “Koroğlu” - Azərbaycan xalqının epik abidəsidir. Bu cəngavər-nəğməkar obrazının timsalında xalqın qəhrəmanlıq idealları, istibdada və ədalətsizliyə qarşı mübarizə əzmi öz ifadəsini tapmışdır”.
Bu, həmin gərgin dövr idi ki, sovet rəhbərliyinin təhrikedici sükutu, fəaliyyətsizliyi sayəsində erməni militarizmi Qarabağ iddiası ilə bağlı baş qaldırmışdı və elə bil, o sovet markasında (!) Azərbaycan xalqı Koroğlunun timsalında elə həmin ədalətsizliyə qarşı ayağa qalxmışdı.
1990-cı ildə isə artıq tarixin səhifəsinə çevrilməkdə olan Sovet İttifaqının ən son poçt markalarından biri türkmən rəssamı İ.Klıçevin “Goroğlu” (“Koroğlu”) mövzusunda çəkdiyi lirik bir qrafikasının əksi ilə çap olunmuşdu və o markada yazılıb ki, “türkmən xalqının epik abidəsinin qəhrəmanı Goroğlu öz vətənini (Türkmənistanın timsalında qədim türk yurdunu! - E.) qoruyaraq, istibdada qarşı mübarizə aparır”.
Bu sovet markalarının çapı, güman edirəm ki, dünya filateliya tarixinə həkk olunmuş həqiqətən əlamətdar, bəlkə də, dediyim kimi, bir az mistik hadisədir.
Koroğluya həsr olunmuş və Türkiyədə basılmış bir poçt markası da var. “Burası türk yurdu...” başlıqlı o markaya Koroğlunun “Mərd dayanar, namərd qaçar” sözləri həkk olunub. (Dastanın Azərbaycan variantında Koroğlunun söylədiyi son gəraylının birinci bəndi:
Mərd dayanar, namərd qaçar,
Meydan gumbur-gumburlanı...
Dəlilərim meydan açar,
Düşmən gumbur-gumburlanı...)
Siz Tahir Salahovun məşhur Koroğlu portretinə fikir verin: o, artıq dastanın yalnız Azərbaycan variantının ədəbi qəhrəmanı yox, bütün türk xalqlarının milli qəhrəmanıdır, elə bil ki, bizim müasirimiz olan böyük rəssam bu portreti genetik yaddaşın diktəsi ilə yaratmışdır.
Bu gün Bakıda Tokay Məmmədovun yaratdığı Koroğlu heykəli türk xalqlarının bir tərəfdən qılınca (qəhrəman Koroğlunun Misri qılıncına!), bir tərəfdən də sehrli saza (Nigar sevdası ilə şeirlər qoşan aşiq Koroğunun məhəbbət, sədaqət, mərdlik, mərhəmət, xeyirxahlıq, əhdi-peyman, vəfa, ilqar tərənnüm edən sazına!) söykənən birliyinin simvoludur və yalnız Azərbaycanda deyil, Türkiyədə, Türkmənistanda, başqa türk dövlətlərində ucaldılmış Koroğlu heykəlləri ortaq tarixin dediyim həmin genetik yaddaşdan doğmuş müasir abidələrdir.
Yaxud bu gün müstəqil Türkmənistanın valyutasında Goroğlunun (Koroğlunun) şəkili həkk olunubsa, o, yalnız türkmən xalqının yox, bizim hamımızın - Qırğızıstandan Krımacan, Qazaxıstandan Altayacan, Anadoludan Qaqauzstanacan, Özbəkistandan Uyğurustanacan bütün türk xalqlarının iftixarı, qürur mənbəyi, fəxarətidir.
Üzeyir bəydən qırx il sonra məşhur türk bəstəkarı Əhməd Adnan Sayqunun “Koroğlu” operası İstanbulda tamaşaya qoyuldu, böyük uğur qazandı və opera səhnəsindəki bu yeni uğur bir daha göstərdi ki, Koroğlu əsrlərin bədii-estetik və milli-mənəvi sınağından keçərək daima ümumtürk mədəniyyəti, bu mədəniyyətin inkişafı, müasir nailiyyətləri ilə bir yerdədir.
Və 2015-ci ildə Türkmənistanın təşəbbüsü və işgüzar fəaliyyəti nəticəsində bu eposun YUNESKO-nun “Bəşəriyyətin qeyri-mədəni irsi siyahısı”na daxil edilməsi Balkanlardan tutmuş Qafqazadək, Türkmənistandan tutmuş Tuvaya, Baltikadan tutmuş Krımacan bütün türk xalqlarının bəşəri mədəniyyətin inkişafında və zənginləşməsində böyük rol oynadığını bir daha təsdiq və bədii-estetik baxımdan təsbit etdi.
Baxın, türk torpaqlarında nə qədər Ko roğlu qalası var (yalnız elə Azərbaycanda Gədəbəydəki, Tovuzdakı, Qazaxa gələn qədim karvan yolunun üstündəki və s. “Koroğlu qalaları”nı yada salaq), nə qədər Çənlibellər, “Koroğlu qayaları”, “Koroğlu yarğanları”, “Koroğlu dağları”, “Koroğlu zağaları” var? Türkiyədə, Türkmənistanda, Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda Koroğlunun adı ilə bağlı nə qədər coğrafi məkanlar, qədim tarixi abidələr var? Bütün bunlar türk xalqlarının genetik yaddaşının təzahürüdür ki, ağac eyni kökdən qol-budaq atdığı kimi, həmin genetik yaddaşın milli-mənəvi şaxələridir.
Bəli, bütün bu qalaları Koroğlu (Goroğu, Karoğlu, Qurqulu, Quroğlu) tikib, Misri qılıncını o, oynadıb, bütün bu Çənlibellərdə (Şamlıbeldə, Canbilbeldə, Çandibeldə) Koroğlu saz çalıb, bütün bu dağlarda, qayalarda Koroğlu, onun Dəli Həsən, Giziroğlu Mustafa bəy, Bəlli Əhməd, Dəmirçioğlu və başqaları kimi 7777 - yeddi min yeddi yüz yetmiş yeddi (Orta Asiya variantlarında 40, bəzən də 70) dəliləri at çapıb, bu yarğanları adlayaraq, düşmənləri təqib edib.
Bu qəhrəman yalnız Həsən paşanın kor etdirdiyi mehtər Alı kişinin oğlu Rövşən deyil, o, eyni zamanda, ölmüş anasından gorda doğulub, dünyaya gələn həmin çağa - Goroğludur, zülmətdə İşığın, planetar gecələrdə çıxmış Ayın, parıldayan Ulduzların, gecələri gündüzə çevirən Günəşin rəmzidir, Xeyir ilə Şərin mübarizəsində Xeyirin qüdrətli müttəfiqidir.
Tanınmış türkmən alimi B.A.Karrıyev dastanın türkmən variantının (“Goroğlu”) Moskva nəşrinin ön sözündə yazır ki, bu eposun “Azərbaycan versiyasında bütün başqa versiyalardan artıq tarixi elementlər var” (Qor-oqlı.Turkmenskiy qeroiçeskiy epos, Moskva, “Nauka”, 1983, str.7.), Azərbaycan alimi F.Cəlilov isə “Əsl “Koroğlu”nun qədim variantı Türkmənistanda qalır” - deyir (Bax: “Şərq” qəzeti, 22 sentyabr 2016.) və belə məhrəmanə qarşılıqlı müddəalar, əlbəttə, eyni kökdən, eyni əsasdan, eyni mənbədən doğur.
Dastanı ingilis dilinə tərcümə edib, 1842-ci ildə Londonda nəşr etdirən polyak şərqşünası Aleksandr Xodzkodan, alman dilinə çevirən O.Volfdan, fransız dilinə çevirən Jorj Sanddan (sonralar bu tərcümə J.Sandın oğlu rəssam Moris Sandın illustrasiyaları ilə yenidən nəşr edilmişdi), rus dilinə çevirən S.S.Rennindən sonra, müasir çağa qədər mütəxəssis tədqiqatçılar Koroğlunun tarixi kimliyini axtarır: kim olub Koroğlu - Cəlalilər sərkərdəsi, yaxud da Şirvan üsyançılarının rəhbəri?; hansı türk torpağında yaşayıb, mübarizə aparıb - Azərbaycanda, yoxsa Anadoluda, ya da Türkmənistanda?; konkret olaraq kimlərə qarşı vuruşub - qızılbaşlara, I Şah Abbasa, yaxud Həsən Paşaya, yaxud da Bolu bəyə qarşı?
Bəzi türkoloqlar, folklorşünaslar “Koroğlu”nu “Dədə Qorqud”dan da qədim ümumtürk abidəsi hesab edir, eposun qəhrəmanını isə Heraklla eyniləşdirir, onun Qoroğlu (Koroğlu) - Qerakl - Herakl şəklində qədim Avropa xalqlarının mifologiyasında təzahür etdiyini deyir, “Koroğlu” mənbələrini bəşəri beynəlxalq süjetlərdə, Heradotun “Tarix”inə istinad edərək, qədim skif rəvayətlərində axtarır, maraqlı paralellər gətirirlər. Rəhmətlik İsrafil Abbaslı qarşıya belə bir sual qoyur: “Koroğlu” eposunu hansı epik abidələr qrupuna aid etmək lazımdır, o, mifikdirmi, yoxsa daha çox tarixi səciyyəmi daşıyır?” (İsrafil Abbaslı. “Koroğlu”: Nə var, nə yox?”, Bakı, 2013, səh.85.)
“Koroğlu”şünaslıqda bu tipli çox misallar gətirmək olar və bütün bu fikir və mülahizələr, ideyalar, gümanlar, mübahisələr, ehtimallar, suallar, söz yox, elmi təqdidat obyektidir, ancaq bütün bunlarla bərabər, mühüm və elmi problemlərdən kənar, həmin poblemlərin fövqünda dayanan bir həqiqət var: dastanın hansı variantının, hansı versiyasının qəhrəmanı olursa olsun, epos hansı dövrdə yaranıbsa, yaransın, hansı qədim mifologiya ilə qohumdursa - bu da olsun, “Koroğlu”nu vahid türk bədii-estetik təfəkkürü, milli-mənəvi özünüifadəsi yaradıb.
“Koroğlu” dastanı müxtəlif variant və versiyalarda ayrı-ayrı türk xalqlarının milli sərvəti olduğu kimi, ümumilikdə, bir vəhdət halında bütün türklərin milli sərvətidir.
Əsas o deyil ki, Koroğlu tarixi şəxsiyyətdir, ya yox, XII əsrdə, yaxud XVI əsrin sonu, XVII əsrin əvvələrində yaşayıb, ya yaşamayıb, bu dastan bəzi ədəbiyyatşünasların qənaətinə görə, yalnız XVII - XVIII əsrlərdə formalaşıb, ya yox?
Əsas odur ki, Koroğlu bu gün yaşayır.
Bu gün ən müasir Bakı metrostansiyalarından biri Koroğlunun adını daşıyır və elə bil, o modern qatarlar Koroğlunun özünü də gələcəyə aparır.
Dastanın sonunda Koroğlu artıq qocalıb (“Qocaldım, Nigar, qocaldım...”), Aşıq Cünunun təbiri ilə desək, “dəliləri başından dağıtmışdı, Koroğluluğu yerə qoymuşdu”. Ancaq istibdadı və ədalətsizliyi görən Koroğlu koroğluluğu yerə qoya bilərdimi?
Və növbəti xanlar (Ağa xanla Mehdi xan) böyük bir qoşunla Çənlibelə hücum edəndə qoca Koroğlu yenə Qıratı minib, Misri qılıncı qınından siyirərək, yenə başına yığışmış dəliləri ilə birlikdə düşməni darmadağın edir və Aşıq Cünunun “- De görüm, indi nə fikirdəsən?” - sualına Koroğlu: “- Yox, Aşıq Cünun! Düzdü, mən Koroğluluqdan əl çəkmişdim. Amma baxıram ki, bu, olan iş deyil. Nə qədər ki, xotkarlar, padşahlar, paşalar, xanlar, bu namərd dünyada ağalıq eləyirlər, mən Koroğluluğu yerə qoya bilməyəcəyəm”.
Koroğlu ömrünun zaman sərhəddi yoxdur.
Və nə qədər ki, türk xalqları yaşayır, o qədər də Koroğlu yaşayacaq.
Koroğlu türk xalqlarının tarixində və taleyində əbədidir, o, heç zaman qanadlı dərya atından törəmiş, çapanda ayaqları yerə dəyməyə Qıratın belindən düşməyəcək, Misri qılınc da, saz da həmişə Koroğlu ilə bir yerdədir.
24 fevral 2018.
Bakı
ELÇİN
525-ci qəzet.- 2018.-8 sentyabr.- S.14-15-16.