“Türk dünyasının
yazarlarını bir-birinə tanıtmaqdan qürur duyuruq”
Müsahibimiz Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB)
Məsləhət Şurasının başqanı, Milli QHT
Forumu İdarə Heyətinin üzvü Əkbər
Qoşalıdır.
- Əkbər müəllim, bu yaxınlarda
Qırğızıstanda türkdilli dövlətlərin
Əməkdaşlıq Şurasının VI Sammiti
keçirildi.
Uzun illərdir türk dünyası mədəniyyəti
üçün çalışan bir şair, jurnalist kimi bu
Sammitdən gözləntiləriniz necəydi və nəticələri
necə qiymətləndirirsiz?
- Qırğız Respublikasında keçirilən
Sammit, habelə Köçəri Oyunları bir neçə
yönü ilə diqqətəlayiq hadisədir. Bildiyiniz kimi,
neçə gündür, həm yerli, həm də qardaş
ölkə KİV-ləri ən müxtəlif səviyyədə
hər iki hadisəni işıqlandırır, şərh
edir, nəticələr çıxarır, təbliğat
aparır. Özü də, açıq
görünür ki, bu iş sevinc hissi ilə,
sevgi-sayğı ilə yerinə yetirilir. Bax,
yalnız bu faktın özü böyük hərflərlə
yazılası NƏTİCƏdir.
Türksoylu
Dövlətlərin Əməkdaşlıq
Şurasının Sammitinin artıq altıncı dəfə
keçirilməsi, Qırğız elində, özəlliklə
də, Çolpon-Atadakı Çingiz Aytmatov adına
“Rux Ordo” Mədəniyyət Mərkəzində keçirilməsi
də, özlüyündə anlamlı hadisədir. Yeri gəlmişkən,
mən “Ruh Orda”da bir neçə il öncə olmuşam, bir
yazıçının ideyası əsasında qurulmuş Mərkəz
bu gün dünyada barışa, anlayışa,
qardaşlığa, öz soykökünə və
başqalarının yaratdığı estetik dəyərlərə
sayğıya çağıran, xidmət edən gözəl
bir hadisədir.
Gördüyünüz
kimi, mən hadisə sözünü az
qala hər cümlədə işlətdim, bu, söz
tapmamaqdan deyil, görülən işləri adi addımlar
deyil, məhz hadisə saymaqla bağlıdır.
VI Sammit iki yeni prezidentin-yeni Qırğız prezidentinin
və yeni özbək dövlət
başçısının iştirakı ilə
keçirilirdi; elə bilirəm, qardaşlarla
qarşılıqlı münasibətlərin dərinləşdirilməsi
baxımından bu formatda bir araya gəlmək, ikitərəfli,
çoxtərəli görüş, müzakirə
imkanları əvəzolunmazdı. Əgər yeni Qırğız
prezidenti bu formatda görüşə ilk dəfə
evsahibliyi edirdisə, uzun fasilədən sonra yeni dövlət
başçısının timsalında Özbəkistanın,
habelə baş nazirlə təmsil olunan uzaqdakı
qardaşımız Hunqariyanın-Macarıstanın da Sammitə
qatılması yüksək qiymətə, fərqləndirilməyə
layiq hadisədir. Dili bizdən xeyli
uzaqlaşmış, dini ayrı və coğrafi mövqeyi
xeyli uzaqdakı qardaşımızın öz baş naziri ilə
Çolpan-Atada təmsil olunması, Qırğız elinin
yanıbaşındakı türkmənistanlı
qardaşlarımızı da bir daha və dərindən
düşüncəyə dəvət etdi, deyə bilərik.
Qardaş Türkmənistan Türk Zirvələrində
öncələr bir neçə dəfə təmsil olunub,
lakin artıq bu iş sistemli xarakter daşımalı və
bitərəflik - “bıtaraplıq” qardaşlara münasibətdə
tətbiq olunmamalıdır.
Dördüncüsü,
TürkKENƏŞİnin iki dövləti- Qazaxıstan və
Qırğız Respublikası KTMT-nin üzvü, bununla da
işğalçı Ermənistanın hərbi müttəfiqi
sayılarkən, işğala məruz qalmış Azərbaycanla
eyni ruhu, eyni mövqeni paylaşmaqla, əslində o hərbi
müttəfiqliyin formal xarakter
daşıdığını, qardaşlıq
bağlarının ölməzliyin isə bir daha göstərmiş
oldu. Bu, bizimçün çox önəmlidir.
-
Bakıda bugünlərdə böyük Kitab Mərkəzi
yaradıldı. Sizcə, bu mərkəz
kitabın təbliğatında necə rol oynayacaq?
- Bakı
Kitab Mərkəzinin yaradılması münasibəti ilə
bütün kitabsevərləri, paytaxt sakinlərimizi təbrik
edirəm! Mənimçün bu, elə
Çolpan-Atada keçirilən Sammit qədər önəmli,
əziz və yüksəkdəyərli hadisədir. Dövlətimizin, eləcə də, Heydər
Əliyev Fondunun toplumun kitaba dönüşünə, oxu səviyyəsinin
qaldırılmasına yönəlik tədbirləri artıq
öz bəhrələrini verir və bu, çox sevincli hadisədir.
Hansı kitab olmasından asılı olmayaraq,
andı “...kitab haqqı”, qarğışı, “...a
kitabsız” şəklində olan xalqın yeniyetmə və
gəncləri gözünü kitab-dəftərin içində
açsın; özü də, kitaba layiq, oxu gözəlliyinə
layiq şəkildə. Bakı Kitab Mərkəzi
bir örnəkdir, sanki daşı-divarı da dil
açıb, “bax, belə!” deyir. O binada, qabaqlar
Travmatologiya İnstitutu yerləşirdi; qolundan,
qıçından daş asılmış, “travma
almış” nə qədər insan sağlam həyata
dönürdü orda. O institut öz işini başqa ünvanda
yenə davam etdirəcək, bura isə artıq yeni fəaliyyətə
səhnə olacaq. Forma dəyişsə də, məzmunun o qədər
də dəyişdiyini düşünmürəm: Kitab Mərkəzi
də sağaldan, “travma”dan qurtaran, yaxud “travma” almağa imkan
verməyən bir ocaqdır. Əgər
Travmatologiya İnstitutu, ayrı-ayrı xəstələrə
şəfa verirdisə, Kitab Mərkəzi bütövlükdə
topluma xitab edir. Necə deyərlər, olmasın tibb
ocağı, olsun mədəniyyət ocağı...
- 1998-ci
ildə DGTYB yaradıldı və indiyə kimi uğurla fəaliyyət
göstərir. Sizcə, bu birlik türk
dünyası mədəniyyətinə nələr bəxş
etdi? Birliyi yaradarkən qarşıya
qoyduğunuz məqsədlərə
çatdığınızı
düşünursüzmü?
-
Qardaş Qazaxıstanda keçirilmiş Türk
Dünyası Gənclik Günləri və Qurultayından
bizi düz 20 il ayırır. Bu ay DGTYB-nin
təsis olunmasının, gələn il
isə dövlət qeydiyyatına alınmasının 20 ili
tamam olacaq. 20 il bir cavanın ömrü,
olğunluq yaşıdır... Bilirsiz, biz bir
sevdadan, tutqudan danışırıq. Bu kateqoriya hadisələr
pafos, bəlağət istəməz, bəlkə,
pıçıltı ilə, aram-aram söhbətlə
gözəlliyə qovuşar...
Əlbəttə, onlarla ad çəkə bilərik
ki, onlar məhz DGTYB-nin sayəsində üzə
çıxıb, tanınıb, necə deyərlər,
peşəkar ədəbiyyatçı olub. Eləcə də,
“Paytaxtdan bölgələrə”, “Bölgələrdən
paytaxta”, “Bölgələrdən səslər”, “Bakıdan
türk dünyasına”, “Türk dünyasından Bakıya”,
“Türkün səsi”, “Turan yolu”, “Türk dünyasında ədəbiyyat,
ədəbiyyatda türk dünyası”, “Gəldik,
gördük, yazdıq”, “Qəlbdəki və qələmdəki
Qarabağ”, “Səs... Söz... Rəng...” və
s. adlandırmalar, layihələndirmələr, kitablar... bizim
işimiz oldu, başqa qurum və quruluşlara bizdən
keçdi. Türk dünyasında bir
çox yazarı, yazar qurumlarını bir-birinə biz
tanıtdıq və bundan qürur duyuruq. Başqa
nə deyim? Başqa sözləri də,
inşallah, dostlarımız, müşahidə edənlər
deyər.
- Birliyin
son konfransı elə bu günlərdə yekunlaşdı. Konfransdakı ana mövzu nə idi? Hansı nəticələrlə başa
çatdı?
- Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət
Dəstəyi Şurasının dəstəklədiyi
konfransın ana mövzusu “Türk dünyasının vətəndaş
cəmiyyəti institutlarının inkişaf modelləri”
adlanırdı. Həmin Şuranın yetkili nümayəndəsi,
konfederativ qurumların rəhbərləri - Mətbuat
Şurasının sədri, Milli QHT Forumunun prezidenti, Gənclər
Təşkilatları Milli Şurasının və bir
sıra nüfuzlu QHT-lərin, KİV-lərin
başçıları respublikamızda vətəndaş cəmiyyəti
institutlarının dünəni, bugünü və
perspektivlər barədə qardaş ölkələrin təmsilçilərinə
ətraflı bilgi verdi. Bizlərdə qardaş ölkə və
topluluqlardan gəlmiş nüfuzlu aydınların
paylaşdığı təcrübə ilə tanış olduq.
Əlbəttə,
işimiz yalnız Atatürk Mərkəzində bir konfrans
keçirməkdən ibarət olmadı; Bakı ilə
yanaşı, Sumqayıtda, o cümlədən Qubadlı Mədəniyyət
Evində maraqlı, yaddaqalan görüşlər, müzakirələr
keçirdik, qatılımçılar hər iki şəhərimizin
görməli yerləri ilə tanışlıq oldu. Özünəməxsus bir türk ocağı
sayıla biləcək “Hədəf” Liseyi, ATXƏM, Mətbuat
Şurası başqanlığı, ADPU rəhbərliyi ilə,
Qubadlı və Sumqayıt yazarları ilə
görüşlər, qarşılıqlı maraq doğuran
məsələlərin müzakirəsi bütün
iştirakçılarda unudulmaz xatirələr buraxdı.
Eyni hissləri İçərişəhəri, Hüseyn
Cavidin Ev Muzeyini, Azərbaycan
Yazıçılar Birliyini, AMEA Rəyasət Heyətinin
binasında yerləşən, I Türkoloji Qurultayın
keçirildiyi salonu ziyarətə də aid edə bilərik.
Ayrıca, millət vəkillərimizin, elm, sənət xadimlərinin,
işadamlarının ayrı-ayrı görüşlərə,
süfrə açmağa, deyərdim, könül süfrəsi
açmağa vaxt ayırmasını da şükranlıqla
qeyd etmək istərdim; belə ziyarətlər,
görüşlər də az önəm
daşımır.
- Elədir. İlk dəfə olaraq Saxa-Yakutiyadan olan şairin kitabını burada nəfis şəkildə nəşr etdirdiniz. Bu ideya və təklif hardan qaynaqlandı? Kitab necə qarşılandı?
- Mən ötən il Saxa-Yakutiyada “Böyük qarın kəraməti” adlı Şeir Festivalına dəvət olunmuşdum. Orada keçirdiyimiz görüşlər, fikir mübadilələri məndə belə yəqinlik yaratdı ki, uzaqlardakı qardaşlarımızla daha yaxın ilişkilərə ehtiyac var-bəlkə bu ehtiyac onlar üçün daha çoxdur, lakin bizimçün də gərəklidir. Bu planda, kitab çapı, ədəbi əlaqələr, qələm adamlarının səfərləri çox anlamlı, qalıcı izləri olan işdir. Elə ötən il Saxanın iki istedadlı gənc yazarı bizim dəvətlə Bakıda oldu, burdan zəngin təəssüratlarla döndü; bu il isə görkəmli ədib Natalya Xarlampyeva layihəmizin fəxri qonağı oldu. Və biz onun gəlişini kitabının təqdimatı ilə süslədik.
Həm ötən ilki gənclərin, həm də Natalya İvanovnanın Saxa mediasında çıxışları deməyə əsas verir ki, gördüyümüz işlər sıradan işlər olmayıb.
- Digər türksoylu ölkələrdəki yazar birlikləri ilə əlaqələriniz varmı?
- Əlbəttə. Türk dünyasına xitab edən yazar qurumlarının çoxu ilə bu və ya digər bağlantımız, işbirliyimiz var. Daha sıx işbirliyi içində olduğumuz birliklərə, Qazaxıstan Yazıçılar Birliyi, Almatıdakı “Jalın” dərgisi redaksiyası, Tatarıstan Yazıçılar Birliyi, Qırğız Respublikası “NurBorbor” Yaradıcı Gənclər Akademiyası, Özbəkistan Gənc İcadkarlar Birliyi, Saxa (Yakutiya) Yazıçılar Birliyi və b. misal göstərə bilərik. Qonşu və qardaş Türkiyənin isə bütün böyük ədəbi qurumları ilə sıx təmaslarımız var. Bu qurumlarla işbirliyi sonucu olaraq, neçə-neçə antologiyalar çap etmişik, neçəsini də hazırda işləyirik; habelə bir-birimizin tədbirlərində iştirak edirik.
- Oxucularınız və türk dünyası sizdən yaxın zamanlar üçün nələr gözləsinlər?
- Sırada Cümhuriyyətimizin 100 iliyi ilə bağlı bir kitabımız, ardınca Saxa ədəbiyyatının klassiki Oyuyunskinin “Qırmızı Şaman”ı, ondan sonra “Qırğız Şeir Antologiyası” gəlir.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2018.-8 sentyabr.- S.12.