Bakı Dövlət
Universiteti 100 illik yubileyə doğru
Müsəlman
Şərqində ilk dünyəvi və müasir ali təhsil ocağı olan, tarixin ən
müxtəlif mərhələlərində elmi və ictimai
düşüncənin lokomotivi kimi çıxış edən
Bakı Dövlət Universiteti (BDU) 100 illik yubileyi ərəfəsindədir.
Məlum olduğu
kimi, Prezident İlham Əliyev bu ali təhsil
ocağının cəmiyyət həyatındakı yerini və
müstəsna rolunu yüksək dəyərləndirərək
Bakı Dövlət Universitetinin 100 illik yubileyinin
keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda
Bakı Dövlət Universitetinin müsəlman Şərqində
yeni tipli ilk ali məktəb kimi
yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin
şərəfli bir yol keçdiyi qeyd olunur. Daim azərbaycançılıq
məfkurəsinə sadiqlik nümayiş etdirərək
ölkədə ali təhsil sisteminin
qurulmasında, elmi tədqiqatların son texnologiyaların tətbiqi
ilə müasir standartlara uyğun aparılmasında və
ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki
böyük xidmətləri xüsusi vurğulanır.
BDU tarixən vətənpərvər ziyalıların fədakar
əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət
xadimləri ilə Azərbaycanın mövcud simasının
təşəkkülünə böyük töhfələr
verib. Sərəncamda ali
təhsilimizin flaqmanı kimi müasir dövrdə BDU-nun
qarşısında duran missiya, inkişaf hədəfləri
də öz əksini tapıb.
Ölkədə
yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında
formalaşdırılması, hazırlıqlı kadr
potensialının davamlı təkmilləşdirilməsi və
elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da
yüksəldilməsi, o cümlədən Azərbaycan
xalqının tarixi-mədəni dəyərlərinin və
mənəvi-əxlaqi sərvətlərinin qorunub
yaşadılması universitetin dünya təhsil məkanına
inteqrasiya yolu seçməklə göstərdiyi
bugünkü çoxşaxəli, geniş fəaliyyətin
başlıca istiqamətlərini təşkil edir.
Təbiət,
fundamental, humanitar və sosial elmlər sahəsi üzrə
çoxprofilli ali təhsil ocağı olan BDU-nun 16 fakültəsində
bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində
isə 44 ixtisas və 235 ixtisaslaşma üzrə kadr
hazırlığı həyata keçirilir və təhsil
alan tələbələrin sayı 23 minə yaxındır.
Universitetdə təhsil alan tələbələrin
təlim-tərbiyəsi ilə 3000-dən çox əməkdaş,
o cümlədən, 1500 nəfər professor-müəllim heyəti
məşğul olur. Onlardan 300 nəfərə
qədəri elmlər doktoru, professor, 1000 nəfərə qədəri
fəlsəfə doktoru, dosentdir.
İldən-ilə BDU-da təhsil almaq istəyən tələbələrin
sayı artır.
Bu il ali təhsil müəssisələrinə
keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri
arasında ən çox tələbə qəbulu Bakı
Dövlət Universitetinin payına düşüb.
Universitetin Mətbuat və informasiya şöbəsinin
məlumatına görə, bakalavriatura və magistratura səviyyəsində
qəbul olunanların sayı (BDU-nun Qazax filialı da daxil
olmaqla) 6220 nəfər təşkil edib. BDU-nun bakalavriat səviyyəsinə
universitetin Qazax filialı da daxil olmaqla 5444 nəfər qəbul
olub ki, bu da ötən tədris ili ilə müqayisədə
400 nəfər çoxdur. Bu il
qəbul imtahanı verən tələbələrdən 600 və
daha yüksək bal toplayan tələbələr ötən
illə müqayisədə 71 nəfər artaraq 461, 500-700
arası bal toplayanlar isə 482 nəfər artaraq 1982 nəfər
olub. Eyni zamanda, 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 3 nəfərin seçimi də BDU
olub.
Bu il BDU-nun Qazax filialına qəbul olan tələbələrin
sayında da artım olub. Belə ki, bu il
filiala 561 nəfər tələbə qəbul olub. Bu rəqəm ötən illə müqayisədə
172 nəfər çoxdur. Beləlik də,
BDU-nun Qazax filialında cari tədris ilində 17 ixtisas üzrə
təhsil alanların sayı 1006 nəfərə
çatıb.
Bu tədris ilində BDU-nun SABAH qruplarına qəbul
olunan tələbələrin sayı 250 nəfərdən
280 nəfərə qədər yüksəlib. Onlardan 264 nəfəri
BDU tələbələridir. Ümumilikdə,
BDU-nun 10 ixtisas üzrə SABAH qrupları tələbələrinin
sayı ötən ilə müqayisədə 106 nəfər
artaraq 701 təşkil edib.
Magistratura səviyyəsinə qəbul olan
magistrantların sayı da açıqlanıb. Onların
sayı 776 nəfər təşkil edib. Bu da ötən
illə müqayisədə 132 nəfər çoxdur: “Bu il
Bakı Dövlət Universitetinin magistratura səviyyəsində
“Humanitar və sosial ixtisaslar qrupu” bölməsində
“İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə
hüququ”, “Tibbi hüquq”, “Əqli mülkiyyət hüququ”,
“Əmək hüququ: sosial təminat hüququ”, “İdman
hüququ” və “Turizm hüququ” ixtisasları, “Təbiət
ixtisasları qrupu” bölməsində “Kosmologiya”, “Səhiyyə,
rifah və xidmət ixtisasları qrupu” bölməsində “Gənclərlə
iş” adlı yeni ixtisaslaşmalar açılıb”.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyir ki,
klassik universitetlər hər zaman dövlətin və dövlətçiliyin
barometrləri hesab olunublar. Hər bir ölkənin milli
ideologiyası hazırlanarkən bu universitetlərin fəaliyyəti
müstəsna əhəmiyyət kəsb edir: “Ölkələrin
elm, təhsil, kadr potensialının, ziyalı təbəqəsinin
formalaşmasında, habelə cəmiyyətdə
maarifçiliyin genişlənməsində klassik universitetlərin
xüsusi xidmətləri olub. Bu baxımdan Azərbaycanın
ilk ali təhsil ocağının, klassik
universitetinin - Bakı Dövlət Universitetinin yubileyi, əslində,
ümumxalq yubileyidir. BDU yarandıqdan sonra Azərbaycanda
maarifçilik sürətlə inkişaf edib, elmi potensial
formalaşıb. Azərbaycan Milli Elmlər
Akademiyası yaranarkən BDU-nun və onun məzunlarının
elmi potensialından geniş istifadə olunub. Bu da təsadüfi deyil ki, bir çox tarixi şəxsiyyətlər
məhz Bakı Dövlət Universitetini bitiriblər. Əlbəttə, mən ilk növbədə, təhsil
ocağının dünya şöhrətli məzunu,
Ümummilli lider Heydər Əliyevi yada salmaq istəyirəm.
Eləcə də çoxsaylı
yazıçılarımız, ziyalılarımız,
şairlərimiz, böyük elm xadimlərimiz universitetin məzunu
olublar. Onlar Azərbaycan elmini BDU-da
aldıqları təhsil hesabına yüksəklərə
ucaldıblar”.
A.Məhərrəmovun sözlərinə görə,
klassik universitetlərin digər universitetlərdən bir
böyük üstünlüyü də var. Burada həm təbiət,
dəqiq və texniki elmlər, həm də humanitar elm sahələri
fəaliyyət göstərir. BDU-nun fakültələri
və mövcud olan ixtisaslar bütövlükdə Azərbaycan
cəmiyyətinin bütün strukturlarını təmsil
edir. Universitetin alimləri
hüquq-mühafizə orqanları, elm, təhsil, səhiyyə,
mədəniyyət və digər mühüm sahələrdə
fəaliyyət göstərirlər. Təqribi
hesablamalara görə, ölkədə dövlətin ali struktur rəhbərliyinin 70-75 faizi BDU-nun məzunlarıdır:
“Bütün bunların fonunda BDU-nun yubileyi cəmiyyət həyatı
üçün çox böyük tarixi hadisədir.
Çünki yubiley özü böyük bir hesabatdır - ali təhsil ocağı 100 ildə nə əldə
edib, xalqa nə verib? Düşünürəm ki, BDU
keçdiyi 100 illik tarixi yolda formalaşmış ali təhsil ocağıdır və yüksək
səviyyədə hesabat verə biləcəkdir. Bu hesabat yalnız Azərbaycan xalqı
qarşısında deyil, ilk növbədə, möhtərəm
prezidentimizin qarşısındadır. Eyni
zamanda, dünyanın aparıcı universitetlərinin
rektorları qarşısında hesabat olacaqdır”.
Millət
vəkili Bəxtiyar Sadıqov vurğulayıb ki, Bakı
Dövlət Universiteti Azərbaycan mədəniyyəti,
ictimai-siyasi fikri, elm və təhsilin inkişafı sahəsində
sanballı töhfələri olan məbədgahdır:
“Çox şadıq ki, universitetin yubileyinin qeyd edilməsi ilə
bağlı Prezident İlham Əliyev xüsusi sərəncam
imzalayıb. Bu sərəncam bizim
hamımızın, xalqın ürəyincə olan tarixi bir sənəddir.
Bakı Dövlət Universiteti Azərbaycan
xalqına, dövlətinə, dövlətçiliyinə
böyük töhfələr verib. Xalq
arasında “məktəblər məktəbi”, “müəllimlər
müəllimi” kimi deyimlər var. Bunu, sözün tam mənasında,
BDU-ya da şamil edə bilərik. Universitet birinci
yaranmaqla kifayətlənmədi, onun bazası əsasında
neçə-neçə ali məktəb
meydana gəldi. BDU-da bir çox elmi-tədqiqat
institutları fəaliyyətə başladı. Sonradan müstəqilləşərək bu gün
də Azərbaycan elminə töhfələrini verirlər. BDU-da nəinki Azərbaycan,
bütövlükdə dünya elminə sanballı töhfələr
verən nüfuzlu alimlər, elm adamları
çalışırlar. Onlar öz əsərləri,
yenilikləri və ixtiraları ilə elmə
şan-şöhrət gətirirlər. Obrazlı desək,
bu gün “müəllimlər
müəllimləri” də məhz BDU-da
çalışır. Bütün bunlar bizi
çox sevindirir”.
B.Sadıqovun
dediyinə görə, BDU hər birimiz üçün həm
də ona görə əzizdir ki, ulu öndər Heydər
Əliyev bu universitetin məzunu olub: “Ümummilli lider ölkə
rəhbərliyinə seçiləndən sonra Azərbaycan
dilində ilk çıxışını məhz BDU-nun 50
illik yubileyində edib. BDU ona görə sürətlə
inkişaf edib ki, daim Heydər Əliyevin
qayğısını, diqqətini görüb. Ali təhsil ocağı bu gün
inkişafının keyfiyyətcə yeni mərhələsinə
qədəm qoyub. Prezident İlham
Əliyev ulu öndərin siyasətini davam etdirərək
universitetə yüksək diqqət və qayğı ilə
yanaşır. Məhz buna görə BDU
hazırda sürətlə inkişaf edir, milli kadr
hazırlığı prosesində öz sözünü
deyir. Universitetdə çalışan
professor-müəllim heyəti də bu yüksək
qayğı və diqqətin müqabilində Ümummilli
lider Heydər Əliyevin ölməz ideyalarına, onun əsasını
qoyduğu siyasi kursa yüksək sədaqət nümayiş
etdirir. Universitet kollektivi möhtərəm
Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu
bütün vəzifələri böyük səylə,
şərəf və ləyaqətlə yerinə yetirir”.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, Bakı Dövlət Universiteti ali təhsilimizin flaqmanıdır: “Bu ali təhsil ocağı mənim üçün bir məbəddir. Demək olar ki, 18 yaşımdan həyatım BDU ilə bağlıdır. Bu gün doğma universitetimizin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi, bununla bağlı Prezident İlham Əliyevin sərəncam imzalaması bir təhsil adamı kimi məni həm sevindirir, həm də qürurlandırır. BDU-nun bir əsrlik tarixinə nəzər salsaq görərik ki, bu ali təhsil müəssisəsi 100 il öncə öz üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirib. Qarşıda duran illər üçün isə onun missiyası fənlərarası, sahələrarası inkişaf etdirməsidir. Keçən 100 ildə BDU əsasən təhsil və elmi inkişaf etdirib. Azərbaycan cəmiyyətinin həyatında universitet müəllimləri çox aktiv iştirak ediblər”.
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev qeyd edib ki, Bakı Dövlət Universiteti Azərbaycanın ilk universitetidir. Bu elm ocağından Azərbaycan elminə, təhsilinə töhfələr verən minlərlə insan məzun olub. Ümumiyyətlə, dünyada universitetlərin reytinqi aparılarkən onun tarixi, yaşı da önəm kəsb edir. Bu baxımdan universitetin 100 illik tarixə malik olması sevindiricidir.
E.Əliyevin sözlərinə görə, Bakı Dövlət Universitetinin bir məzunu kimi bu ali təhsil ocağının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini çox yüksək qiymətləndirir: “Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam onu göstərir ki, bu məsələ dövlət başçısının xüsusi diqqətindədir”.
S.QARAYEVA
525-ci qəzet.- 2018.-8 sentyabr.- S.8.