Qaşqay elinə səfər - III yazı

 

 

Qaşqay papağı

Əmin bəyin börkü - papağı sanki bir parol rolunu oynayırdı. Onu görənlər gülümsəyərək şirin qaşqay ləhcəsində danışırdılar. 10-12 yaşlı oğlanlar da Əminin papağına baxıb gülümsəyirdilər.

 

Getdiyimiz restoranda da, taksiyə minəndə də, bazarda da dil bilmək sarıdan bir çətinliyimiz olmadı. Əmin ağzını açmasa belə biz fikrimizi ifadə edə, istədiklərimizi çatdıra bilirdik. Çünki Əmini görən kimi bizə yaxınlaşanlar, bizi yanlarına çağıranlar, xidmətlərini təklif edənlər qaşqaylar olurdu. Mən də zarafatla: - "Əmin bəy, qaşqay papağını başıma qoymaqla Şirazda tərcüməçisiz gəzə bilərəm" - deyəndə Əmin də gülümsəyərək, "yalnız Şirazda deyil, Fars Ostanında, İsfahan çevrəsində, Buşəhr və b. ostanlarda da tərcüməçisiz dolana bilərsiniz" dedi.

Əyəsi (yiyəsi) Nasiri Əkbər olan bağda

Yüz illər boyu Farsların arasında yaşamalarına baxmayaraq, Qaşqaylar hələ də bizim fars və ərəb dilində işlətdiyimiz bəzi sözləri türkcə işlədirlər. Məsələn bizim sahibi dediyimiz  sözə onlar əyə deyirlər. Əyə-yeyə sözü bizdə bəzi dialektlərdə hələ də işlədilir. Şair əvəzinə yırçı, şeir deyən əvəzinə yırlayan və s. deyirlər.

Axşam Azərbaycandan gələn qonaqların şərəfinə Nəsir Əkbərinin bağında toplantı vardı. Ona görə mənim şərəfimə yazmıram ki, o toplantıda iştirak edənlərdən cəmi üç nəfərini - Ərsalan Mirzeyini, Manoçehr Kiyani və xanımı Turan Şəhbazini öncədən tanıyırdım. Azərbaycandan hansı ziyalımız getsə onun şərəfinə bəlkə də daha gözəlini təşkil edəcəklər. Yəni təcrübələri artdıqca toplantılarının tərtibatı və formatı da zənginləşəcək.

Toplantıya 30-dan çox ziyalı qatılmışdı. Onlardan Manoçehr Kiyanini ilə Atatürk Kültür Mərkəzi Başkanlığının 1999-cu il martın 18-20-də Elazıq şəhərində keçirdiyi Türk dünyasında Novruz-Üçüncü Uluslararası Bilgi Şölənində tanış olmuşduq. 

Manoçehr Kiyani ilə sonralar bir neçə elmi toplantıda da görüşdük. Qaşqayların tarixi, etnoqrafiyası, folklor ilə bağlı bir neçə kitabı vardı. Hətta istədik ki, onun qaşqay folkloru ilə bağlı yazıları əsasında AMEA Folklor İnstitunda bir "Qaşqay folklor antologiyası" kitabı da çap edək. İşə başlamaq istəyəndə gördük ki, Manoçehr Kiyani folklor materiallarını toplayıb və çap etdirərkən pasportlaşdırmadığı bir yana, fars dilinə tərcümə edərkən də sərbəstliyə yol verib. Bu da institumuzun qaydalarına uyğun gəlmədiyi üçün başlanmış iş yarıda qaldı.

Manoçehr Kiyani Bakıya da tez-tez gəldi. AMEA Fəlsəfə və Hüquq İnstitunda doktorluq müdafiə etdi. Mənim diqqətimi ilk tanışlıqdan çəkən Manoçehr Kiyaninin xanımının adının Turan olması idi. 20-ci yüzildə dövlət siyasətində fars milliyətçiliyi hakim olduğu bir zamanda valideyinlərin qızlarına Turan adını qoyması cəsarət tələb edirdi.

Toplantıya qatılanlar arasında  Kavə İrəvani, Qulamrza Rəncbər İgdir də vardı. Söhbət zamanı öyrəndim ki, onlar soyadlarını qaşqay eli içərisindəki İrəvani və İgdır tayfalarından alıblar. Yəni indiki İgdır və İrəvan bölgəsindən son 300-400 ildə getməyiblər.

Məclisdə ağsaqqal şair, "Gaşqay sözlüyü"nü hazırlayan Əsadullah Mərdaniyə də hörmətlə yanaşırdılar. Məclisdə uşaq ədəbiyatını inkişaf etdirməyə çalışan gənc qadın yazarlarla da tanış olduq. Cəfər Eyvəzi Yadıkorlu "Mehzun Qaşqayı. Şeirləri" kitabını, Ərsalan Mirzeyi "Qaşqay tapmacaları" kitabını, Əvəzollah Səfəri Kəşkülü "Yettim yal" kitabını, Zəhra xanım uşaqlar üçün yazdığı bir neçə kitabçanı və b. kitabları mənə bağışladılar.

Tanışlıq və ürək sözlərimizi söylədikdən sonra Əfşin Hatəmidən, Əli Bəhmənyarıdan, Sasan Kərimidən, Səid Gorqinpur, Milad Şəhriyaridən, Xosro Setorkniadan ibarət gənc musiqiçilər qrupu gözəl bir konsert təşkil etdilər. Konsertdə qaşqay  mahnılarından başqa bir mahnı eşitmədim.

Toplantıda yazarlar kitablarını avtoqrafla mənə bağışladılar. Baxdım ki, son illər qaşqaylar ana dilində müxtəlif mövzuda xeyli kitab nəşr etdirirlər. Hətta jurnal nəşrinə də nail olublar. Yeni jurnalın nəşri isə gənc yazarların bir yerə toplanmasına, bir-birinin yaradıcılığından xəbər tutmalarına, müzakirələr aparmalarına şərait yaradır. 

Qaşqayların sevimli şairi Məhzun

Onu da deyim ki, son onilliklərdə qaşqaylar arasında folklor nümunələrini toplamağa, klassikləri öyrənib nəşr etməyə, ana dilində yazıb-yaratmağa meyl artıb. Hətta bəziləri kitabları latın əlifbası ilə nəşr etdirir ki, həm qaşqay gəncləri bu əlifbanı öyrənsin, həm də Türkiyədəki, Azərbaycandakı araşdırıcılar onların əsərlərindən yararlansın.

Bu baxımdan bilgisayar mühəndisi  Cəfər  Evazi Yadıkurinin  latın əlifbası ilə hazırladığı "Məhzun Qaşqai. Şeirləri" kitabı olduqca dəyərlidir. Tərtibçi əski əlifba ilə yazılmış mətnləri latın əlifbasına çevirəndə yaranan çətinliklərdən, ləhcə və ədəbi dil normaları məsələsindən Məhzun şeirlərinin ondan əvvəl nəşr edilərkən yol verilmiş xətalardan elmi əsaslarla söz açır.

Kitaba daxil etdiyi "Qaşqay elinin tarixi" məqaləsini isə Cərəf Evazinin qaşqaylar haqqında bilgilər toplusu adlandırmaq daha doğru olar. Çünki burada tarixlə yanaşı qaşqay dili, ədəbiyyatı, şairlər, şeir şəkilləri, musiqiçilər və s. haqqında da bilgi var. Kitabın sonunda da sanballı bir sözlük verib ki, bu da istər gənc qaşqay oxucuları, istərsə də Türkiyə və Azərbaycan araşdırıcıları üçün olduqca dəyərlidir.

Cəfər Evazi yazır ki, Məhzun ləqəbilə şeirlər yazan Seyid İbrahim 1830-cu ildə doğulub, 1895-ci ildə dünyasını dəyişəndə Şirazdakı Dervaze İsfahan məhəlləsində, Şahzadə Mənsur qəbristanlığında dəfn edilib. Şairin şeirlərini ilk dəfə Məlik Mənsur xan 1920-ci toplatdırıb. Lakin həmin nüsxə Məlik Mənsur xan Berlində yaşayarkən müttəfiqlər şəhəri bombalayanda orada məhv olub. Məlik Mənsur xan İrana döndükdən sonra Moyin Dəftər Qəhramaniyə yenidən Məhzunun şeirlərini toplatdırıb. Şahbaz Şahbazi də həmin dəftərdə olan şeirləri 1988-ci ildə nəşr etdirir.

Şirazda qaşqay evlərində qonaq olarkən kəndimizi xatırladan çox şeylə rastlaşırdım. Təxminən 1960-cı illərdə kəndimizə  birinin evinə Gəncədən, Bakıdan, İrəvandan və b. yerlərdən qonaq gələndə hamı oraya toplaşar, söhbət edər, yeyib-içib gedərdilər. Sonra növbə ilə qonağı evlərinə dəvət edərdilər. Hər dəfə də qonaq hansı evə gedirdisə adamlar da oraya, qonağın başına toplaşardı. 1980-ci illərdə bu ənənənin aradan qalxdığını gördüm. Qaşqaylarda isə bu ənənə hələ də yaşayır. Kimin evinə gedirdiksə oraya xeyli adam gəlirdi. Gələnlər həm də xanımları, övladlarını da gətirirdilər. Ev sahibinin dəvət etmədiyi, bəzən tanımadığı bu adamların gəlişindən  rahatsızlıq duyduğunu hiss etmədim. Əksinə xoşhal olduğunu gördüm. Görünür, elat ənənəsini hələ də davam etdirirlər.

Manoçehr Kiyaninin və Ərsalan Mirzeyinin evində qonaq olduq. Müxtəlif peşə sahibi olan qaşqay aydınları ilə görüşüb dərdləşdik. Ərsalan Mirzeyinin evində  olarkən mənə bir qaşqayi xalatı bağışladılar. Yeni tanış olduğum gənc Əmin Cəhangirinia də bir qaşqay börkü bağışlamışdı.

Şiraz Universitetinin salonunda təşkil edilmiş konsertə də qaşqay geyimində getdim. Musiqiçilərdən bəziləri ilə Giresunda tanış olmuşdum. Ağsaqqal bir müsiqiçinin əlindən tutub səhnəyə gətirilən (deyəsən, gözləri görmürdü) tamaşaçılar ayağa durub sürəkli alqışladılar. Aparıcı elan etdi ki, Fərhad Qorqinpurun qaşqay musiqisinin təbliğində və musiqiçilərinin yetişməsində rolu böyükdür. Onun övladları da musiqiçidir.

Fərhad Qorqinpur bir neçə mahnı çaldıqdan sonra onu gələndə olduğu kimi gedəndə də alqışlarla yola saldılar. Sonra ansambl səhnəyə çıxdı. Giresundan tanıdığım İbrahim xan Kohendli Purun "Koroğlu" dastanından  oxuduğu "Beş durna" mahnısı məni yaman kövrəltdi. Gur səslə, qəhrəmanlıq ruhunda oxunan bu mahnıda həzin bir kədər vardı. Dara düşən qəhrəman dərdini durnalara deyir, onlardan dara düşdüyünü dəlilərinə xəbər aparmalarını istəyir.

Konsertə əksəriyyəti aliləli gəlmişdi və çoxu da, xüsusən, xanımlar qaşqay milli geyimində idi. Musiqiçilər iki-üç saat öncə də həmin salonda konsert versələr də yorğunluqları hiss edilmirdi. İranda olduğum müddətdə iştirak etdiyim konsertlərdə adətən kişi musiqiçilər arasında  qadınları, qadın musiqiçilər arasında da (qadın musiqiçilər çalıb-oxuyan konsertlərə adətən kişilər buraxılmır. Qonaq olduğumuzdan hərdən mənim belə konsertlərdə iştirakımı görməzdən gəlirlər) kişilər olmur. Şirazdakı qaşqay musiqiçiləri arasında iki də gənc qız ifaçı vardı. Özü də o qədər də çox örtünməmişdilər. İranda qadınların saçının görünməsini qadağan eləsələr də qaşqay xanımları küçədə olduğu kimi orkestrdə çalanda da saçlarının yarısı görünürdü.

Konsert yüksək səviyyədə keçirdi. Əsasən qaşqay xalq mahnıları oxuyurdular. Bəzi xalq mahnıları da Azərbaycanda eşitdiyim xalq mahnılarından o qədər də fərqlənmirdi. Konsertin şirin yerində aparıcı, Nəsir Əkbərinin bağına toplaşanda tanış olduğumuz gənc Kave İrəvanı elan etdi ki, Azərabaycandan gəlmiş qonağımız Əli Şamil də qaşqay geyimində sizinlə bir sırada oturduğundan onu tanımadınız. Bu zaman salondakılar ayağa qalxaraq alqışlamağa başladılar. Qaşqayların Azərbaycan sevgisi məni kövrəltdi.

Konsertin sonunda İbrahim xan Kohendi Pur və başqa səntkarlar da salona gəlib bizimlə görüşdülər. İbrahim xan Kohendi Pur dedi ki, Kave İrəvanı elan etməsəydi sizi tanımayacaqdım. Bir az gözünüzün qıyıqlığı və qaşqay geyiminiz sizi bizlərdən heç seçmir".  Konsert başa çatsa da salonda adamların suallarına, Azərbaycanla bağlı sorğularına cavab verməli oldum. Salonun işçiləri isə bizi tələsdirmirdilər.

Zirək xanım Fatma Namdari

Salondakıların əksəriyyəti bizi Azərbaycandan gəldiyimizə görə qonaq dəvət edirdilər. Milli geyimli bir xanım isə ətrafımızdakı qaşqayları göstərərək "Bunlar şəhərli olublar. Mən sizi çadırımıza aparacam. Boz qovurma bişirəcəm. Mən zirək gəlinəm. Qoyun da sağıram, at da minirəm, tüfəng də atıram, kilim də toxuyuram"-dedi. O qədər ürəkdən, o qədər təkidlə deyirdi ki, ona yox deməyə adamın dili gəlmirdi. Əmin bəydən öyrəndim ki, bu zirək xanım musiqi ansamblının rəhbəri Namdarinin xanımı Fatmadır.

Təyyarə biletimiz isə bizim sabah tezdən hava limanında olmamızı tələb edirdi. Bunu deyəndə təkid etdilər ki, biletinizi dəyişər və ya yenisini alarıq. Bileti dəyişsə idik, bu Tehran-Bakı təyyarə biletinin də dəyişilməsini, viza müddətinin uzadılmasını tələb edirdi.

Konsertdə tanış olduğumuz  Həcər İrəc Qənixah qızı isə təkidlə bildirdi ki, səhər yola düşərkən onlara zəng vuraq. Onların evi hava limanına gedən yolun üstündədir. Xahişini yerə salmadıq. Zəng vurduq. Əmin evlərinin yerini dəqiqləşdirdi. Biz oraya çatanda Həcər xanım ailə üzvləri ilə evlərinin qarşısında, yol kənarında durmuşdular. Görüşdük. Ayrılanda bizə iki kiçik bağlama verdi. Bakıya gələndə açdıq ki, iki növ qurud hədiyyə verib. Onların bu hədiyyəsi məni yaman kövrəltdi. Yadıma uşaqlığım, kəndimiz düşdü. Bizimkilər də arandan gələnlərə adətən qurud, pendir, şor, qovurma, yun yorğan-döşək, qaz tükündən balşı bağışlayardılar.

Görüşü əvvəlcədən planlaşdırmamışdıq. Ona görə də elə bir hədiyyəmiz yox idi ki, verək. Həcər xanımın içdən gələn səmimiyyəti xanımıma elə təsir bağışlamışdı ki, onun, iki daşın arasında barmağındakı üzüyü necə bağışladığını hiss etmədim. Bunu Bakıya gələndə bildim.

Əmin ürəyimizdən keçənləri deyirdi 

Konsert salonunda gənclər bizi dərnəklərinə dəvət edirdilər ki, oturub dərdləşək. Qaşqayların üç aydan bir nəşr etdikləri "Gün açmaq" jurnalına da dəvət etdilər. Jurnal yalnız qaşqay dilində şeirlər, hekayələr və məqalələr nəşr etməklə qalmır, həm də ziyalıların toplantı mərkəzi rolunu oynayır.

Bəziləri bizi həvəsləndirirdilər ki, yaylaq mövsümü başlayıb, yaylaqlara gedək, buz bulaqlardan su içək. Bəziləri daha gözəl konsertlər təşkil edəcəklərini vəd edirdilər. Folklor həvəslisi olduğumu bilənlər nənəsi, babası nağıl, bayatı, dastan, tapmaca söylədiyini deyirdi. Bizim geri dönüş biletimiz olduğunu deyəndə, onu dəyişməyi təklif edənlər də olurdu. Onların təkliflərinə müsbət cavab verə bilmədiyimizi gördükdə isə Əmin bəyə hirslənirdilər ki, nədən qonaqların gəldiyini öncədən bizlərə deməmişdin.

Əmin bəy də tənələrdən yaxasını qurtarmaq üçün bizim fikrimizi öyrənmədən deyirdi: "Gedirlər, yenə gələcəklər. Uzun müddət Qaşqay ellərini gəzəcəklər".

Əmin əslində bizim ürəyimizdən keçənləri deyirdi. İstəklərimizi reallaşdırmağa görək ömür vəfa edəcəkmi?

 

Əli ŞAMİL

 

ali-shamil@yahoo.com

 

 

525-ci qəzet.- 2018.-7 sentyabr.- S.8.