Azərbaycanın və Türk dünyasının tarixində şərəfli imza: Nuru Paşa

 

 

(əvvəli ötən sayımızda)

Qaraməryəm döyüşünün nəticələri Nuru paşada çox ağır təəssürat yaratmışdı. Vəziyyətin belə davam edəcəyi təqdirdə bir tərəfdən Nuru paşa ona həvalə edilmiş məsuliyyətli vəzifələri yerinə yetirə bilməzdi, digər tərəfdən də türk ordusunun gücü və qüdrəti şübhə altına alına bilərdi.

 

Ona görə də Qaraməryəm ətrafında növbəti döyüşün hazırlanmasına Nuru paşa çox ciddi yanaşdı, mövcud reallıqlar haqqında Türkiyənin hərbi rəhbərliyinə məlumat verməklə, əlavə bir türk diviziyasının da Azərbaycana göndərilməsi haqqında məsələ qaldırdı. İstənilən halda Türkiyədən əlavə qüvvələrin yetişməsi müəyyən vaxtdan sonra mümkün ola bilərdi. Həmin qüvvələrin yetişməsinə qədər isə bolşevik-daşnak qüvvələrinin hücumunun qarşısını saxlamaq lazım idi. Bunun üçün Azərbaycanın daxili potensialının səfərbərliyə alınmasına cəhd göstərildi.

Nuru paşa bir neçə gün ərzində inanılmaz iradə nümayiş etdırdi. Belə bir iradə ilə o, təkcə zəruri bildiyi tədbirlərin icrasını təşkil etmədi, eyni zamanda, tabeçiliyində olanlara da bu keyfıyyətləri aşılaya bildi. Cəbhədə vəziyyətin düzəldilməsi üçün qısa müddət ərzində görülən işlərin sayı böyük bir siyahı təşkil edə bilərdi. Nuru paşa bu vaxt ərzində demək olar ki, respublikanın bütün məntəqələrindən Göyçay ətrafına milli könüllü dəstələrin göndərilməsinə nail oldu. Azərbaycan hökumətinin üzvləri ilə məntəqələrdə ərzaq toplanması və qoşunlara çatdırılması təşkil edildi, silah və sursatın tapılması üçün bir sıra mühüm tədbirlər həyata keçirildi. Bütün bu işlərin görülməsi, əlaqələndirilməsi və onların düşmənin məhvinə istiqamətləndirilməsi üçün Nuru paşanın təşkilatçılıq qabiliyyəti ilə cavanlıq enerjisi üzvi surətdə birləşmişdi. Buna görə də çox dəqiqliklə atılan addımlar tezliklə öz müsbət nəticələrini də verdi. Baxmayaraq ki, növbəti döyüş də bolşevik-daşnak qoşunlarının qəfil hücumu ilə başladı, ancaq onlar hərbi təşəbbüsü əllərində saxlaya bilmədilər. 1918-ci il iyun ayının 27-30 arasında baş verən döyüşlərdə bolşevik-daşnak qoşunlarına çox ağır bir zərbə vuruldu. Cəbhə xəttində əsaslı bir dönüş yaradıldı və Qaraməryəmdən başlanan bu dönüşdən sonra Bakıya doğru uğurlu bir yürüş başladı. Bu uğurlu yürüşlərin nəticəsi idi ki, 1918-ci il iyul ayının sonlarında Qafqaz İslam Ordusunun qüvvələri artıq Bakı ətrafında idi.

Bakının azad edilməsi Nuru paşanın rəhbərliyi altında aparılan döyüşlərin, bütünlükdə Qafqaz İslam Ordusu hərəkatının uğurlu və şanlı ziıvəsidir. Müvəffəqiyyətlə sona çatan bu əməliyyatla Bakı şəhəri erməni-rus qoşunlarının və ingilis bölmələrinin nəzarəti altından çıxarılaraq müstəqil Azərbaycan Cümhuriyyətinın paytaxtına çevrildi. Bununla da Azərbaycanın müstəqilliyi onun başı üzərini kəsdirmiş real təhlükədən nicat tapdı. Bakının azad edilməsi Nuru paşanın rəhbərlik etdiyi türk əsgərınin və bütün Azərbaycan xalqının birgə mübarizəsinin məntiqi nətıcəsi idi. Lakin bu məntiqi nəticə elə də asanlıqla hasil olmadı. Qafqaz İslam Ordusunun zərbələri ilə Bakıya sıxışdırılan qüvvələr məhv olma anının yaxınlaşdığını hiss etdikcə bütün gücünü nümayiş etdirməyə çalışırdı. S.Şaumyanın rəhbərliyi altında olan Bakı komissarları istefa verdikdən sonra avqustun 1-də hakimiyyəti ələ keçirən Sentrokaspi Diktaturası da Bakını hansı vasitələrlə olur olsun, əldə saxlamağı, onun  müstəqil Azərbaycanın paytaxtına çevrilməsinə yol verilməməsini özünə başlıca vəzifə sayırdı. Bunun üçün bu "yeni" hökumət liderləri  İrandakı ingilis qoşunları komandanlığı ilə görüşərək onlardan hərbi kömək almağa nail olmuşdular. Bakı neftində gözü olan ingilis qoşunları komandanlığı da Sentrokaspi Diktaturasının erməni emissarlarına köməyə gəlməyi vəd etmişdilər. Avqustun 4-də artıq ingilis qoşunlarının Bakıya gəlişi başlamışdı. Bu qüvvələrin gəlişi Sentrokaspi qüvvələrini xeyli gücləndirdi. Ona görə də Bakının azad edilməsi uğrunda 1918-ci il avqust ayının 5-də Qafqaz İslam Ordusunun apardığı ilk ciddi döyüş uğursuzluqla nəticələndi.

Növbəti döyüşün uğurla başa çatmasını təmin etmək üçün Nuru paşa Əliağa Şıxlinski ilə birlikdə Bakı ətrafına gəldi və son döyüşə hazırlıq işlərinə rəhbərliyi öz üzərinə götürdü. Nuru paşa Bakı ətrafına yetişəndə artıq yeni bir türk diviziyası da Azərbaycana gəlmişdi. Ancaq bu diviziyadan əlavə Azərbaycan daxilində, xüsusilə Bakı ətrafı kəndlərdə yeni səfərbərlik işləri aparıldı, böyük sayda Azərbaycan könüllü dəstələri və milli hərbi qüvvələr də son hücumun uğuruna səfərbər edildilər. Bakı şəhəri üzərinə döyüş üçün bir neçə plan hazırlansa da, Nuru paşa onların heç birini qəbul etmədi və öz planını hazırladı. Həmin planın icrası da elə Nuru paşanın rəhbərliyi altında icra edildi. Bütün bunların nəticəsi idi ki, 1918-ci il sentyabrın 14-də başlanan son hücum səhəri gün, yəni sentyabr ayının 15-də qələbə ilə yekunlaşdı və Bakı şəhəri yad qüvvələrdən təmizlənərək öz azadlığına qovuşduruldu.

Nuru paşa Bakının azad edilməsı barədə həm Azərbaycan hökumətinə, həm də Türkiyə hökumətinə, Baş komandan vəkili və hərbiyyə naziri Ənvər paşaya dərhal rəsmi məlumatlar göndərdi. Azərbaycan hökumətinə göndərdiyi teleqramında Nuru paşa bildirirdi ki, Bakı şəhəri ayın 15-də saat 9 ərəfəsində düşmən qüvvələrindən azad edilmişdir, İslam Ordusu komandanı başqa bir teleqramında isə Azərbaycan hökumətındən xahiş edirdi ki, Bakıda ictimai asayişin qorunması üçün Gəncədən polis qüvvələri göndərilsin.

Nuru paşanın Bakı şəhərinin düşmənlərdən azad edilməsi barədə Ənvər paşaya göndərdiyi teleqramı da çox müxtəsər və konkret idi. Bu teleqram hələlik yalnız Bakı şəhəri üzərinə keçirilən hücumla bağlı Ənvər paşanın intizarına son qoymaq üçün sevinc xəbəri idı. 

Bakının azad edilməsi Qafqaz İslam Ordusunun Azərbaycandakı 4 aylıq fəaliyyətinin təntənəsi idi. Nuru paşa sentyabrın 16-da bu tarixi hadisə şərəfinə hücumda iştirak edən qüvvələrin rəsmi keçidinin olmasını qərara aldı. Bu rəsmi keçid qəhrəmanlığı ilə uzun bir yol keçmiş türk və Azərbaycan döyüşçülərinin əsgəri qardaşlığının və qələbəsinin nümayişinə çevrilməli idi. 

Sentyabrın 16-da səhər Qafqaz İslam Ordusunun Bakının asayişində dayanan hissələrindən başqa qalan qüvvələrın rəsmi keçidi oldu. Bu rəsmi keçid Qırmızı Qışla adlanan məntəqədə təşkil olundu (həmin dövrdən qalma sxemlərə görə təxmin etmək olar ki, Qırmızı Qışla indi Bakı Dövlət Universiteti yerləşən yerdən Biləcərı yolunadək olan sahədə idi). Rəsmi keçiddə Nuru paşa, Xəlil paşa, Əliağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan parlamentinin və hökumətinin bir sıra üzvləri iştirak edirdilər.

Rəsmi-keçid bitəndən sonra adları çəkilən şəxslər, qonaqlar və qoşun hissələri şəhərə daxil oldular. Generallar və bəzi şəxslər at belində idilər. Onların ardınca isə nizami şəkildə piyada, topçu, süvari və köməkçi hissələr hərəkət edirdi. Bütün xalq küçələrə çıxaraq Qafqaz İslam Ordusunun qalib qoşunlarını salamlayırdı. Mövcud olan bəzi məlumatlara görə, qoşunlar və onların pişvazına çıxan xalq Azadlıq meydanına (indiki Sahil bağı) toplaşdılar, Nuru paşa buraya toplaşanları salamlayıb onların qarşısında çıxış etdi. O qeyd etdi ki, bundan sonra din, dil və irq ayrılığına yol vermədən hər bir insan bərabər olacaq, onların canlarını və mallarını təminat altına alacaq, bütün insanlara qarşı  eyni  qanunlar tətbiq  ediləcək və  duruma nəzarəti Azərbaycan hökuməti öz üzərinə götürəcəkdir .

Bakı şəhərinmin azad edilməsi Nuru paşanın həyatının ən yaddaqalan səhifəsi idi. O, burada zabit kimi ən böyük qələbəsini əldə etmişdi. Bu elə bir qələbə idi ki, onun sevincindən bütün Azərbaycan xalqına pay düşmüş və bu zəfər iki qardaş ölkənin qəhrəmanlıq tarixinə həkk olunmuşdu. Nuru paşa Bakının azad edilməsi ilə bir sərkərdə kimi nəyə qadir olduğunu nümayiş etdirmiş və onun şəxsiyyətinə, eləcə də hünər və qabiliyyətinə bağlanan ümidləri, etimadı doğrultmuşdu. Yorulmaz, coşqun fəaliyyəti, sönməz enerjisi ilə bu insan bütünlükdə türk xalqının müstəqil Azərbaycana olan bağlılığını əməli şəkildə nümayiş etdirmişdi. Şərq Ordular Qrupunun komandanı Xəlil paşa Nuru paşanın bu məqamda yaşadığı anları çox incəliklə duymuş və onun yaşadığı hissləri cəmi bir cümlə ilə çox dəqiqliklə təsvir edə bilmişdi:

"Nuru paşa məndən daha öncə şəhərə girərək böyük bir oteli özünə qərargah olaraq seçdi. Mən daha sonra şəhərə girdim. Cəngavər ruhlu və böyük vətənpərvər Nuru paşanın bu, bəlkə də həyatının ən gözəl günüydü".

Bakı şəhəri yad qüvvələrdən azad edildikdən sonra Qafqaz İslam Ordusunun hissələri və bölmələri Qarabağa göndərildilər. Nuru paşanın özü də Ağdama gəldi və Qarabağın erməni-daşnak nəzarətindən azad edilməsi ilə bağlı burada o, hərbi qüvvələrə lazım olan tapşırıqları verdi. Erməni millətçilərinin və onların havadarlarının güclü müqavimətinə baxmayaraq, Qafqaz İslam Ordusunun Qarabağdakı uğurlu yürüşünün qarşısını almaq mümkün olmadı və 1918-ci il oktyabr ayının 7-də türk-Azərbaycan qüvvələri Şuşaya daxil olaraq orada Cümhuriyyətin bayrağını qaldırdılar.

Azərbaycan ərazisində uğurlu döyüşlərin başa çatmasından sonra Nuru paşanın başlıca diqqəti Azərbaycanın milli hərbi qüvvələrinin möhkəmləndirilməsinə yönəldilmişdi. Lakin Türkiyənin Birinci Dünya müharibəsində uduzması Nuru paşanın başladığı bu işi yarımçıq qoydu. Birinci Dünya müharibəsinin qalib dövlətləri adından 1918-ci il noyabr ayının 17-də Bakıya ingilis qoşunlarını çıxarıldıqdan sonra bütün türk qüvvələri, o cümlədən də Nuru paşa Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Nuru paşanın xatirələrindəki  qeydlərindən aydın olur ki, Azərbaycanı tərk etdikdən sonra o, bir neçə nəfərlə Batuma gəldi. Buradan Artvin-Ərdəhan yolu ilə Qarsa və oradan da Ərzurum yolu ilə Trabzona üz tutdu. Trabzondan Nuru paşa gəmi ilə İstanbula yola düşdü. Onun hərəkətləri ingilislər tərəfindən izlənilirmiş və İstanbulda gəmidən çıxan kimi Nuru paşa Hərbiyyə Nəzarətinin polisləri tərəfindən həbs olundu. Bir neçə gündən sonra isə o, ingilislərin ixtiyarına verildi. Heç şübhəsiz ki, ingilislər Nuru paşanın Azərbaycanda nə işlər gördüyünü və görə biləcəyini, 1918-ci ilin sentyabrında ingilis qoşunlarının Bakıdan qovulmasında onun rolunu yaxşı bilirdilər və ona görə də bütün bunların əvəzini ondan çıxmaq istəyirdilər. Nuru paşa Batuma gətirildi və 6 ay burada həbsdə saxlandı. Onun buradan sağ çıxmaq ehtimalı yox idi və ingilislər onu edam etməyə hazırlaşırdılar. Nuru paşanın həbs edilməsi Azərbaycan ictimaiyyətində çox ciddi narahatlıq yaratdı və onun azad edilməsi üçün yollar axtarışına başlandı.

Rəsmi müraciətlər və tədbirlər bir nəticə verməyəndə Azərbaycanın vətənpərvər qüvvələri tərəfindən xüsusi bir silahlı dəstə təşkil olundu və həmin dəstə Nuru paşanın azad edilməsi məqsədilə Batum həbsxanasına basqın etdi. Bu dəstədən bir neçə nəfər şəhid olsa da, Nuru paşanı həbsdən və real edamdan xilas etmək mümkün oldu.

Nuru paşa həbsdən qurtulduqdan sonra yenidən Türkiyəyə qayıtdı və bir müddət orada qaldı. Sonra o,  bir də Azərbaycana döndü. 1920-ci ilin aprel çevrilişi ərəfəsində Nuru paşa Dağıstanda bolşevik qüvvələrinə qarşı mübarizə aparırdı. Buradan bolşevik qüvvələrinin Azərbaycana qarşı irəliləməsinin qarşısını almaq mümkün olmadıqda Nuru paşa Azərbaycana dönərək Qarabağa yollandı. O, Qarabağda yerli əhalini və Cümhuriyyətdən qalmış hərbi qüvvələri öz başına toplayaraq Sovet işğalına qarşı qiyam qaldırdı və qiyamçı qüvvələrlə Şuşaya daxil oldu. Amma istər Qarabağda, istərsə də Azərbaycanın digər bölgələrində qaldırılmış antisovet qiyamları çoxsaylı bolşevik qoşunları tərəfindən yatırıldı. Belə olanda Nuru paşa və bolşevik işğalını qəbul etməyən Cümhuriyyət hərbi qüvvələri Naxçıvandan keçməklə Türkiyəyə çəkildilər.

Mövcud olan kasad məlumatlardan aydındır ki, Nuru paşa Türkiyəyə qayıtdıqdan sonra bir müddət ağır həyat sürmüşdü. Əslində, XX əsrin 20-30-cu illərində Türkiyənin özündə ağır bir iqtisadi durum mövcud idi və Nuru paşa da bu durumun məhrumiyyətləri ilə qarşılaşmalı olurdu. XX əsrin 30-cu illərindən sonra şəxsi biznesini qurmağa çalışması tədricən onun dolanışığına da müsbət təsir göstərməyə başladı. Dünyasını dəyişməsi ərəfəsində isə Nuru paşanın İstanbulun Sütlücə məhəlləsində böyük bir hərbi fabriki var idi və bu fabrikdə hətta xarici sifarişləri də yerinə yetirirdi. Nuru paşa elə bu fabrikdə baş verən partlayış nəticəsində də dünyasını dəyişdi.

Araşdırmalar göstərib ki, bu partlayış kapsulların saxlandığı otaqda texniki normalara əməl edilməməsi nəticəsində baş vermişdi. 1949-cu il mart ayının 2-də kapsullar saxlanılan otaqda havanın temperaturu 80 dərəcəyə qədər qalxmış və heç kim bu yüksək dərəcənin partladıcı maddələr üçün təhlükəli olduğuna diqqət yetirməmişdi. Kapsul saxlanılan otaqda baş verən partlayış güclü olduğu üçün qonşu sexlərdə saxlanılan kimyəvi və partlayıcı maddələrin də partlamasına səbəb olmuşdu. İlk partlayış baş verəndə Nuru paşa fabrikin dəftərxanasında imiş. Partlayış baş verən kimi o, özünü hadisə yerinə çatdırır və sexlərdə olan işçilərdən tələb edir ki, dərhal təhlükəsiz yerə çəkilsinlər. Özü isə minaatanlar üçün sursatın saxlandığı anbarın təhlükəsizliyini yoxlamaq üçün oraya yollanır. Bu anbarda Suriyanın sifarişi ilə istehsal edilmiş 2 min ədəd mina saxlanılırmış. Kimyəvi və partladıcı maddələrin partlaması baş verən otağın zirzəmisində də tez alışan maddələrin, o cümlədən, barıt və trotilin saxlandığı anbar  yerləşibmiş. Kimyəvi maddələrin partlayışından sonra otağın döşəməsi çökür və zirzəmidə olan maddələr də partlayır. Bu partlayış son dərəcə güclü olur və hətta başverən yanğının söndürülməsi üçün gəlmiş yanğınsöndürənlər partlayışın zərbindən parça-parça olurlar. Nuru paşa da bu partlayış zamanı həlak olmuşdu. O, minaların saxlandığı anbara gedib çıxa bilməmişdi. Yanğının söndürülməsi üçün bütün şəhərdən axışıb gələn yanğınsöndürənlər minaların saxlandığı anbarın partlayacağı təqdirdə daha böyük fəlakətin ola biləcəyini gördükləri üçün yanğının yayılmasının qarşısını almağa çalışıblar.

Nuru paşa kimyəvi əşyaların olduğu otağın zirzəmisində tezalışan maddələrin olduğunu bilirdi və bu anbarın da təhlükəsizliyinin təmin edilməsini istəyirmiş. O, bu otağa baş vurmaq istəyəndə ikinci güclü partlayış baş verir. Bu partlayış elə güclü olur ki, Nuru paşanın və onun yanında olanların cəsədləri yanıb külə dönür və onlardan bir əsər-əlamət  tapmaq mümkün olmur.

Fabrikin daxilində və hətta ətrafında yanıb kömürə dönmüş insan əzaları tapılmışdı. Onların da kimə məxsusluğunu müəyyənləşdirmək mümkün olmamışdı. Sonrakı axtarışlar zamanı Nuru paşaya məxsus olan tək ayaqqabı, paltarından qopmuş qumaş parçalar, üstündə gəzdirdiyi yaddaş dəftərçəsi tapılmışdı. 

Martın 7-də Sütlücə fabrikində həlak olanların dəfn mərasimi təşkil edilir. Bu mərasim zamanı 10 nəfər dəfn olunur. Onlardan 7 nəfərinin kimliyi müəyyən edilmiş, 3 nəfərin kimliyi isə bilinməmişdi. Nuru paşa da onların sırasında idi. Dəfn mərasimində Türkiyənin daxili işlər naziri, əmək naziri və digər rəsmi şəxslər iştirak ediblər. Mərasim İstanbul Şəhidliyində olur. Nuru paşanın cəsədi əldə edilmədiyi üçün onun simvolik məzarı yaradılır və oraya ona məxsus bəzi əşyalar qoyulur.

Nuru paşa çox gec, 1946-cı ildə ailə həyatı qurmuş və Misir şahzadəsinin qızı Misli Mələk xanımla ailə həyatı qurmuşdu. Onların övladları olmamışdı və birlikdə cəmi 3 il həyat sürə bilmişdilər.

Sütlücə fabrikində partlayış baş verən günü Nuru paşanın həyat yoldaşı Misli Mələk xanım Misirə uçmuşdu. Nuru paşa günortadan sonra özü onu yola salaraq Sütlücə fabrikinə qayıtmış və faciə ilə üzləşmişdi. Nuru paşanın həlak olması Misli Mələk xanıma çatdırılmamışdı. O, bir də mart ayının 16-da İstanbula qayıtdıqdan sonra Nuru paşanın həlak olması barədə xəbər tutmuşdu.

Günümüzə gəlib çatmış xatirələrdən məlumdur ki, Nuru paşa dünyasını dəyişdiyi günə qədər Azərbaycanı və Azərbaycandakı fəaliyyətini xoş xatirələrlə anmış, Azərbaycanın yenidən istiqlala qovuşmasını arzulamışdı. Nuru paşa Azərbaycanı unutmadığı kimi, Azərbaycan xalqı da bu tarixi şəxsiyyəti hər zaman böyük ehtiramla xatırlamış və hər zaman da xatırlayacaq.

 

Mehman SÜLEYMANOV

Tarix elmləri doktoru, ehtiyatda olan polkovnik

 

525-ci qəzet.- 2018.-7 sentyabr.- S.6.