Naxçıvanda
Milli Geyimlər Festivalı: mədəniyyətimizin
daha bir təntənəsi
Hər bir xalqın mövcud olan milli dəyərləri
zamanla formalaşıb. Bu dəyərlərin qorunub
saxlanması və gələcək nəsillərə
ötürülməsi həmişə
vacib amil sayılıb.
Xalqımız tarixən malik olduğu zəngin dəyərlər sistemini
dövrdən və quruluşdan asılı olmayaraq nəsillərdən-nəsillərə
ötürə bilib. Ölkəmiz müstəqillik qazandıqdan
sonra milli dəyərlərin qorunması
istiqamətində daha
mükəmməl və
ardıcıl tədbirlər
həyata keçirilib.
"Xalq yaradıcılığı
günlərinin keçirilməsi
haqqında" Naxçıvan
Muxtar Respublikası
Ali Məclisi Sədrinin
7 ferval 2009-cu il tarixli sərəncamı milli dəyərlərə qayıdışa,
sahiblik hissinə səsləyən mühüm
tarixi sənəd oldu. Bundan sonra
tarixi abidələrə
yeni həyatın verilməsi, xalq yaradıcılığı günlərinin təşkil
olunması, milli kökə bağlılıq
daha geniş və məqsədli şəkildə nümayiş
etdirildi.
Xalqımızın zəngin fantaziyası və zəhmətsevərliyinin nümunəsi
olan ağacişləmə,
papaqçılıq, dülgərlik,
toxuculuq, xalçaçılıq,
dəmirçilik, misgərlik,
dulusçuluq kimi qədim sənət sahələri bu günə qədər qorunub saxlanılıb. O cümlədən, milli geyimlərimizin nümayişinə,
təbliğinə geniş
yer verilib. Naxçıvan Muxtar Respublikasını əhatə
edən Ordubad, Culfa, Babək, Şahbuz, Kəngərli, Şərur, Sədərək
bölgələrində, eləcə
də Naxçıvan
şəhərində fəaliyyət
göstərən folklor
kollektivlərinin üzvlərinə
hazırlanaraq verilən
287 milli paltar dəsti geyim mədəniyyətimizin
qorunub saxlanılaraq inkişaf etdirilməsi sahəsində dövlət
qayğısının parlaq
təzahürlərindəndir.
Hər il Naxçıvanda
keçirilən xalq yaradıcılığı günlərində,
milli bayramlarda milli geyimlərin sehrinə düşürük.
İştirakçıların geyindiyi zərifliyini, al-əlvanlığını, dəyərini
itirməyən milli geyimlərimiz tarixi keçmişimizlə bu günümüz arasında
qırılmayan bir bağ kimi göz
oxşayır.
Bu il sentyabrın 8-də keçiriləcək "Naxçıvanqala" Tarix-Memarlıq
Muzey Kompleksində növbəti festival sırf
milli geyimlərin nümayişinə və
təbliğinə xidmət
edəcək. Festivalda müxtəlif
geyim və rəsm sərgiləri açılacaq, əl işləri, qədim dövrlərə aid muzey
eksponatları nümayiş
olunacaq. Xanlıqlar dövrünün
saray geyimlərinin nümayişi tədbirə
əlavə rəng qatacaq. Həmçinin
"Milli geyimlər festivalı"nda Naxçıvan
Dövlət Filarmoniyasının
Qədim Musiqi Alətləri Ansamblı xalq mahnıları ifa edəcək, Naxçıvan Dövlət
Filarmoniyasının, Naxçıvan
Dövlət Uşaq Filarmoniyasının rəqs
qruplarının, "Şərur"
Xalq Yallı Ansamblının və
"Şərur qönçələri"
Uşaq Yallı Ansamblının ifasında
milli rəqslər və yallılar təqdim olunacaq.
Festivalın keçirilməsində məqsəd bəllidir: Tarixin müxtəlif dönəmlərində istifadə
olunmuş milli geyimlərimizi sərgiləmək,
tanıtmaq və gənc nəslə sevdirməkdir.
Tarixi keçmişimizi, usta sənətkarlarımızın məharətini, milli ruhumuzu özündə daşıyan qədim geyimlərimiz əl əməyi, göz nurunun məhsuludur. Azərbaycan qadınının
zərifliyi və gözəlliyinin göstəricisi
olan geyim dəstləri, tikilişi
ilə göz oxşayan kişi və uşaq geyimlərinə
baxdıqca zövq
alırsan. Bir doğmalıq duyursan.
Axı bu geyimlərə ana-nənələrimizin,
at belində qəhrəmanlıq
göstərən ata-babalarımızın
ruhu hopub. 70 illik Sovet İmperiyası dövründə
qoruyub saxlaya bildiyimiz dəyərlərdən
biri də məhz milli geyimlərimizdir. Yaxın və
uzaq ölkələrin
böyük səhnələrində
çıxış edən
sənətkarlarımız, mahir rəqqaslarımız
həmişə milli
geyimdə Azərbaycanı
təmsil edib.
Milli geyimlərimizdən
bu gün gündəlik həyatımızda
istifadə olunmasa da, milli dəyərlərimizin
bir tərkib hissəsi kimi qorunub saxlanılır. Muzeylər və
folklor kollektivləri bu qiymətli nümunələri hifz edib, qoruyub, bütün incəliklərinə
qədər gələcək
nəsillərə miras
qoya biliblər. Milli dəyərlərimizin
əvəzsiz bir
parçası olan geyimlərimiz vətənpərvər
ziyalıların, yazıçı
və şairlərin
poeziyalarını, aşıq
yaradıcılığını bəzəyib rəng qataraq tarixin keşməkeşli yollarından
keçib bu günümüzə qədər
gəlib çatıb.
Bugünkü dövrümüzə qədər gəlib çatan bu əsərlər Azərbaycan
xalqının geyimlərinin
öyrənilməsində ən qiymətli vasitələrdən biri kimi mühüm əhəmiyyət kəsb
edib. Görkəmli
rəssam Bəhruz Kəngərlinin tablolarında milli
geyimli qadın və kişi təsvirlərinə rast gəlirik. Rəssamın "Naxçıvan toyu" əsəri geyimlərimizi öyrənmək
baxımından qiymətli
əsər kimi diqqəti cəlb edir.
Əsrdən-əsrə, nəsildən-nəslə keçərək
qorunan geyimlərimizdə
bədii bəzək naxışları, toxuculuq,
bədii tikmə və xalq yaradıcılığının
müxtəlif növləri
öz əksini tapıb. Həmçinin, milli geyimlərimiz
sahibinin ailə vəziyyətini və yaşını hansı təbəqəyə mənsub
olduğunu öyrənmək
kimi əlamətləri
də özündə
əks etdirib. Azərbaycanda adətən, subay
qızların geyimləri
evli qadınların geyimlərindən seçilərdi.
Cavan qızlar daha dəbdəbəli və parlaq geyinərdilər.
Qadın
üst geyimlərinə
daxil olan ipək parçadan hazırlanmış çəpkən,
beli ensiz, incəlik rəmzi arxalıqlar, tirmədən
və məxmərdən
tikilmiş al-əlvan
küləcə, ləbbadə
və baharılar qadın gözəlliyinə
əlavə çalar
qatırdı. Arxalıq qadın
geyiminə xüsusən
Naxçıvanda rast
gəlinirdi. Təbii ki,
bu da iqlim
şəraiti ilə sıx bağlıdır.
Tarixən Naxçıvanda hazırlanan ləbbadə,
çaxçur, çuxa,
arxalıq, küləcə,
çəpkən kimi
geyimlər bu gün də maddi və mənəvi
mədəniyyətimizin qaynaqları
kimi qorunub yaşadılır.
Naxçıvanda olmuş XVII əsr türk səyyahı Övliya Çələbi
qeyd edir ki, Naxçıvanın gözəl xanımları
əsasən qarasaçlıdır,
həddindən artıq
qiymətli gödəkçələr
geyirlər".
Geyimləri araşdırdıqda onların
bir neçə növə bölündüyü
məlum olur. Geyim tariximizdə
hər zaman diqqət və maraq obyektinə çevrilən baş geyimləri xalqımızın
geyimində ən vacib elementlərdən biri olub. Cəlbedici, gözəl, rəngarəng olan qadın baş geyimlərinə kəlağayılar,
çalmalar, ləçək,
örpək, araqçın
və s. daxil idi.
Geyimlərimizdə corablar da xüsusi yer tutur. Naxçıvanın
kontinental iqlimini nəzərə alan
nənələrimiz bu
geyimə xüsusi fikir veriblər. İstər yay, istərsə də qışda aktual olan corablar uzunboğaz
və gödəkboğaz
olmaqla yun, pambıq və yarımipək saplardan toxunur, üzəri bəzən saya, bəzən də mürəkkəb həndəsi
və rəngbərəng nəbati
naxışlarla bəzədilirdi.
Bu naxışlar xalça
ormentlərinə çox
yaxın olduğundan,
onları "gəbə
corab" adlandırırdılar.
Bu gün də
bir çox evlərdə belə corablar saxlanmaqda və yaşlı nəslin nümayəndələri
tərəfindən toxunmaqdadır.
Maraqlı fakt odur ki, Naxçıvanda toxunan yun corablar
öz naxışlarına
görə üst geyimlərindən daha zəngin olub. Yəni, coraba salınan naxışlar yun köynək, gödəkçələrə
salınmayıb. Bunu haradasa,
"Dost başa baxar,
düşmən ayağa"
atalar sözü ilə də əlaqələndirmək olar.
Heç
şübhəsiz ki,
Naxçıvanda keçiriləcək festival özündə
bu cür zəngin geyim nümunələrini
bir araya toplamaqla hər bir iştirakçının
zövqünü oxşayacaq,
tarixə qısa bir ekskurs təsiri
bağışlayacaqdır. Milli dəyərlərimizin
bir parçası olan milli geyimlərimizə
təkcə gənclərdə
deyil, festivala qatılan əcnəbi turistlərdə də maraq
oyadacaqdır.
Milli geyimlərimiz
də tarixi abidələrimiz, folklorumuz
qədər əhəmiyyətli
və dəyərlidir.
Öz tarixi keçmişimizi, mədəni
irsimizi unutmamalı, yeri gəldikdə müasir geyimlərimizdə
milli ornamentlərdən
istifadə edərək
xalqımızın milli
mədəni tarixini hər zaman layiqincə təbliğ etməliyik.
Naxçıvan MR Ali Məclisinin Sədri
Vasif Talıbovun da dediyi kimi, "Milli köklərə, milli dəyərlərə
qayıdış hər
kəsi düşündürməlidir",
- biz bu gün milli dəyərlərimizi,
adət-ənənələrimizi qoruyub-yaşatmaqla, xalq yaradıcılığı sahələrinə
yeni həyat verməklə əslində
milli kimliyimizi qoruyuruq.
Milli dəyərlərimizin bir parçası olan milli geyimlərimizə sahib çıxaq. Azərbaycan qadınının zərifliyinin, gözəlliyinin, Azərbaycan kişisinin cəsarətinin, ləyaqətinin göstəricisi olan milli geyimlərimizi qoruyaq və onu gənc nəslə olduğu kimi sevdirək. Sevdirək ki, milli geyimlərimiz yaşamaq haqqını itirməsin, milli bayramlarımızın, şadyana günlərimizin, toy mərasimlərimizin əvəzsiz ünsürünə çevrilsin. Milli kimliyimizin atributu kimi nəsillərdən-nəsillərə ötürülsün.
Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru
525-ci qəzet.- 2018.-7 sentyabr.- S.7.