Kiçik hekayətlərdəki böyük ağrılar

 

 

 

Belə bir fikir var ki, hadisələr yazıldığı həmin zaman çərçivəsində baxılanda tarixdir, sonra isə rəvayət... Və tarix, tarix kitablarından daha çox bədii ədəbiyyatdadır.

 

Bu fikirlər nə qədər doğrudur, ya da yalnış, dəqiq deyə bilmərəm. Amma düşünəndə haqq verməmək də olmur. Axı yazıya köçürülməyən, sadəcə ayrı-ayrı adamların, şahidlərin, ya da şahidlərdən eşidənlərin xatirələri də müəyyən müddətdən sonra öz həqiqiliyini itirir, o şahidlər dünyalarını dəyişdikcə hadisələr də tarixi gerçəklikdən uzaqlaşır.

Yazıçı-publisist Ramilə Qurbanlının bugünlərdə işıq üzü görmüş "Müharibə miniatürləri" kitabı məhz tariximizin ağrılı, əzablı, bəlkə də gələcəkdə çoxlarına rəvayət kimi görünəcək gerçək səhifələrindən bəhs edir. Cəbrayıl rayonunun Maralyan kəndində anadan olmuş, uşaqlığını və gəncliyinin bir hissəsini həmin torpaqlarda keçirmiş və artıq 25 ildir ki, yurduna həsrət biri kimi onun bu mövzuya müraciəti təbiidir. Özünündediyi kimi, ayrı-ayrı, amma bir-biriylə bağlı həyat hekayələrindən ibarət kitab bir neçə ayın və ya ilin məhsulu deyil. Bu hadisələr onun 25 ildir ürəyində ağır daş kimi gəzdirdiyi, amma uzun illərdən bəri cəsarətini toplayıb qələmə ala bilmədiyi xatirələridir: "Bu kitabdakı hadisələr 1988-1990-cı illərdən bəri bizim - qarabağlıların yaşantılarıdır. Əksəriyyəti öz gördüklərim, yaşadıqlarım, ətrafımda baş verənlərdir. Adamın içərisində bir ağrı olur, yaşadıqların incidiro ağrıya görə onları qələmə də ala bilmirsən. Mən də aram-aram, yavaş-yavaş bunları yazdıqca elə bil yüngülləşirdim, içimdəki ağrılar azalırdı. Biri var bunları ürəyində, içində daşıyasan, biri var ətrafındakı beş-on nəfərlə bölüşəsən, birivar yüzlərlə insanla, səninlə bərabər o günlərin şahidi olmuş oxşar talelilərlə paylaşasan. Yazıların çoxu illərdən bəri saytda yayımlanırdı. Məsələn, orada "Cəbrayıldan gələn son qatar" adlı yazını yazandan sonra yüzlərlə adam məni tapdı, sosial şəbəkədən yazdı ki, Ramilə xanım mən də o qatarda olmuşam. Deməli, bir yazı bu qədər adamın yanğısına su çiləmişdi. O qədər insanlar yazırdı ki, elə bil mən yazmışam, mənim yaşadıqlarımı yazırsız deyə. Gördüm, bunlar tək mənə yox, mənimlə bərabər, yüzlərlə insana rahatlıq, dinclik gətirir sanki. Ona görə də davam elədim. Yazıların çoxu illərdən bəri saytda yayımlanırdı. Bəziləri mənim yaşadıqlarım deyil, onları yaşayan insanların danışdıqlarıdır. Onları yazarkən heçvaxtsa kitab halında çap etdirəcəyimi düşünmürdüm. Yenə də oxucuların reaksiyaları, təklifləri, istəkləri ilə çap etdirmək qərarına gəldim. Bu, Azərbaycanın müəyyən bir dövrünün tarixidir. Yaxşı ki, kitab şəklində yazıldı və qaldı".

Ramilə xanım danışdıqca mən də həm onu dinləyir, həm də aram-aram kitabı vərəqləyirəm. Həmin an gözüm "Himnə oynayan gəlin" sərlövhəsinə sataşır. Himn hara, oynamaq hara? Özü də niyə qadın deyil, məhz gəlin? İçərisində nə olduğunu bilmədən, başlıq belə gözlərimin dolmasına səbəb olur. Düşünürəm ki, sual verməliyəm, amma susuram, boğazıma yığılan qəhəri geri qaytarmaq üçün udqunub müsahibimə baxıram. Deyəsən, o da hiss edir danışa bilmədiyimi. Sualımı gözləmədən davam edir: "Bunlar hələ hamısı deyil. Mənim, ailəmin və bütün qarabağlıların yaşadıqlarının heç onda birideyil. Bəlkə də ardı nə zamansa yazılacaq. Düzdür, kitab çox uzun yol gəldi, amma nəhayət ki, çap olundu. Bilik Fonduna minnətdaram ki, kitabın çapına dəstək verdi. Bu fondun nəşrləri kitabxanalara, bölgələrdəki Bilik evlərinə paylanır. Yəqin ki, oxumaq istəyənlərə hədiyyə olunacaq. Amma heyf ki, tirajı elə də çox deyil".

lll

Müəllifin hədiyyə etdiyi kitabı gözümdən axıb səhifələri isladan, oxumağıma mane olan yaşlara, sinəmə çökən ağrıya rəğmən elə həmin gün oxuyub bitirdim.

Məmməd Süleymanovun "Ön söz"də yazdığı kimi, "Ramilə Qurbanlının "Miniatürlər"i o unudulmuş, balaca adamların hələ də salamat olduğunu hamımıza qışqırıb bildirmək cəhdidir..." Kimdi o balaca adamlar? Bəzilərinin "qaçqın", bəzilərinin "məcburi köçkün" dedikləri yurd həsrətli, el-oba ağrılı o insanlar...

Müəllif hələ ilk səhifədə yazır: "Müharibə miniatürləri" qoydum bu silsilənin adını. Müharibədən yox, müharibənin insan həyatında buraxdığı izlərdən, insan psixologiyasına təsirindən yazmışam çünki. Başqa sözlə, o hadisələri təsvir etdim ki, orda bu həqiqətlər öz əksini tapır. Məhz həqiqətlər!"

Kitab "Qızılgül olmayaydı" adlı esse ilə başlayır. Müəllif kitabdakı xatirələrini bu essedəki 1988-ci il orta məktəb məzuniyyəti ilə başlayır. O, burada kitab-dəftərlə işi olmadığı üçün “Mirzə” adlandırdıqları sinif yoldaşı Rüfəti xatırlayır. İllərlə bir sinifdə oxuduqları Rüfəti onlar məzuniyyət günüondan bir neçə il sonra şəhid düşərkən daha yaxından tanıyırlar. Şəhid düşən ilk əzizlərindən biri idi bu oğlanonun sinif yoldaşı gənc Ramilə bu itki ilə Rüfətin məktəbi bitirdikdən bir gün sonra ona hədiyyə etdiyi "Qırxyarpaq" gülünü (qızılgülün bir növü) onun cənazəsinə qoyaraq vidalaşır.

"Cəbrayıldan gələn son qatar" yazısında müəllif məcburən öz yurdundan, yuvasından köçüb gələn insanların çaşqınlığını, səfalətini çox böyük ağrı ilə qələmə alır: "O vaxt qatarın Bakıya getməyindən narazı qalan camaatın heç ağlına da gəlməzdi ki, onların böyük bir qismi- yəni getməyə yeri olmayanlar ömürlərinin xeyli hissəsini elə bu vaqonlarda yaşamalı olacaqlar. Burada körpə böyüdəcək, gəlin gətirəcək, qız köçürəcəklər..."

"Həsrət yerimiz xilas yolumuz oldu" başlıqlı essedə valideynlərinin Cəbrayıldan Arazın o tayına necə keçməsini, canlarını necə zülmlə qurtarmaqlarını danışan müəllif bir yerdə yazır: "O anlarda baş verən olayları yaza bilməyəcəyəm. Çünki buna gücüm çatmaz. Elə bilirəm onları yazsam klavyaturanın arxasında ürəyim dayanar". Mənsə, bayaqdan düşünürdüm ki, görəsən, bir insan nə qədər güclü olmalıdır ki, bu boyda faciələri yazarkən ürəyi partlamasın?!

Söhbətimizdə Ramilə xanım deyirdi ki, Cəbrayılın işğalından bir də bizə "qaçqın" deyiləcəyi üçün qorxurdum. Haqsız deyilmiş. "Miniatürlər"in müxtəlif yerlərində bu sözün ayrı-ayrı zamanlarda ürəyinə necə böyük dağ çəkdiyini özü yazır:

"Yalnız biz deyildik, o illər əksər qarabağlı bizim kimi eyni həyatı yaşayırdı. Bəziləri isə özgələrinin bağlı qapılarını yarıb onu özününküləşdirirdi. Əksər vaxt bu hal yaralı qarabağlıların adına yazılırdı. "Qaçqınlar evləri zəbt etdi", "Qaçqınlar sırtıqdır", "Allah onlardan uzaq eləsin". Bir dəfə ağlayan uşağını "qaçqın gəldi" deyə qorxudan anaya da rast gəlmişdim... Hər gün bu sözləri eşidib ağlayan anama- "Fikir vermə, onlar sənin kimi illərlə əllərinin zəhməti ilə qurduqları xanimanlarından bir anın içində heç nə götürmədən çıxsalar necə olarlar, bəlli deyil"-deyirdim" ("Üç qız, gecə döyülən qapı").

"Qaçqınlar adlı millət yoxdur. Biz də azərbaycanlıyıq. Millət kimi siz necəsizsə, biz də eləyik. Nəhayət anlayın ki, qaçqınlar, yerlilər, naxçıvanlılar- deyə bir milləti parçalamaq düşmənə sərf eləyən işdir, özümüz özümüzə bu qədər qənim kəsilməyək" ("Havada qeydiyyatdayam").

Hələ adından vahimələndiyim, sərlövhəni oxuyar-oxumaz ürəyimin ən dərinində bir sızıltı hiss etdiyim, iliklərimə qədər yanğısını duyduğum "Himnə oynayan gəlin" yazısı isə bütün dəhşətləri ilə bir daha qanımı dondurdu özüm yaşamışammış kimi. 90-cı illərin ortalarında Bakıda metro stansiyalarında tez-tez Azərbaycan himnini oxuyub oynaya-oynaya qatardan-qatara keçən cavan bir gəlin görünərmiş. Hamı onu ələ salır, dəli adlandırır, əl çalır. Amma kimsə onun bu halının səbəbini bilmir, heç düşünmək belə ağıllarına gəlmir, maraqlanmaq yadlarına da düşmür. Onlar düşünmürlər ki, o da birinin qızı, birinin bacısı, birinin gəlini olub. Amma xəbərləri yoxdur ki, kimsənin həyat yoldaşı, anası ola bilməyib. Bu gəlin üç günlük ərini cəbhəyə yola salan, toyunun 20-ci günündə isə şəhid düşən ərinin tanınmaz haldakı meyidini qucaqlayaraq havalanan o bəxtsizdir. Elə ərinin ölüm xəbəri ilə hospitaldaca havalanıb, ilk dəfə orda əvvəl yavaşdan, sonra isə bütün səsi ilə himni oxuyub-oynayıb. Sonra isə onların da rayonları işğal olunanda Bakıya köçüb gəlib və...

"Müharibə miniatürləri" ümumilikdə 24 ayrı hekayətdən ibarətdir. Amma bu hekayələri bir-birinə bağlayan ortaq sujet və qəhrəmanlar var. Onlar Qarabağ qurbanlarıdır. Müəllif bu hekayələrində gah erməni əsirliyində Azərbaycanın bayrağını öpmək cəsarəti göstərən İlqar Mehdiyevi, gah valideynlərini, müəllimlərini, nənələrini, əmilərini, bibisini ("mama" deyirlər), Xocalı sakini Valeh Hüseynovu, gah da uzun ayrılıqdan sonra 2016-cı ildə işğaldan azad edilən Lələtəpə yüksəkliyini, Cocuq Mərcanlını xatırlayır, uşaqlığının ən kövrək və qayğısız illərinə səyahət edir, oxucunu da bu xəyali səfərdə özünə yol yoldaşı edir.

 "Tələbə yataqxanası" adlı yazıda müəllif deyir: "Çox vətənpərvər idik. Sözdə yox, həqiqətən vətənpərvər! 88-də meydanlardan, 20 yanvardan keçmişdik, azadlıq ruhumuz vardı, tapdanmağa imkan verməzdik".

Amma nə yazıq ki, o ruhu da, yaşamaq eşqini də, sabaha olan inamı da tapdaladılar, diddilər, tikə-tikə elədilər. Üzlərdəki gülüşlər, gözlərdəki parıltı o qaçaqovda düşüb itdi, Qarabağın kimsəsiz dağlarında ilişib qaldı.

Amma biz yenə inanırıq. İnanırıq ki, vaxtsa, tezliklə, lap tezliklə Cəbrayılın haqqında danışılan kəndlərində, bəhs edilən o küçələrində, yollarında, bax elə Ramilə xanımın məzun olduğu o məktəbin həyətində "Müharibə miniatürləri"ni yeri-göyü salamlarcasına əlimizdə yelləyə-yelləyə gəzəcək, burada yazılanları keçmişdə qalan acı xatirələr kimi "şükür ki, artıq bitdi" deyərək oxuyacağıq!

"O yerlərə bir də, əbədi getmək arzusu ilə..."

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.-7 sentyabr.- S.7.