Səmərqənddən reportaj

 

 

Səmərqənd Özbəkistanın ikinci ən böyük şəhəridir. Daşkənddən bura qatarla iki saat 15 dəqiqə yoldur.

 

Dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqənd hər addımda insanı heyrətləndirir. Burda türkün, Şərqin qədim canlı tarixi yatır. Səmərqənd qədim tikililər, saraylar, məscidlər, mədrəsələr şəhəridir. Bu qədim tikililərin hər biri isə böyük bir tarixdir. Elə buna görədir ki, şəhəri görməyə gələn turistlərin sayı ildən ilə artır. Bura həm qonşu ölkələrdən, həm Avropadan olan turistlər gəlir. Diqqətimi daha çox çəkən isə yaşlı avropalı turistlər oldu. Onlar hər bir tikiliyə, abidəyə diqqətlə baxır, fotolar çəkir, sanki gördüklərini yaddaşlarına yazmağa çalışırdılar. Bələdçilərimiz sözlərinə görə, ümumilikdə Səmərqəndlə tanışlıq üçün üç gün vaxt lazımdır. Çünki gəzməli-görməli yerlər olduqca çoxdur. Ancaq vaxt məhdudiyyəti varsa, yəni bir günlük gəlmisənsə, mütləq baş çəkməli olduğun yerlər var. Vaxt məhdudiyyəti olanlar da bunu nəzərə alır.

Əmir Teymurun Vətəni 

Səmərqənd həm böyük Əmir Teymurun vətənidir. Əmir Teymurun zamanında şəhər yüksək inkişaf səviyyəsinə çatıb. Məlumat üçün bildirək ki, hazırda Səmərqənddə 800 minə yaxın  əhali yaşayır ölkənin ikinci paytaxtı hesab olunur. Səmərqənd 1924-1930-cu illərdə Özbəkistanın paytaxtı olub. Bura  tarix boyu elm, mədəniyyət mərkəzi olub. Amma şəhərdə ölkənin ən iri sənaye müəssisələri, avtomobil sənayesi, traktor hissələrinin istehsalı, yeyinti sənayesi, gübrə karxanaları, toxuculuq sənayesi s. var.

Səmərqəndin tarixi ən azı 3500 il əvvələ gedir. Eramızdan əvvəl 329-cu ildə Makedoniyalı İsgəndərin ordusu buranı işğal edib. 712-ci ildə ərəblər tərəfindən işğal edilən Səmərqənd Samanilərin hakimiyyəti dövründə inkişafın yüksək mərhələsinə çatıb. Daha sonra Qaraxanlıların, Xarəzmşahların əlinə keçir. Səmərqəndin ən çətin dövrü Çingiz xanın hücumu zaman olur. Belə ki, 1220-ci ildə Çingiz xan şəhəri yandırıb, viran edir.  Amma bu vəziyyət uzun davam etmir.  Əmir Teymur  Səmərqəndi yenidən tikib-qurur dövrün ən məşhur mədəniyyət mərkəzlərindən birinə çevirir. 1868-ci ildə rusların hücumu işğalı şəhərə böyük ziyan vurur. Amma 1888-ci ildə buraya dəmir yolu çəkilməyə başlaması ilə Səmərqənd yenidən böyük iqtisadi mərkəzə çevrilir. Zərəfşan çayının vadisində yerləşən Səmərqəndin adı UNESCO-nun dünya irs siyahısına salınıb.

Bir məzarın sirri

Əmir Teymurun vətənində turistlərin ilk üz tutduğu məkan da məhz böyük hökmdarın məqbərəsidir. Əmir Teymur dünyanın ən uğurlu hökmdarlarından biri hesab olunur. Deyilənə görə, hətta evdə onun rəsmini saxlamaq insana uğur gətirir.

Əmir Teymur 1405-ci ildə 69 yaşında, Çinə yürüşü zamanı vəfat edib. Ölüm səbəbi dəqiq müəyyən edilməsə , deyilənə görə, Tanrı dağlarından keçərkən, ordusunu cəsarətləndirmək məqsədilə buz kimi soyuq çaya girib bir neçə gündən sonra soyuqdəymədən dünyasını dəyişib. Nəvəsi Xəlil Sultan tərəfindən Səmərqəndə gətirilən əmirin cənazəsi, bir il əvvəl ölmüş digər nəvəsi Məhəmməd Sultanın Ruh Abad yaxınlığında yerləşən mədrəsəsində dəfn edilib. Məhəmməd Sultan Əmir Teymurun ən sevimli nəvəsi olub, hətta əmir onu taxt-taca vəliəhd seçibmiş. Amma qeyd etdiyimiz kimi, Məhəmməd Sultan dünyasını dəyişir Əmir Teymur onun məzarı üzərində məqbərə, məscid, mədrəsə ucaldılmasını əmr edir. Əmir Teymur da sevimli nəvəsinin yanında torpağa tapşırılır...

Bu gün "Gur Əmir" adlanan həmin məqbərədə bütöv Teymur xənadanının məzarları sıralanıb. Ortada Əmir Teymur, ətrafında isə oğlanları Şahruh Miranşah, eləcə nəvəsi Uluqbəy dəfn olunub. Burada 10-a qədər məzar var,  ancaq Əmir Teymurun qəbri qara rəngli nefrit daşından yonulub, qalanları adi mərmərdir. Özü bu qara daşlı məzar simvolikdir. Əslində isə Əmir Teymurun məzarı bu qəbirlərin altında - zirzəmidədir. Ora turistlərin girişi yasaqdır, polis tərəfindən ciddi mühafizə olunur.

Əmir Teymurun məzarı ilə bağlı maraqlı əfsanə var. Doğrudur, bunun qədər həqiqət olduğu məlum deyil. Deyilənə görə, məhz Əmir Teymurun məzarının açılması Böyük Vətən müharibəsinə səbəb olub. Belə ki, 1941-ci ildə sovet tədqiqatçıları Əmir Teymurun məzarını açaraq, cəsədin həqiqətən ona məxsus olduğunu təsdiqləyiblər. Məzar açılanda isə böyük din adamları alimlərə xəbərdarlıq ediblər ki, bu işdən çəkinsinlər. Çünki hökmdarın ruhunu narahat etmək fəlakətlərə, böyük  müharibələrə səbəb olacaq. Təbii ki, tədqiqatçılar bu deyilənlərə fikir vermir. Ekspedisiya qrupunda olan məhşur arxeoloq, antropoloq heykəltəraş Mixail Gerasimov skelet qalıqları əsasında insanın xarici görünüşünü unikal üsullarla hazırlaya bilirdi.

Beləliklə, Əmir Teymurun qəbri açılır, qalıqlar tədqiqat üçün aparılır böyük müharibə başlayır. Alimlərin deyilənləri dinləməməsi  27 milyon sovet insanının həlak olduğu Böyük Vətən müharibəsinə gətirib çıxarır. Teymurilərin qalıqlarını 1942-ci il dekabrın 20-də geri qaytarmaq mümkün olur.

Hazırda Əmir Teymurun iki üz quruluşunda rəsmi var, amma Gerasimovun hazırladığı rəsm Əmir Teymurun özü hesab olunur.

Yeri gəlmişkən, məqbərəyə giriş əcnəbi turistlər üçün 22 min som (3 dollar), yerli camaat üçün isə cəmi 1 min somdur (13 sent).

Registan - Səmərqəndin vizit kartı

Üç möhtəşəm mədrəsənin Uluqbek, Şerdor Tilla-Karinin yerləşdiyi  Registan meydanı Səmərqəndin vizit kartı hesab edilir. Unikal bir görkəmə malik olan ərazi günün istənilən vaxtı turistlə dolub daşır. Qeyd edək ki, 2001-ci ildə bura Səmərqənddəki digər qədim tarixi abidələri ilə birlikdə YUNESCO-nun Dünya İrs Siyahısına salınıb.

Registan "Qumlu yer" mənasını daşıyır, bura şəhərin elmi, dini inzibati mərkəzi sayılıb. Registan meydanı Əmir Teymurun zamanında bazarlarla dolu olub, amma Uluqbəyin hakimiyyəti dövründə hamısı sökülüb yerində dünyanın ən böyük mədrəsəsi tikilib.

Uluqbəy mədrəsəsi Registan kompleksində, solda yerləşir, 1417-1420-ci illər arasında tikilib. Burada 110 tələbənin yaşaya biləcəyi 54 hücrə (otaq) mövcuddur ki, hazırda həmin yerlərdə milli əl işləri satılır. Uluqbəy özü burada riyaziyyat astronomiyadan dərs deyib. Bu gün mədrəsənin şəxsən Uluqbəy tərəfindən layihələndirilmiş 15 metr hündürlükdə olan qapısı üzərində kosmosu təcəssüm edən on ulduz həkk olunub.

Uluqbəy mədrəsəsi ilə üzbəüz 1619-1536-cı illər arasında tikilmiş Şer-Dor mədrəsəsidir. Qapının üzərində aslanların ceyran ovu günəş rəsmi (günəş zərdüştlüyə işarədir) həkk olunub. Mədrəsənin üzərində 32 metr hündürlüyündə minarə mövcuddur.

Tilla-Kari mədrəsəsinin qapısı bu iki tikilinin arasında qalan meydana baxır. Registan meydanının arxasında yerləşən bu tikili 1647-1660-cı illər arasında inşa olunub. Arxasında qədim karvansaray yerləşən tikili sonradan məscidə çevrilib.

Registan meydanının yaxınlığında İslam Kərimov adına park yerləşir. Parkda ölkənin birinci prezidentinin abidəsi ucaldılıb.

Parkın yaxınlığında Əmir Teymurun Çin əsilli xanımı üçün ucaltdığı Bibixanım türbəsi, onun yanında qədim məscid bazar yerləşir.  Yaxınlıqda qədim ibadət Həzrət Hızır məscidi yerləşir ki, onun da arxasında sabiq prezident İslam Kərimovun türbəsi var.

 

İslam Kərimov öz vəsiyyəti ilə burada dəfn olunub. Hindistandan gətirilmiş bahalı daşlarla tikilib, süstlənmiş məzar-türbənin ətrafında günün bütün saatlarında xeyli ziyarətçi olur.

"Şahi Zində"

"Şahi Zində" şəhərin ziyarət olunan ilk abidələri sırasındadır. Bələdçinin dediyinə görə, "Şahi Zində" və ya başqa adıyla "Kral məzarlığı" adlanan bu ərazidəki 11 türbə bir-birinin ardıyla XIV əsrdə tikilib. Türbələrdə əmirin ailəsi, sərkərdələr, böyük üləmalar dəfn olunub. Lap yuxarıdakı türbə isə islamiyyətin qurucularından olan, Həzrət Əlinin nəvəsi, Həzrət Abbasın oğlu Qusam İbn Abbasa məxsusdur. Məlumata görə, Qusam İbn Abbas 640-cı ildə Səmərqəndə gəlib və 13 il burada yaşayıb. Onu zərdüştlüyün tərəfdarlarından biri namaz üzərində xəncərlə vuraraq, öldürüb".

Sonda onu da deyim ki, buradakı səkkizguşəli türbələrdən biri o dövrdə Azərbaycandan gəlmiş memarlar tərəfindən tikilib.

Səmərqənddən heç vaxt unudulmayacaq gözəl təəssüratlarla ayrılırıq. Növbədə isə Buxara var...

 

 

Pərvanə SULTANOVA

 

525-ci qəzet.- 2018.-7 sentyabr.- S.4.