"Difai fədailəri"nin
anlatdıqları və xatırlatdıqları
"Nəyi xatırlayırsansa, sənindir,
unutduqların sənin deyil".
Sabir
Rüstəmxanlı
Sabir Rüstəmxanlı adını ilk dəfə
atamdan eşitmişəm. 1994-95-ci illər idi,
5-6 yaşım olardı. Torpaqlarımızın
itirildiyi, yüz
minlərlə soydaşımızın doğma
yurd-yuvasından didərgin düşdüyü, siyasi
qarmaqarışıqlığın yenicə durulmağa
başladığı dönəmlər idi. Atam
dəmiryolunda çalışdığından
yanımıza gec-gec gələr, hər gələndə
Bakıdan - qaynar hadisələr ocağından anama xəbərlər
gətirərdi. Gəlişlərinin birində dəmiryolçu
formalı çantasından bir kitab çıxarıb anama
uzatdı və dedi:
- Bu
kitabı elə yerə qoy ki, uşaqlar əl atıb
cırmasın. Sabir Rüstəmxanlının
kitabıdı, çox qiymətli kitabdı.
Hamımız maraqla kitaba baxırdıq. Anam kitabı
götürüb, şkafın ən yuxarı gözünə
yerləşdirdi. Atam mənim xüsusi
marağımı görüb, gülümsəyərək
dedi:
-
Böyüyəndə oxuyarsan.
İllər keçdi, mən böyüdüm və o
kitabı oxudum. Mən "Ömür kitabı"nı
iki dəfə oxumuşam, bir beşinci sinifdə, bir də
doqquzuncu sinifdə oxuyanda. İlk dəfə
oxuduğumda yaxşı anlamamışdım, biz millət
olaraq kimik, haradan gəlmişik, tariximiz, taleyimiz necə olub,
başımıza hansı fəlakətlər gətirilib,
beşinci sinif uşağının tam mənası ilə
qavrayacağı bir şey deyildi. Doqquzuncu sinifdə isə
artıq dərrakəli bir gənc idim və "Ömür
kitabı"nı oxumağın əsl
vaxtıydı.
Yadımdadır ki, əsər məndə çox ciddi
emosional ovqat oyatdı, uzun müddət onun təsirindən
çıxa bilmədim. Hətta məktəbimizin ümumi "Məktəbli"
divar qəzetinə "Ömür kitabı"nın təəssüratı ilə bir məqalə
də yazmışdım.
Çəkinmədən deyirəm ki, Sabir Rüstəmxanlı
mənim kimi minlərlə gəncin yaddaşını oyadan,
bizi tarixə boylandırıb, keçmişimizi,
yaşadıqlarımızı göstərən və sabaha
yönləndirən adamdır.
Bir millətin dünyadakı yeri, mövqeyi onun Sabir
rüstəmxanlılarının sayı ilə
ölçülür. Bir zaman Lev Qumilyovun irəli
sürdüyü, dünyanın qəbul etdiyi passionarlıq
nəzəriyyəsi də bunu təsdiq edir. Kəmiyyət deyil, keyfiyyət önəmlidir və
passionar şəxsiyyətlər ümumi kütlə içərisindən
ayrılan həmin tək-tük keyfiyyətli şəxslərdir
ki, təmsil etdikləri toplumun yaşam və gələcəyini
əslində, onlar müəyyənləşdirir. Bu mənada Sabir Rüstəmxanlı millətimizin
passionar şəxsiyyətlərindən hesab oluna bilər.
Sabir müəllim həm də Azərbaycanın ilk
müstəqil demokratik qəzeti olan "Azərbaycan"ın
nəşrində misilsiz rol oynayıb. Yadımdadır,
atam həmin qəzetin əlinə keçən nüsxələrini
evimizə gətirirdi. Ağ-qara formatda,
kiril əlifbası ilə çıxan qəzetin adında
"j" (y) hərfinin üzərindəki nöqtənin
yerinə alovlanan qırmızı məşəl təsviri
o zamankı çap mətbuatında yenilik idi və Odlar
Yurdunu simvolizə edirdi.
Sabir müəllim tariximizi canlandırıb bu günə
daşıyan yazıçılardandı. Onun Azərbaycanda müasir
tarixi roman janrının inkişafına təkan verən
"Atamın ruhu", "Xətai yurdu", "Göy
Tanrı", "Ölüm Zirvəsi" (Cavad xan),
"Difai Fədailəri", "Sunami", "Şair və
şər" kimi əsərləri tarixi gerçəkliyin
bədii ifadəsi olaraq, bu gün üçün də dərs
alacağımız ibrətlik yaşantıların təsviri
baxımından çox qiymətlidir.
Müraciət etdiyi mövzulardan da
göründüyü kimi, Sabir bəy tariximizə baş
vuraraq, yaşadığımız şərəfli,
ağrılı, keşməkeşli keçmişimizdən
nəticələr çıxarmağa, dünənin
gerçəkliyi ilə bu günümüzə və
sabahımıza işıq salmağa çalışır.
Bu yaxında onun "Difai fədailəri"
romanını oxudum. Əsər Azərbaycan tarixinin olduqca
mürəkkəb, qalmaqallı bir dövrünü -
1904-07-ci illəri əhatə edir. Romanın
baş qəhrəmanı xalqımızın böyük
ziyalısı Əhməd bəy Ağaoğludur.
Əsər Əhməd bəyin Parisdə ali
hüquqşünaslıq təhsili aldıqdan sonra, vətənə
- Şuşaya geri dönüşünün təsviri ilə
başlayır. Şuşaya gedən dilicanda
(furqon) əyləşən Əhməd bəy yol boyu məntiqli
cavabları ilə ona atmacalı sözlər ünvanlayan
Şuşadakı qonşusu erməni keşişi Nikolu
susdurur. Gənc ziyalı doğma yurddan kənarda
elm dalınca qoşarkən, onun atası, ardınca isə
anası haqq dərgahına qovuşmuşdu. Əhməd bəy xaraba qalmış ata yurdunu qəlbindəki
ağır hüznlə gəzib-dolaşır.
Bütün yaşadıqları, uşaqlığı, anasının
onu müctəhid deyil, Avropa təhsilli biri kimi görmək
istəməsini, bu məqsədlə gizlicə pul
toplamasını, atasının
narazılığını, Şuşa Realnı
Gimnaziyasında təhsil alarkən erməni müəllimlərin
onun kimi azsaylı müsəlman uşaqları gözüm
çıxdıya salmasını, yüzlərlə bu kimi
xatirəni yaddaşında canlandırır.
Parisdə
Ernest Renan, Ceyms Darmstater, Ten İppolit, Qaston Paris Delekrua kimi
mütəfəkkirlərlə dostluq edən, altı dildə
sərbəst danışmağı bacaran, Avropa elmi və təhsilinə
mükəmməl yiyələnmiş Əhməd bəy Bakıya
qayıdıb maarifçiliklə məşğul olmaq,
öz silahdaşları Əlimərdan bəy
Topçubaşı, Əli bəy Hüsyenzadə, Həsən
bəy Zərdabi və bu kimi başqa ziyalılarla birləşib,
milləti düşdüyü cəhalət girdabından
xilas etmək, dünyəvi məktəblər açaraq,
geridəqalmış avam xalqın balalarını oxutmaq istəyirdi.
Kitabda Əhməd bəyin gerçəkdən bu kutsal
işlərə başlaması, milyonçu-xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyevin yardımı ilə
"İrşad"qəzetini təsis etməsi və bu qəzetdə
həmyerlilərini maarifləndirməyə xidmət edən
məqalələr yazması təsvir edilir. Əhməd bəy
Azərbaycan tarixinin nadir insanlarındandır ki, rus qəzetlərinə
rusca, fransız qəzetlərinə fransızca, türk qəzetlərinə
türkcə yazılar
yazırdı. Məqalələrinin
demək olar ki, hamısı Azərbaycan xalqının
oyanışına, cəhalətdən xilasına, elm,
maarifin vacibliyinə, Qafqazda etnik çoxluq olaraq, haqq və
hüquqlarımızın tələbinə və digər
milli problemlərə həsr edilirdi. Avropaya
İslamı tanıtmağa getmiş Əhməd bəy,
orada oxuduqları və gördüklərini beynində sistemləşdirərək,
müsəlman ölkələri ilə müqayisə edir və
haqlı olaraq, şərqin bütün bəlalarını
modern dünyadan, elm və texnologiyadan uzaq düşməklə
əlaqələndirir. Öncələr başlıca məqsədi
islamda islahat aparmaq, müsəlmanlığı dünyaya
yaxşı yöndən tanıtmaq fikri ilə yaşayan
Ağaoğlu, Parisdən Azərbaycana qayıdanda ölkədə
tüğyan edən hərc-mərcliyi, rus kazakları ilə
birləşən ermənilərin qudurğan hərəkətlərini,
xalqının elm, təhsil baxımından çox geridə
qaldığını, həmvətənlərinin adicə
rus dəftərxanasında problemini danışa, yaza bilməməsini
görüb məqsədlərini və fəaliyyət
planını dəyişməli olur. Qolunu
çirməyib ölkənin azsaylı avropa təhsilli
ziyalıları ilə maarifləndirmə işinə
başlayır. "Kaspi", "Həyat",
"İrşad" qəzetlərinə milli məsələləri
işıqlandıran məqalələr yazır.
Lakin zaman
təkcə yazı-pozu zamanı deyildi, rus ordusunun sursatı
ilə silahlanmış ermənilər İrəvan, Şuşa, Tərtər, Gəncə, Bakı
boyunca hücuma keçir, onlara daim mehriban münasibət
göstərmiş yerli türk əhalisinə qan uddururdular. 1904-07-ci illərin qırğınları barədə
bütün sənəd və faktları tam olaraq cəmləşdirmək
bir roman üçün çətin olsa da, əsərdə
həmin dövrün, ictimai-siyasi mühitin siması
bütün gərginliyi ilə təsvir edilmişdir.
Azərbaycanı cənginə almış erməni
hücumlarına qarşı ciddi bir sipər,
könüllülərdən ibarət müdafiə təşkilatı
yaratmaq lazım idi və bu ideyanı ilk dəfə Əhməd
bəy Ağaoğlu irəli sürür. Qafqaz müsəlmanlarının
ilk müdafiə təşkilatı "Fədai" 1905-ci
ildə Bakıda yaradılır.
İlk öncələr dinc mübarizə yolu
seçmiş "Fədai", rus və erməni birliyinin
Azərbaycandakı müsəlman əhaliyə tutduğu
divanları gördükdən sonra, fəaliyyət istiqamətini
dəyişərək, silahlı müdafiə birliyinə
çevrilir.
Gəncədə yeni proqramla fəaliyyətə başlayan
partiyanın adı "Difai", fəal üzvləri isə
rus-erməni zülmündən cana doymuş, bu qanlı münaqişələrdə əzizlərini itirmiş
adamlar idi. "Difai"nin fəaliyyəti
nəticəsində yerli əhaliyə zülm edən,
onları insan yerinə saymayan bir neçə çar məmuru
da öldürülür, kəndlər, məhəllələr
erməni silahlılarından təmizlənir.
Ermənilərin terror təşkilatı olan "Daşnaksütyun"un zülmünə qarşı yönəlmiş müdafiə hərəkatı, antiterror partiyası olaraq, "Difai"nin bəyannaməsində deyilirdi:
"Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda, yəni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnak partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökümətini özünə tabe ədib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Bizim Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak Partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik".
"Difai"nin ideya generatoru Əhməd bəy olsa da, onun ciddi siyasi quruma çevrilməsində Ələkbər bəy Xasməmmədov və qardaşı Ələsgər bəy Xasməmmədov, doktor Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli, Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadə, gimnaziyada din müəllimi işləyən Mirzə Məhəmməd Axundzadə, Mirzə Cavad kimi şəxsiyyətlərin rolu böyük olmuşdur.
Kitabda obrazları canlandırılan "Difani"nin sadə, amma cəsur üzvlərindən olan Dəli Aslanın, Heydərin, Bilalın, Cəmilin, Mirəlinin faciəli taleləri həm də ibrətamiz həyat hekayətləridir.
Sabir Rüstəmxanlının "Difai fədailəri"ni oxuduqca "Ermənilərlə necə rəftar etməli?", "nə vaxtsa barışıq mümkündürmü?", "erməni-türk konflikti - iki xalqın biri-birinə etnik, milli və dini ayrılıqdan qaynaqlanan nifrətinin, yoxsa imperialist rus siyasətinin nəticəsidir?", "ermənilərin türk soyuna qarşı tarixi düşmənçiliyinin səbəbləri nədir?" kimi suallara obyektiv cavab tapacaqsınız. Tarixi sənədlər əsasında yazılmış romanı, bu mənada, hər kəs oxumalıdır. Əminəm ki, erməniyə rəğbət bəsləyən və millətinin taleyinə etinasız yanaşan hər kəs tarixin qaranlıq səhifələrini işıqlandıran bu kitabı oxuduqdan sonra indiyədək bilmədiyi gerçəkləri öyrənəcək, gizlədilmiş, ört-basdır edilmiş tarixindən agah olacaq, yanlış düşüncələrinə doğru düzən verəcək.
Şəlalə
GÖYTÜRK
525-ci qəzet.- 2018.- 4 sentyabr.- S.8.