Tanrıyla dil tapmış adam
FƏXRİ UĞURLUNUN 50
YAŞINA YADDAŞ GƏZİŞMƏSİ
Əziz Fəxri!
Bu
yazdığımı on il əvvəl 50 yaşıma
sözardı havasında qələmə aldığın məktuba
cavab kimi qəbul eləmə (hərçənd bu cür
başa düşsən belə, necə deyərlər, mətləbə
dəxli yoxdu), sadəcə ovqatımın bu məqamında
gəlib yetirən 50 yaşınla (indi də sənin)
bağlı düşüncələrimi ifadə eləmək
üçün ağlıma başqa məqbul forma gəlmədi.
Əslində, bu qaçılmaz fakt
yaddaşımın bir küncündə çoxdan
özünə yer tapmışdı, hərdən heç
gözləmədiyim yerlərdə və məqamlarda üzə
çıxır, məni heyrətləndirirdi. Sonra öz
heyrətimə təəccüblənirdim ki, özün 60-a
gəlib yetişdinsə, Fəxri də, təbii ki, 50-yə
çatacaq, sənin zaman qavrayışın bu məsələdə
işə yaramır, onsuz da qoca dünya bildiyini eləyəcək.
Amma yenə də hissiyyatımla gerçəklik
arasında qalır, ancaq yaşadığımız
ömrü əriş-arğac eləməklə təskinlik
tapırdım.
Mən səni tanıyanda 90-cı illərin əvvəlləri,
məmləkətin boğanaq vaxtıydı; sözün
düzü, işsizlik ucbatından Bakıya üz tutub ancaq
sağ qalmaq üçün çarpışmalı
olduğum vaxtda ədəbiyyat-filanla, ümumiyyətlə
yaradıcılıqla məşğul olmaq fanatikvarı fədakarlıqdan
başqa bir şey deyildi. Mən də canımı dişimə
tutub yaşayırdım, nəsr yazdığımı nəinki
başqalarından, hətta az qala
özümdən belə gizlədə-gizlədə
publisistikaya və tərcüməyə güc vermişdim.
Amma məndən on yaş kiçik olan sən - Fəxri
Uğurlu - Ağa Laçınlı kimi
tanıdığım və hörmət bəslədiyim bir
söz adamının ailəsində
böyümüşdün, bitirdiyim universitetin sonuncu kurs tələbəsiydin,
ilk hekayə topluların ("Tək ağac", 1991;
"Diləklərin azması", 1992) çap olunmuşdu,
professor Kamil Vəli Nərimanoğluyla "Oğuznamələr"i
çapa hazırlayırdın (bunlar da o vaxt hələ
iyirmi beş yaşına çatmamış qələm əhli
üçün ağlagəlməz uğur idi), bir sözlə,
böyük Ədəbiyyat Yoluna inamla qədəm
qoymuşdun, üstəlik, o illərdə "nəfəslik"
olan Ədəbi Əlaqələr və Bədii Tərcümə
Mərkəzinin "Yol" qəzetində işləyirdin.
O ilk
görüşümüzdə (aradan düz 25 il ötüb, necə deyərlər, bir igidin
ömrüdü) yanında ilk yazılarını oxuduğum
həmyaşıdın Qurban Yaquboğlu vardı.
Düzü, onda yazılarını oxuduğum iki istedadlı
gənclə tanışlığa sevinəndə ikili hiss
keçirmişdim: əvvəla, içimdən mənsub
olduğum ədəbi nəslin taleyilə bağlı
ağrıyaoxşar hiss ötmüşdü, 80-ci illərdə
meydan sulayan yaşıdlarımın talesizliyinə kədərlənmişdim,
əksəriyyəti həmin illərdə həyatla əlbəyaxaydı,
yaradıcılıq bir yana, heç dünyaya əməlli-başlı
baxmaq iqtidarında deyildilər; ikincisi, o nəsil hələ
öz sözünü tam deməyə, öz
potensialını gerçəkləşdirməyə macal
tapmamış yeni, daha iddialı nəsil (sizinlə
yanaşı, Rafiq Hümmət, Xaqani Qayıblı, Etimad
Başkeçid, Salam Sarvan...) ortaya çıxırdı,
onların da bizim çəkdiyimiz ağrıları çəkməsini
istəmirdim.
Amma qismət
beləymiş, o qarğaşalı dövr
ömrümüzün az qala on ilini kəsib
heçliyə atdı. Onda boğulmamaq
üçün saman çöpündən
yapışdıq, cismən də, mənən də sağ
qalmaq üçün olmazın ağrılardan keçdik.
Bəlkə bu da Allahın təqdiriymiş, içində
yaradıcılıq siqləti olanlar vaxtından əvvəl
yetkinləşdilər, bu da gec-tez özünü onların
yazılarında büruzə verdi.
lll
Sonra o
"nəfəslik" - "Yol" da, "Xəzər"
də - nəşrini dayandırdı, araya beş
il sürən "səssizlik" çökdü. O "səssizlik"
illərində, "525-ci qəzet"də işlədiyin
vaxtlardakı görüşlərimiz, imkan olanda düzəltdiyimiz
"xudmani məclislər" səni mənə
tanıtdı, əslində, yazdıqlarının yox, yazmaq
istədiklərinin nə qədər sanballı olduğunu fərq
elədim. Başa düşdüm ki,
bütün bunların başlanğıcında yaxşı
və sistemli mütaliən, oxuduğunu öz içindən
keçirmək, hər bir fikrə öz düşüncələrini
qatmaq qabiliyyətin durur. Bilmirəm həmin illərdə
qələmə aldığın "Üç kəndin
bir dərdi" (1995) kitabını yaradıcılıq
bioqrafiyana daxil eləmisən, ya yox, amma o nəşr məndən
ötrü havasını, suyunu, torpağını,
adamlarını (yoxsa beş-altı il
sonra "Vətənim adamlar" kimi bənzərsiz yazın
ortaya çıxmazdı: "...vətən təkcə
doğma üzlər, doğma səslər demək deyil. Vətən insandan başlayır, ancaq insanda
qurtarmır. O insanın keçmişi, taleyi,
yaddaşıyla bağlınə varsa, hamısını
toplayanda cəmi VƏTƏN eləyir. Vətənim
adamın mindiyi at da vətəndi, o atın gəzdiyi
dağlar da vətəndi, o dağlara yağan
yağış, o yağışı gətirən bulud, o
buludu saxlayan göy, o göydə süzən quş, o
quşun qonduğu budaq da vətəndi. Əgər
bu halqalardan biri qırılıb düşübsə, deməli,
vətən zədəlidi, yarımçıqdı, şikəstdi...)
unuda bilmədiyin Ağdam itkisini, Laçın itkisini ovutmaq cəhdindi.
O "səssizliyin"
sonunda Ağa müəllimin səhhətiylə bağlı
çəkdiyin ağlagəlməz mənəvi işgəncələr
də yadımdadı; yenə Allah üzünə baxdı,
qarşınıza xeyirxah adamlar çıxdı, onların
sayəsində müalicəylə bağlı məsələləri
vaxtında yoluna qoya, ustadın ömrünü az qala on il uzada bildiniz. Üstəlik, yaşam
elə problemlərdən ibarət deyildi, həmin vaxt gənclər
üçün birillik Prezident təqaüdünə layiq
görülməyin və o layihə çərçivəsində
"Uşaqların mahnısı" (1999) kitabının
işıq üzü görməsi də səni "öz
yolundan" azdırmadı: artıq Böyük Ədəbiyyatın
əslində, nə olduğunu dərk eləyən
azsaylı qələm adamlarından biriydin, hədəfinə
doğru səbirlə, təmkinlə, amma düz
saydığın yolla irəliləyirdin.
Növbəti
beş ilsə, əksinə, qaynar keçdi,
"Rezonans", ardınca da "İntibah" və
"Avropa" qəzetlərində baş redaktorluğun qəzetçilik
tariximizdə qısamüddətli də olsa, ləyaqətli
fəaliyyət nümunəsidi. Bəlkə də
"Rezonans"ı və "İntibah"ı
arzuladığın səviyyəyə qaldırmağa yetərincə
vaxtın və imkanın olmadı, amma "Avropa" təpədən-dırnağacan
sənin siman, sənin "yaradıcılığın"
idi: o müəllifləri, o köşə yazarlarını,
o reportyorları, o respondentləri necə seçmişdinsə
ilk səhifəsindən son səhifəsinəcən oxunurdu,
üstəlik, oxuyandan sonra da adam o nömrələri
saxlamaq istəyirdi ki, hərdənbir yenə göz gəzdirsin.
İndi baxıram, "Avropa"dakı
yazılarım - köşələrim, portret
yazılarım, tərcümələrim -
yaradıcılıq bioqrafiyamın yaddaqalan səhifələridi.
Sənin
redaktor kimi bir üstünlüyün də var: birgə
işlədiyin adamlara təkcə öz işini görən
fərdlər kimi baxmırsan, hamısını vahid ailənin
üzvü kimi qəbul eləyirsən, sevincinə də, kədərinə
də şərik olursan. İnsanın
könlünü sevindirmək, dərdini yüngülləşdirmək,
həyat sevgisini artırmaq üçün "bəhanələr"
tapmaqda ustasan. Bu səbəbdəndi ki, "cəbhə
yoldaşların" aradan on beş-iyirmi il
ötəndən sonra belə, birgə işlədikləri məqamları
xoş ovqatla xatırlayırlar.
O illərdə
"Əxlaq" silsiləsindən qələmə
aldığın ədəbi-fəlsəfi esselərin
yaxşı yadımdadı. Səhv eləmirəmsə,
"Mövlana Cəlaləddin Rumi və onun "Məsnəvi"si"
kitabını da elə o vaxtlarda araya-ərsəyə gətirmişdin.
Onda səni yarızarafat, yarıciddi "Mirzə
Fətəli Axundovdan sonra ikinci
filosof-yazıçımız" adlandırırdım,
bununla yanaşı, həmin silsilənin nə vaxtsa
yazılacaq bədii əsərlər üçün
özül olacağına da zərrə qədər
şübhə eləmirdim. "Dünyanın
ən əxlaqlı adamı - ən azad adamdı" qənaətinə
illərin mütaliəsindən, müşahidəsindən və
düşüncəsindən sonra gəlib
çıxmışdın, o özülün üzərində,
necə deyərlər, könlün istəyən evi ucaltmaya
bilməzdin.
lll
Sonrakı
beş ilin (deyəsən, sənin ömrünü sovet
dövrünün planlı təsərrüfatı kimi
beşilliklərə böldüm) sonunda (2006-2007-ci illərdə)
tamam başqa təhkiyə, başqa duyum, başqa havayla qələmə
aldığın "Tanrı dağları" silsilə
hekayələrinin ortaya çıxması, hər halda,
gümanıma haqq qazandırdı. Bu silsilə
sənin ədəbi siqlətini, dilə bələdliyini,
yaradıcılıq hədəfini ortaya qoydu. "Dərviş",
"Şeyx Sənan", "Leylinin məcnunluğu",
"İsgəndərin qanunu", "Peyğəmbər",
"Fərhadın Xosrovu öldürməsi",
"Atillanın qəbri" tarixin və mifin özünəməxsus
qavramıdı (Kamal Abdullanın
yaradıcılığında ədəbi mətnə
oxşar münasibətin nümunələriylə
rastlaşırıq); "Məryəmin oğlu",
"Dul", "Ana, sənin ərin kimdi?", "Oğlum
sonuncu dayanacaqda düşəcək", "Ehsan" hekayələrində
insan qəlbinin gizlinlərinə baş vurursan (bu
yönümdə yaradıcılığına rəğbətlə
yanaşdığın Afaq Məsud və Saday
Budaqlının cığırdaşısan). "Tanrı
dağları" yaxşı qarşılandı, 2010-cu ildə
Milli Kitab Mükafatının (təəssüf ki, o
müsabiqə müəyyən ədəbi "simalar"
üzündən sənət yarışından çox ədəbi
şarlatanlığa çevrildi) qalibləri sırasında
oldun.
Amma
ömrünün sıxıntılı çağında qələmə
aldığın o silsilənin güzəran qayğıları
üzündən hələ tamamlanmadığını dəfələrlə
dilinə gətirmisən, müsahibələrinin birində də
demisən: "Tanrı dağları" silsiləsinin
özü də yarımçıqdır. O silsilədən
daha çox yazılar yazmağı planlamışdım. Amma hamısı ala-yarımçıqdır.
El dili ilə desək, böyrü üstədir".
Əlbəttə, qələm adamının
yaradıcılıq planı ancaq özüylə İlahi
arasındakı gizli mətləbdi, ona kimsə qarışa
bilməz. Sən "Tanrı dağları"nı yarımçıq saymağında ol, əksinə,
o silsiləni mükəmməl hesab eləyənlər də
var. Biri elə yaradıcılığına böyük dəyər
verən Qismət Rüstəmov; yazır ki, "12 rəqəminin
bu silsilədə təsadüfi olduğuna inanmıram. Çünki 12 rəqəmi də dünyanın
genetik fondunda müəyyən harmoniyanı, sistemləşməni,
strukturu ifadə eləyir. Fəxri
Uğurlu bu harmoniyanı mənə görə Azərbaycanda
dərinliyinə qədər duyan tək-tük
adamlardandı. İlin 12 ayı, 12
bürc, 12 həvari, 12 imam və 12 hekayə". Di buna nə sözün var? Azər Qaraçənli
də fikrini daha qəti ifadə eləyib, deyir: "Fəxrinin
"Tanrı dağları" silsiləsindən olan hekayələri
yaradıcılığında yeni mərhələdir. Özünün dediyi kimi, bu silsilədə Fəxri
Tanrı olmağa, azadlıq, allahlıq məqamına
yetişməyə can atan ruhun yer üzündəki macəralarını
qələmə alıb. Ədəbiyyatın
bundan böyük missiyası yoxdur. Fəxri
yazıçının görməli olduğu ən əsas
işlə məşğuldur... Fəxrinin
"Tanrı dağları" silsiləsi Tanrının
türkcəsindədir. Fəxri
Tanrının türkcəsini tapıb. Fəxri
Uğurlu Tanrının türkcəsində yazır. O,
Tanrını türkcə danışdırır. "Tanrı dağları" Tanrısını
tapmış, həm Tanrıyla dil tapmış, həm də
Tanrının dilini tapmış adamın hekayələridir".
Dil məsələsində
Azərlə tam razıyam, sən "öz dilini",
üstəlik, üslubunu səbirlə cilalamısan, öz
"ədəbi nəfəsini" yaratmısan, onu kiminləsə
səhv salmaq çətindi ("Qaraxəbər qara yel kimi kəndin
bu başından o başına əsdi, çəpərləri
aşıb qapıların arasından evlərə axdı, pəncərələrə
çırpılıb şüşələri çiliklədi,
damların örtüyünü atdı. O yelin
qabağına düşüb diyirlənə-diyirlənə
özünü kəndin ayağındakı evinə yetirən
kişi yaylı taxta doqqazı əlindən necə
buraxdısa, qapı çərçivəni yarıb
çöl üzə açıldı..." - "Məryəmin
oğlu") Elə bilirəm ki, bu cür rəylərin
müqabilində sənin bircə çıxış yolun
qalır: gündəlik qayğılardan macal tapıb silsiləni
tamamlamağa, İlahiylə öz arandakı məqama bir daha
qayıtmağa can atmaq. Əminəm ki, bu da gec-tez baş verəcək...
lll
Sən həyatın gerçəkliklərini qəbul
eləyəcək qədər yetkin adamsan, bu səbəbdən
də insanlara qarşı yaradıcılıqda olduğu qədər
tələbkar, maksimalist deyilsən; bilirsən ki, olanla kifayətlənməkdən,
adamların yaxşılığa doğru dəyişmələrinə
cəhd göstərməkdən başqa çıxış
yolu yoxdu. Elə
ziyalının başlıca missiyasını da bunda
görürsən: "Gərək hər bir yaradıcı
şəxs, filosof, psixoloq, alim gördüyü
qüsurları aradan qaldırsın, dünyanın ruhuna yeni
bir zənginlik, ixtiralar əlavə eləsin, - deyirsən. Bununla da dünyanın ruhunu bir az da zənginləşdirsin. Əlinə qələm
alan hər kəs dünyanın ruhuna
öz ruhu ilə toxunmaq arzusu ilə yazıb-yaradır. Hər
bir yaradıcı adama bunu arzulayıram..."
Sən yaradıcılığın mahiyyətcə nə
olduğunu yaxşı bilirsən, bu səbəbdən
yazmaqla əsl niyyətini gizlətmək fikrindən də
uzaqsan. "Məndən ötrü qələm hakimiyyət
alətidi, - deyirsən. - Hər bir qələm adamı
mütləq hakimiyyətə yiyələnmək,
dünyanı, insanları idarə eləmək istəyir. Kainatda ən böyük hakimiyyət Allaha aid olunur.
Demək, hər bir qələm adamı Allah
olmaq istəyir. Burada heç bir küfr, təkəbbür
yoxdu. Allah inanclı-inancsız bütün bəşərin
idealıdı, demək, hər kəs öz idealına
oxşamaq istəyir..."
Sən əslində, yaradıcılığın
dünyanı öz içinə sığdırmaq cəhdi
olduğunu yaxşı bilirsən; üstəlik, bu qədər
nəhəng mütaliəylə, yetkin təfəkkürlə,
yaradıcılıq potensialıyla dünyanın Azərbaycan
adlı məkanından kənara çıxa bilməməyin
də ağrılarını yaşayırsan.
Sən həm də həyatı necə gəldi yox,
öz prinsiplərin əsasında yaşayan kəslərdənsən. Bəzən o
prinsiplərə sadiqlik səni çox şeylərdən
geri qoyur, mənəvi işgəncələrlə üzləşdirir,
maddi çətinliklərlə sınağa çəkir,
amma həqiqət saydığından geri çəkilmirsən.
Əllidən sonra yaşam tərzini dəyişəcəyinə
kim inansa da, mən inanmıram.
Sən
"Dərviş"dəki kimi yolayrıcında deyilsən,
Yol səni seçməyib, sən Yolu seçmisən, o Yol
da səni aparıb hədəfinə çıxaracaq...
Bu yazını başlayanda elə bilirdim səninlə
bağlı fikirlərimin hamısını ifadə eləyə
biləcəm.
Amma gördüm ki, yox, məktub da köməyimə
çatmadı...
50 yaş insanın özü və Tanrı
qarşısında hesabat məqamıdı. Sənki
Tanrıyla dil tapmış adamsan, istərdim ki, o məqamda
yanılmayasan.
Qalanı
60, 70 yaşına qalsın.
Təki sağlıq olsun.
03.09.2018
Nəriman
ƏBDÜLRƏHMANLI
525-ci qəzet.- 2018.- 4 sentyabr.- S.7.