Tarix və mədəniyyətimizin
Masallıdakı silinməz izləri
Hər dəfə belə olur. Maşın Bakıdan
çıxdıqda özümü cəmi bir neçə
kilometr aralıdakı başqa bir şəhər və ya
rayona gedirmiş kimi deyil, tamamilə ayrı bir dünyaya
keçid edirmiş kimi hiss edirəm.
Paytaxtda yaşamağın müəyyən dərəcədə
üstünlükləri olsa da (əsas da iqtisadi baxımdan),
hər zaman böyük şəhərlərin insanı tez
yorduğunu, vaxtından tez qocaltdığını
düşünmüşəm nədənsə. Səs-küy,
bircə saniyə belə dayanmayan dinamik həyat, boğucu
hava, hər anına sığan yüzlərlə üz,
ora-bura qaçışan, tələsdiklərindən
başlarını qaldırıb bir-birinin üzünə
baxmağı ağıllarına da gətirməyən
insanlar böyük şəhərlərin, meqapolislərin
ortaq mənzərəsidir, yəqin ki.
Sözün düzü, getdiyi hər rayonda, hər kənddə
sakinlərə "siz burada cənnətdəsiniz, biz şəhərdə
nə günlər çəkirik" deyənlərlə də
razı deyiləm. Çünki hələ də içində hifz etdiyi
təmiz, bol oksigenli havaya, gülərüz, mehriban, bir-birinin
xeyrinə-şərinə yarayan insanlarına,
saflığına baxmayaraq, kənd həyatının da
özünəməxsus çətinlikləri var. Baxır, kim haraya öyrəşib...
Gedək
üzü Masallıya
Bu dəfə yolumuz cənub torpaqlarınadır. Masallının
adını tutub gedirik. İkinci səfərimdir
o ecazkar torpaqlara. Cəmi bir neçə
saatlıq yolda pəncərədən çöldəki həyat
dəfələrlə rəngini dəyişir. Hər rəng bir yeni ovqat, yeni düşüncələr,
yeni təəssüratlar gətirir özüylə. Boz çölləri keçəndə
özünü ucsuz-bucaqsız, sivilizasiyadan, insanlardan uzaq bir
səhrada tək-tənha hiss edir insan. Beynin,
düşüncələrin də kimsəsizləşir,
bozlaşır.
Az sonra
tək-tük ağaclar, yaşıl sahələr dəyir
gözünə. Gözün bayram edir sanki.
Qış yuxusuna yatan təbiətin bahar
oyanışı kimi dirçəlirsən. Masallıya
az qalmış isə budur təbiət
bütün gözəlliyi, füsunkarlığı, cazibədarlığı
ilə salama çıxıb elə bil. Yamyaşıl,
sıx ağaclar, bol oksigen canına can qatır, neçə
saatdır yol gələn sən deyilmişsən kimi
gümrahlaşırsan.
Bəzən
"Azərbaycanın Çini" adlandırılan
Masallı qədim qalaları, Yanardağı, İstisuyu,
nadir ağacları, zəngin meşələri, büllur
bulaqları ilə yanaşı, həm də ən çox əhalisi
olan və ölkənin adambaşına ən az
torpaq sahəsi düşən rayonlarından biri kimi də
tanınır. Bütün bunları nəzərə
alsaq, yəqin ki, sözümüzün əvvəlində
işlətdiyimiz bənzətmə heç də yersiz deyil.
Amma Masallı torpağı ən verimli, ən
zəngin torpaq da hesab olunur. Təbii ki, bu
da insanlarının sayəsindədir. Çünki
210 mindən artıq əhalisi olan rayonun əhalisi bu
torpaqların hər qarışından daha səmərəli
istifadə eləməyi bacarır. Torpağının
hər qarışında bərəkət,
daşının hər zərrəsində bir tarix yatan bu
füsunkar rayon insanı elə ilk dəqiqələrdən
öz sehrinə qərq etməyi bacarır.
"Həm ziyarət, həm ticarət" - deyib,
getdiyimiz yerlərdə gəzmək, istirahət etməklə
kifayətlənməyib, həm də oranın tarixi, mədəniyyəti
ilə bağlı maraqlı faktlar toplamaq adətimizə
çevrilib artıq.
Unikal təbii-coğrafi mövqedə yerləşməsi,
zəngin flora-faunası və əsrarəngiz təbiəti
Masallını təkcə regionda deyil, həmçinin,
ölkəmizdə turizm məkanı kimi tanıdıb. Elə bil təbiət
də öz gözəlliklərini bu yerlərə bəxş
edərkən xəsislik etməyib, səxavətlə, əli
bol davranıb. Xəzər dənizi,
Talış sıra dağları, Viləş
çayının, bumbuz bulaqların, kiçik göllərin
yaratdığı fərqli mənzərələr buraya ayaq
basan insanları sözün həqiqi mənasında heyran
edir.
Əsrlərdən
üzü bəri
Masallı təkcə səfalı təbiəti,
göz oxşayan gözəlliyi, təmiz və sərin
havası, zəngin mətbəxi, istiqanlı əhalisi ilə
deyil, həm də qədim tarixi, əzəmətli
keçmişi ilə də hər zaman həm yerli, həm də
xarici turistlərin diqqət mərkəzində olub.
Tarixi mənbələrin
dediyinə görə, inzibati rayon kimi 1930-cu ildə
yaradılaraq müstəqil rayon şəklində ölkəmizin
xəritəsində öz yerini tutan Masallı ərazisində
insanlar çox qədim zamanlarda, hələ 15-20 min il bundan əvvəl məskunlaşıblar.
Antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz
Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin
ortalarına qədər Səfəvilər dövlətinin,
XVIII əsrin ortalarından Talış
xanlığının, XIX əsrin ortalarından Lənkəran
qəzasının tərkibində olan bu ərazidə
bütün dövrlərdə qədim tarixə, zəngin mədəniyyətə
böyük diqqət olub. Tarixə nəzər
saldığımız zaman,
qarşılaşdığımız faktlar - 1274-cü ildə
Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin,
1501-ci ildə Şah İsmayıl Xətainin, 1922-ci ildə
görkəmli dövlət xadimi N.Nərimanovun, daha əvvəllər
isə Makedoniyalı İsgəndərin, Nadir şahın bu ərazidən
keçməsi də yəqin ki, bu mədəniyyətə və
tarixə olan marağın nəticəsidir.
Masallı tarixini şərti olaraq yazıya qədərki
və yazının meydana gəlməsindən sonrakı
dövrlərə bölmək olar. Abbasqulu ağa Bakıxanovun
"Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli
Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran"
(1896), səlnaməçi Mirzə Əhməd Mirzə
Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində,
həmçinin, bir sıra Avropa və rus səyyahlarının
səyahətnamə qeydlərində Masallının tarixinə
dair qiymətli məlumatlar yer alıb.
Masallının qədim, yəni yazıya qədərki
tarixi haqqında isə arxeoloji abidələr sayəsində
öyrənilir. Masallı ərazisi 168 qədim, sirli abidələr,
qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar məskənidir.
Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeoloji,
qalanları isə XX əsr abidələridir.
Masallının qədim tarixinin müəyyən hissəsi
Muğan mədəniyyəti ilə bağlıdır.
Muğan mədəniyyəti - son tunc-erkən dəmir
(e.ə. II minilliyin ikinci yarısı - e.ə. I minilliyin əvvəlləri)
dövrü arxeoloji mədəniyyətdir. Bu mədəniyyət nümunələri Azərbaycanda
Muğan çölündə və Talış
dağlarında aşkar edilib.
Muğan
mədəniyyətini yaradan tayfalar maldarlıq, əkinçilik
və ola bilsin ki, həm də
balıqçılıqla məşğul olurdular. Əmək alətləri, o cümlədən,
silahlar tuncdan və dəmirdən hazırlanırdı.
Dövlətimiz hər zaman öz tarixinə,
keçmişinə, milli mənsubiyyətini özündə
cəmləşdirən maddi-mənəvi abidələrinə
sahib çıxdığından Masallının da daxil
olduğu Cənub zonasının ərazisi də diqqətdən
kənarda qala bilməzdi. Cənub bölgəsini
arxeoloji cəhətdən öyrənmək üçün
1985-ci ildə Cənub-Şərqi Azərbaycanın arxeoloji
abidələrinin tədqiqi ekspedisiyası yaradıldı.
Bunda əsas məqsəd Cənub bölgəsinin
arxeoloji tədqiqi, eyni zamanda, arxeoloji abidələrin
külliyyatının hazırlanması və xəritələşdirilməsidir. Abidələrin
əksəriyyəti elmə məlum olmayan abidələrdir.
Eyni zamanda, yaşayış yerlərində,
şəhər yerlərində, qala və ya qəbir abidələrində,
onların mühümlüyünü nəzərə
almaqla, arxeoloji tədqiqatlar aparılır.
Bu iş
uzun müddətdir ki, davam edir. Bir neçə rayon ərazisində
faktiki olaraq, iş başa çatıb. Əslində, başa çatıb demək də doğru
səslənmir. Çünki hər
gün yeni abidələr ortaya çıxır. Əksər abidələrin yerüstü əlamətləri
olmur. Tutaq ki, hansısa bir kənd ərazisində
arxeoloji kəşfiyyat-gəzinti zamanı heç bir əlamətə
rast gəlinmir. Bir müddətdən sonra
həmin ərazidə təsərrüfat işləri və
ya qazıntı işləri aparıldıqda hansısa bir
arxeoloji material üzə çıxır.
Misal
üçün, keçən il
Masallı rayonunda Seybətin kəndi ərazisində
kanalizasiya və qaz xətti çəkilərkən, küp
qəbirlər nekropolu aşkar edilmişdi. Arxeoloqlar
məlumat daxil olan həmin əraziyə gələrək, tədqiqat
işləri aparmış, aşkar edilən abidə arxeoloji
xəritədə qeyd edilmişdi. Küp
qəbirlərini təmizləyərək, arxeoloji
materialları götürülüb və həmin arxeoloji
abidə Masallı rayonunun xəritəsinə salınıb.
Yerüstü əlaməti olmayan abidələr
Azərbaycanın Cənub ərazisində çox geniş
yayılıb. Onların əksəriyyəti
təsərrüfat işləri zamanı ortaya
çıxır.
Rayon ərazisində yerləşən, nadir quş və
balıq növləri ilə məşhur olan
Qızılağac qoruğu da diqqətçəkən məkanlardandır. Bu qoruqda
mühafizə olunan təbiət nümunələrindən bəzisi
nadir və nəsli kəsilməkdə olan canlı və
cansızların cəm edildiyi "Qızıl kitab"a
daxil olub.
Kənd məktəbindən
muzeyə...
Masallının tarixi, burada qədim dövrlərdən
məskunlaşmış insanların məşğuliyyəti,
rayonun bu günə qədərki inkişaf yolu, müasir
dövrünü ən yaxşı şəkildə
Tarix-Diyarşünaslıq muzeyindən öyrənə biləcəyimizi
düşünüb yolumuzu muzeyin yerləşdiyi Hişkədərə
kəndindən saldıq. Son dərəcə
müasir və zövqlü görünüşə malik
bina içində mühafizə etdiyi tarix barədə sanki
elə uzaqdanca "danışmağa"
başlamışdı. Muzeyin içərisində
işçilərlə, bələdçilərlə
görüşüb, onların zəngin və əhatəli
məlumatlarını dinlədikdən sonra həqiqətən
də muzeyin yaranma tarixinin, keçdiyi yolun nə qədər
maraqlı və bir böyük ərazinin tarixini özündə
hifz etmək baxımından bu tarixi abidənin nə qədər
əhəmiyyətli olduğunun fərqinə varırıq.
Muzey 1952-ci ildə Hişkədərə kənd sakini Rəhim Tağıyevin təşəbbüsü və rəhbərliyi ilə Hişkədərə kənd orta məktəbində yaradılıb. 15 il ictimai əsaslarla, heç bir dövlət vəsaiti sərf edilmədən fəaliyyət göstərən muzey, bu illər ərzində öz hesabına eksponatlarını xeyli zənginləşdirib. 1975-ci ildə toplanılan eksponatlar üçün muzey binası inşa edilib və 1978-ci ildən Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. 2005-ci ildən muzey onu yaradanın - Rəhim Tağıyevin adını daşıyır.
Ölkəmizdə muzey işinin yüksək səviyyədə təşkil olunması, bu sahədə daha modern layihələrin tətbiq edilməsi, əhali, xüsusilə də gənclər arasında tariximizə marağın artırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, muzeyin fəaliyyəti də yenidən təşkil olunub. Muzeyin təyinatına uyğun yeni binada yerləşdirilməsi zərurəti yaranıb.
2014-cü ildə tikintisinə başlanan muzey iki il əvvəl qapılarını ziyarətçilərin üzünə açıb. Hazırda muzeyin fondu və kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltəraşlıq, tətbiqi incəsənət, arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər, sənədlər bölməsindən ibarətdir. Əsas fondda müxtəlif dövrləri əhatə edən 19 mindən çox qiymətli eksponat var ki, onlardan 2000-i ekspozisiyada sərgilənib. Nümayiş etdirilən eksponatlar bölgənin təbiətini, qədim dövrünü (daş silahlar, qablar, müxtəlif gil qablar), etnoqrafiyasını (əmək alətləri, toxuculuq məişət əşyaları, geyim və bəzək əşyaları), antik və müasir dövrə aid sikkə və əskinaslarını əks etdirir.
(Ardı var)
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2018.- 4 sentyabr.- S.6.