Özbəkistanın Şərq qapısı - Andicandan reportaj
Fərqanə vadisini nahaq yerə Mərkəzi Asiyanın döyünən
ürəyi adlandırmırlar. Bura böyük
iqtisadi əhəmiyyətə
malik ərazidir, son illər isə həm də turistlərin diqqətini cəlb etməkdədir.
Müxtəlif ölkələrdən olan
turistlər Fərqanə
vadisinə də səfər etməyə başlayıblar. Ərazidə qədim məkanlarla
yanaşı, həm də aqroturizmin inkişafı üçün
islahatlara başlanılıb.
Yaxın
gələcəkdə bura
aqroturizmi sevənlərin
bir nömrəli səyahət ünvanına
çevriləcək. Vadidə ekoturizm, qastronimik turizm, dini turizm
də inkişaf etdirilir.
Fərqanə vadisinə Fərqanə, Andican, Namanqan və Kokand vilayətləri
daxildir. Hər vilayətin mərkəzi
eyniadlıdır, vilayətlər
şəhər və
rayonlara bölünür.
Özbəkistanın baş şəhəri Daşkənddən Fərqanə
vadisinə sürət
qatarları işləyir. Daşkənddən
saatda 150-160 kilometr sürətlə irəliləyən
"Afrosiyob" sürət
qatarı Andicana altı saata çatır. "Afrosiyob" sürət qatarı həm
də uzun yolu qısaldır. Belə ki, əvvəllər Fərqanə vadisinə -
Andican, Kokand, Fərqanə
və Namanqana getmək üçün
xeyli yol qət eləmək lazım idi. Amma 2016-cı ildə Angren şəhərini
Papa birləşdirən, 19,2 kilometr uzunluğunda Kamçık tuneli istifadəyə veriləndən
sonra Daşkənd və ölkənin digər əraziləri ilə Fərqanə vadisinin şəhərləri
arasında birbaşa və sürətli əlaqə yaranıb. Özbəkistanın Çinlə
birgə tikdiyi Anqren-Pap dəmir yolunun ümumi uzunluğu 123,1 kilometrdir ki, bunun da 19,2 kilometri
Kamçık tunelinin
payına düşür.
Vadinin ən böyük vilayətlərindən
biri Andicandır. Vilayətin eyniadlı
mərkəzi şəhəri
Fərqanə vadisinin
ən qədim şəhərlərindəndir. Qırğızıstanla sərhəddə yerləşən Andican Özbəkistanın dördüncü
iri şəhərdir
- 450 min nəfər əhalisi
var. Andican vilayətində
isə hazırda 3 milyona yaxın insan yaşayır. 4,2 min kvadratkilometr ərazisi olan vilayətdə 14 rayon, iki
müstəqil şəhər
mövcuddur. Buranı
ÖZBƏKİSTANIN
ŞƏRQ QAPISI
da adlandırırlar.
Tarixi eramızdan əvvəl
3-4-cü əsrlərədək gedən bu şəhər
qədimdə Böyük
İpək Yolu üzərində mühüm
ticarət mərkəzi
funksiyasını daşıyıb.
Üstəlik, pambıq və
ipək istehsalı ilə də məşhur olub. 1902-ci ildə baş
verən dəhşətli
zəlzələ şəhəri
xarabazara çevirib.
Məscidlər və mədrəsələr
istisna olmaqla, şəhərdə aparılan
tikinti işləri binaların klassik görünüşünü müasirləşdirib. Bu gün də Andican ənənəsinə
sadiq qalaraq Özbəkistanın ən
iri sənaye mərkəzlərindən biri
olmaqda qalır. Pambıq və ipək istehsalı, emalı və toxuculuq fabrikləri ilə yanaşı, müasir minik avtomobilləri istehsal edən zavodlar da buradadır.
Yerli istehsalın payına həm də "Damas", "Chevrolet" yüngül
minik avtomobilləri daxildir. "Damas"lardan
ictimai nəqliyyatda taksi kimi də
istifadə olunur.
Qiyməti də münasibdir,
yenisi 5-6 min dollar təşkil
edir.
Andican yaşıllığı,
səliqəsi ilə
göz oxşayır.
Ərazidə üzümlüklər, günəbaxan plantasiyaları,
meyvə ağacları
xüsusi səliqə
ilə salınıb.
BABUR
ŞAHIN VƏTƏNİ
Andicanın mərkəzində yerləşən
Babur şah istirahət
mərkəzi həm şəhər əhalisinin,
həm də qonaqların ən çox baş çəkdikləri, istirahət
etdikləri məkandır. İstirahət məkanının giriş
qapısının qarşısı
qırmızı-çəhrayı çiçəklərlə əhatələnib.
Tən ortada isə Moğol imperiyasının
qurucusu və ilk hökmdarı Babur şahın
heykəli ucalır.
Parkın giriş qapısı
Şərq-Moğol memarlığında
tikildiyi üçün
buranı daha möhtəşəm edib.
Andicanlılar bura həm də
istirahət, piknik məqsədilə gəlir,
əylənir, özbək
milli musiqilərinin sədaları altında rəqs edirlər, xanımlar isə məşhur özbək plovu hazırlayırlar. Yerli əhali
deyir ki, buranın plovu bir başqadır. Yəni ən dadlısı məhz Andicanda hazırlanır. Burda hazırlanan
plovun düyüsü
fərqlidir, qəhvəyi
rəngə çalır
ki, bu düyü
də yalnız Andicanda yetişdirilir.
Plovu parkda hazırlayıb qonaqlara ikram edirlər. Lazım olan ərzaqlar
isə düyü, qoyun əti, sarı rəngli kök və soğandır.
Bu parkda qapıdan
içəridə, meydanın
ortasında böyük
Babur şahın taxtında
oturmuş formada heykəli ucalır. Bir az yuxarıdakı
terras sahədə qədimi üslubu ilə diqqət çəkən kiçik
bina, daha yuxarıda isə sərdabə yerləşir.
Dağın başına qalxmaq
üçün isə
sərdabənin hər
iki tərəfindən
daş pilləkənlər
tikilib.
Yeri gəlmişkən,
qədimi binada hazırda Babur şahın
həyatına dair əşyaların sərgiləndiyi
muzey fəaliyyət göstərir. Muzeydə Babur şahın hakimiyyəti zamanı mövcud olan dövlət bayrağı, o dövrə
aid küp, vaza və digər nümunələr, Moğol
əsgərinin istifadə
etdiyi qılınc, yay-ox və sair kimi silahların
oxşarları, sikkələr,
hətta Babur şahın
adına təsis edilmiş medal sərgilənməkdədir.
Təpənin zirvəsində isə
ağ mərmərdən
tikilmiş sərdabənin
altında Babur şahın
məzarı var. Amma məzarda sadəcə böyük hökmdarın
Kabuldakı məzarından
götürülmüş torpaq "dəfn olunub". Şahın əsl məzarı
Əfqanıstanda, Kabuldadır.
Burada isə belə demək mümkünsə,
Babur şaha öz vətənində simvolik
məzar salınıb.
Babur 14 fevral 1483-cü ildə Andican şəhərində anadan
olub. Babur ata tərəfdən Teymurilər
sülaləsindən, ana
tərəfdən isə
Çingizlilər sülaləsindəndir.
Onun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas, anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. 1494-cü ildə atasının ölümündən sonra
12 yaşında ikən
Fərqanənin hakimi
olub. Babur 1526-cı ildə Böyük Moğol İmperiyasının
əsasını qoyub
və onun ilk hökmdarı olub.
Dekabrın 26-da 1530-cu
ildə Aqrada 47 yaşında vəfat edib. O, müdrik və ağıllı dövlət xadimi olmaqla yanaşı, həm də şair idi. Babur
şah mükəmməl
təhsil alıb, elm və sənət adamlarının əhatəsində
olub. O, Əlişir
Nəvaidən sonra çağatayca yazılmış
ədəbiyyatın ən
böyük şairi hesab olunur. Baburun
eşq, təbiət,
gözəllik, sosial həyat, əxlaq və təsəvvüf kimi mövzulara toxunduğu divanın cəmi beş
nüsxəsi var. Bunlardan
üçü Türkiyədə,
biri Fransa, biri isə Hindistanda
saxlanılır.
Baburun ən önəmli əsəri çağatayca yazdığı
Baburnamə əsəridir. Bu əsərdə
Babur uşaqlığından həyatının sonlarına
qədər olan hadisələrdən bəhs
edib, gəzib gördüyü yerlər,
tanış olduğu insanlar və mədəniyyətlər
haqqında yazıb, bir çox sərkərdə və dövlət xadimlərini
xarakterizə edib.
Böyük Baburun adını daşıyan parkda tikinti quruculuq işləri davam edir. Burada kanat yolu salınıb, uşaqlar üçün pansionat yenidən qurulur, sakinlərin istirahəti üçün kafe-çayxanalar,
xeyli uzaqda isə məşhur "Titanik" gəmisinin silueti quraşdırılıb.
YUNİSƏLİ BABANIN YARATDIĞI CƏNNƏT
Andicandan təxminən bir saatlıq məsafədə qədim tarixə malik Mərhəmət şəhəri yerləşir. Bura həm də 72 yaşlı Yunusəli babanın öz həyətində yaratdığı cənnətlə məşhurdur. Yolüstü həmin cənnətə baş çəkirik. Bizdən qapıda dayanmağı xahiş edir, bir neçə saniyə sonra isə əlində kiçik ağ parça və özbək milli ornamentli ipək parçanı qapının girişinə atır, deyir ki, əziz qonaqlarımızı belə qarşılayırıq. Həmin parça isə sonra qonağa hədiyyə edilir. Yunisəli baba geniş həyətinə su arxı çəkdirib, ağacların üzərində, həyətdən axan arxın üzərində kiçik istirahət yerləri salıb. Arxda isə yüzlərlə balıq saxlanılır, dediyinə görə qışda çox soyuq olduğu üçün balıqlar payızın sonunda toplanaraq istifadə olunur. Növbəti ilin yazqabağı isə yenidən kiçik balıqlar alınaraq həmin arxa buraxılır.
Həyətdə cığırların yanlarında sırayla əkilmiş "Cənnət" və "Ağ alma" ağacları, üzüm bağı, çiyələk kolları, tərəvəz bağı salınıb. Xüsusi dizaynda budanan ağacların arasında kiçik çardaqlar salınıb. Ailələr burada dincəlir, yemək, çay süfrəsi hazırlayır. Burda həm də qonaqlar üçün əyləncə proqramı təşkil olunur. Beləcə bu cənnətdən ayrılırıq, növbəti ünvan isə Mərhəmətdəki antik şəhərdir...
Pərvanə SULTANOVA
525-ci qəzet.- 2018.- 4 sentyabr.- S.6.