Azərbaycan Ədliyyəsi: 100 ildə
keçilən şanlı tarixi yol
1918-ci il may ayının 28-də Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması ilə Azərbaycanda dövlətçiliyin
yeni mərhələsi-demokratik idarəçilik ənənələrinin
formalaşması prosesi başlandı, bəşəri
inkişafın yaratdığı mütərəqqi
ictimai-siyasi görüşlərə söykənən
dövlətçilik ənənələrinin nəhəng
Şərqdə təməli atıldı.
Şərqdə yaranan bu ilk respublika həm də milli mədəniyyətimizin
üzərində qurularaq, xalqımızın milli
şüurunun inkişafını, milli
varlığımızın qorunub saxlanmasını öz
siyasətində prioritet məsələyə çevirdi.
Xalq Cümhuriyyəti yarandığı ilk dövrdən
dövlət mexanizmini sürətlə
formalaşdırılmağa başladı. Cümhuriyyətin
ilk parlamenti və hökuməti yaradıldı. Eyni zamanda, yeni hüquq sisteminin
formalaşdırılması istiqamətində işlər
aparılmış, dövlət qurumları qanunvericilik
aktlarının qəbulu və ictimai həyatın yeni
normalara uyğun tənzimlənməsi ilə bağlı
mühüm tədbirlər həyata keçirə bildi.
Bu istiqamətdə hökumətlə
yanaşı, parlamentin gördüyü işlər dövlətçiliyin
möhkəmləndirilməsinə xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud
olduğu dövrdə parlament tərəfindən ictimai həyatın
müxtəlif sahələri üzrə münasibətləri
tənzimləyən, iqtisadiyyatın, mədəniyyətin,
bütövlükdə cəmiyyətin inkişafını
ehtiva edən 230-a yaxın qanun qəbul olundu.
Hüquq sisteminin inkişafına verilən əhəmiyyətə
görədir ki, Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması ilə bir gündə Ədliyyə Nazirliyi də
təsis edildi.
1918-ci ilin noyabr ayının 22-də isə
Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət
istiqamətlərini və səlahiyyətlərini müəyyən
edən mühüm akt-nazirliyin Əsasnaməsi təsdiq
olundu. Beləliklə, Azərbaycan Xalq
Cümhuriyyətinin qoyduğu təməl əsasında
müasir dövlətçilik ənənələrinə və
konsepsiyasına söykənən Azərbaycan ədliyyəsinin
tarixi yazılmağa başlandı.
Ədliyyə Nazirliyi Xalq Cümhuriyyətinin mövcud
olduğu qısa dövr ərzində digər
hüquq-mühafizə orqanları ilə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərməklə yanaşı, qanunvericilik, normativ
aktların hazırlanması və tətbiqi, hüquq
mühafizə fəaliyyəti sahəsində önəmli
işlər həyata keçirmişdir. Nazirlik ölkədə
qanunçuluğun təmin edilməsi üçün
qısa müddət ərzində müstəqil məhkəmə
sisteminin formalaşması baxımından mühüm işlər
görə bilmişdir. Nazirlər Şurasının qərarları
ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin
və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa
edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin
labüdlüyü nəzərə alınaraq noyabr
ayının 14-də Azərbaycan Məhkəmə
Palatasının Əsasnaməsi qəbul olunmuşdur.
Hökümətin
1919-cu il 11 avqust tarixli qərarı ilə
Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar
Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə
iş təkmilləşdirilmişdir.
Bu
müddət ərzində, Ədliyyə Nazirliyinin təşəbbüsü
ilə "Məhkəmə idarəsində vəzifələrə
namizədlər haqqında" "Azərbaycanın
andlı iclasçılar məhkəməsinin təsis edilməsi
haqqında" və digər qanunlar parlamentdə müzakirəyə
çıxarılması da nazirliyin dövlətçiliyin əsaslarının
möhkəmləndirilməsi istiqamətində
apardığı işlərin mühüm göstəricilərindəndir.
Azərbaycan
Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən
işğal edildikdən sonra 13 may 1920-ci il
tarixdə Ədliyyə Nazrliyi ləğv edilmiş və əvəzində
Xalq Ədliyyə Komissarlığı qurulmuşdur.
1933-cü ildə Xalq Ədliyyə
Komissarlığının yenidən təşkili nəticəsində
qanun layihələrinin hazırlanması, qanunların şərhi,
məhkəmə kadrlarının hazırlanması, Ali Məhkəməyə,
prokurorluq orqanlarına və vəkillərə nəzarət
edilməsi kimi bir sıra yeni səlahiyyətlər
Komissarlığa həvalə olunmuşdur. 1937-ci
ildə təsdiq olunmuş Xalq Ədliyyə
Komissarlığının yeni Əsasnaməsinə görə
Komissarlığın fəaliyyəti bir xeyli məhdudlaşdırıldığından
səlahiyyətlərinin əsas predmetini məhkəmə və
notariat orqanlarının işinin təşkili və onlara nəzarət
təşkil etmişdir. 7 dekabr 1959-cu il
tarixdə isə Ədliyyə Komissarlığı ləğv
edilərək səlahiyyətləri digər dövlət orqanları
arasında bölüşdürülmüşdür.
Sovet hakimiyyəti illərində Azərbaycanda ədliyyə
sisteminin yenidən inkişafı Ümummilli lider Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf
edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı
ilə Ədliyyə Nazirliyinin yenidən yaradılması Azərbaycan
ədliyyəsinin tarixində mühüm rol oynamış və
bu sahədə formalaşan təcrübə bugünkü ədliyyə
sisteminin qurulmasına öz töhfəsini vermişdir.
O dövrdən başlayaraq ədliyyə sistemi dövlət
mexanizminin mühüm elementi kimi öz rolunu
artırmış, hüquq-mühafizə fəaliyyəti,
struktur formalaşması, digər orqanlarla
qarşılıqlı əlaqənin səmərəli və
operativ təmin edilməsi istiqamətində işlərin
normativ və praktiki təşkili üzrə mühüm təcrübə
formalaşmışdır. Həmin bu təcrübə
Azərbaycanda müstəqilliyin ilk illərində ədliyyə
sisteminin gələcək inkişafını qura bilmək
üçün mühüm baza rolunu oynamışdır.
SSRİ-nin
dağılması ilə yenidən müstəqilliyə nail
olmuş Azərbaycan xalqı tez bir zamanda dövlətçiliyin
itirilməsi, Azərbaycanın parçalanması təhlükəsi
ilə üz-üzə qaldıqda Ümummilli liderin yenidən
hakimiyyətə gəlməsinə zərurət
yaranmışdır. Azərbaycanda müstəqil dövlətin
mövcud ola bilməsi və cəmiyyətin
xaosdan qurtulması Ümummilli lider Heydər Əliyevin hakimiyyətə
gəlməsində görülürdü. Beləliklə,
anarxiya və müharibə şəraitində Heydər
Əliyev hakimiyyətə qayıtdı. Ümummilli
liderin yenidən hakimiyyətə gəlməsi ilə cəmiyyətin
və dövlətin həyatında sürətli dəyişikliklər,
quruculuq işləri başladı. Müstəqil
dövlət quruculuğu istiqamətində görülən
işlər, aparılan islahatlar bir-neçə il ərzində sabit və dinamik inkişaf xəttini
tuta bilən dövlət aparatının formalaşmasına,
bu inkişafa imkan verən qanuvericlik bazasının, hüquq
sisteminin yaradılmasına səbəb oldu. Bu
cür dinamik dəyişikliklər nəticəsində
Ədliyyə Nazirliyi zəngin və şərəfli
inkişaf yolu keçərək cəmiyyətimizin həyatında
qanunçuluğun, hüququn aliliyinin, ictimai-siyasi sabitliyin,
insan və vətəndaş hüquq və
azadlıqlarının təmin edilməsində əsas rol
oynayan orqanlardan birinə çevrildi.
Ümummilli
liderin islahatların sürətlə aparıldığı
bir dövrdə ədliyyə sisteminin dövlət
mexanizmininin işləkliyinin təmin olunmasında
oynadığı rola verdiyi əhəmiyyətə görədir
ki, 11 noyabr 2000-ci il tarixli sərəncamla
22 noyabr-Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiqləndiyi
gün, Respublikamızda ədliyyə işçilərinin
peşə bayramı kimi qeyd olunmağa
başlanmışdır. Bu sərəncamla dövlət
başçısı özünün və dövlətimizin
siyasətində mütərəqqi tarixi ənənələrin
qırılmazlığına, milli şüurun, müstəqillik
ideyasının inkişafına verdiyi diqqətin bir nümunəsini
sərgiləmiş, ədliiyyə işçilərinin
peşə fəaliyyətinin xalqımızın tarixində
yer alan qürur verici hadisələrlə
və ənənələrlə qırılmaz əlaqəsini
hüquqi müstəvisinə ötürmüşdür. 16 avqust 2001-ci ildə Azərbaycanın Ədliyyə
tarixi ilə bağlı muzeyin yaradılması da dövlət
başçısı tərəfindən ədliyyəyə
verilən dəyərin göstərici idi. Ümummilli
liderin təşəbbüsü əsasında muzeyin
açılışı Xalq Cümhuriyyəti zamanından
bu günə qədər gəlib çıxan ədliyyəmizin
tarixi ənənəsinə varisliyin dövlət tərəfindən
qəbul edilməsi adına
atılmış önəmli və dəyərli addım
olmuşdur.
Ümummilli
lider Heydər Əliyevin yaratdığı siyasi xətti
uğurla davam etdirən ölkə Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin
inkişafı yolunda yeni nailiyyətlər əldə
edilmiş, həyata keçirilən ardıcıl və məqsədyönlü
islahatlar nəticəsində nazirliyin cəmiyyətin idarə
olunmasında yeri və rolu daha da artmış, nüfuzu və
mövqeyi möhkəmlənmişdir. 2006-cı ildə
Prezident İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi
haqqında Əsasnamə təsdiq edilməklə Ədliyyə
Nazirliyinə hüquq-mühafizə orqanı statusunun verilməsi
bu gün böyük səlahiyyətlərə malik olan
Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinin,
onun qarşısında duran mühüm vəzifələrin
miqyasının ciddi şəkildə genişlənməsinin
hüquqi təsbiti, dövlətin hüquq siyasətini həyata
keçirən orqan kimi cəmiyyətdə ciddi nüfuza
malik olmasının göstəricisidir. 26 may və 17 avqust
2006-cı il tarixlərində dövlət
başçısı tərəfindən müvafiq Fərmanlar
imzalanmaqla "Ədliyyə orqanlarında qulluq keçmə
haqqında" və "Ədliyyə orqanlarının
inkişafı haqqında" Qanunlar qəbul olunmuşdur. Həyata keçirilmiş islahatlar nəticəsində
Ədliyyə orqanlarına qəbul prosesi durmadan inkişaf
etdirilmiş və 2006-cı ildən sonra isə ədliyyə
orqanlarında xidmətə qəbul prosesi şəffaf
müsabiqə yolu ilə aparılmağa
başlanmışdır. Sənədlərin
qəbul edilməsi prosesinin optimallaşdırılması və
imtahan prosesinin internet üzərindən canlı
yayımlanması ədliyyə orqanlarında qulluğa qəbulun
təkmilləşdirilməsinin təzahürüdür.
"Açıq hökumət" prinsiplərinin
ədliyyə sistemində geniş tətbiqi, nazirliyin internet
saytlarının interaktiv rejimdə fəaliyyəti, ədliyyə
saytlarının mobil versiyalarının istifadəyə
verilməsi, əhaliyə göstərilən elektron xidmətlər
də ədliyyə fəaliyyətində şəffaflığın
artırılmasına yönələn mühüm tədbirlərdəndir.
Prezident
İlham Əliyevin 2009-cu il 6 fevral tarixli sərəncamına
əsasən isə Azərbaycanda ədliyyənin
inkişafına dair Dövlət Proqramı təsdiq
olunmuş və icra edilməyə başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə təsdiq
olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına
dair 2009-2013-cü illər üçün Dövlət
Proqramı" ölkəmizdə ədliyyə sisteminin daha
da təkmilləşməsində, işinin müasir tələblərə
uyğun qurulmasında, ədalət mühakiməsinin həyata
keçirilməsində iştirak edən orqanların fəaliyyətindəki
səmərəliliyin artırılmasında önəmli rol
oynamışdır. Eyni zamanda, Azərbaycan
Respublikasında aparılan uğurlu siyasət nəticəsində
Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələri dərinləşmiş,
dövlətimiz nüfuzlu beynəlxalq qurumlarda böyük
uğurlara nail olmuşdur.
Onu da
xüsusi vurğulamaq lazımdır ki, Ədliyyə Nazirliyi
hüquq-mühafizə orqanı olmaqla yanaşı, qanun
yaradıcılığında fəal iştirak edən orqan
kimi ötən il ərzində cəmiyyətimizin inkişafına,
əhalinin maddi və sosial vəziyyətinin
yaxşılaşdırılmasına yönəlmiş 1300-ə
yaxın normativ hüquqi sənəd layihəsi
hazırlamış, bu qurum tərəfindən 2600-dən
çox layihə hüquqi ekspertizadan keçirilmiş, əhalinin
təmənnasız istifadəsinə verilmiş milli qanunvericiliyin
e-qanun.az və huquqiaktlar.gov.az elektron reyestrlərinə 5.100 sənəd
daxil edilmiş, həmin bazalara müraciət edənlərin
sayı artaraq 740 mini ötmüşdür.
Əhalinin mütəmadi təmasda olduğu notariat
orqanlarında xidmətin təşkili təkmilləşdirilmiş,
notariat kontorlarının işi vətəndaş məmnunluğu
prinsipinə uyğun qurulmaqla təşkil olunmuşdur. Təsadüfi
deyil ki, rəsmiləşdirilən notariat hərəkətlərinin
90 faizdən çoxu ölkədə geniş tətbiq olunan
xüsusi notariat institutunun payına düşür. Ölkəmizdə notarius korpusunun şəffaf
prosedurlar əsasında formalaşdırılması,
xüsusi notariatın və elektron notariatın geniş tətbiqi
notariat işinin səmərəli təşkilinə
böyük töhfələr verir. Notariat
orqanlarının işinin təşkilində əldə
olunan nailiyyətlər Azərbaycandan kənarda da ciddi maraq
doğurmuş, islahatlar və dəyişikliklər beynəlxalq
qurumlar tərəfindən diqqət mərkəzində
olmuşdur. Təsadüfi deyil ki, hətta
xarici dövlətlərin notariusları tərəfindən
bu cür müsbət təcrübəyə xüsusi diqqət
göstərilir və nail olunan yeniliklər onlar tərəfindən
maraqla öyrənilir.
Azərbaycanda həyata keçirilən məhkəmə
islahatları, o cümlədən, bu sahədə də tətbiq
olunan yeniliklər beynəlxalq aləmdə böyük maraq
doğurur və əldə olunan uğurlar hətta Azərbaycandan
kənarda da təqdir edilir. Avropa Şurası
dövrü nəşrlərində belə bu sahədə həyata
keçirilən islahatların, görülən işlərin
işıqlandırılmasına xüsusi yer ayırır,
Azərbaycanda hakimlərin seçim prosedurunun şəffaflığı
və obyektivliyi digər ölkələr üçün də
örnək kimi dəyərləndirilir. Azərbaycan
Respublikasında ədalət mühakiməsi sistemində
aparılmış islahatlar, ölkəmizdə məhkəmələr
üçün unikal infrastrukturun yaradılması, müasir
informasiya texnologiyalarının və yeniliklərin tətbiqi
beynəlxalq ekspertlər tərəfindən təqdirəlayiq
nəaliyyət və qanunçuluğun təmin edilə bilməsini
mümkün edən amillərdən biri kimi qiymətləndirilir.
Müasir Azərbaycanda hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı çevik və uzaqgörən dövlət idarəçiliyinin həyata keçirilməsinin bəhrəsidir. Ölkəmizdə ədliyyə sisteminin səmərəli inkişafı da dövlət başçısının rəhbərliyi ilə cəmiyyətimizin yeni qlobal çağırışlara uyğun inkişaf etdirilməsi, sosial-iqtisadi və mədəni inkişafının təmin olunması ilə üzvü əlaqədə baş verir. Bütün bunlar ictimai həyatımızın bütün sahələrində tərəqqinin və yüksəlişin bariz nümunəsi olmaqla vətəndaşlarımızda öz dövlətinə görə yüksək iftixar hissi doğurur. Artıq Azərbaycan xalqı cəmiyyətin davamlı inkişafını, qanunçuluğun, hüquq və azadlıqların dönmədən təmin olunmasını həyatımızın reallığı kimi qəbul edir ki, bu da ictimai şüurda dövlətə, ölkənin rəhbərliyinə olan güclü inamın bariz göstəricisidir.
İlqar MƏMMƏDOV
Fəlsəfə elmləri namizədi, Bakı
şəhəri 11 saylı Notariat kontorunun notariusu
525-ci qəzet.- 2018.- 4 sentyabr.- S.4.