Litvada Azərbaycan Xalq Cümhuriyyəti ilə münasibətlərin 100 illiyi qeyd olunur

 

 

Vilnüsdə, Litva Elmlər Akademiyasının T.Vrublevski adına Elmi kitabxanasının Nadir nəşrlər Əlyazmalar şöbəsinin oxu zalında "Litva - Cənubi Qafqaz dövlətlərarası münasibətləri - 1918-1922-ci illər" mövzulu sənədlər sərgisinin açılışı olub.

Üç bölmədən ibarət olan sərgi Litva dövlətinin bərpa edilməsinin 100 illik yubileyi, həmçinin, Litvanın Cənubi Qafqaz respublikaları ilə diplomatik münasibətlər qurmasının 100-cü ildönümü münasibəti ilə düzənlənib. Bununla bağlı qeyd etmək istərdik ki, 1918-1922-ci illərdə Tiflisdə Litvanın Cənubi Qafqaz dövlətlərindəki ümumi Diplomatik nümayəndəliyi fəaliyyət göstərib.

Sərgi T.Vrublevski adına Elmi kitabxana Litva Azərbaycanlıları Cəmiyyəti tərəfindən birgə təşkil olunub. Burada nümayiş olunan sənədlər, foto şəkillər, müxtəlif tarixi eksponatlar Elmi kitabxananın fondlarından Cəmiyyətin arxivindən götürülüb.Cəmiyyət, həmçinin, sərgiyə aid sənədli icmalın, müxtəlif açıqlama izahların, diplomatik yazışmalara dair tarixi arayışların ortaq müəllifi olaraq çıxış edir. Sərginin kuratoru Elmi kitabxana direktorluğunun elmi məsələlər üzrə müavini, humanitar elmlər doktoru Rima Tsisenene, redaktorları - kitabxananın elmi əməkdaşları - tarixşünas Rasa Sperskene, Elmi informasiya şöbəsinin müdiri, humanitar elmlər doktoru Giedre Miknene Vilnüs Rəssamlıq Akademiyasının dosenti, dilçi alim Arturas Yudjentisdir.

Dövlətlərarası münasibətlərimizin 100 illiyinə həsr olunmuş tarixi-sənədli sərginin keçirilməsinin təşəbbüsçülərindən əsas təşkilatçılarından biri - tanınmış ədəbiyyatşünas, publisist tərcüməçi, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevdir. M.Həmzəyev həm Litvada, həm Azərbaycanda qədim Litva-Azərbaycan ədəbi, mədəni, tarixi ictimai-siyasi əlaqələrini, həmçinin, 1918-1922-ci illərdə Litvanın Cənubi Qafqaz ölkələri ilə dövlətlərarası münasibətlərini ən mötəbər arxiv mənbələri əsasında araşdıran nüfuzlu tədqiqatçı kimi tanınıb.

Mahir Həmzəyev dövlətlərarası münasibətlərimizin zəngin tarixi ilə bağlı "525-ci qəzet"ə bildirib: "Litva Respublikasının Azərbaycan Xalq Cümhuriyyəti ilə rəsmi əlaqələrinin 100 illiyinə həsr olunmuş bölmə sərginin ən dolğun informasiya tutumlu stendlərindən biri olaraq diqqəti cəlb edir. Litva dövlətinin bərpa edilməsi barədə Deklarasiya 16 fevral 1918-ci ildə Vilnüsdə elan edilib. 23 iyul 1918-ci ildə Litva Dövlət Şurası Cənubi Qafqaz dövlətlərində Diplomatik nümayəndəliyin təsis olunması ilə bağlı Qərar qəbul edib elə həmin gün Qafqaz Litvalıları Şurasının sədri, o vaxt Tiflisdə Oğlanlar gimnaziyasında riyaziyyat müəllimi olaraq çalışmış litvalı ictimai xadim Pranas Daylide (1888-1965) Litva dövlətinin Cənubi Qafqaz respublikalarındakı diplomatik təmsilçisi təyin olunub.

Diplomatik nümayəndə P. Daylide öz etimadnaməsini (lettres de creance) Cümhuriyyət Hökumətinə 1918-ci ilin sentyabrında təqdim edib. 1919-cu ilin martın 22-də Litvanın Qafqaz dövlətlərindəki Diplomatik nümayəndəsinin Azərbaycan Respublikasının Xarici işlər naziri Məmməd Yusif Cəfərova (1885-1938) ünvanladığı 142 saylı Notada ehtiva olunmuş vəsatət əsasında Bakıda Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki Konsulluğu təsis edilib. Litva ədəbiyyatının məşhur klassiki, Bakı 1-ci Realnı məktəbinin rus dili ədəbiyyatı müəllimi Vintsas Kreve-Mitskəviçyus (1882-1954) o zaman müstəqil Litvanın Cümhuriyyətdəki ilk konsulu təyin edilib. Litva konsulluğunun Bakıda fəaliyyətə başlaması barədə rəsmi xəbər dövlət nəşri "Azərbaycan" qəzetinin 27 mart 1919-cu ildə çapdan çıxmış sayında dərc olunub. Konsul V. Kreve-Mitskəviçyus o vaxtlar Bakıda Vikenti İosifoviç Mitskeviç kimi tanınıb".

M.Həmzəyev deyib ki, Litva konsulluğu ilkin dövrdə Bakıda keçmiş Pozenovskaya küçəsindəki 15 nömrəli binada fəaliyyət göstərib (1929-cu ildə Bakı şəhər Soveti Rəyasət Heyətinin qərarı ilə həmin küçənin adı dəyişdirilərək Fridrix Engels küçəsi adlandırılıb. 1992-ci ildən küçə "Cəfərov qardaşları" adını daşıyır). 1919-1920-ci illərdə Litva Azərbaycan keçmiş Rusiya imperiyasının ucqarlarında dövlət bağımsızlıqlarını təzəcə elan etmiş digər ölkələrlə bərabər Paris Sülh Konfransında müstəqilliyin tanınması istiqamətində tərəfdaşlıq edərək birgə diplomatik səylər göstəriblər: "Azərbaycan Sülh Nümayəndə heyətinin sədri Ə.M. Topçubaşov 1919-cu ildə Parisdən Cümhuriyyət Hökumətinə ünvanladığı məktubların birində göstərir ki, "...Estoniya, Litva, Ukrayna, Latviya, Belorusiya nümayəndə heyətləri ilə zəif olsa, əlaqələrimiz mövcuddur..."  Biz birgə diplomatik səylər deyərkən ilk növbədə, Cümhuriyyətin Nümayəndə heyəti üzvləri ilə bərabər göstərilən dövlətlərin təmsilçiləri tərəfindən Paris Sülh Konfransının sədrinə, müttəfiq ölkələrin Ali Şurasına İtaliya Parlamentinə müstəqilliyin tanınması ilə bağlı ünvanlanmış birgə deklarasiyaları, etiraz notalarını digər kollektiv müraciətləri nəzərdə tuturuq.

Azərbaycan Parlamenti 1920-ci ilin aprel ayının 22-də bir sıra Avropa ölkələrində Amerikada - Fransa, Böyük Britaniya, İtaliya, ABŞ Polşada fəaliyyət göstərəcək diplomatik missiyaların təsis edilməsi haqqında qərar qəbul edib. Göstərilən qərarın qəbul edilməsi ilə bağlı ADR Xarici işlər naziri Fətəli xan Xoyski (1875-1920) martın 14-də Parlamentə təqdim etdiyi izahedici arayışda qeyd edirdi ki, Azərbaycanın Polşada təsis ediləcək diplomatik nümayəndəliyi bir sıra orta Avropa ölkələrində - Rumıniya, Latviya, Ukrayna, Estoniya, Finlandiya ilə yanaşı, Litva dövlətində akkreditə olunacaq.

Lakin əfsuslar olsun ki, bu qərarın qəbul edilməsindən bir neçə gün sonra bolşeviklər Rusiyası tərəfindən həyata keçirilmiş 28 aprel çevrilişi müstəqil Azərbaycanın işğalı ADR hökumətinin diplomatik nümayəndəliklər açmaq barədə qərarın icrasını alt-üst etdi. 

Litva konsulu V.Kreve-Mitskəviçyus Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra - 1920-ci ilin iyun ayında Bakını tərk edərək Vətəninə qayıdıb".

M.Həmzəyev qeyd edib ki, 25 sentyabr 1920-ci ildə Tiflis  şəhərində Azərbaycan SSR Hökuməti və Litva Respublikası Hökuməti arasında müqavilə bağlanıb. Müqavilə Azərbaycan SSR ərazisində yaşayan Litva vətəndaşlarına və Litva Respublikası ərazisində yaşayan Azərbaycan SSR vətəndaşlarına qarşılıqlı şəkildə hüquqi təminatların verilməsi haqqında idi. Bu sənədi Azərbaycan SSR Hökuməti adından Xalq xarici işlər komissarı Mirzə Davud Hüseynov (1894-1938), Litva Respublikası Hökuməti adından isə Litvanın Qafqaz dövlətlərindəki diplomatik nümayəndəsi P. Daylide imzalayıblar: "Bakıdakı Litva Konsulluğu 1922-ci ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının yaradılmasına qədər fəaliyyət göstərib. Həmin dövrdə Bakı yəhudiləri icmasının nüfuzlu xadimlərindən biri olaraq tanınmış məşhur həkim Mixail Markovski bolşevik Rusiyasının XI Qırmızı ordu hissələri tərəfindən işğal edilmiş Azərbaycan paytaxtında çox mürəkkəb hərbi-siyasi şəraitdə Litva dövlətinin Qafqaz respublikalarındakı Konsulu vəzifəsində çalışıb. Litva dövlətinin Bakıdakı Konsulluğu Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Sergey Kirovun (1886-1934) və Azərbaycan SSR Fövqəladə Komissiyasının sədr müavini, Operativ işlər üzrə məxfi şöbənin rəisi Lavrenti Beriyanın (1899-1953) iştirakilə 1922-ci ilin avqustun 28-də ləğv olunub".

 

525-ci qəzet.- 2018.- 4 sentyabr.- S.4.