Azərbaycanın və Türk
dünyasının tarixində şərəfli imza: Nuru
Paşa
100 illiyi böyük təntənə ilə qeyd olunan
Azərbaycan Xalq Cümhuriyyətinin qısa tarixinin dəyərli
səhifələrindən birini Qafqaz İslam Ordusu hərəkatı
təşkil edir.
Məlumdur
ki, Cümhuriyyət hökumətinin dəvəti əsasında
Azərbaycana gəlmiş Osmanlı Türkiyəsinın hərbi
qüvvələri ilə milli hərbi qüvvələr və
milli könüllü dəstələrin bazasında
yardılmış bu Ordunun müzəffər
yürüşü nəticəsində Qaraməryəmə
qədər irəliləmiş bolşevik-daşnak qüvvələrini
pərən-pərən salınmış və 1918-ci il
sentyabr ayının 15-də Bakı şəhəri yad
qüvvələrdən təmizləyərək xalqın
ixtiyarına verilmişdi.
Qafqaz
İslam Ordusu Osmanlı Türkiyəsi və Azərbaycan
hökumətinin, qardaş köməyinə gəlmiş
Osmanlı hərbi qüvvələri ilə Azərbaycanın
milli hərbi qüvvələrinin və bütün Azərbaycan
xalqının mübariz iradəsinin tarixi nəticəsi kimi
həyata vəsiqə alsa da, heç şübhəsiz ki, bu
Ordunun təşkilatlanmasında və ona həvalə olunan vəzifələrin
uğurla yerinə yetirilməsində onun komandanı Nuru
paşanın rolu danılmazdır. Məhz bunun
üçündür ki, Nuru paşa hər zaman Azərbaycanda
böyük ehtiramla xatırlanır və onun şəxsiyyətinə
yüksək dəyər verilir.
Azərbaycan milli azadlıq hərəkatının fəalları
və liderləri də Nuru paşanın şəxsiyyətini
və fəaliyyətini yüksək qiymətləndirirdilər. Bunu onların
əsərlərində və dövrü mətbuatda
çap olunmuş yazılarda da görmək
mümkündür. Əslində, Nuru
paşa haqqında söylənilənlər və
yazılanlar bu insana ümumxalq ehtiramının bir təcəssümü
idi. Çox mürəkkəb tarixi şəraitdə
Türkiyənin Azərbaycana etdiyi hərbi yardım Nuru
paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun
timsalında həyata keçirdi. Buna
görə də Nuru paşanın şəxsində bir tərəfdən
göstərilən yardımlara görə Azərbaycan
xalqının bütün Türkiyəyə olan minnətdarlıq
duyğuları cəmləşmişdisə, digər tərəfdən
də bu insana bəslənilən şəxsi hörmət və
ehtiram duyğuları cəmləşmişdi. Yəni, Türkiyənin yardımı deyəndə
sadə xalq kütlələri tərəfindən ilk növbədə
Nuru paşanın fəaliyyəti göz önünə gəlirdi.
Ona görə Nuru paşaya bəslədiyi
hörmət və ehtiramla xalq eyni zamanda türk xalqına
öz minnətdarlığını və xoş
duyğularını ifadə edirdi. Bu insan
xalqın nəzərində bir xilaskar kimi canlanırdı və
aradan 100 illik bir fasilə keçməsinə baxmayaraq elə
indi də Nuru paşa böyük ehtiram və xoş
duyğularla xatırlanmaqdadır.
Nuru paşanın şəxsinə olan ehtiramı zərrəcə
kiçiltmədən onu da qeyd etmək lazımdır ki, onun
bir tarixi şəxsiyyətə çevrilməsində Azərbaycan
xalqının və Azərbaycan hərbçilərinin da
rolunu nəzərə almamaq mümkün deyildir. Başqa
sözlə, Azərbaycan xalqı müstəqillik ərəfəsində
və illərində rastlaşdığı faciəvi
sonluqlardan, sözsüz ki, Nuru paşanın rəhbərliyi
altında olan türk hərbi qüvvələrinin
yardımı olmadan nicat tapmaq mümkün deyildi. Lakin onu da unutmaq olmaz ki, Nuru paşanın rəhbərliyi
altında olan hərbi qüvvələr Azərbaycan
xalqından təcrid olunmuş halda, Azərbaycanın milli hərbi
qüvvələri ilə əməkdaşlıq etmədən
üzərinə götürdüyü tarixi vəzifələri
də layiqincə yerinə yetirə bilməzdi. Bu mənada Qafqaz İslam Ordusu hərəkatı Azərbaycan
və Türkiyənin hərbi qardaşlığının
heç zaman unudulmayacaq ortaq bir səhifəsidir və bu səhifənin
yazılmasında Nuru paşanın bir komandan kimi müstəsna
rolu vardır.
Aparılan araşdırmalar onu göstərir ki, Nuru
paşanın ulu əcdadı Krım türklərindən idi. Onun
ata-babaları Krımdan Türkiyə ərazisinə gələrək
burada kök salmış və öz həyatlarını
qurmuşdular. Aparılan
araşdırmalardan o da məlumdur ki, Nuru paşanın
atası Hacı Əhməd (sonralar ona "paşa" titulu
da verilmişdi) çoxuşaqlı bir ailədən idi.
Ailə qayğılarına baxmayaraq, Hacı
Əhməd övladlarının təhsilinə ciddi diqqət
yetirmiş və onlarda hərbi təhsilə maraq yarada
bilmişdi. Qeyd etmək lazımdır ki,
Hacı Əhmədin qardaşı Xəlil də hərbi təhsil
almış və sonralar general (paşa) rütbəsinə qədər
yüksələrək həm Nuru paşanın, həm də
onun böyük qardaşı Ənvər paşanın
yaxın silahdaşlarından biri olmuşdu. Nuru paşanın özü də
çoxuşaqlı bir ailədən idi. O, ailənin
ikinci övladı idi. Ondan sonra ailədə
daha dörd uşaq var idi.
Nuru paşa 1889-cu ildə İstanbulda anadan olmuşdu. Sonralar, yəni
Türkiyə Cümhuriyyəti illərində soyadların tətbiqinə
başlananda Nuru paşa və onun yaxın qohumları özlərinə
Killigil və ya Killioğlu soyadını qəbul etdilər.
Bu ad Nuru paşanın əcdadlarının mənsub
olduğu Killi adlı məntəqənin adı ilə
bağlı idi.
Nuru paşa ilkin təhsilini başa vurduqdan sonra əmisi
Xəlil paşanın və qardaşı Ənvər
paşanın yolunu davam etdirdi və 1906-cı ildə Quru
qoşunları məktəbinə daxil oldu. 1909-cu ildə
bu məktəbi başa vuran Nuru paşa Osmanlı ordusu
sıralarında zabit kimi xidmətə başladı. Mövcud olan məlumata görə, Nuru paşa
1911-ci ildə Hərbi Akademiyada da təhsilini başa
çatdırdı. Bundan sonra o, bir
sıra hərbi vəzifələrdə xidmət etdi. 1913-cü ildə yüzbaşı, 1916-cı ildə
minbaşı və 1918-ci ildə, Azərbaycana gəlməsi
ərəfəsində yarbay rütbəsi aldı. Nuru paşa bu rütbədə də həyatını
başa vurdu.
Nuru paşa real olaraq "paşa" (general) rütbəsinə
malik olmamışdı. Qafqaz İslam Ordusu komandanı təyin
ediləndə o, yarbay rütbəsində idi. Lakin
ölkə xaricində çox böyük sayda hərbi
qüvvələrə və daha yüksək rütbəli
zabitlərə komandanlıq etməli olduğu
üçün ona Osmanlı sultanının qərarı ilə
Azərbaycanda olduğu müddətdə (Qafqaz İslam
Ordusunun komandanı olması ilə əlaqədar) fəxri
olaraq “feriq” (general-leytenant) rütbəsi verildi. Azərbaycanda olduğu zaman Nuru paşa bu rütbəni
daşımalı və bu rütbənin səlahiyyətlərinə
malik olmalı idi. Azərbaycanda xidməti
vəzifə icra edən digər türk zabitlərinə də
müvəqqəti olaraq bir üst rütbə daşımaq
səlahiyyəti verilmişdi. Nuru paşa Türkiyəyə
geri döndükdən sonra feriq rütbəsini təhvil verdi və bir müddətdən sonra yarbay
rütbəsində təqaüdə çıxdı. Lakin Azərbaycanda göstərdiyi çox dəyərli
xidmətlərinə görə Nuru paşaya həm Azərbaycanda,
həm də Türkiyədə "paşa" deyə
müraciət etmişdilər. Elə bu
gün də Nuru paşa həm Azərbaycanda, həm də
Türkiyədə paşa kimi xatırlanır və elə
bu ad altında da ortaq tariximizin səhifələrində əbədilik
həkk olunmuşdur.
Nuru paşa kifayət qədər cəsarətli bir
döyüşçü idi və məsuliyyətli vəzifələrin
icrasını öz üzərinə götürməkdən
heç zaman çəkinməzdi. Birinci Dünya
müharibəsi ərəfəsində Nuru paşanın
qardaşı Ənvər paşa Türkiyənin hərbi
naziri idi. Özü isə sultan
qvardiyasında xidmət edirdi. Yəni,
qayğısız xidmət etmək üçün əlində
böyük imkanlar var idi. Amma hələ Birinci Dünya
müharibəsi ərəfəsində Afrikanın
şimalında Osmanlı nəzarəti altında olan ərazilərin
itirilməsi təhlükəsi yarananda Nuru paşa Osmanlı
sultanından xahiş etdi ki, onun Şimali Afrikaya
yollanmasına və orada Osmanlı maraqlarının silah
gücünə qorunmasında iştirak etməsinə icazə
versin. Bunun nəticəsi idi ki, Nuru paşa
1911-12-ci illərdə və bir də Birinci Dünya
müharibəsi illərində Trablusqərb cəbhəsində
ağır döyüşlərə qatıldı və elə
bu döyüşlərdə də Qafqaz İslam Ordusuna
uğurlu komandanlıq üçün dəyərli hərbi
təcrübəni əldə etdi. O, Liviya ərazisində
cəbhə komandanı idi və burada Türkiyəyə və
onun müttəfiqlərinə qarşı cəbhə tutan
qüvvələrlə aparılan döyüşlərə
rəhbərlik edirdi. Bu cəbhədə göstərdiyi
igidliklərə görə, Nuru paşa minbaşı
rütbəsinə, 1916-cı ildə "Altun ləyaqət"
medalına, habelə Almaniyanın "Dəmir xaç"
medalına, 1917-ci ildə isə "Altun imtiyaz"
medalına, habelə Avstriya-Macarıstan dövlətinin
üçüncü dərəcəli fərqlənmə
nişanına layiq görüldü. Nuru
paşa Trablusqərb cəbhəsində İtaliya
qoşunlarına qarşı döyüşlərdə
xüsusi qətiyyət və şücaət göstərdi.
Ona görə də Trablusqərb cəbhəsində
göstərdiyi şücaətə görə, Nuru paşa
həm də tarixi ədəbiyyatda Trablusqərb qəhrəmanı
kimi anılmaqdadır.
Yəni,
hələ gənc olmasına baxmayaraq! Nuru
paşa Birinci Dünya müharibəsi cəbhələrində
kifayət qədər ciddi döyüş təcrübəsi
qazanmışdı və bu təcrübə də Qafqaz
İslam Ordusunun komandanı kimi məsuliyyətli bir vəzifənin
icrasında onun üçün çox gərəkli oldu.
Nuru paşanın Trablusqərb cəbhəsində göstərdiyi
şücaətlərdən Azərbaycanın milli mücadiləsinin
üzvlərinin də müəyyən məlumatı var idi
və onun Qafqaz İslam Ordusuna komandan təyin edilməsi də
Azərbaycan milli mücadiləsinin liderləri tərəfindən
hərbi yardım alınması xahişi ilə İstanbula
ezam olunmuş nümayəndə heyətinin rəhbəri
Nağı bəy Şeyxzamanlı tərəfindən irəli
sürülmüşdü. 1918-ci ilin yanvar ayında Gəncədən
Türkiyəyə doğru hərəkətə başlayan
Nağı bəy Şeyxzamanlı və onun rəhbərlik
etdiyi nümayəndə heyəti İstanbula yetişən
kimi Osmanlı sultanı, Osmanlı hökumətinin rəhbəri
Tələt paşa və hərbi nazir Ənvər paşa ilə
görüşdü. Bu rəsmilər
qarşısında çox ciddi təhlükə
qarşısında olan Azərbaycan xalqına hərbi
yardım edilməsi barəsində məsələ
qaldırıldı. Osmanlı hökuməti bu xahişə
müsbət cavab verdi. Əslində,
Cənbu Qafqazda cərəyan edən qanlı hadisələr
Osmanlı rəhbərliyi tərəfindən də çox
narahatçılıqla izlənilirdi və Azərbaycan
xalqına hərbi kömək göstərilməsi
üçün Ənvər paşa konkret planlar üzərində
düşünməyə başlamışdı. Onun düçüncəsinə əsasən, nəzərdə
tutulmuşdu ki, Azərbaycana ilkin olaraq Osmanlı zabitləri göndərilsin
və onların rəhbərliyi altında Azərbaycanın
milli hərbi qüvvələri təşkilatlandırılsın.
Osmanlı zabitlərinin köməyi və
iştirakı ilə təşkilatlandırılacaq orduya
Qafqaz İslam Ordusu adı verilməsi qərarlaşdırılmışdı.
Ənvər paşa tərəfindən bu Orduya
komandanlıq edəcək şəxslərin namizədliyi də
müəyyənləşdirilmişdi. Onların
arasında Nuru paşanın adı yox idi. Belə olanda Nağı Şeyxzamanlı dərhal
Ənvər paşa qarşısında Qafqaz İslam Ordusunun
komandanı vəzifəsinə qardaşı Nuru
paşanın namizədliyinin baxılmasının
mümkünlüyü barəsində xahiş
qaldırdı. Ənvər paşa da bu xahişə
müsbət cavab verdi və Nuru
paşanı Qafqaz İslam Ordusu komandanı təyin etdi.
Bundan sonra Nuru paşa ilə Azərbaycana yollanmalı olacaq
heyətin toplanmasına başlandı və bu heyət 1918-ci
il mart ayının ikinci yarısında
İstanbuldan Azərbaycana doğru hərəkətə
başladı.
Nuru paşanın hansı hisslərlə Azərbaycana
yola düşdüyünü söyləmək çətindir. O, öz xatirələrində
bu barədə heç nə yazmamışdır. Ancaq
Nağı bəy Şeyxzamanlının qeydlərindən görmək
çətin deyil ki, Azərbaycan səfərini həm Nuru
paşa, həm də Ənvər paşa həyəcanla
yaşayırdılar. Nuru paşa
üçün yeni bir həyat başlayırdı. Bu,
elə bir həyat idi ki, Nuru paşa orada bütün gənclik
çılğınlıqlarını kənara qoymalı,
yaşına uyğun gəlməyən insani müdrikliyi ilə
siyasi, diplomatik və hərbi müdrikliyi birləşdirməli,
həm Türkiyə rəhbərliyinin, həm də Azərbaycan
xalqının ümidlərini doğrultmalı idi.
Nuru
paşa təxminən 20 nəfərlik bir heyətlə
Mosul-Təbriz-Naxçıvan-Qarabağ-Yevlax marşrutu ilə
hərəkət edib, 1918-ci il may
ayının 24-də Yevlaxa çatdı. Onun
Azərbaycan torpağında ilk izdihamlı
qarşılanması da Yevlaxda oldu. N.Şeyxzamanlı
öz xatirələrində bu barədə belə
yazırdı: "Gəncədə xəbər aldım kit
Nuru paşa Qarabağa gəlibdir, bir gün sonra da Gəncədə
olacaqdır. Mən dərhal ertəsi gün
Yevlax stansiyasına yola düşdüm. Yevlaxda
bir saat gözlədik. Gəncədən
gedən heyət Nuru paşanı Qarabağda
qarşılamışdı. Çoxsaylı
bir süvari dəstəsi aralandı, Nuru paşa Yevlax
stansiyasına çatdı. Görüşərək
Nuru paşa mənə dedi: "Hamıdan səni
soruşurdum ". Xalqımız Nuru paşanı Gəncədə
böyük təntənə ilə qarşıladı...
"
Nuru paşanın xatirələrində
yazdıqlarından aydın olur ki, hələ Yevlaxda ikən
Qafqaz İslam Ordusu komandanlığı qərargahının
harada yaradılması məsələsi qalxıbmış. Bu qərargahın
Nuxada yerləşdirilməsi təklifi də ortada
varmış. Ancaq vəziyyət
götür-qoy edildikdən sonra qərargahın Gəncədə
yaradılması məqsədəuyğun bilindi.
Nuru paşa Gəncəyə çatandan bir neçə
gün sonra Bakı Soveti tərəfindən təşkilatlandırılmış
çox böyük sayda bolşevik və daşnak
qoşunları Gəncəyə doğru hücuma
başladılar. Onlar qısa bir zaman içində Gəncəni
və bütün Azərbaycan ərazisini nəzarət
altına götürərək Azərbaycanın milli
qüvvələrini məhv etmək niyyətində idilər.
Belə bir şəraitdə Azərbaycanda
güclü ordunun təşkilatlandırılması
üçün lazım olan kifayət qədər vaxt yox
idi. Ona görə də Gəncəyə
çatandan bir neçə gün sonra Nuru paşa Türkiyə
rəhbərliyinə məktub göndərərək
qarşıya qoyulan vəzifələrin həlli
üçün Azərbaycana təcili hərbi qüvvələrin
göndərilməsini xahiş etdi. 1918-ci il iyun ayının 4-də Batumda müstəqil
Azərbaycan dövləti ilə Türkiyə dövləti
arasında imzalanan müqavilə Azərbaycana hərbi
qüvvələrin göndərilməsi üçün
hüquqi baza yaratdı və dərhal bu imkandan istifadə
edildi. Əvvəlcə 5-ci Qafqaz diviziyasına
aid olan 9-cu Qafqaz alayı ilə 2-ci süvari alayı Azərbaycana
doğru hərəkət etdilər. 1918-ci il iyun ayının 7-də 9-cu Qafqaz alayı
Qazaxa çatdı. İyunun 9-da isə bu
qüvvələrin Gəncədə qarşılanması
oldu.
Türk qoşun hissələrinin
qarşılanmasına Azərbaycanın dövlət və
hökumət rəhbərləri, habelə Nuru paşa və
onunla bərabər artıq Gəncədə olan türk
zabitləri də çıxmışdılar. Türk hissələrinin
Gəncəyə gəlməsi Nuru paşanın da
böyük sevincinə səbəb olmuşdu. Çünki bu qüvvələrin yetişməsi
ilə Nuru paşa onun qarşısına qoyulan vəzifələrin
həyata keçirilməsi üçün daha real imkanlar əldə
edirdi. Nuru paşanın türk qüvvələrini
qarşılaması, onlara müraciəti, Nuru paşanı
birinci dəfə görən türk zabitlərinin onun
haqqında ilkin təəssüratları barədə 9-cu
türk alayının 1-ci taborunun bölük komandiri Mucib
Kamalyerinin xatirələrində maraqlı qeydlər
vardır:
"Trenimiz Gəncə stansiyasına girdiyi zaman Nuru
paşa məiyyət ərkanı ilə bizi
qarşılayanların ən başında yer
almışdı. Çox gənc, qara saqqallı və
yakışıqlı bir insandı. Trendən endiyimiz
yerdə, həmən oradaca kəndisinə qarşı toplu
halda rəsmi vəziyyət alan subaylara bu
qısa xitabda bulundu, Ənvər paşanın Azərbaycanda
və Rusiyadakı bütün türk aləmində ümid
və sevgilərlə anıldığını, onun belə
yayılmış şöhrətindən istifadə edilməsi
məqsədiylə kəndisinin ordu komandanlığına təyin
edilmiş olduğunu söylədi. Fəqət ən
ağır vəzifə məsuliyyətlərinin tarixi şərəfı
ilə bərabər bizlərin omuzlarına yüklənmiş
olduğunu bilməmiz lazım olduğunu da əlavə etdi .
Subaylar Osmanlı ordusunda yarbay olan bu yeni paşanı
mübhəm düşüncələr içərisində
dinləmisdilər. Amma bir kaç ay keçmədən onun
ciddi bir əsgər, 30 yaşında fərağəti-nəfs
sahibi bir insan, mütəvazi bir qəhrəman olduğu
anlaşılmış, kəndisinə istisnasız
könüldən bağlanılmışdı.
Bu sətirləri temmuz 1967-də yazarkən Nuru
paşaya Azərbaycanda yavərlik etmiş olan sayın
Qılınc Əli bəyə paşanın xüsusi, rəsmi
həyatı haqqındakı fıkirlərini telefona sordum. Bir cümlə ilə ifadə
etdilər:
- Böyük vətənpərvər, enerjili və mələk
kimi bir insandı".
5-ci Qafqaz
diviziyasının əsas qüvvələri Azərbaycana
çatmazdan əvvəl Bakıda hakimiyyəti ələ
keçirmiş olan S.Şaumyanın rəhbərliyi
altında olan bolşevik-daşnak qüvvələri artıq
Şamaxı-Göyçay yolu boyunca Qaraməryəmə qədər
irəliləmiş, dəmir yolu boyunca isə az
qala Ucara çatmışdılar. Bolşevik-daşnak
qüvvələr Gəncəni ələ keçirməklə
Azərbaycanın müstəqilliyinə son qoymaq, Azərbaycan
xalqını isə qılıncdan keçirmək niyyətində
idilər. Yaranmış bu təhlükənin
qarşısının alınması Nuru paşadan və
onun silahdaşlarından qətiyyətli fəaliyyət
göstərilməsini, çoxsaylı bolşevik-daşnak
qoşunlarına qarşı düzgün döyüş təşkil
edilməsini tələb edirdi. Ona görə
də Gəncə ətrafında toplanmış olan erməni
silahlı dəstələri zərərsizləşdirildikdən
sonra mövcud olan qüvvələr Qaraməryəm ətrafına
göndərildi. Ancaq 1918-ci il iyun ayının 17-də
10-cu türk piyada alayının komandiri Osman bəyin Nuru
paşa ilə razılaşdırmadan Qaraməryəm ətrafında
ciddi döyüşə girməsi, bu alayın və
oradakı milli hərbi qüvvələrin ağır
uğursuzluğa uğraması həm Qafqaz İslam Ordusunun vəziyyətini,
həm də hərbi şəraiti həddindən artıq
mürəkkəbləşdirdi.
Nuru paşa bu məlumatı alan kimi Əlahiddə Azərbaycan Koprusunun komandiri general-leytenant Əliağa Şıxlinski ilə birlikdə cəbhə bölgəsinə yola düşdü. Ümumiyyətlə, Nuru paşa uzun xidmət yolu keçmiş Əliağa Şıxlinskinin təcrübəsinə, onun hazırlıq səviyyəsinə böyük hörmətlə yanaşır və onun bilik və təcrübəsindən istifadə edilməsinə xüsusi dəyər verirdi. Bakıya doğru yürüş zamanı Nuru paşa üç dəfə ön cəbhəyə yollanmışdı və hər üç səfərində də o, Əliağa Şıxlinski ilə birlikdə olmuşdu. Qafqaz İslam Ordusunun ilkin strukturunda Nuru paşanın qərarı ilə hətta 5-ci türk diviziyası, Azərbaycanın milli diviziyaları kimi birbaşa Əliağa Şıxlinskiyə və onun vasitəsilə Qafqaz İslam Ordusunun komandanına tabe etdirilmişdi.
Nuru paşa ilə Əliağa Şıxlinski 1918-ci il iyun ayının 18-də qatarla Müsüslüyə gəldilər, əvvəlcə buradakı zabitlərlə görüşüb söhbət etdilər. Sonra isə onlar faytonla Göyçaya yollandılar, Qaraməryəm ətrafında baş vermiş döyüşün gedişi və nəticələri ilə yaxından tanış oldular. Nuru paşa eyni zamanda yerli əhalinin nümayəndələri ilə də görüşdü, onları qardaş köməyinə yetişmiş olan türk qoşunlarına daha yaxından kömək etməyə çağırdı. Nuru paşa hissini və həyəcanını onun görüşünə gələnlərlə bölüşdü, onlarla fıkir mübadiləsi apardı. Təcavüzü genişlənməkdə olan bolşevik-daşnak qoşunlarına qarşı yalnız ordu hissələrinin fəaliyyətinin kifayət etmədiyini bildirdi. O, öz söhbətində xüsusi olaraq vurğuladı ki, xalq kütlələri türk hərbçilərini tək qoymamalı, hər vasitə ilə onlara yardım etməlidir.
(Ardı var)
Mehman
SÜLEYMANOV
Tarix elmləri
doktoru, ehtiyatda olan polkovnik
525-ci qəzet.-2018.-6
sentyabr.-S.6.