Eşq çağlayan səhifələr

 

QƏNİRƏ PAŞAYEVANIN "SƏNİ ALLAHA EŞQ GÖTÜRÜR" KİTABI HAQQINDA QEYDLƏR

 

 

 

"Anlamaq istəyən könüllərə açıqdı bu kitabın səhifələri..."

Yenicə oxuyub bitirdiyim kitabın annotasiyasındakı ilk cümlə belədir. Kitabı açan kimi qarşılaşdığım cümlə. Kitabın hələ nədən bəhs etdiyini bilmədən bu cümlə artıq bütün diqqətimi özünə çəkməyi bacarmışdı. Hiss edirdim ki, anlamaq istəyən könüllərdən birini də mən gəzdirirəm özümlə. Onda deməli, bu kitab elə mənə aiddir.

Kitabın müəllifini mən də, siz də öncələrdə əzmkar, savadlı, peşəkar, qorxmaz jurnalist, sonralar isə hər kəsin dərdinə qalan, qayğısını çəkən, mədəniyyətə, sənətə, xalqına diqqəti ilə seçilən millət vəkili kimi tanımışıq. Bu dəfə söhbət isə onun "Səni Allaha eşq götürür" kitabından gedir. Təbii ki, söhbət Allahdan, Yaradandan gedirsə, eşq də İlahi eşqdir demək ki. Ancaq İlahi eşq deyərkən, nə nəzərdə tutulur, ən azından müəllifin fikirləri nədir, onu kitabdan öyrənirik.

Hələ ilk səhifədə müəllif narahatlıqlarını, ağrılarını oxucusuyla belə bölüşür: "Mənə qələm tutmağı, yazı yazmağı çox tez öyrədib anam. Kağız-qələmlə dostluq qurub, yazı yazmağa başlayanda, sözlərlə, kəlimələrlə tanış olanda, oxumağı öyrənəndə 3 yaşım varmış... Anam deyir yazıb-oxumağı öyrəndiyim üçün elə sevinirmişəm ki..! Kağız və qələmlə elə bir dostluğum yaranıbmış ki, günümün böyük hissəsi onlarsız keçməzmiş. Nə biləydim ki, taleyimə daha çox ağrıları, acıları yazmaq düşəcək..."

Daha sonra isə Qənirə xanım "Öyrəndim" adlı essesində "Elə bir həyat yaşadım ki, Cənnəti də gördüm, Cəhənnəmi də..." cümləsi ilə başlayır öz həyat təcrübəsini, həyata baxışını qələmə almağa.

Kitabı fərqli edən bir cəhət də müəllifin son dərəcə səmimi olmasıdır. O, öz xatirələrini, duyğularını, düşüncələrini son dərəcə səmimi şəkildə qələmə alıb. Bu yazılarda o, həm bir zamanlar öyrəndiklərini öyrədir, etiraf edir, fikirlərini paylaşır, gənclərə məsləhətlərini verir, insanları doğru yola səsləyir. Kitab həm də bir növ bir insanın (özü də cəmiyyətdə müəyyən statusa malik bir insanın) həm Allahı, özü, həm doğmaları, həm də cəmiyyət qarşısındakı hesabatıdır.

O, Allah, valideyn, müəllim və eşq adlarına o qədər böyük sayğı və sevgi duyur ki, hətta bir yerdən sonra onları müqəddəsləşdirir, ali varlıq kimi həyatının ən üst mərtəbəsinə yerləşdirir. Təsadüfi deyil ki, o, anasını, atasını, müəllimini və eşqi "Mələklərim" deyə təqdim edir: "Tək istəyim hər an yanımda olan mələklərimin məndən razı qalmasıdır... Ən əsası o mələkləri göndərənin, məni heç bir zaman tək qoymayanın, Onun məndən razı olmasıdır..! Bizim üçün, hər birimiz üçün ondan daha önəmli nə ola bilər ki..."

Kitabın, demək olar ki, hər səhifəsində yeni bir suala cavab axtarılır. Bu suallar isə bəşəridir. Dünya yaranandan filosofların, alimlərin, din xadimlərinin, ya da elə hər insanın ömründə heç olmasa bircə dəfə öz-özünə verib, cavab tapmağa çalışdığı, bəzilərimizin hansısa məntiqlə cavablar uydurub, özümüzü razı saldığımız, bəzilərimizin isə ümumiyyətlə, yorulub cavab axtarmaqdan birdəfəlik vaz keçdiyimiz suallardır bunlar.

"Cənnət və cəhənnəmə yol..." adlı essenin epiqrafında müəllifin bir neçə misrası verilib:

"Nəfs adında bir şeytanı tərk etdim,

Həyat nədir? - Gec də olsa fərq etdim,

Ən böyük EŞQ - O - Sənmişsən!-dərk etdim,

Qapını aç bu quluna, ey Rəbbim!"

Başqa bir yerdə müəllif bu misralardakı "Həyat nədir?" sualını bir az fərqli qoyur və Həyatın anlamından söz açır. Doğrudan da görəsən, nədir həyatın anlamı? O deyir ki,

"Həyat sənin baxışınla anlam qazanır...

Həyatın anlamı sənin baxışlarında gizlənir..."

Yəni hər kəs öz həyatının mənasını, anlamını özü seçir. Əgər sadəcə bir şeyə diqqət ayırarsaq və gözümüz ondan başqa heç nə görməzsə, onda axıb gedən zamanın heç bir mənası qalmaz. Yox, əgər həyatın hər anından, bizə təqdim etdiyi hər şeydən zövq almağı bacararsaq, nə üçün, kim üçün yaşadığımızı bilərsək, onda gedən zamana da heyflənmərik, bilərik ki, bir anlam uğruna gedib və itirdiyimiz zamanın müqabilində nələrsə qazanmışıq. Müəllif bunu çox qədim zamanlara aid bir hekayətlə oxucuya çatdırır. Həmin hekayənin də kitabdakı digər hekayələr kimi oxucular üçün çox maraqlə və ibrətamiz olacağına inanırıq.

Sonrakı səhifələrdə "Həyatda nələrə dəyər veririk?", "Ömür nədir?", "Yaşamaq nədir?", "Eşq nədir?", "Yaradılanı Yaradandan ötrü sevə bilirikmi?", "Yaxşı müsəlman kimdir?", "Ölüm nədir?", "İnsan kimdir?" kimi suallara cavab axtarılır. Amma bu cavabların hamısı özündən sonra yeni bir sua sual, yeni bir müzakirə mövzusu açır. Əslində, hər mövzu insanlığa açılan yeni üfüqdür. O üfüqdən günəş çıxır, öz nuruyla dünyanı aydınladır, saf könülləri isidir. Və bütün bu arayışlar, axtarışların sonunda yenə də tək bir sual qalır: “Sən kimsən?" Müəllif isə israrla deyir: "Bəlkə düşünək?"

Kitabda maraqlı yazılardan biri də dua haqqında olan essedir. Müəllif duanı özünəməxsus şəkildə mənalandırır. O yazır ki, dua Onun qapısını döyməkdir: "Əslində, dua edə bilmənin özü isə Yaradanın bir işarəsidir. O, sadəcə sevdiyi qullarına bunu nəsib edir". Müəllif isə bu mövzunu burada bitirmir və bir neçə yerdə yenidən duayla bağlı, əsl dua necə edilməlidir haqqında fikirlərini bölüşür.

"Səni Allaha eşq götürür" kitabında Qənirə Paşayeva bir neçə ölkəyə və ya şəhərə səfərindən də söz açır. Bu o yerlərdir ki, orada gördükləri onun bütün həyatına, düşüncəsinə, həyata baxışına təsir edib. Məsələn, ikinci vətəni kimi gördüyü İraqa səfərindən Qənirə xanım elə böyük eşqlə, heyranlıqla söz açır ki, oxucu üçün heç zaman getmədiyi, gəzmədiyi, görmədiyi o yerlər də doğmalaşır:

"İraq... Bu ölkə mənim üçün uşaqlığımda anamın "biri vardı, bir yoxdu" nağıllarından idi, sanki... Lap balacalığımdan haqqında çox eşitdiyim sirli, sehirli ölkə idi İraq... Sirli və sehirli nağıllar şəhəri Bağdadı, İmam Əlini qoynuna alan Nəcəfi, İmam Hüseyn şəhadəti və Füzuli məhəbbəti ilə tanınan Kərbəlası, tarixlə zəngin Kufəsi, qəhrəman Babəkin şəhid edildiyi Samirəsi (Samarrası), İmam Museyi Kazım və yanında böyük Tusinin də uyuduğu Kazımeyni, canbir, qanbir insanımızın yaşadığı Kərkükü... ilə İraq Azərbaycandan qıraqda (görməsəm də) ən yaxşı bildiyim ölkə idi..."

Bu hisslər hələ İraqa getməzdən öncə, ta uşaq yaşlarında əmisi, böyük alim Qəzənfər Paşayevin "Altı il Dəclə-Fərat sahillərində" kitabı ilə daha yaxından tanıdığı, kəşf etdiyi, sevdiyi İraq haqqındadır.

Oraya gedib, illərlə xəyallarında, düşüncələrində canlandırdığı, kitablardan, əmisinin xatirələrindən öyrənib bildiyi yerləri canlı-canlı öz gözləri görüb, öz ayaqları ilə torpağında gəzdikdən sonra isə bu sevgi, heyranlıq daha da güclənir, dərinləşir: "İraq mənim imanımın güclənməsində, Dünyanı, Həyatı və O-nu tanımaq yolunda önəmli bir mərhələ oldu..."

Növbəti səfər təəssüratları isə Konyadandır. İraq kimi Konya da onun üçün müqəddəslər məskəni kimi maraqlı və önəmlidir. Axı bura Mövlana yurdu, övliyaların, dərvişlərin könül oylağı Konyadır. Heyranı olduğu Həzrəti Mövlana (Mövlana Cəlaləddin Rumi) və Həzrəti Şəms (Şəms Təbrizi) məhz bu torpaqlarda uyuyurlar. Onun Konya səfərini danışdığı "O-na gedən yol" essesində Mövlana ilə Şəms haqqında fərqli hekayətlər, özünün bu səfərdə qarşılaşdığı maraqlı məqamlar, O-na gedən yolda insanın keçməli olduğu məqamlar və onların izahı yer alıb. Esse bitdikdən sonra isə fikrimdə bir cümlə ilişib qalır: "Haqq yolundakı məqamların, mərtəbələrin haqqında danışmaq asandır, çətini onu yaşamaqdır..."

Xatirələr silsiləsini müəllif Tovuzda seçicilərlə, gənclərlə görüşü zamanı başına gələn əhvalatlarla davam etdirir. Bu əhvalatların əksəriyyəti onun insanlarla, xüsusən gənclərlə insanlıq, həyat, yaşamaq, cəmiyyətdə hər kəsə yararlı şəxsiyyət kimi yetişmk və s. bu kimi məsələlərlə bağlı dialoqlarından ibarətdir. Bu söhbətlərin mövzusu isə hər dəfə fərqli olur.

Qeyd etdiyim kimi, müəllif kitab boyunca dəfələrlə oxucusunu "Sən kimsən?" sualı ilə qarşı-qarşı qoyur. Əslində, bu sual sənə, mənə deyil, müəllifin özünə ünvanlanmış sualdır. Çünki başqa bir yerdə, daha doğrusu, bir neçə yerdə müxtəlif formalarda dediyi bir fikir var: "Hərə öz dünyasını təmizləsə dünya özü təmizlənəcək". Yəni "insan düzəlsə, dünya düzələcək". Bəs onda "kimdən başlayaq?" Cavab: "bəlkə hər kəs özündən?"

"Özümü nə qədər tanıyıram? - Maraqlı sualdır, deyilmi? Bəs bu maraqlı suala cavab vermək necə - o da maraqlıdımı?

Hər kəsin cihadı özünün verdiyi bu suala özünün cavabı ilə başlayır!"

Kitabın adında üç məfhum var: insan (sən), Allah və eşq. İnsan maddidir, var olandır. Allah gözlə görmədiyimiz halda hisslərimizlə, qəlbimizlə hiss etdiyimiz, bu dünyanı yaratdığına inanaraq Yaradan dediyimizdir. Bəs eşq? Eşq də qəlb işi, könül sevdası deyilmi? Onda deməli, Allah eşqin özü deyilmi? Allaha inanan, onun buyurduğu hər cür dini əməli problemsiz vaxtlı-vaxtında yerinə yetirən, dilindən duaları əskik etməyən, Həccə gedən, başı səcdədən qalxmayan insan içində eşq, məhəbbət bəsləmirsə, onun imanı kamil hesab oluna bilərmi? "Nə yer, nə göy qucaqlaya bilər məni..." adlı esse də məhz bu cür suallarla başlayır:

"Sizcə, Eşqsiz İnam olarmı?

Eşqsiz ibadətin anlamı varmı?"

Sonradan isə özü bu suala belə cavab verir: "Allah Aşiqlərinin könüllərindədir..." Deməli, iman əhli həm də eşq əhlidir. Könlündə eşq barındıran hər kəsin Allaha olan inamı, sevgisi də həqiqi və gözəldir. Necə ki deyilib: "Nə yer, nə göy qucaqlaya bilər məni. Ancaq və ancaq inanan qullarımın ürəyinə sığa bilərəm..."

Kitab boyunca müəllif tez-tez kamillik zirvəsinə çatmış şəxsiyyətlərin həyatlarından ibrətamiz hekayətlər danışır, onların hikmətli kəlamlarını oxucuları ilə bölüşür. Məhəmməd Peyğəmbər və Həzrəti Əlidən başqa, Əhməd Yəsəvi, Seyid Yəhya Bakuvi kimi şəxslərə də istinad edir. "Quran"dan, hədislərdən sitatlar isə kitabda əsas yer tutur. Bu, oxucunu daha çox düşünməyə, oxduqlarından nəticə çıxarmağa vadar edir.

Qənirə xanım kitabda, demək olar ki, İslam dininə və insanlığa aid hər şeydən söz açır: cahillik, cəhalət, nəfs, comərdlik, peşmanlıq, bilgi, qadın, şəxsiyyət, xəyanət, ədəbiyyat, şeir, intihar, zəkat, oruc, Ramazan bayramı, ölüm və s. kimi ayrı-ayrı mövzular bir bütün şəklində əsl insan kimdir və necə olmalıdır? - sualına cavab verir. Məsələn, o deyir ki, dünyada ən qorxulu şey cahillik və cəhalətdir.

Haqqında danışdığımız kitabdakı onlarla hekayətdən heç birini danışmadan, onları oxuyub nəticə çıxarmağı oxucunun öz ixtiyarına buraxıram. Ancaq bir hekayə var ki, onu mütləq bu yazını oxuyan hər kəslə paylaşmaq ehtiyacı hiss edirəm. Bu, kəpənəyin hekayəsidir. "İnsanı çətinliklər böyüdür" fikrini dəstəkləmək və əsaslandırmaq üçün söylənən bu hekayə hər birimizin bilməli və yaddaşımızın bir küncünə əbədiyyən həkk etməli olduğumuz bir əhvalatdır deyə düşünürəm:

"Bir gün bir adam baramada balaca bir dəlik müəyyən etdi və oturub kəpənəyin saatlar boyunca bədənini bu kiçik dəlidən çıxarmaq üçün sərf etdiyi səylərini izlədi. Bir an ona elə gəldi ki, kəpənək sanki irəliləmək üçün səy göstərməkdən vaz keçdi. Sanki əlindən gələn hər şeyi etmiş və artıq edə biləcəyi bir şey qalmamış kimi... Beləliklə, adam kəpənəyə yardım etməyə qərar verdi. Əlinə kiçik bir qayçı alıb baramadakı dəliyi böyütməyə başladı. Bundan sonra kəpənək asanlıqla, heç bir səy göstərmədən, çətinlik çəkmədən baramadan çıxa bildi. Lakin bədəni quru və kiçik qanadları büzüşmüş halda idi. Adam izləməyə davam etdi, çünki hər an kəpənəyin qanadlarını açıb genişlənəcəyinə və bədənini daşıyacaq qədər güclənəcəyinə ümid edirdi. Amma bunların heç biri olmadı! Kəpənək həyatının qalan hissəsini quru bir bədən və büzüşmüş qanadları ilə yerdə sürünərək keçirdi.

Nə qədər çalışsa da, əsla uça bilmədi. Adamın yaxşı niyyəti və yardımsevərliyi ilə anlamadığı bir şey baramanın dar olmasının və buna qarşılıq kəpənəyin dar bir dəlikdən çıxmaq üçün göstərməli olduğu səyləri idi. Bəli, çətinlikdən qurtulmaq üçün səylər... Böyük Yaradan kəpənəyin bədənindəki mayeni onun qanadlarına göndərmək və bunun sayəsində də baramanın darlığından qurtulduğu anda uçmasını təmin etmək üçün seçdiyi yol bu idi".

Həqiqətən də irili-xırdalı qarşımıza çıxan hər cürə maneədən nə çox şikayət edir, nə çox gileylənirik. Daşlar üzərində yerimədən yumşaq otların qədrini bilmək olarmı?! Ağlarkən özləmirikmi gülməyi?! Bəlkə bu maneələrdədir elə hikmət?!

Axı, "hər əngəl bir fürsət ola bilər".

"İstədiyin bir şey olmursa, ya daha yaxşısı olacağı üçün, ya da olmaması gərəkdiyi üçün olmur deyirdi Həzrəti Mövlana... Şəms Təbrizi isə "Həyatın alt-üst oldu deyə üzülmə. Nə bilirsən altının üstündən yaxşı olmadığını" deyirdi..."

Qənirə Paşayeva hər zaman şəhidlərimizin xatirəsinə dərin sayğısı ilə seçilib. Bu kitabda da onları diqqətdən kənarda qoya bilməzdi, əlbəttə. Burada onun xatırladığı şəhid isə özünün uşaqlıq dostu, yaxın qohumu, sinif yoldaşı, birgə xoş günlərini, qayğısız illərini bölüşdüyü insandır. Uşaqlığında yurd salmış birini itirmək sanki uşaqlığının bir parçasını itirmək kimidir. Yoxluğu hər zaman o yeri göynədər, sızladar. Qənirə xanımın sinif yoldaşı, Milli Qəhrəman Samir Xasıyeva ünvanladığı "Yaman özlədik səni, dostum..." başlıqlı ürək göynədən məktubunda da bu sızıltının, ağrının izləri var. O, Samirin timsalında bütün şəhidlərlə, canını Vətən yolunda qurban vermiş qəhrəmanlarla qürur duyduğumuzu da hamımızın adından bildirir.

Millət vəkili kitabında uğur qazanmağın ən önəmli yolunun xəyallar olduğunu da dönə-dönə vurğulayır. O, gənclərə səslənərək "Xəyallarınızdan vaz keçməyin!"-deyir. Çünki "bu, uğura gedən yolun və onu qazanmağın ilkin və əsas şərtidir".

"Səni Allaha eşq götürür" adlı müəllifin müxtəlif esselərini, xatirələrini özündə toplayan kitabın əsas məğzini isə Qənirə xanım sonlara doğru belə ifadə edir: "Gözəl qəlbin varsa yaşamaq çox çətindir bu dünyada... Amma gözəl qəlb sahibləri olmasa dünya daha da dəhşətli, yaşamaq isə çox çətin olardı".

Kitabı oxuyub bitirəndən sonra onun oxucularına, daha doğrusu, bütün insanlığa səsləndiyi kimi mən də öz-özümə səslənirəm:"Bəlkə düşünək?.."

 

Şahanə MÜŞFİQ

 

 

525-ci qəzet.- 2018.- 5 sentyabr.- S.7.