Qaşqay elinə səfər
- I yazı
ali-shamil@yahoo.com
Qaşqayları
mənə tanıdan insan
Qaşqaylar haqqında ilk dəfə Məmmədəli
Müsəddiqdən eşitmişdim. O, M.F.Axundov adına
Respublika Kitabxanasının üçüncü mərtəbəsindəki
"Azərbaycan kitabı" şöbəsinin müdiri
idi. Köhnə qəzet-jurnalları, kitabları
oxumaq lazım gələndə oraya getməli olurdum. Hərdən Azərbaycan Milli Hükuməti ilə
bağlı suallarıma həvəslə, bəzən də
kövrələrək cavab verirdi. 1922-ci ildə Gərmərüd
mahalının Yengicə kəndində doğulduğunu, Azərbaycan
Milli Hökuməti məhv edildikdən sonra, 1947-ci ildə
ürəyini ailəsinin, körpə qızınının
yanında qoyub min bir zülümlə bədənini Sovet Azərbaycanına
qaça bilmişdi.
Cənnət
bildiyi kommunist ölkədə də az əziyyət
çəkməmişdi. Min bir zülümlə
Mirzə Mehdi Şükuhi haqqında araşdırmalar aparsa
da, istədiyini yazmağa imkan verməmişlər. Əmrə boyun əymiş, ideologiyanın tələblərinə
uyğun dissertasiya yazaraq filologiya elmləri namizədi
adını almışdı. Ara-sıra
İrandan yaşan türklərin ədəbiyyatın
haqqında məqalələri dövrü nəşriyyatda
çap olunurdu. Mən də onları
maraqla oxuyanlardan idim.
Qaşqaylar haqqında ilk bilgini də Məmmədəli
Müsəddiqin məqalələrindən
almışdım. Sonralar daha geniş, faktlarla zəngin xeyli
kitab, məqalə oxusam da, Məmmədəli Müsəddiqi
heç vaxt unuda bilmədim.
1978-ci ilin sonlarında Sovet Qoşunlarının bölmələri
Naxçıvana toplanmışdı. Səbirsizliklə
gözləyirdim ki, onlar bu gün-sabah İrana keçəcəklər.
Muxtar Respublikada sadə insanların da, rəhbər
vəzifədə işləyənlərin də həmin
günlərdə söz-söhbətləri Təbriz, Mərənd
haqqında idi. Yaşlı nəsil 1941-1946-cı
illər haqqında eşitdiklərini, gördüklərini
danışırdılar. Gənclər də
böyük həvəslə dinləyirdilər.
Bakıya
gələndə Məmmədəli müəllimə sevinclə
yaxın günlərdə sərhədlər
açılacağını, Təbrizə gedəcəyimizi
dedim. Diqqətlə üzümə baxıb dərindən
köks ötürdü. "...Yenə milləti
qırğına verəcəklər" - dedi. Heyrət etdim ki, Məmmədəli müəllim
niyə həsrətində olduğu, kövrələ-kövrələ
danışdığı Təbrizə getməyə
sevinmir? Nədən qohumlarını, əzizlərini
görməyə can atmır?
1978-ci ildə nə Sovet Ordusu İrana keçdi, nə
də sərhədlər açıldı. Sadəcə
şah ölkədən qaçdı, hakimiyyətə yeni
qüvvələr gəldi. Onlar da islami
qaydalarda ölkəni idarə edəcəklərini vəd etsələr
də, sözlərini tutmadılar. Milli
düşüncəlilərə, demokratik fikirlilərə sərt
divan tutdular.
Təbriz
Universitetində görüşdüyüm qaşqay gəncləri
Məmmədəli
Müsəddiqlə tanışlığımızdan ötən
20 il ərzində onun sərhədlərin
açılacağına inamsız
yanaşdığını görmüşdüm. Mən isə həmişə elə bilirdim
yaxın 3-5 ildə İrana gediş-gəlişdə bir
yumşalma olacaq. Finlər Leninqrada, Kareliyaya gedib gəldikləri
kimi, biz də Təbrizə, Ərdəbilə, Urmiyaya, Mərəndə
gedib gələcəyik. İstəklərimlə
reallıq üst-üstə düşmürdü. Naxçıvanda sərhəd boyu çəkilmiş
tikanlı məftillərin sökülməsi məsələsi
ortaya atılanda onu qızğınlıqla müdafiə edənlərdən
biri də mən oldum. Bəzən
ölümlə üz-üzə gəlsək də, istədiyimizə
nail olduq və həmin günü Dünya Azərbaycanlılarının
Həmrəylik Günü adlandırdıq.
1990-cı
ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya
Sovet əsgəri birlikləri yeridiləndə
Naxçıvanda bir tarixi hadisə baş verdi.
Naxçıvan Muxtar Sovet Sosialist
Respublikanın Ali Soveti növbədənkənar və
fövqəladə sessiya keçirdi. Rəhbər
vəzifədə olan deputatların əksəriyyəti
sessiyada iştirak etməsə də, kəndli-fəhlə
deputatların sayı çox olduğundan yetərsəs
alındı.
Yaranmış ictimai-siyasi vəziyyət geniş və
qızğn müzakirə edildi. Qərara alındı ki, Sovet rəhbərliyi
insanların hüquq və təhlükəsizliyini
qorumadığına, erməni silahlı dəstələrinin
hücumunun qarşısını almadığına, Sovet hərbiçiləri
onlara yardım etdiyinə görə Naxçıvan Muxtar
Sovet Sosialist Respublikası ləğv edilir və Sovetlər
Birliyinin tərkibindən çıxır. 1921-ci
ildə Moskvada və Qarsda bağlanmış müqavilənin
şərtlərinə əsasən, müqavilə
iştirakçılarına və dünya ictimaiyyətinə
bu haqda bilgi verir.
Qəbul edilmiş qərarı qonşu ölkələrin
rəhbərliyinə, dünyanın inkişaf etmiş
dövlətlərinə, ictimai təşkilatlara
çatdırmaq üçün iki qrup yaradıldı. Qruplardan
birinin tərkibinə də mən daxil edildim. 1990-cı
il yanvarın 20-də səhərə
yaxın çox çətinliklə və qanunsuz Arazı
keçərək İran Culfasına, oradan da Təbrizə
getdik. Hakimiyyət orqanlarının nümayəndələri
gətirdiyimiz sənədi laqeyid qarşıladı və
bizim xalqla, ictimai təşkilatlarla, xarici ölkələrin
konsulluqları ilə görüşməmizi əngəlləməyə
çalışdı.
Cidanı çuvalda gizdətmək olmaz. Təbrizin
küçələrindəki elanlarda 25 yanvar 1990-cı ildə
Cümə məscidində Bakı şəhidlərinə
yas tutulacağını oxuduq. Nümayəndə
heyətimizin inadlı təkidindən sonra bizi də oraya
apardılar. Təbrizlilərlə
görüşdük. Deyilənə görə, məscidə
və çevrəsində 30 mindən çox adam toplaşmışdı. Onlar
ağlayır, təkbir gətirir və coşğunluqla
Sovetlər Birliyinə nifrətlərini bildirirdilər. Toplantıda biz görüşə bildiyimiz adamlara
"Təbriz İnterneyşin" hotelində
qaldığımızı söylədik. Adamların toplu halda hotelə gələcəyindən
duyuq düşən xüsusi xidmət orqanlarının əməkdaşları
görüşə əngəl olmaq üçün bizi
hotelə deyil, Təbriz Universitetinə apardılar. Orada da istəyimizə əməl etmədilər.
Bizi ədəbiyyat, tarix fakültəsinin deyil,
Tibb Fakültəsinin bir qrup tələbəsi ilə
görüşdürdülər.
Normal görüşməyimizi, söhbət etməyimizi
istəmirdilər. Vaxt öldürürdülər ki, biz
hotelə gec qayıdaq. Dəhlizdə iki
qaşqay gənci ilə söhbət etməyə
çalışırdım. Onlar məni
dinləmək belə istəmədən ittihamlar
yağdırırdılar. Bizi
İranı dağıtmaqda, bölməkdə
suçlayırdılar. Narahatlıqları
da ondan ibarət idi ki, biz Güney Azərbaycanı Qüzey Azərbaycanla
birləşdirib yeni dövlət qursaq, qaşqayların
taleyi neçə olacaq?
Mən
onların ani fasilə verməyindən istifadə edərək:
"Bakıda, Azərbaycanda Sovet hərbiçilərinin
sizin soydaşlarınızı öldürdüyündən,
ermən silahlılarının Azərbaycandakı müsəlman
kəndlərinə hücum etdiklərindən xəbəriniz
varmı? Bu gün Azərbaycan dağılmaqda olan nəhəng
Sovet İmperiyasının xarabalığından az zərərlə çıxmaq istəyir! Biz İrandan kömək istəməyə gəlmişik.
Sizə hansı axmaq deyir ki, biz Güneydəki
Azərbaycanı işğal edib Quzeydəki Azərbaycana
qatacağıq?" - deyə bildim.
Onlar mənə cavab verməsə də, məzlumcasına
çiynimin üstündən arxaya baxdıqlarını
gördüm.
Geri döndüm. Arxamdakı
tələbələrin arasında 35-40 yaşlarında, qara
saqqallı birisinin gənclərin hərəkətini izlədiyi
aydın hiss edilirdi. Məsələ məlum
idi. Çətin ki, bu yaşda, bu geyimdə
tələbə olaydı. Mən ona qəzəblə
baxırdım. Dindirmək istəyəndə
o, surətlə tələbələrin arasından
keçib pilləkənə doğru getdi. Geri dönüb tələbələrlə söhbəti
davam etdirmək istədim. Gördüm ki,
onları da bir saqqallı qarşısına qatıb oradan
uzaqlaşdırır.
1979-cu ildə
İranda baş verən islam
inqilabından on bir il sonra xalqın gücü sayəsində
Sovetlərin toxunulmaz elan etdiyi, xof yaradan sərhəd
qurğuları söküldü. Şaxta iliyə
işlədiyi bir vaxtda gənclər Arazı bu taydan o taya, o
taydan bu taya üzdülər. Hökumət
çıxılmaz vəziyyətdə qalıb 1990-cı
ilin martın 20-də, Novruz bayramı günlərində sərhəd
bölgəsində sadələşdirilmiş gediş-gəlişə
icazə verdi. Sərhəd
boyunda yaşayanlar 25 kilometr məsafədə
qohumlarını, tanışlarını görə, orada gəzə
bilərdi.
Lakin qanun qəbul edildiyi ilk gündə tozulmağa
başladı.
Gediş-gəlişə icazə verilsə də,
pul dəyişmə məntəqələri
açılmadı. Bu
açıq-aşkar gediş-gəlişi əngəlləmək
üçün edilmişdi. Pulsuz adam
haraya gedər və nə iş görə bilərdi ki?!
Yaradılmış əngəllərə baxmayaraq, Arazı
o taya keçənlər uzun həsrətdən sonra tapa
bildikləri qohumlarının və yeni tanış
olub, dostlaşdıqları insanların köməyi ilə
qanunsuz da olsa Təbrizə, Ərdəbilə, Urmiyaya, Məşədə
və b. şəhərlərə gedirdilər. Bu taya keçənlər də eyni üsulla
Bakıya, Gəncəyə, Şəkiyə, hətta Moskvaya
kimi gedirdilər. Sovetlər çökməyə
başladığından sərhədçilər əvvəlki
kimi at oynada bilmirdilər.
Təbrizdən
Bakıya gətirdiyim qaşqay Məhəmmədəli
Hər dəfə
Təbrizə, Urmiyaya, Sulduza, Tehrana gedəndə millətsevər
gənclərə tövsiyə edirdim ki, Qaşqaylarla,
Şahsevənlərlə, Xələclərlə,
İnanlılarla və Savədə, Xorasanda yaşayan
türklərlə ə1aqə yartsınlar. 1996-ci
ildə yenə də sərhəd böyunda 25 kilometrlik məsafədə
gəzməyə icazə verən müvəqqəti pasportla
Təbrizə getmişdim. Dostlar məni 17-18
yaşları olan bir Qaşqay gənci ilə tanış
etdi. Onunla xeyli söhbət etdik. Məhdud dünyagörüşlü, savadsız
olsa da, məcarəpərəstin birisiydi. Onun məcarəpərəstliyi işimə
yaradı.
Təklif etdim ki, Bakıya gedək. Bakının
harada olduğunu bilmirdi. Tanışları
onu istiqamətləndirdilər. Razılaşdıq.
Mən sərhəddə gələndə onu
qaçaqçılara verdim, özüm isə qayda-qanula
gömrüyü keçdim. Sərhədlər
nə İran tərəfdən, nə də bizim tərəfdən
möhkəm qorunmurdu. Buna görə də
qaçaqçılar onu bu tayda mənə təhvil verdilər.
Adının Məhəmmədəli, atsının
adının Kuyimərz olduğunu, İsfahan
yaxınlığındakı Şəhrizad qəsəbəsində
doğulduğunu söyləyən bu gənc bir həftəyə
yaxın bizim evdə qaldı. Onu şəhəri
gəzdiməklə yanaşı, AMEA Dilçilik
İnstitunun dialektologiya şöbəsinə də
apardım. Məqsədim o idi ki, Məhəmmədəlini
danışdırıb dialekt materialı toplasınlar. Lakin istəyim baş tutmadı.
Məhəmmədəli ilə aramızda yaş fərqi
27-dən çoxdu. Gördüm söhbətlərim, mənimlə
gəzmək onun üçün darıxdırcıdır.
Bakı Dövlət Universitetində oxuyan
Güney Azərbaycanlı gənclərdən xahiş etdim
ki, ona yataqxanada yer versinlər və yanlarında gəzdirsinlər.
Sağ olsunlar, sözümü yerə salmadılar. Beləcə Qaşqay Məhəmmədəli bir
aya yaxın Bakıda yaşadı, gəzdi-dolandı,
universitetdə dərslərə, konsertlərə,
toplantılara getdi. Sonra onu gəldiyim yolla
da geri qaytardım.
Sonra xəbər tutdum ki, Məhəmmədəli evlərinə
dönəndə Bakıya getdiyini söyləsə də,
yazığa inanan olmayıb. Bir də deyirmiş ki, oradakılar
(yəni Azərbaycan Respublikasında yaşayanlar-Ə.Ş.)
lap savadsızdırlar: "Danışgahda (Univerisitetdə)
da, televizyada da bizim evdə, küçədə
danışdığımız kimi danışırlar. Biz heç olmasa birtəhər də olsa farsca danışa
bilirik. Onlar heç danışa
bilmir".
Pərvin
Bəhməni ilə ilk görüş
2000-ci ildə
Tehrana gedəndə Hüseyin Məmmədxanlı-Güneyli
mənə bildirdi ki, Pərvin Bəhməni ilə tanış olublar. Pərvin
xanım Qaşqa türklərindəndir. Bir ara Milanda yaşayıb, orada konservatoriyada
oxuyub. Geri döndükdən sonra İran
İslam İnqilabı baş verib. İnqilab
rəhbərləri də ölkədə musiqini qadağan
edib. Pərvin xanım da musiqiçilikdən
əl götürüb xalça alverilə ailəsini
dolandırmağa məcbur olub.
Hüseyin
Məmmətxani Güneylinin xəbəri mənə qol-qanad verdi. Elə həmin gün o, Şəbüstərdən
(Güney mahalı) olan, Tehran çevrəsindəki qəsəbələrdə
yaşayaraq şirniyat satmaqla ailəsini dolandıran
Aşıq Əhəd, mən və xanımım Pərvin Bəhməninin
iş yerinə getdik. Zirzəmidə
xalça-palazın yanında Qaşqayların çox istifadə
etdikləri bir neçə musiqi alətləri vardı.
Bizim gözlənilməz gəlişimiz Pərvin
xanımı çox sevindirdi. Bir neçə saat
Qaşqayların aşıqlarından, musiqiçilərindən
söhbət etdik. Pərvin xanım dedi ki, Qaşqaylarda
hökümətin qorxsundan indi aşıqlıq edən yoxdu.
Keçmişdə aşıqlıq edənlər
indi qəbiristanlıqda fatihə oxumaqla ailələrini
dolandırırlar. Bu xəbər məni
üzdü. Vəziyyətdən
çıxış yoları axtardıq. Çox ölçüb-biçdik.
Sonralar eşitdim ki, Aşıq Əhəd nəinki
Şiraza gedib, qəbiristanlıqda fatihəxanlıq edən
aşıqlarla görüşüb, hətta sazını
onlardan birinə bağışlayıb, bir kasıbın da
toyunda çalıb-oxuyublar.
Bir-iki ildən sonra Tehrana gedəndə gördüm ki,
Pərvin xanımın zirzəmidə Qaşqay musiqiçilərindən
ibarət Hava adlı gözəl bir ansambl yaradıb. Pərvin
xanımın oğlu Damun Şeşbuluki (familya
Qaşqayların şeşəbəyi tayfasının
adının təhrif olunmuş formasıdır), Arəş
Əzizi, Deraxşən Şölə, Momtahan Nazəni,
Qurban Nəcəfi və başqaları bu kollektivə
qoşulub.
Məhəmməd
Xatəminin prezidentliyi dönəmində rejimdə nisbi
yumşalma baş verdi. Ölkədə
musiqiçilərə, şair və yazıçılara
basqı bir az azaldı. Bundan
bacarıqla istifadə edə Pərvin Bəhməni
yaratdığı ansamblla Tehranda, Şirazda keçirilən
etnoqrafiq toplantılarda çıxış etdi.
Giresunda Pərvin
Bəhməniyə həsr olunmuş aşıqlar şöləni
Pərviz Bəhməninin rəhbərlik etdiyi Hava
ansamblını Azərbaycana gətirdə bilməsəm də,
Türkiyəyə getmələrinə yol aça bildim. Bəzi
toplantılarda bir yerdə olsaq da, bəzilərinə mən
qatıla bilmədi. Amma hər dəfə
haraya getdikləri, necə qarşılandıqları, konsertlərinin
necə keçdiyi, necə yola salındıqları
haqqında mənim xəbərim olurdu. Hər
dəfə də Hava ansamblının konsertləri
alqışlarla qarşılandığını eşidəndə
sevindim.
İş elə gətirdi ki, Pərvin xanım ağır xəstəliyə tutuldu. Ölüm-qalım savaşı verdi. Azərbaycan və İran türkləri mövzusunda neçə-neçə dəyərli araşdırmanın yazarı, Prof. Dr. Ali Kafkasyalıya bu haqda bilgi verdim. O, Pərviz Bəhməniyə mənəvi dayaq olmaq, onda ruh yüksəkliyi yaratmaq üçün plan cıcdı. 2016-cı ilin may ayının 2-4-də Giresin Universitetində "Beşinci Türk Dünyası Aşıqlar Şölənini və Pərvin Bəhməni Kaşkai Halk Bilimi Simpozyum" təşkil etdi. Pərvin xanım da rəhbərlik etdiyi Hava ansamblı ilə orada gözəl konsert verdi. Bu toplantıda bir neçə Qaşqay musiqiçisi ilə, Ərsalan Mirzeyi, İbrahim xan Kohendli Purun və başqaları ilə tanış oldum.
Prof. Dr. Ali Kafkasyalının istəkləri baş tutdu. Pərvin xanım xəstəlikdən tam qurtula bilməsə də, əhval-ruhiyyəsi getdikcə yaxşılaşdı.
Pərvin xanımın oğlu Domun bəylə əlaqələrimiz sıxlaşdı. O, Azərbaycan musiqisi ilə bağlı lentləri hazırlayaraq İran televiziyalarında, Universitetlərdə göstərdi. Bakıya tez-tez gəlməyə başladı. Söhbətlərdən, görüşlərdən yeni layihələr meydana gəldi. O tayın məşhur musiqiçilərindən Fərəməz Gərmuridinin musiqi kollektivinin bir neçə diskini hazırladı. Bu uğuru onu yeni layihələrə həvəsləndirdi. "Çahargah" muğamı əsasında sənədli film çəkdi. Fərəməz Gərmuridinin rəhbərlik etdiyi müsiqi kollektivini Şəkidəki Xan sarayına, Şirvanşahlar sarayına və b. tarixi yerlər gətirdi. Onların ifasını lentə aldı. Beləcə "Göyərçin qanadları" adlı sənədli film hazırlandı. Sənədli film İranın bir çox yerlərində və Bakıdakı Muğam Mərkəzində, Azərbaycanın tanınmış musiqiçiləri qarşısında nümayiş etdirildi. Filmdə musiqi də vardı, rəqs də, Azərbaycanın görməli yerləri də. Əslində, film həm də geniş bir reklam rolunu oynadı.
Əlaqələrimizin getdikcə
sıxlaşmasının nəticəsi idi ki, qaşqaylar məni
tez-tez yaşadıqları bölgələrə dəvət
edirdilər. Oraya getməyə çox can atsam da, hər dəfə
bir işim çıxdığından onların dəvət
etdiyi vaxtla mənim vaxtım üst-üstə
düşmürdü.
Əli
ŞAMİL
525-ci qəzet.- 2018.- 5 sentyabr.- S.6;8.