Azərbaycanda Nəsimi
- şeir, sənət və mənəviyyat Festivalı
keçiriləcək
27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.
Bu haqda Modern.az-a Heydər Əliyev Fondundan bildirilib.
Altı əsr əvvəl yaşamış
böyük şair İmadəddin Nəsiminin şeirləri
yalnız möhtəşəm söz ustalığı
nümunələri deyil, onlar məna qüvvəsi və kəsərli
səmimiliyi ilə hər kəsi vücudun sirri
qarşısında fikrə dalmağa, qəlbin ən dərin
qatlarına seyr etməyə çağırır.
Festival
şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan
– asimana” və onun öz kəlamından götürülən
“Zərrə mənəm, günəş mənəm…”
şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif
sənət növləri və bilik sahələrini əhatə
edir. Festival günlərində Bakı
şəhərinin müxtəlif məkanlarında, eləcə
də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil
olunacaq.
Festivalın
ilk günü iştirakçılar şairin
doğulduğu Şamaxı şəhərində İmadəddin
Nəsiminin qardaşı Şaxəndanın və görkəmli
şair Seyid Əzim Şirvaninin dəfn olunduğu Şaxəndan
qəbristanlığını, Qafqazda ən qədim məscidlərdən
olan, 743-cü ildə inşa edilmiş Cümə Məscidini,
Avaxıl kəndindəki Pir Ömər məbədini və
Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edəcəklər.
Şamaxıda Nəsiminin heykəli önündə
şeir-musiqi məclisi, həmçinin Mədəniyyət
Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində
keçirdiyi, İmadəddin Nəsiminin xatirəsinə həsr
olunmuş ədəbi müsabiqənin qaliblərinin
iştirakı ilə tədbir təşkil olunacaq. Müsabiqəyə
gənc şairlər Nəsimi dühasından bəhrələnərək
yazdıqları əsərləri təqdim ediblər. Festival çərçivəsində, həmçinin
muğam və mənəviyyata səsləyən musiqilər
ifa olunacaq.
Şamaxının Meysəri kəndində “Həssas Dəb”
adı altında Beynəlxalq Etik Dizayn Məntəqəsinin
açılışı da keçiriləcək. “Baku”
jurnalının son bir neçə ildə “Eko. Dəb marşrutu” (“ÝÊÎ. Ìîäíûé ìàðøðóò”)
başlığı altında davamlı dərc etdiyi
materiallar əsasında qurulan məkan geyim və interyer əşyaları
istehsalında ekoloji həssaslıq, təkrar emal, unudulmuş
və dövriyyədən çıxan ənənəvi
istehsal üsulları və texnologiyalarının bərpasına
dair məlumat və maarifləndirmə, nümayiş və
satış salonu funksiyalarını
özündə ehtiva edəcək. Burada azərbaycanlı
və xarici dizaynerlərin işləri təqdim olunacaq.
Sərgidə Azərbaycanda yüz illər boyu istifadə
olunan geyim üslubları, müxtəlif dövrlərdə dəbdə
olmuş fərqli rənglər və milli ornamentli bəzəklərlə
işlənmiş libaslar nümayiş etdiriləcək.
Daha sonra
AMEA-nın Nəsirəddin Tusi adına
Şamaxı Astrofizika Rəsədxanasında “Ulduzlar
önündə” adlı akustik və elektron musiqi
axşamı keçiriləcək. Proqramda Sahib Paşazadə,
İrşad Hüseyn (Azərbaycan), Ali Phi (İran), Sati
Kazanova (Rusiya), Rabih Beaini (Livan/Almaniya), Abdel Karim ( Livan),
"Hanoy" dueti: Nguen Le (Vyetnam/Fransa) və Ngo Hong Quang (Vyetnam), Görkem
Şen (Türkiyə), “Ar Bərd” dueti (Fransa) iştirak edəcəklər.
Sentyabrın 28-də isə Bakıda, Heydər Əliyev
Mərkəzində almaniyalı alim, tanınmış nəsimişünas
Mixael Hessin (Michael Hess) “Nəsiminin müasir kontekstlərdə
dərk edilməsi” mövzusunda mühazirəsi keçiriləcək.
Həmin
gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf
Mühitin Mühafizəsi Naminə Beynəlxaq Dialoq)
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla
Əliyevanın təşəbbüsü ilə təşkil
olunmuş “Canlı həyat” (“Live Life”) sərgisi London, Paris,
Berlin, Moskva və Tbilisidə nümayişdən sonra
Bakıda Heydər Əliyev Mərkəzində təqdim
olunacaq. Sərgi ətraf mühit problemlərinə,
təbiətin qorunmasına diqqət çəkmək və
incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti
maarifləndirmək məqsədi daşıyır.
Heydər Əliyev Mərkəzində Birləşmiş
Ərəb Əmirliklərinin Barcil İncəsənət
Fondunun (Barjeel Foundation) təqdim etdiyi “Hürufiyyə” sərgisi
isə 26 rəngkarlıq və qrafika əsərdən ibarət
olacaq. Bu əsərlər
bir sıra ərəb ölkələrində yaşayan,
müasirlərimiz olan rəssamlara aiddir və “hürufiyyə”
(hərflər, xəttatlıq üzərində qurulan təsvirlər)
adlı, son 20 ildə geniş vüsat almış cərəyanı
nümayiş etdirir. Ekspozisiyada, həmçinin
Azərbaycanın Əməkdar rəssamı Tərlan
Qorçunun bir neçə rəsm tablosu təqdim olunacaq.
Daha sonra
proqram “ambient musiqi” janrının yaradıcısı,
görkəmli britaniyalı bəstəkar Brayan İnonun
(Brian Eno) “77 milyon rəsm” musiqi və video-art instalyasiyası
ilə davam edəcək. Bu əsər indiyədək
Tokio, London, Nyu-York, Buenos-Ayres, Barselona, Sidney, Mexiko, Keyptaun,
Roma və digər şəhərlərdə nümayiş
olunub.
Tədbirin rəsmi açılış mərasimi də
Heydər Əliyev Mərkəzində keçiriləcək. Belə ki, sentyabrın 28-də
axşam Mərkəzdəki konsert proqramında Nəsiminin
şeirləri təqdim olunacaq, muğamlardan parçalar,
XIII-XIV əsr görkəmli Azərbaycan musiqiçisi
Əbdülqadir Marağayinin bəstələri üzərinə
gənc və orta nəsil bəstəkarların Azərbaycan
Milli Konservatoriyasının nəzdindəki “Əsrlərin sədası”
qədim musiqi alətləri ansamblı üçün yeni
işləmələri, dahi bəstəkar Fikrət Əmirovun
“Nəsimi haqqında Dastan” əsəri, Azərbaycanın
Əməkdar artisti Tünzalə Ağayevanın Nəsiminin
sözlərinə bəstələdiyi “Dua” mahnısı səslənəcək.
Konsertdə Azərbaycan əsilli,
tanınmış britaniyalı müğənni Sami Yusif də
çıxış edəcək.
Festivalın
həmin günü Kamera və Orqan Musiqisi Zalında Azərbaycanın
əməkdar artistləri Rain Sultanov və İsfar Sarabskinin
mənəviyyat və əbədi dəyərləri vəsf
edən “Silsilə” (“Cycle”) musiqi layihəsinin təqdimatı
ilə başa çatacaq. Bu layihədə
İsfar Sarabski fortepiano ilə yanaşı, orqanda caz musiqisi
ifa edəcək.
Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində
tanınmış yoqa ustası Nandan Qautam (Nandan Gautam) ilə
“Bədii yoqa sessiyası” keçiriləcək. N. Qautamın keçirdiyi məşğələni
özünün müəllifi olduğu musiqinin müşayiət
edəcək.
Sentyabrın 29-da, həmçinin Şirvanşahlar
sarayında görkəmli alman bəstəkarı Karlhayns
Ştokhauzenin (Karlheinz Stockhausen) “Yeddi gündən” (“Aus deb
sieben Tagen”) əsərini beynəlxalq musiqiçilərdən
ibarət heyət kollektiv improvizasiya şəklində ifa edəcək. Bəstəkar
əsərdə bir not belə yazmadan, öz vəzifəsini
ifaçıları mənəvi cəhətdən
ruhlandıran mətnlər tərtib etməkdə
görüb. Musiqiçilər həmin mətnləri
oxuyaraq sərbəst improvizələr edir və bu prosesdə
onlar həm müəllifdən, həm də bir-birini
ifasından ilhamlanmış olurlar. Musiqiçilərin
eyni məkanda deyil, saray kompleksinin bir-birindən aralı
müxtəlif guşələrində yerləşdirilməsi
sanki xəlvətlikdə, tənhalıqda həqiqəti dərketməni
təcəssüm etdirir. Müasir
kommunikasiya vasitələri ilə bu ayrı-ayrı musiqi
ifaları birləşdirilib, internet vasitəsilə canlı
yayımlanacaq. Layihədə fərqli mədəniyyət
və üslubları təmsil edən musiqiçilər – Azərbaycandan
əməkdar artistlər Elçin Şirinov və Şəhriyar
İmanov, skripkaçı Osman Eyublu və xarici ölkələrdən
Kudsi Erguner (Türkiyə),
Sefudi Koyate (Qvineya), Naomi Sato ( Yaponiya), Kristina Vantsu
(ABŞ/Belçika), Elizabet Harnik (Avstriya) və Canluka
İadema (İtaliya) iştirak edəcəklər.
Sentyabrın 29-da, həmçinin Daş Salnamə
Muzeyində dünyaşöhrətli amerikalı
iqtisadçı Ceremi Rifkinin (Jeremy Rifkin) “Empatik sivilizasiya və
paylaşım iqtisadiyyatı” adlı videomühazirəsi
olacaq, ardınca isə sual-cavab sessiyası keçiriləcək.
Daş Salnamə Muzeyində eyni zamanda ölməz Nəsimidən
ilhamlanaraq hazırlanmış “Bahariyyə” adlı musiqi layihəsi
təqdim olunacaq. Səhnədə beş muğam ifaçısı ilə
yanaşı, elektron musiqi ifaçısı da
çıxış edəcək; Teyyub Aslanov (xanəndə),
Əliağa Sədiyev (tar), Elnur Mikayılov (kamança),
Şirzad Fətəliyev (zurna və balaban), Kamran Kərimov
(nağara), Fərhad Fərzəliyev (elektron musiqi və səs
dizaynı).
Həmin gün, həmçinin Dənizkənarı
Milli Parkda “DanceAbility” inklüziv metodu ilə rəqs edən
qrupun çıxışı olacaq. “DanceAbility Azərbaycan”
təşkilatının üç həftəlik təlimləri
nəticəsində ərsəyə gələcək bu
çıxış zamanı həm sağlam, həm fiziki
imkanları məhdud şəxslər bir araya gələrək
rəqs və hərəkətlə özlərini ifadə
etmək sevincini paylaşacaqlar. Bu rəqslər Bakı
bulvarına Nəsiminin insanda ali və
kamil bir məxluq görmək fəlsəfəsinin ruhunu gətirəcək.
Sentyabrın 30-da isə Bakının Qala qəsəbəsində
istifadəsiz qalan sənaye anbarında “Açılan divar”
ictimai incəsənət layihəsinin təqdimatı olacaq. Layihədə 10-dək
yerli və xarici “urban art” (şəhər mühitində
incəsənət) rəssamı iştirak edəcək,
binanın divarları üzərində öz əsərlərini
yaradacaqlar. Bunların arasında ABŞ, Cənubi
Afrika, Braziliya, Belçika, İspaniya və Fransa rəssamları
olacaq. Uşaq və yeniyetmələr əsərlərin
yaradılması prosesini yaxından müşahidə edib,
ustad rəssamların rəhbərliyi ilə rəsmlər
çəkəcəklər. Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının tələbələri
daha sonra həmin eskizləri binanın divarlarına
böyük ölçüdə əks etdirəcəklər.
Həmin gün “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Tullantıdan incəsənətə” sərgisi və “Daşın nəğməsi” layihəsi çərçivəsində yaradılmış əsərlərlə tanışlıq olacaq, Paraqvayın məşhur, uşaq və yeniyetmələrdən ibarət “Recycling” orkestrinin (tullantılardan təkrar emal olunmuş musiqi alətlərindən ibarət orkestr) konsert proqramı təqdim ediləcək.
Festival günlərində İçərişəhərin valehedici cazibəsi ilə incəsənətin qovuşması qonaqları qədim Bakıya səyahət etdirəcək. İçərişəhərdə sərgilər, instalyasiyalar, videoproyeksiyalar nümayiş olunacaq, poeziya nümunələri və musiqi səslənəcək, teatr tamaşaları təqdim ediləcək. Nəsiminin misralarına yazılmış nəzirələr İçərişəhərin dar küçə və dalanlarında qeyri-adi tərzdə – məsələn, divar üzərində xəttatlıq şəklində, yaxud səs yazısında, hətta “QR kod” texnologiyası əsasında hər hansı bir mənzərə üzərində “canlandırılaraq” izləyicinin qarşısına çıxacaq.
Festivalın sonunda Bakı Media Mərkəzində Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr olunan şeir müsabiqəsinin qalibləri mükafatlandırılacaq.
525-ci qəzet.- 2018.- 5 sentyabr.- S.7.