"İncə ruhun dərmanı" misralar

 

Aydın TAĞIYEV

 

Qədim Şirvan həm söz adamları, qələm əhli ilə tanınıb, şöhrətlənib. "İncə ruhun dərmanı" adlı irihəcmli şeirlər kitabı ilə oxucularla ilk görüşə gələn İntiqam İslamov da Şamaxı bölgəsində yaşayıb-yaradır.

 

İntiqamın şeirlər kitabını mənə həmyerlim, uşaqlıq dostum Zəfər Aslanov təqdim etdi. "O vaxtlar, ötən əsrin yetmişinci illərində ADU-da tələbə yoldaşı olmuşuq,  - dedi. - Müəllimlərimizin bizə oxuduqları mühazirələrdən, seminar məşğələlərindən məndə belə bir ümid yaranmışdı ki, "qalmaz belə, qalmaz dünya..."

 

Xəlvətcə fikirlərimi İntiqamla bölüşəndə o, nədənsə fikirlərimə şübhə ilə yanaşırdı. Bəlkə bu inamsızlıq yaşca məndən cavan olmasından irəli gəlirdi.

 

Sonra da Zəfər mənə kitabda işarə etdiyi bir şeiri nişan verdi. Müəllif o şeiri 39 ildən bəri görmədiyi tələbə yoldaşına ithaf etmişdi.

 

Sonralar Zəfər cibində partbilet gəzdirsə , babatca vəzifəsi olsa da, respublikamızda başlanan azadlıq hərəkatının bizim Şabranda öncüllərindən biri oldu.

 

İntiqamın, indi Şamaxıda kənd məktəbində müəllim işləyən şairin kitabını vərəqləyirəm.

 

Tanınmış şair Zirəddin Qafarlı kitaba maraqlı bir tanıtma, ön söz yazıb. Zirəddin Qafarlının səmimiyyətlə yazdığı "ön söz"də deyildiyi kimi, bəli, Çarhan kəndində böyüyüb boya-başa çatmış, zamanında ən nüfuzlu təhsil ocağında təlim-tərbiyə almış, ziyalı ata İxtiyar kişinin ocağından çıxmış İntiqam soykökünə sədaqət nümunəsi göstərərək hər bir çətinliyə sinə gərmiş, işləyə-işləyə ali təhsil almağa müvəffəq olmuşdur.

 

Şeirə, sənətə, poeziyaya həvəs göstərən İntiqam uşaq yaşlarından kiçik həcmli şeirlər yazmağa başlamışdı.

 

O, hələ gənc yaşlarında "Gənc Sabirçilər" dərnəyinin üzvü kimi "Yeni Şirvan" "Azərbaycan pioneri" qəzetlərində şeirləri ilə geniş oxucu kütləsinin qəlbinə yol tapmışdır. Maraq doğuran cəhət odur ki, İ.İslamov özünütəbliğdən uzaq olmuş, belə demək olarsa, şeirlərini cəm edərək kitab halında nəşr olunmasından təvazökarcasına çəkinmişdir.

 

Şamaxı ziyalılarının öncüllərindən olan İntiqam müəllim haqqında çox deyilmiş, barəsində "Şirvanın bir incisi", "Müasir Şamaxı ziyalıları" kitablarında mətbuat səhifələrində kifayət qədər yazılmış seçmə şeirləri verilmişdir.

 

İlk kitabı olan "İncə ruhun dərmanı" əslində, İntiqam İslamovun həyat salnaməsinin dolğunluğunu əks etdirən həyat səhnələridir.

 

AMİ Şamaxı filialının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Əlistan Əkbər isə kitab haqqında təəsüratını "Bir qəlbin sirri" adlı yazasında belə ifadə edir:

 

Vətən, ana, el məhəbbəti onun yaradıcılığının əsasını təşkil edir. Hələ gənc yaşlarında yazdığı şeirlərində duyulan müəllim əməyinə hörmət, şagirdlərə diqqət qayğı notları qəlb oxşayırdı:

 

Sönübdür ocağım, közü göyüyür,

Ananın söhbəti, sözü göyüyür.

Qəlbimdə heykəldi - hər an boyüyür.

Ayrılıq şərbəti içəndən bəri.

Anam o dünyaya köçəndən bəri.

 

Ulu hisslərlə yaşayan, inancını, əqidəsini vəzifəyə, şər güc qüvvələrə heç vaxt güzəştə getməyən, dəyişməyən İntiqam müəllim otuz ilə yaxın bir müddətdə yazdıqlarını, eləcə üç poemasını "Ayıbdı, hər yetəndən şair olmaz" qayəsinə qurban verib, yazdıqlarını yandırıb.

 

Doğma yurda, ana torpağa, onun insanlarına, təbiətinə, gözəlliklərinə ünvanlanan, sevgi, məhəbbət tərənnüm olunan şeirlərində İntiqam həm özünün lirik-psixoloji, fəlsəfi-ictimai düşüncələrini ifadə etməyə çalışır.

 

Özündən əvvəl neçə-neçə qələm əhlinin müraciət etdiyi mövzularda yazdığı şeirlərində o, yeni poetik söz, fikir deməyə çalışır.

 

Günümüzün, sabahımızın taleyi, zamanın-dövranın ağrı-acıları, müasirlərimizin hiss duyğuları, dünyamızın təzadları - bax, bütün bunlar da şair kimi İntiqamı düşündürən mövzulardandır.

 

Qəfil çıxdın sən qarşıma,

Anama oxşayan qadın.

Dünya uçdu lap başıma,

Anama oxşayan qadın.

Sağa döndüm, sola döndüm,

Qara daşa, sala döndüm.

Qarşında bir lala döndüm.

Anama oxşayan qadın.

 

Neçə-neçə xəzan, qış, həm baharlar görən şair ömrünün bir baharını özünə ilk bahar hesab edir. Çünki:

 

Mən ilk bahar sayıram

Ömrümdə bu baharı.

Ən şirin arzu billəm,

Builki arzuları.

Axı, titrək səs ilə,

Üç kəlmə söz demişəm.

Bu baharda o qıza

Eşqimi bildirmişəm.

 

Aşiq həm qəlbini sevgilisinə qurban etməkdən çəkinmir:

 

Sönsə ocağımız od üçün, ay qız,

Əl açma qonşuya, yoldan ötənə.

Gəl, apar qəlbimi, sorğu-sualsız,

Yandır ocağını, qurbandır sənə.

 

"Dünya məndən keçir" deyən şair Qarabağ nisgilini ciyərindən keçən ağrı bilir.

 

Torpaqları qarış-qarış,

İlmə-ilmə, naxış-naxış.

Qarabağdan harda varmış,

Ciyərimdən gəlib keçir.

 

Bugünlərdə ömrünün 65 ilini başa vurub indi müdriklik çağlarını yaşayan, şeiri incə ruhun dərmanı hesab edən şair dostumuz İntiqama bundan sonra da ruhumuzu, hisslərimizi riqqətə gətirən, titrədən poeziya nümunələri yazıb-yaratmaq arzulayıram!

 

525-ci qəzet.-2018.-6 sentyabr.-S.8.