Ziyalı fədakarlığı, alim zəhmətkeşliyi

                 

ƏDƏBİYYATŞÜNAS-ALİM VƏFA XANOĞLANIN 65 YAŞINA

 

Haqqında danışacağım ziyalı vəfalı dostumla isti münasibətlərimizin kökü bizim tanışlığımızdan çox-çox əvvələ gedib çıxır.

 

Yaxşı yadımdadır, 1965-ci ilin yazı idi. Atamın o vaxtlar dəbdə olan, hamının ən çox mütaliə etdiyi "Kommunist" qəzetini həvəslə oxuduğunu müşahidə edirdim. O qeyd etdi ki, oğlum, qəzetdə maraqlı bir oçerk oxudum. Məşhur xalq yazıçısı, görkəmli sənətkarımız İlyas Əfəndiyev Kürdmahmudlu kəndinə, qohumu Xanoğlan müəllimin oğlu Şəfanın toyuna gəldiyini bu maraqlı səfərindən aldığı təəssüratı çox böyük həvəslə qələmə almışdır. Oçerk atamın çox xoşuna gəlmişdi. Qəzetdə gedən bu maraqlı məqalənin təsiri mənim yaddaşımda əbədi həkk olunmuşdu. Tale elə gətirdi ki, mən Gəncə Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili ədəbiyyat fakültəsinə daxil oldum. 1970-ci ilin qışı idi. Tələbə yoldaşlarımdan biri mənə dedi ki, sizin rayondan bizim fakültənin 1-ci kursunda bəstə boylu bir oğlan oxuyur. Onunla sizin tanış olmağınız pis olmazdı. Mən tez həvəslə həmin oğlana nəzərdə tutduğu tələbə ilə görüşmək arzumu bildirdim. Söhbət əsnasında bəlli oldu ki, Vəfa adlı bu yeniyetmə gənc tanınmış ziyalı, Kürdmahmudlu kənd orta məktəbinin direktoru Xanoğlan müəllimin oğludur. Bu barədə Vəfa ilə qısa söhbətim də oldu. Ancaq elə oldu ki, birinci kursu bitirdikdən sonra o, təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda davam etdirdi. Görünür ki, qardaşı Şəfa Bakıda yaşadığı üçün Vəfanın da Bakıda təhsilini davam etdirməsi ailə üçün münasib idi. Vəfa Xanoğlan 65 il əvvəl, sentyabrın 14-də Füzuli rayonunun Kürdmahmudlu kəndində "Şərəf nişanı ordenli", "SSRİ-nin maarif əlaçısı", "Qabaqcıl maarif xadimi", "Baş müəllim" kimi müxtəlif fəxri adlara, çoxsaylı mükafatlara layiq görülmüş, yarım əsr məktəb direktoru işləmiş müəllimlər müəllimi Xanoğlan Murtuza oğlu Əliyevin ailəsində-Qarabağın tanınmış ziyalılar ocağında dünyaya göz açıb. İnstitutu bitirdikdən sonra o, məktəbdə müəllim və tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır.

 

Sovet dönəmində hamı yaxşı xatırlayır ki, rayon məktəbləri 70-ci illərin əvvəlində dərs açılandan bir qədər sonra pambıq və üzüm yığımına kömək edirdi. Mənim işlədiyim məktəb və Vəfanın direktor müavini işlədiyi Aşağı Kürdmahmudlu məktəbinin şagird və müəllimləri Arazboyu adlanan yerdə pambıq tarlasında tez-tez görüşürdük. Mən Vəfanın məlumatlı bir gənc olmasını hiss etdiyim üçün ona elmi işlə məşğul olmağı tövsiyə etdim. Dostum, sənin savadın, aydın nitqin kiçik sinif otaqlarına sığmır, sənə ali məktəbin auditoriyasında mühazirə söyləmək yaraşır. Mənim dost məsləhətim və özünün qəlbindən keçən arzular Vəfanın Cənubi Azərbaycan şairi "Həbib Sahirin poetik yaradıcılığının inkişaf yolu" adlı dissertasiya mövzusunu götürməsi ilə nəticələndi.

 

Əlbəttə, məktəbdə işləmək, kitabxanalardan uzaq düşərək, elmi yazmaq asan deyildi. Vəfanın elmi işi ilə bağlı materiallarının əldə olunmasında mərhum şərqşünas alim, professor Rüstəm Əliyevin zəhməti əvəzsizdir. O, həm də Vəfaya yaxşı bir elmi rəhbər oldu. Vəfa Həbib Sahirə aid bütün əlyazmaları və kitabları böyük çətinliklə əldə etdikdən sonra tədqiqat işi üzərində ciddi araşdırmalar apardı. Bu işdə akademik Mirzə İbrahimov, professor Teymur Əhmədov, professor Qafar Kəndli, Hökümə Billuribir sıra görkəmli ədəbiyyatşünaslar, tanınmış alimlər gənc tədqiqatçıya dəyərli məsləhətlər verdilər.

 

Vəfa orta məktəbdən uzaqlaşandan sonra 1982-1984-cü illərdə əvvəlcə Füzuli rayon "Bilik" cəmiyyətində məsul katib, onun ardınca 1985-ci ildə rayon partiya komitəsində təlimatçı işlədi. Vəfa Xanoğlan nəhayət, bütün maddi və mənəvi çətinliklərə sinə gərərək 1985-ci ildə Cənubi Azərbaycan şairi "Həbib Sahirin poetik yaradıcılığının inkişaf yolu" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi-elmi dərəcəsinə layiq görüldü. Vəfa müəllim Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq institutunda müdafiə etdi. Həmin ərəfədə mən də elmi işimlə əlaqədar tez-tez Bakıya gedib gəlirdim. Görüşlərimizin birində o, mənə ərklə dedi ki, Ehtiram, mən təsdiqimi almışam, bizim instituta get gör diplomum gəlibsə, Laura xanıma (o vaxtlar elmi katib idi) xahiş elə, diplomumu al gətir. Elə də oldu. Mən Şərqşünaslıq institutuna gedib Vəfanın diplomunu alıb doğma kəndinə gətirdim. Əlbəttə, bir valideyn kimi atası Xanoğlan müəllim və anası Zeynəb xanımın sevincini müşahidə etmək, onların mənə qarşı sonsuz minnətdarlıq etməsi və evdə geniş stol açaraq mənə qonaqlıq vermələri, keçirdikləri sevinc hisslərini mənimlə bölmələrini heç vaxt yaddan çıxarmayacağam.

 

Vəfa Xanoğlan taleyini 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə bağlamışdır. O, əvvəlcə universitetdə laborant kimi işə başlamış, sonradan müəllim, baş müəllim və 1993-cü ildən dosent elmi adını almışdır. Universitet rəhbərliyi yüksək etimad göstərərək çalışqanlığı və fəallığı ilə fərqlənən Vəfanı ADMİU-nun Elmi Şurasının elmi katibi vəzifəsinə seçmişdir. 1997-2014-cü illərdə isə ADMİU-nun sənətşünaslıq fakültəsində dekan kimi fəaliyyət göstərib. Hazırda o, Bakı Xoreoqrafiya Akademiyasında "Azərbaycan dili və ədəbiyyat" kafedrasının müdiri vəzifəsində çalışır. 2017-ci ildən isə Elmi Şuranın qərarı ilə işlədiyi kafedranın professoru seçilmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin (2002 )Teatr Xadimləri İttifaqının (2009) üzvüdür. 2005-ci ildə A.A.Bakıxanov adına mükafatla təltif edilib. 2013-cü ildə isə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

 

Vəfa müəllim Universitetdə işləyərkən onun bir-birinin ardınca kitabları çap olunmuşdur. 2000-ci ildə "Hürriyyət fədaisi", 2004-cü ildə "Sənətkar və ədəbi proses", 2005-ci ildə Həbib Sahirin "Seçilmiş əsərləri" (tərtibçisi və ön sözün müəllifi V.Əliyevdir), 2008-ci ildə "Ədəbi proses və ədəbi nəsil" (həmmüəlliflə birlikdə), 2011-ci ildə "Kinoteleviziya ssenariləri" dərsliyi, 2013-cü ildə "İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti" monoqrafiyası çap olunmuşdur. Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığının tədqiqi və təbliği sahəsində özünəməxsus tədqiqatçılıq fəaliyyəti ilə seçilən Vəfanın "İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti" monoqrafiyası xüsusi yer tutur.

 

Bu tədqiqat əsəri kitab müəllifinin potensialını, İlyas Əfəndiyev yaradıcılığına dərindən bələd olmasını, təhlilə cəlb etdiyi səhnə əsərlərinin sənətşünaslıq mövqeyindən dəyərləndirməsi ilə diqqəti cəlb edir. Vəfa Xanoğlan İlyas Əfəndiyevin zəngin və çoxcəhətli irsi haqqında nəzəri mülahizələr söyləməklə kifayətlənmir, ədibin əsərlərinin mətnini çözür, mətndən nəzəriyyəyə gəlir. Müəllif çox doğru müəyyən edib ki, mənəvi gözəllik üçün məsuliyyət dramaturqun mədəniyyət təliminin cövhərini təşkil edir. Bütün dünyaya-tarixə, insana, təbiətə, sənətə gözəllik prizmasından nəzər salan ədib mədəniyyətə də gözəlliyin saxlancı kimi dəyər verən İlyas Əfəndiyev "çağdaş milli mədəniyyətə böyük təsir göstərmiş şəxsiyyətlərdəndir". Monoqrafiyada belə bir konseptual qənaətlər yer alıb: "İlyas Əfəndiyev öz əsərlərində Azərbaycan xalqının mədəni-mənəvi həyatını, onun genetik mənşəyindən, nəşət edən milli özünüdərkini, xalqımızın tarixçi taleyini, estetik zövqdünyaduyumunu, sənət baxışlarını əks etdirməklə mədəni prosesə təkan vermişdir. Onun yaratdığı xarakterlər qədim türk ruhu məcrasında formalaşıb, qəhrəmanlıq, qürur, ocağa bağlılıq, ailə kultu, torpaq təəssübü qədim türk imperatorlarının əxlaqı ilə bağlı idi. Türklərdə əxlaq ideologiya səviyyəsində olmuşdur. Bu, vətən əxlaqı idi. İlyas Əfəndiyevin əsərlərində, xüsusən onun qəhrəmanlarının davranışlarında vətən əxlaqı və milli əxlaq vəhdətdə çıxış edir. Tərəddüdsüz deyirik ki, o, XX əsr Azərbaycan ədəbiyyatının ən milli yazıçısıdır". Bildiyimiz kimi, İlyas Əfəndiyevin nəsr və dramaturgiya yaradıcılığı ilə bağlı onlarla tədqiqat əsəri və dissertasiyalar yazılmışdır. Mənə elə gəlir ki, V.Əliyevin İlyas Əfəndiyev yaradıcılığına yüksək həvəs və məhəbbətlə nüfuz etməsi, onun tədqiqatının sanballı olmasını, elmi siqlətinin dəyərini artırmış, onun ortaya qoyduğu əsər öz monumentallığı ilə başqalarından fərqlənmişdir. Bu kitab ədəbiyyatşünas-alimin həm də bir sənətşünas alim kimi yetişməsini şərtləndirmişdir.

 

 2016-cı ilin dekabrında Vəfa Əliyev "XX əsrin II yarsında Azərbaycan mədəniyyətində İlyas Əfəndiyevin rolu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsini almaq hüququ qazanmışdır. Mən də həmin müdafiədə iştirak etdim. Həm müxtəlif ali məktəb alimlərinin müsbət rəyləri, opponentlərin verdiyi dəyərlər, müdafiədə şura üzvlərinin suallarını Vəfa müəllimin ətraflı cavablandırması bütün müdafiə şurasının üzvlərini tam qane etdi. Onu da qeyd edim ki, Vəfa uzun illərdir ki, Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı üzərində yorulmaq bilmədən araşdırmalar aparır, mövzuya aid elmi düşüncələrini respublikada və xaricdə nəşr olunan nüfuzlu dərgilərdə və toplularda mütəmadi çap etdirir. Dissertasiyada Azərbaycan mədəniyyətində görkəmli sənətkar İlyas Əfəndiyevin xidmətləri ilk dəfə olaraq kompleks şəkildə tədqiq edilir. Müstəqillik dövrünün istiqlal ideyaları işığında yazılmış bu əsər hesab edirəm ki, görkəmli dramaturqun yaradıcılığının tədqiqi tarixinin yeni mərhələsidir. Bu tədqiqat əsəri bir tərəfdən yazıçı və dramaturqun yaradıcılıq yolunun öyrənilməsi, sənətkarlıq ənənələrinin ümumiləşdirilməsi nöqteyi-nəzərindən, ikinci tərəfdən isə, son yarım əsrlik mədəniyyətimizin problemlərinin araşdırılıb dəyərləndirilməsi cəhətindən sənətşünaslıq elmimiz üçün gərəkli tədqiqatdır.

 

Çox əlamətdar bir haldır ki, Vəfa müəllimin ad günü yaxınlaşdığı bir ərəfədə Ali Attestasiya Komissiyasından xoş bir xəbər gəldi. Vəfa müəllimin doktorluq işi təsdiq edildi. Bu xəbər bir dost kimi məni də ürəkdən sevindirdi. Vəfa müəllim özünü zəhmətkeş, istedadlı bir alim olduğunu sübut etdi. Qoy, onun sözü kəsərli və yazan qələmi iti olsun. Bəli, zəhmətlə istedad birləşəndə insan qarşıya qoyduğu bütün məqsədlərə çata bilir. Vəfa Xanoğlan bu günyorulmadan Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətini davam etdirir. O, 65 illik mənalı ömrünü ləyaqətlə yaşayıb. Yaxın adamlarına sədaqətli olmaq, alnıaçıq yaşamaq, səmimiyyət və xeyirxahlıq, halallığa tapınmaq, bütün uğurlarına öz zəhməti hesabına nail olmaq onun yaşam tərzi, həyat devizidir.

 

Əziz dostuma bu xoş gündə möhkəm cansağlığı və yaradıcılıq sevincləri arzulayıram.

 

Ehtiram SƏFƏROV

Filologiya üzrə fəlsəfə doktoru

 

 

525-ci qəzet.-2018.-11 sentyabr.-S.8.