Azərbaycan sevdalı Yavuz Akpınar

 

ƏDƏBİYYATIMIZIN, MƏTBUATIMIZIN VƏ MİLLİ RUHUMUZUN CANLI ENSİKLOPEDİYASI İLƏ GÖRÜŞDƏN REPORTAJ

 

Namiq ƏHMƏDOV

 

Türkiyənin məşhur universitetlərindən olan Egey Universitetinin genetika üzrə dünya şöhrətli professoru Afiq Bərdəlinin o qədər də böyük olmayan iş otağında həmyerlimiz, riyaziyyatçı alim Ürfət Nuriyevlə görüşümüz sürprizlərlə dolu oldu.

 

Əslində, Afiq həkimlə hər görüşün özündə maraqlı xatirələr var. Hətta onu tanıyan gündən tarixən də, indi də həkimlərin cəmiyyətdə aparıcı qüvvə olduğuna inamım daha da möhkəmlənib. Afiq həkim kimilər təkcə insanların yox, cəmiyyətin də sağlamlaşdırılmasında böyük xidməti olanlardan sayıla bilər. Təbii ki, bunun açıqlamaları üzərində dayanıb nələrisə sübut etmək fikirindən uzaq olsam da, haqqında ciddi bir qənaətim olub ki, bu cür istedad və səmimiyyətə sahibi olanlar, azad fikirli və sərbəst, beynəlmiləl görünənlər, həm də milli ruhları ilə həmişə lokomotiv olurlar. Onlarla sıradan bir görüş də, az qala tarixi bir dəyər alaraq, xöş bir gündəmə çevrilir.

 

Əslində, Ürfət müəllimi də qiyabi tanıyırdım, "Azərbaycan" Universitetinin professoru Yusif Qasımovun onun haqqında olan söhbətləri tanışlıq üçün yaxşı bir körpu idi. Amma Afiq həkimin otağında görüşümüz əslən Cəbrayıldan olan Ürfət müəllimlə əyani tanışlığım, üzünü görmədiyim bir "qəhrəman"la görüş kimiydi. Müstəqilliyimizin ilk illərində qardaş Türkiyəyə üz tutan və burada əməli fəaliyyəti ilə ad-san qazanan professor indi Egey Universitetinin, eləcə də Türkiyənin və türk dünyasının elm adamlarının sırasında sayılıb seçilən ziyalılarındandır. Qısaca hal-əhvaldan sonra türkoloq alim Ali Yavuz Akpınarın da gələcəyini söyləyir. Bu o Yavuz Akpınardir ki, Azərbaycanda az qala təkcə indiki nəslin yox, böyük bir ədəbiyyatçılar nəslinin yetişməsində, türkçülük ənənələrinin oyanış və formalaşmasında əvəzsiz xidmətləri və zəhməti olmuşdur, deyə təqdimatını davam etdirir: Yavuz müəllim Azərbaycan Yazıçılar Birliyinin üzvü, BDU-nun fəxri professorudur. Hələ Sovet dövründə müasir Azərbaycan ədəbiyyatının qurucusu olan Mirzə Fətəli Axundzadə haqqında doktorluq işi müdafiə etmişdir. Azərbaycanın təbliğində gördüyü böyük işlərə görə 1989-cu ildə Dövlət Mükafatına layiq görülmüşdür.

 

Ürfət müəllim onun Azərbaycan sevdalı bir alim və insan olduğunu anlatdıqca Yavuz bəyə böyük bir hörmət və məhəbbətinin də olduğunu hiss edirsən. Nəhayət qapının qəfil açılışı söhbətimizi kəsir. Çox bir cəldliklə ayağa duran Afiq bəy bu Yavuz hocadır, "hocam gəldi, xoş gəldi" deyərək onu qarşılayır.

 

- Yerimə, yurduma, qardaş evinə gəldim, bu nə "xoş gəldin"di, Afiq bəy, yad yerəmi gəlmişəm, məni qonaq kimi qarşılayırsan?! - deyərək, sanki ciddi bir görkəm alaraq cavab verdi. Onun ciddiyətini səmimiyyəti ilə dəyərləndirən Afiq həkim üzünü mənə tutaraq deyir:

 

- Suallarında bir az ehtiyatlı ol, ha... Yoxsa Allah eləməsin, bir qırğın çıxar ki, mən də, Ürfət hoca da kömək edə bilmərik...

 

- Biz də elə sizin kimiyik. Bütün türklər qonağa olsa-olsa sevgiləri ilə "basqı" edər, əfəndim, - deyərək mənimlə də lap çoxdanın tanışları kimi görüşüb qucaqlaşır və o dəqiqə də azərbaycansayağı bir təbəssümlə söhbətə körpü salır:

 

  - Uşaqlıq və yeniyetməlik taleyim Qarsla bağlıdır, amma dədə-babalarımdan eşitdiyim bir həqiqət var ki, əslimiz Qarabağdandır. Özümü dərk edəndən bu həqiqət mənə yoldaşlıq edib və sanki Azərbaycana və eləcə də böyük türk dünyasına bağlılığımda əvəzsiz bir rol oynayıb. İndi olub keçənləri xatırladıqca sanki bir əfsanə ilə üz-üzə durduğumu təsəvvür edirəm. Amma bunlar mənim yaşadığım, duyduğum həqiqətlər olmaqla həyatımın bir parçasıdır.

 

- Bəlkə bu barədə bir az ətraflı danışasınız.

 

- Qars Ermənistan sərhəddində yerləşdiyindən erməni zülmündən ən çox bəlaların yaşandığı bir bölgə olub. "Ortaqapı" adlanan məhləmizdə rus konsulluğunun olması, polislərin o konsulluğun önündə gecə-gündüz davamlı növbə tutduqları yaxşı yadımdadır. Sonradan konsulluq bağlandı. Amma minlərlə türk ailəsi kimi, bizim nəslimizin də erməni zülmlərinə məruz qaldığı heç vaxt unuda bilmədiyim həqiqətlərdən olub. Babamdan eşitmişdim ki, qətliamdan qurtulmaq üçün bizimkilər hətta qaçıb Gəncəyə özlərini yetişdirə bilmişlər. Bildiyimə görə, ailə üzvlərimizin bir çoxu bu qırğınlarda yox olub getdi, nəslimizdən təkcə atam qalmışdı. O, Kazım Qarabəkirin yetimlər üçün məktəbində oxumuşdu. Qarabəkir Paşa təkcə Doğu Anadolunun xilaskarı yox, həm də türk ruhunun oyanışında əvəzsiz xidmətləri olan bir sərkərdədir. Bu ruhda tərbiyə alan atam bizlərə Ziya Gökalpın kitablarını, türk tarixini oxutdurdu. Mənim  Yavuz, qardaşlarımın Yıldırım, Atilla adının haradan gəldiyi sonralar bəlli oldu. Ailə, o cümlədən, rəhmətlik atam bizlərə türk ruhu, milli ruh verdi. Litseydəki təhsil dövründə bu ruh daha da möhkəmləndi, böyüyüb anladıqca rus və ermənilərə bir nifrət mənimlə yaşamaqda idi.

 

- Belə çıxır Azərbaycan ədəbiyyatına, tarixinə marağınız da elə o vaxtlarda yaranıb...

 

 - Qarsda Alparslan Liseyində oxuyanda hiss etməkdə idim ki, tarix və ədəbiyyat mənim üçün həyati məsələdir: ya tarixçi, ya da ədəbiyyatçı olacağam... Ərzurum Atatürk Universitetinin Türk dili və ədəbiyyatı bölümünə də bu arzu ilə gəldim. Hələ tələbə olarkən professor Niyazi Akı adlı müəllimimiz türklər arasında ilk komediyalar yazan Mirzə Fətəli Axundzadədən danışmışdı. Sonralar mən bu böyük yazıçı haqqında Türkiyədə axtarışlar etsəm də, mənim elmi marağımı qane edəcək qədər qaynaq tapmadım. 1969-cu ildə universiteti bitirəndən sonra isə Mirzə Fətəliyə olan marağım məni Azərbaycana gətirdi. Bakıya gəlişimin səbəbkarı isə professor Abbas Zamanovla məktublaşmağım oldu. 1970-ci ilin yay aylarında Azərbaycana gəldim. O zaman viza almaq və buralara gəlmək çox çətin və əziyyətli bir iş idi. Arpaçayda qatara minib Ermənistandan dəmir yolu ilə gəldim. Gördüyüm tikanlı məftillər, silahlı əsgərlər, qatardaki əsgərlərin sərt və kobud hərəkətləri, İrəvandan gələcək qatarı gözlərkən vağzaldakı ermənilərin düşmən rəftarı elə ilk anlardanca məndə qorxu və vahimə yaratmaqda idi. 22-23 yaşım olardı, amma bütün bunlara rəğmən, Azərbaycana gəldim, burada oxumaq, hətta qalıb doktorluq işi müdafiə etmək istəyim türk olduğumdan baş tutmasa da, bütün yaradıcılıq taleyimlə Bakıya, Azərbaycana bağlandım.

 

- Bu bağlılıq nə verdi Sizə? Sərhəddə gördüyünüz vahimə, qorxu, arxasınca da hər kəsə nəsib olmayan bir sevgi, yoxsa...

 

- Sadəcə sərhəddəki kinli, acı sifətli, sərt baxışlı əsgərlərin insanı ürpədən, sanki bir suçlunu yaxalamış kimi görünən sərt davranışları məni olduqca narahat etmişti. Biz qarslıların hafizəsində kommunizmin, diktator Stalin dövrünün törətdiyi fəlakətlər dərin yaralar buraxmışdı. Məhəlləmizdə Qafqazdan - rus zülmündən qaçıb gəlmiş bir çox ailə vardı. Öz ailəmizin və qonşularımızın dramatik həyat hekayələrilə böyümüşdük. Kiminin babası-anası, kimini qardaşı-bacısı o tayda qalmışdı və onlardan artıq xəbər-ətər də gəlmirdi. Rusiya (o zaman Sovetlər Birliyi) bizim üçün nağıllardakı "gedər-gəlməz" ölkəsiydi. Yazıq anam "bala, oraya getmə qayıdıb gələ bilməzsən, getsən sənə südümü halal etməm!" deyə arxamdan çağırsa da, Azərbaycanı görmək istəyi məni bu yola çəkmişdi. Hələ Bakıya çatmamış Ermənistanda və Gürcüstanda dilini bilmədiyim insanlar arasında keçirdiyim bir gün mənə bitməz-tükənməz kimi gəlmişdi. Gümrüdəki vağzalda türkcə bilən yaşlı ermənilərin mənə "sən hansı cəsarətlə bura gəlmisən, sənə kim izin verdi? Türklərə burada yer yoxdur" kimi (əslində daha ağır sözlər söyləmişlərdi, indi onları təkrar etmək istəmirəm) təhdid dolu sözlərindən sonra vağzalda yeməkxanada nə yemək yemişdim, nə də yemək istəyim olmamışdı. İrəvandan gələn qatarı dörd gözlə və işbirsizliklə gözləyirdim ki, içimdəki sıxıntılardan qurtarım.

 

Azərbaycanda tanıdığım, gördüyüm insanlar ilk gündən məni o qorxudan xilas etmişdi. Abbas Zamanov kimi çox dəyərli bir alimin dəstəyi ilə Azərbaycan mənim üçün məmləkətim qədər əziz olmuşdu. Qulam Məmmədli, Həmid Araslı, Mirzağa Quluzadə, Həmid Məmmədzadə, Qafar Kəndli, M.E.Müsəddiq, Qulamhüseyn Beqdeli, Mirvarid Dilbazi və o zamanlar Azərbaycan Dostluq Cəmiyyətinin sədri olan Nəbi Xəzri mənim Azərbaycanda ilk gəlişimdə tanışdığım şəxsiyyətlər olub. Daha sonraları yenə Abbas bəy vasitəsilə Bəxtiyar Vahabzadə, Anar, Elçin, Kamil Vəliyev, Yunus Məmmədli, Məmməd Aslan, Xəlil Rza, Fikrət Sadiq, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl... kimi şair və yazıçıları tanımışdım. Bunların bir çoxu 1970-80-ci illərdə orta yaşlarında idilər.

 

"Dostluq" (Azərbaycanın Xarici Ölkələrlə Dostluq ve Mədəni Əlaqələr Cəmiyyəti) və daha sonra "Vətən" Cəmiyyətləri, Yazıçılar İttifaqı, universitetdəki müəllimlərin himayəsi və kitab mübadiləsi ilə Azərbaycan ədəbiyyatı, Mirzə Fətəli Axundzadə haqqında tədqiqatlarım başladı, doktorluq işimi yazdım, müdafiə etdim və möbəbər bir elmi dərəcə aldım. Amma bu sahədə işlərim və elmi tədqiqatlarım hələ də bitməyib və davam etdirilməkdədir...

 

- Bu gün Azərbaycanla əlaqələr sizi razı salırmı?

 

- Təbii ki, dövlətlərarası əlaqələr mükəmməl bir səviyyədə özünü təsdiq etmişdir. Hətta strateji müttəfiqlik səviyyəsinə belə yüksəlmişdir. Heydər Əliyevin "Bir millət, iki dövlət" deyimi bunun ən bariz nümunəsi olmaqla bizi bir-birimizə daha da bağlayır. Sovetlər birliyi dağılmazdan əvvəl Türkiyədə turançılıq, türkçülük deyəndə bir qorxu yaşanırdı. Şükürlər olsun ki, indi belə bir qorxu yoxdur. Böyük Türk dünyasından, turançılıqdan, türkçülükdən dövlət başçıları danışırlar. Amma məni türk dünyasının daxili əlaqələrindəki passivlik narazı salır. Elə götürək sizdə - Azərbaycanda hələ özbək, qazax, tatar, türkmən ədəbiyyatına maraq az olduğunu hiss edirəm. Oljas Süleymanovu bilirəm ki, yaxşı tanıyır və sevirsiniz. Sanki bununla hər şey bitir. Türkiyədə isə türk dünyası ədəbiyyatını, qazax, tatar, balkan, özbək və sairəni öyrənib, tədqiq etmək niyyətilə səfərbər olan bir nəsil yetişməkdədir. Bu gün Türkiyədə çuvaşca, yakutca, rusca bilən gənc elm adamları yetişmişdir. Biz əvvəllər rusca bilməzdik, Rusiyadaki türkologiya sahəsində aparılan işlərdən, buradakı nəşriyyatlardan umimiyətlə xəbardar deyildik və ya o nəşriyyatları tapa bilmirdik. Daha çox Avropaya meyilli olduğumuzdan Avropa dillərini öyrənirdik. Amma indi elə bir nəsil yetişib ki, bu, gələcəkdə türkologiyanın inkişafında daha böyük uğurlar qazanacağımıza zəmin yaradır. Bu gün Türkiyədə Azərbaycan tarixi, ədəbiyyatı və dili üzrə doktorluq işi üzrə çalışan onlarca alim var. Amma 1990-cı illərdə azəri türkcəsini anlamaqda belə çətinlik çəkirdik. Kiril əlifbasını bilən alim belə, az idi.

 

- Yavuz bəy, hiss etdim ki, Turkiyə ilə yaxınlığımız Sizi sevindirdiyi qədər də, ümumtürk dünyası ilə əlaqələrdən məmnun deyilsiniz...

 

- Əslində haqlısınız. Türk dünyası ədəbiyyatı deyəndə dünyadakı türk ədəbiyyatını tək bir ədəbiyyat olaraq qəbul edirik. Azərbaycan ədəbiyyatı da onun bir hissəsidir. Türk dilini də tək bir dil olaraq qəbul edirik. Bu bizdə, ən önəmlisi də professor və böyük ictimai-siyasi xadim Fuad Köprülüdən gələn elmi bir ənənədir. Füzulini, Nəsimini bizə universitetdə oxuyarkən latın əlifbası ilə deyil, ərəb əlifbası ilə oxutdurdular. Bu, çətin idi, amma lazımlı idi. Azərbaycanda maraqlanıram, ərəb əlifbasını ən azından bizdəki kimi öyrətmirlər. Bundan bir nəsil sonra gələnlər Nəsimini, Füzulini, "Əkinçi", "Şərqi-Rus", "Həyat" qəzetlərini, hətta "Füyuzat" və ya "Molla Nəsrəddin" jurnallarını təbii ki, orijinalından oxuya bilməyəcəklər. Məncə, universitetlərin tarix və ədəbiyyat fakültələrində ərəb əlifbasınin öyrədilməsi mütləq lazımdır. Siz də, biz də, eləcə də digər türk xalqları da Əhməd Yəsəvini, Nəsimini, Füzulini, Nəvahini tanıdıqları qədər də onlarca başqalarını tanımalıdırlar. Bunlar bütün türk dünyasının sahiblənə biləcəyi ədəbi şəxsiyyətlərimizdir. Təbii ki, bu, türk dünyasının birliyinə, bir-birini sevməsinə, daha ciddi əlaqələr qurulmasına xidmət edər. Yaxşı yadımdadır, mən 70-ci illərdə Bakıya gələndə mənim bir türk olduğumu bilən hər kəs yalnız Nazim Hikmətdən danışırdı. Bu bir türk sevgisindən qaynaqlansa belə, bizim qos-qoca ədəbiyyatımız təkcə Nazim Hikmətdən ibarət olmayıb ki! Düzdü, indi daha böyük işlərin görülməsi üçün meydan və şərait var, amma ümumən bir lənglik və passivlik gündəmi hələ də zəbt etməkdədir.

 

- Siz təkcə ədəbiyyatşünas deyil, eyni zamanda, ciddi bir mətbuat araşdırıcısı kimi də tanınırsınız. Bu barədə nə deyərdiniz?

 

- Dünyanın modernləşməsi, dəyişməsi dərk edildikcə ilk növbədə qəzetlərin, mətbuatın rolu gündəmə gəlir. Mən türk dünyasının qəzetləri üzərində tədqiqat apararkən belə bir qənaətə gəldim ki, Rusiya türklərində də əsil oyanışı başladan mətbuat və qəzetlərdir. Qəzetlər hətta o vaxt məktəblərin də yerini tuturdu, cəmiyyətin təkcə məlumatlandırılmasında yox, maariflənməsində məktəblər qədər iş görməkdə idi.

 

- Elə isə o dövrdə nəşr edilmiş Azərbaycan qəzetləri haqqında bilgilərinizi də bölüşmək istərdik.

 

-  Azərbaycanda "Əkinçi", ondan sonra da "Ziya", "Ziyayi Qafqaziyə", "Kəşkül", "Şərqi-Rus" kimi qəzetlər nəşr edilmişdi. Sizin mətbuat tarixində bunlar ümumiyyətlə "Azərbaycan qəzeti" kimi qiymətləndirilir. Bu düzdür, amma kifayət qədər dəqiq seçilmiş bir ifadə deyildir, məhduddur. Zərdabiyə İstanbuldan yazılan məktub var. "Ziya" və "Ziyayı Qafqaziyə"də, "Kəşkül"də və daha sonrakı "Şərqi-Rus"da bütün Qafqaz, Krım, Ural tatarları, Türkiyə və Türkistanla əlaqəli yazılar, xəbərlər çoxdur. Bunların hamısı az-çox sadəcə Azərbaycanla deyil, bütün Rusiya müsəlmanları, türklərlə bağlı qəzetlərdir və tədqiqat sırasında da buna diqqət yetirmək gərəkdir. Misal üçün xatırladım ki, İsmayıl Qaspıralının ilk əsərləri "Tonguç" və "Şəfəq", Tiflisdə "Ünsizadələr mətbəsi"ndə nəşr edilmiş və Qaspıralının bəzi yazıları da "Ziyayi-Qafqaziyə" və "Kəşkül"də çap olunmuşdu. "Kəşkül"ün yazarları arasında Krımdan və Uraldan (Tatar-Başqırd) yazarlarının adlarını da görürük. Demək ki, bu nəşrlər oralarda da oxunurdu. Yeri gelmişkən onu da deyim ki, Ünsizadə qardaşlarının qəzetləri mürtəce-dini nəşr kimi qiymətləndirilir, amma bu, doğru deyildir və Sovet dövrünün iftirasından ibarətdir. O qəzetlərdəki problemlərin başında maarif məsələsi, mədrəsələrdəki tədrisin kifayət olmadığı, əksər din adamlarının da xurafələrin təsiri altında olduğu yazılır, dinə qarışmış xurafələr və müsəlmanların cəhaləti tənqid olunurdu. İndi zamanımızdakı tədqiqatçılar bu yanlış fikirləri düzəltməklə məşğuldurlar.

 

Məhəmmədağa Şahtaxtlı peşəkar naşir idi, "Şərqi-Rus" qəzetini bütün Rusiya müsəlmanlarına tanıyırdı. Bu qəzet bütün Qafqazda, Rusiyanın ən böyük şəhərlərində yayılır, Krıma, hətta Orta Asiyaya qədər çatırdı. Bu qəzetin səhifələrində krımlı, idil-urallı, türkistanlı ziyalıların imzasını da görürük. Hətta günümüzdə Bakıda "Şərqi-Rus"un tam kolleksiyası yoxdur, amma Kazanda tam kolleksiyası mövcuddur. Amma Azərbaycan tədqiqatçıları, eləcə də siz sualınızda bu qəzetlər üçün "Azərbaycan qəzetidir" deyirsiniz. Bu baxışla siz əslində, Azərbaycan qəzetlərinin arenasını və tutumunu xeyli kiçildirsiniz. Xüsusilə, "Şərqi-Rus" bütün Rusiya müsəlmanlarına-türklərinə xitab edə bilmişdi. Bu, onun tarixi əhəmiyyətini xeyli artırır.

 

Azərbaycan qəzetləri eyni zamanda, bütün Qafqazda, Krımda və Türkistanda - doğrudur, az da olsa - ziyalılar tərəfindən oxunur və oradakı mühitə təsir edirdi. Misal üçün "Molla Nəsrəddin"in İrandakı təsirini xatırlayaq. Bunları sadəcə "Azərbaycan qəzeti" olaraq qəbul etmək, onların Rusya türkləri, İran üzərindəki təsirlərini görməmək və ya kifayət qədər diqqətə almamaq deməkdir. Bu qəzetlər arasında "Kaspi" qəzeti mənim diqqətimi daha çox çəkdi. Təəssüf ki, rus dilini bilmədiyim üçün mən "Kaspi" haqqında ancaq Azərbaycan qaynaqlarından faydalana bildim. "Kaspi" digər qəzetlərdən daha uzunömürlü və rus dilində bütün Rusiya müsəlmanlarına-türklərinə ünvanlanan bir qəzet idi. Yəni "Kaspi"ni bütün Rusiya oxuyurdu, bir çərkəz, gürcü müsəlman da rusdilli olduğundan onunla maraqlanırdı. Ona görə də "Kaspi" üçün sadəcə "Azərbaycan qəzetidir" demək, onun böyüklüyünü gözdən qaçırmaq, bütün Rusiya müsəlmanları üzərindəki təsirlərini yox saymaq deməkdir. "Kaspi"nin rəqəmsal arxivinin Almaniyada satıldığını eşidincə çağdaş "Kaspi"nin təsisçisi Sona xanım Vəliyevaya məlumat verdim. Onlar da sağ olsunlar, maraq göstərdilər və arxiv alınıb Azərbaycana gətirildi. Hazırda həmin rəqəmsal nüsxələr "Kaspi"nin elektron səhifəsində yerləşdirilib.

 

- Bu misallardan o nəticəyə gəlmək olarmı ki, modernləşmə məsələlərində Azərbaycan o dönəm xeyli uğurlar qazanıb, hətta türk-müsəlman dünyasında hər yerdən öndə olub?

 

- Doğrudur, Azərbaycanın fikir və ədəbiyyat həyatı, Rusiya müslümanlarını da dərin təsiri altına almış və onlara da modernləşmədə yol göstərmiştir. Əksər tədqiqatçılar, xüsusilə, avropalılar, tatarların fikir və ədəbiyyat həyatına daha çox diqqət yetirir və onların bütün Rusiya müsəlmanlarını öz təsirləri altına aldığını, onlara rəhbər olduğunu yazırlar. Yeri gəlmişkən deməliyəm ki, bu hökmdə şübhəsiz ki, Qaspıralının böyük təsiri var. Bu hökm XX əsrin əvvəlləri üçün doğru sayıla bilər, amma XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani "Əkinçi"də xurafatı, müsəlman cəmiyyətinin cəhalətini, geri qalmasını tənqid edərkən (1875-1876-cı illər) İdil-Uralda, Krımda bu fikirləri ifadə edəcək qəzet, jurnal yox idi. Ancaq Kursəvi, Şihabəddin Mərcani, Kayyum Nasiri kimi şəxsiyyətlər umummaarif məsələlərindən, mədrəsələrdəki tədrisin çatışmazlığından danışırdılar. Halbuki "Avropalaşmağın bir zərurət olduğu" Azərbaycanda daha erkən dilə gətirilmişdir. Azərbaycanlı Axundzadə və Zərdabini, krımlı İsmail Qaspıralı təqib edir. Yəni ki, modernləşmə məsələlərində Azərbaycan hər yerdən öndədir. Xüsusən Azundzadə fikirlərilə, teatr əsərləri ilə, nəinki Rusiyada, bütün İslam ölkələrində böyük bir oyanışı başlatmış, modern fikir və ədəbiyyat həyatına öncüllük etmişdir. Demək ki, Azərbaycan fikir və ədəbiyyat hayatını sadəcə Azərbaycan coğrafiyası içində deyil,  türk-müsəlman dünyası müstəvisində tədqiq etmək lazımdır. Eyni şəkildə İsmayıl Qaspıralının "Tərcüman" qəzetinə baxaq. Onun bu qəzetini Baxçasaray qəzeti, Krım qəzeti olaraq təqdim etmək nə qədər düz olar?! Bəs o zaman "Tərcüman"ın bütün dünya türklüyü üzərindəki təsirlərini necə izah etmək olar?!

 

- Əlaqələrimizin qurulmasında xidməti olanlardan kimlərin adlarını çəkmək istərdiniz?

 

- Bilirsiz, hər kəsin öz yeri, öz töhfəsi olub. Kiminsə fəaliyyətinə az, ya çox deyə dəyər vermək və ya kölgə salmaq insafsızlıq olardı. Amma mənim üçün 1970-ci illərdən etibarən Abbas Zamanovun fəaliyyəti fenomendir. Mən Abbas bəyi həm gerçək müəllimim, həm də son dərəcədə sayğı duyduğum, güvəndiyim, əsil vətən və millətsevər bir ziyalı kimi görürdüm. Onun cəsarətini də deməliyəm, hələ 1970-ci illərdə o, mənə müsavatçılardan, Rəsulzadə və arkadaşlarının fəaliyyətlərindən suallar verir, onların törəmələri olub-olmadığını soruşur, əsərlərinin haqqında danışdırır, cavab verə bilmədiyim suallarına daha sonrakı görüşlərimizdə cavab gözləyirdi. Hətta 1970-ci illərdə o, məndən Sovetlərə gətirilməsi qadağan olan kitabları çəkinmədən gətirməyimi istəmişdi, ilk vaxtlar mən bu istəkləri qorxa-qorxa yerin yetirsəm də, sonralar qorxum qalmamışdı. Çünki sərhəddə məndən KQB işçiləri kitabları alır, qəbzini verir, bir qədər də sorğu-sual edərək incidirdilər. Amma Bakıya gəlib sərhəddə alınmış kitabların qəbzini Abbas bəyə verəndən bir neçə gün sonra görürdüm ki, kitablar onun mizinin üstündədir! "Bu necə olur?" deyə sual verəndə, o, xəfif bir təbəssümlə "Sənə nə, sən öz işinə bax!" dediyini heç unutmuram. Azərbaycana bir çox gəlişimdə "Dostluq Cəmiyyəti"nin qonağı olsam da (bu işdə rəhmətlik Nəbi Xəzrinin rolunu, yaxşılıqlarını ölənə kimi unutmayacağam), Bakıda hər kəs məni ancaq Abbas Zamanovun qonağı kimi görürdü. Türkiyədə, sağ olsunlar, Saim Sakaoğlu və Məcid Doğrunun diqqətləri sayəsində Konyanın Selçuk Üniversiteti Abbas bəyi dəvət etdi, ona fəxri doktor adı verildi və bundan sonra onu daha geniş bir zümrə tanıdı. Daha əvvəl bizim kimi Azərbaycanla yaxın əlaqəsi olan İbrahim Bozyel, Seyfəddin Altaylı, İrfan Murat Yıldırım kimi şəxslərin ona xitab sözü olan "Abbas əmi" artıq bütün türkiyəli ziyalıların, alimlərin müraciət formasına çevrilmişdi. Ona hər kəs "Abbas əmi" deyə müraciət edirdi. O, təkcə Türkiyə ilə yox, bütün türk dünyası ilə ədəbi əlaqələrin qurulmasında fenomendir. Hətta Abbas bəy İran və Iraq türkləriylə də bizim əlaqə qurmamızda körpü olmuşdu. Xüsusilə, mənim təklifimlə onun Ərzurum Atatürk Üniversitetinə göndərdiyi kitablardan orada "Abbas Zamanov kitabxanası" adında bir kitabxana yaradılmışdı. Bu kitablar universitet müəllimlərinin, tələbələrin Azərbaycan ziyalılarının fikir və ədəbiyyatının öyrənilməsində əvəzsiz dəstəyi olmuşdur.

 

- Yavuz bəy, icazənizlə konkret bir təklif edim: özünüzdən də danışın...

 

 - Özümə gəldikdə fəxr edirəm ki, Nəbi Xəzrinin, Bəxtiyarın Vahabzadənin şeirlərini Türkiyədə ilk yayan və nəşr etdirən mən olmuşam. Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin araşdırılmasında öncüllük etmişəm. Başda Axundzadənin komediyaları olmaqla, bir çox bədii əsərin Türkiyədə nəşrində və universitetlərdə tədqiq olunmasında xidmətlərim olub. Tələbələrimin Azərbaycan ədəbiyyatı, mətbuatı haqqında bir çox elmi araşdırmalarına istiqamət vermiş, onların "yüksək lisans" (master) və doktora tezlərinə (filologiya üzrə fəlsəfə doktoru) rəhbərlik etmişəm. Son olaraq universitet tələbələri üçün "Çağdaş Türk ədəbiyyatları" (19-20-ci əsrlər) adlı iki cildlik əsərin həm baş redaktorü olmuşam, həm də bu əsərin giriş, Azərbaycan, Krım, Tatar ədəbiyyatları hissələrini yazmışam.

 

Vaxt ilə Türkiyədə Cənubi Azərbaycandan Səhəndin və Şəhriyarın ilk şeirlərini nəşr edənlərdən biri də mən olmuşam. Şəhriyarın məşhur "Heydərbabaya salam" poemasından sonra yazdığı bir sıra şeirləri "Sehindiyyə", "Behcətabad xatirəsi", "Türkin dili" və digərlərini. Bəzi ədəbi mətnlərin nəşri İranda qadağan edildiyindən, əlyazması şəklində əldən ələ gəzəndə, onları Azərbaycandan da əvvəl ilk çapına Türkiyədə mən nail oldum. Yaxud başqa bir misal, 70-80-ci illərdə Bakıdan Təbrizə məktub yazmaq çətin idi. Məktubu göndərsən də gedib çatmazdı. Ancaq Türkiyə ilə İran açıq idi. Hətta bu gün belə iki dövlət arasında viza yoxdur. Mənim Hüseyin Feyzullahi Vahid, Yəhya Şeyda, M.E.Nikabi, Bəhram Hakpərəst, Cavad Heyət, Həmid Nitqi, H.M.Savalan, Əli Kəmali, Böyük Rəsulvənd... kimi ziyalılarla ilə əlaqələrim vardı. Cənubi Azərbaycandan da bir çox materialı İbrahim Bozyellə birlikdə nəşr etdiyimiz "Qardaş ədəbiyyatlar" dərgisində, "Türk ədəbiyyatı", "Törə", "Addımlar", "Yağmur" kimi jurnallarda çap etdirmişəm. Yaxşı yadımdadır ki, Abbas Zamanov Səməd bəy Behrənginin qardaşı Əsəd bəyə yazdığı məktubu mənə göndərirdi, mən isə Ərzurumdan Təbrizə.

 

Daha dəyərli bir xidmətimiz rəhmətlik İbrahim Bozyellə birlikdə "Qardaş ədəbiyyatlar" jurnalını nəşr etdirmək oldu. Bu, həvəskar bir dərgi idi, ancaq türk dünyasında çox böyük iş gördü. Demək olar ki, Türkiyədəki bütün ədəbiyyat adamlarını Türk xalqlarının ədəbiyyatları ilə geniş bir şəkildə tanış edə bildik. Jurnal Türkiyədə və digər türk ölkələrində gözlədiyimizdən də çox populyarlıq qazandı. Bu gün qürurla söyləyirəm ki, bu jurnal İrana, Çindəki uyğurlara, Kiprə, Balkanlara qədər gedib çıxırdı. Sovetlər Birliyi dağılandan sonra onun əhəmiyyəti daha da artdı. 45 sayı nəşr olunan jurnal Türkiyədə yalnız Azərbaycan ədəbiyyatını deyil, özbək, türkmən, tatar ədəbiyyatının da tanıdılmasında əvəzi olmayan xidmətlər göstərdi.

 

lll

 

Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin qurulmasında və inkişafında böyük xidmətləri olan, 2018-ci ilin aprelində Azərbaycanda "İlin elm adamı" mükafatına layiq görülmüş Yavuz Akpınarın Azərbaycan mətbuatının yaranması, ilk qəzetimiz "Əkinçi", “Ziya-ı Qafqaziyye”, "Molla Nəsrəddin", "Füyuzat" jurnalları, "Həyat", "İrşad" və "Kaspi" qəzetləri, sovet dövründəki mətbuat orqanları və onların ədəbi dilimizin qorunmasındakı rolu, müstəqillik dönəmi mətbuatın vəzifələri, azərbaycanlı gənclərin Türkiyədə təhsili və elmi biliklərə yiyələnməsi, bu sahədə Türkiyə təhsil sisteminin uğurları haqqında fikirləri təkcə məna və məzmununa görə yox, həm də dövrün tələbləri baxımından maraq doğurur. Düzdü, bu polemikaların bəzən təqdimatında, bəzən də ümumi məzmununda bəzi ziddiyətlər olsa da, onların hər biri olduqca təqdirəlayiq və maraq doğurandır. Həm də ona görə ki, bu ideya və fikirlər türk dünyasının böyük vurğunu olan bir alimə və bir insana məxsusdur. Bu şəxs Azərbaycan ədəbiyyatının qardaş Türkiyədə tanıdılmasında müstəsna xidmətləri olan professor Yavuz Akpınardır. Eşitdiyim bir fakt da var ki, şəxsi fondlarda Yavuz Akpinarın Azərbaycan ziyalılarına yazdığı yüzlərlə məktub var. Onlardan bir hissəsi də professor Abbas Zamanova ünvanlanmışdır.

 

Yavuz Akpinar 1992-93-cü illərdə ABŞ-ın Miçiqan Universitetində araşdırmalar apararkən də Azərbaycanı yaddan çıxarmadı. O illərdə "Amerikanın səsi" radiosunda Azərbaycan ədəbiyyatı barədə məqalələr yazıb, onu öz səsi ilə böyük bir auditoriyaya çatdıran da Azərbaycan sevdalı, 70-ci illərdən bəri yaradıcılıq taleyini o taylı-bu taylı Azərbaycanla bağlayan Yavuz Akpınar idi.

 

Əslində, bu deyilənlər də Yavuz bəyin böyük xidmətlərinin olsa-olsa bir hissəsidir. Bakıda Qulam Məmmədli, Həmid Araslı, Mirzağa Quluzadə, Rəsul Rza, Abbas Zamanov, Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Aqşin Babayev, Elçin, Anar, İsa Həbibbəyli, Kamil Vəliyev, Rəfael Hüseynov, Əsgər Rəsulov, Vilayət Quliyev, Sabir Rüstemxanlı, Moskvada Əkbər Babayev və başqaları ilə dərin dostluq və ideya əlaqələrinin birləşdirdiyi Yavuz Akpınar təkcə ədəbiyyatımızın və mətbuatımızın yox, həm də milli ruhumuzun canlı ensiklopediyası sayıla bilər. Yəqin ki, belə olmasaydı, akademik İsa Həbibbəyli onu "Azərbaycan ədəbiyyatının Türkiyədə baş konsulu", yaxud dəyərli ziyalımız Vilayət Quliyev onun "ümumtürk mədəniyyətinə yorulmaz, təmənnasız xidmətini" "haqq yolu"na xidmət kimi dəyərləndirməzdi.

 

Söhbətimizin sonunda müstəqillik dövründə mətbuatımızın uğurlarını da vurğulamağı unutmadı:

 

- Azərbaycan 25 ildir ki, bütün dünya ilə təmasdadır. Diqqət çəkən bir önəmli fakt da var ki, hər sahədə 70 il ərzində qazanılmayanlar, qısa bir sürədə qazanıldı. Türk dünyasının heç bir yerində bu qədər rahat qəzet çap olunmur, mətbuat üzərindən senzura götürülüb, dövrü nəşrlərə dövlət qayğısı var...

 

İzmir-Bakı

 

525-ci qəzet.-2018.-11 sentyabr.-S.7.