15 sentyabr - Anadolu və Qafqaz türklərinin əbədi qardaşlıq günü

 

Hacı NƏRİMANOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri

 

Yolçu! Bu məzarda uyuyan şəhid,

Qardaşın qardaşa əmanətidir.

Odlar diyarının istiqlalına

Qoca Türkiyənin zəmanətidir!

 

Qafqaz İslam Ordusunun yaranmasının və Bakının rus, ingilis, erməni əsarətindən  azad edilməsinin 100 ili tamam olur.

 

Amerika, Rusiya, Fransa, Böyük Britaniya, İtaliya, Yunanıstanın Osmanlı torpaqlarında qurmaq istədiyi erməni dövləti ssenarisi türkün Qurtuluş hərəkatı nəticəsində puça çıxdıqdan sonra bu dövlətlərin birbaşa hərbi-siyasi dəstəyi ilə həmin ssenarinin reallaşması Qafqaz türklərinin tarixi torpaqlarına köçürüldü. Bu güclərin təpədən dırnağadək silahlandırmış olduğu nizami erməni-rus hərbi hissələrinin Bakı, Naxçıvan, İrəvan, Quba, Zəngəzur, Nuxa, Lənkəran və digər bölgələrdə törətdikləri qanlı qırğınların məqsədi bir idi; Naxçıvan, İrəvan, Zəngəzur, Qarabağdan Gəncəyədək müsəlman türk əhalini qırıb Gəncədə Azərbaycanın müstəqilliyini elan etmiş Azərbaycan Milli Şurasını beşikdəcə boğmaq, Şaumyanın rəhbər qoyulduğu bolşevik-daşnak güruhunun əlində olan Bakı quberniyası qoşunları ilə birləşib "Böyük Ermənistan" xülyasını reallığa çevirmək.

 

Böyük güclərin bu məkrli planları qarşısında çarəsiz durumda qalmış ordusuz, silah-sursatsız Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin liderləri  Osmanlı dövlətindən hərbi yardım istədilər. Osmanlı dövləti özü nə qədər çətin durumda olsa da, bolşevik Rusiyasının Qafqazdan geri çəkilməsini, bir əsrdən çox çar Rusiyasının müstəmləkəsi olan müsəlman-türk ərazilərinə yenidən girmək üçün əlverişli şərait yarandığını görüb mövcud vəziyyətdə ən doğru və cəsarətli yolu seçdi. Osmanlı sultanı V Mehmet Rəşad tərəfindən Nuru paşanın Qafqaz İslam Ordusu komandanı təyin olunması və bütün Qafqazda Sultan adından hərbi və siyasi fəaliyyət göstərəcəyinə dair fərman verdi. Osmanlının hərbi naziri Ənvər paşa Qafqaza hərbi yardım göndərilməsinin ən güclü, ardıcıl tərəfdarı idi və buna çox böyük önəm verərək bir çox döyüşlərdə şəxsi rəşadət göstərmiş qardaşı Nuru paşanın komandan olmasını da Sultana təklif etmişdi.

 

Nuru paşa bir qrup zabitlə 1918-ci il  mayın 12-də Qacarlar İranından keçib mayın 20-də Araz çayından erməni qoşunlarının qana bələdiyi Zəngəzur bölgəsinə daxil oldu. Bu zabitlərin bir neçəsi yalnız özünümüdafiə dəstələrinin ümidinə qalmış yerli əhaliyə kömək məqsədilə burada qaldı, silahlı dəstələrin yaradılması, silahlardan istifadə edilməsi üçün məşqlərə başladı. Daha bir neçə türk zabiti isə bu məqsədlə Naxçıvanda qaldı.

 

Nuru paşa özü isə Cəbrayıl-Ağdam-Tərtər yolu ilə Yevlaxa, mayın 25-də Gəncəyə gəldi. Cümhuriyyətin sərəncamında olan Gəncədəki minədək əsgər və zabitinin də təqribən yarısı Birinci dünya savaşında ruslara əsir düşən türk əsgərləri idi. Onların çoxu başıpozuq şəkildə geri çəkilən rus qoşunlarının əsir, girovluğundan qaçıb yeni yaranmaqda olan milli orduya qoşulmuşdu. Nuru paşa tabeliyində olan azsaylı Osmanlı əsgər və zabitləri, yeni yaranmaqda olan silahsız, təcrübəsiz Azərbaycan bölükləri ilə rus-bolşevik, erməni-daşnak ordusuna qarşı mübarizə aparmağın, əsas da Bakını almağın bir nəticə verməyəcəyini görüb Osmanlıdan əlavə qüvvələr xahiş etdi. Bu arada Bakıdan İstanbula çatan müraciətlər, vəziyyətin dözülməzliyi də Osmanlı dövlətini qardaş Qafqaz türklərinə təcili əlavə yardım göndərməyə sövq edirdi. Ənvər paşa Şərq orduları qrupuna tabe 5-ci Qafqaz diviziyasının Qafqaz İslam Ordusunun tərkibinə daxil edilməsi əmrini verdi. Diviziyanın tərkibində 257 zabit, 5.575 süvari var idi. Az sonra 157 zabit və 7.636 sıravidən ibarət  15-ci piyada diviziyanı da Nuru paşanın sərəncamına göndərdi. Ancaq hərbi qüvvələrin say, silah-sursat nisbətində yenə də üstünlük bolşevik-daşnak güruhunun qurduğu əli qanlı Bakı Sovetinin tərəfində idi. 1918-ci il iyun ayından Bakıda Şaumyanın sərəncamında  20 min nəfərlik silahlı hərbçi var  idi. Vəziyyət günbəgün pisləşirdi, gecikmək ölümə bərabər idi.

 

Osmanlı qoşununun əsas zərbə hissələri elə bir zamanda Azərbaycana yetişdi ki, bolşevik-daşnak qüvvələrinin süvari dəstələri həm Şamaxı, həm Hacıqabul yolu ilə, bir hissəsi də dəmir yolu ilə Gəncəyə doğru bütün gücü ilə hücuma keçir, yolboyu qarşısına keçən bütün silahsız, dinc sakinləri qətlə yetirirdi.

 

İyunun 16-da düşmənlə Qaraməryəm ətrafında ilk savaşlarda bolşevik-daşnak qoşunları hərbi, strateji üstünlüyünü əldə saxlasa da, Göyçaya gələn Nuru paşanın yerli əhali ilə də çox ciddi söhbəti, vəziyyətin nə qədər ağır olmasını onlara anlatması öz təsirini göstərdi. İyunun 27-də Nuru paşa komandanlığında gedən, olduqca mükəmməl hazırlanmış planı bir neçə gün davam edən döyüşlər Qafqaz İslam Ordusunun qələbəsi ilə başa çatdı. Artıq mənəvi-psixoloji üstünlük Ordunun tərəfində idi, heç bir qüvvə onun Bakıya yürüşünü dayandıra bilməzdi.

 

Qafqaz İslam Ordusuna qarşı dayanan qüvvə təkcə bolşevik-daşnaklar deyildi, müttəfiqlər də hər cür  maliyyə, hərbi yardımla Bakıda hakimiyyətini qoruyub saxlamağa, neftdən daha çox  pay qoparmağa çalışırdı. Rusiya, İngiltərə, Almaniya hər vasitə ilə Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkətini dayandırmağa cəhd göstərirdi.

 

Kürdəmir, Ağsu, Şamaxıda gedən ağır döyüşlər Azərbaycan əsgərlərinin də təcrübəsini, milli qeyrət, təəssübkeşlik duyğularını gücləndirib qələbəyə inamını artırmışdı.

 

İyulun son günləri artıq Qafqaz İslam Ordusu hissələri Bibiheybət və Xırdalan ətrafında mövqe tutmuşdular.

 

Ordunun hücumları qarşısında itkiləri, ilk məğlubiyyətləri görüb, vəziyyəti düzgün qiymətləndirən məkrli planların mahir ustası daşnakbaşı S.Şaumyan hakimiyyətdən əl çəkdiyini elan etdi. Avqustun 1-də eser, menşevik, daşnaksutyundan ibarət yeni hökumət - "Sentrokaspi" diktaturası yaradıldı.

 

Ordu komandanlığı dinc əhali arasında itkiləri azaltmaq məqsədilə danışıqlar üçün əvvəlcə nümayəndə heyəti göndərdi, sonra təkrar türk və rus dillərində məktub göndərildi, mülki erməni əhalinin şəhərdə sağlığına, silahlı koalisiya qüvvələrinə şəhəri sərbəst tərk etməyinə təminat verildi, təklif mənfi oldu.

 

Avqustun 5-də Bakı üzərinə qətiyyətli hücum səhər saatlarında başladı, ilk zərbədən sonra "Sentrokaspi" qoşunları geri çəkilməyə başladı. Qurd qapısı, Bayıl ətrafındakı yüksəkliklər, təpəliklər Ordunun əlinə keçdi. Bu vuruşmalarda düşmən tərəf 2 min itki vermiş, Qafqaz İslam Ordusundan isə 139 əsgər, 9 zabit şəhid olmuş, 463 nəfər yaralanmışdı.

 

Bakı kimi yağlı tikəni əldən buraxmaq istəməyən ermənilər bu dəfə həm də Ənzəlidəki ingilis qoşunlarının da köməyə gəldiyini öyrənib daha da quduzlaşdılar.

 

Orduda mərmi, silah-sursat çatışmazlığı geri çəkilməyə səbəb oldu. Üstünlük, Ordunun hücumunun dəf edilməsi düşmən cəbhəsində bir qədər ruh yüksəkliyi yaratdı.

 

Erməni, rus, ingilis qüvvələri avqustun 6-da Bakıda 16-65 yaş arasında olan əli silah tuta bilən kişiləri məcburi surətdə orduya yığmağa başladı. İmtina edən müsəlmanların 600-ü mərkəzi meydanlarda edam olundu.

 

Bakının müsəlman türk əhalisi Ordunun 5 avqust məğlubiyyətindən böyük kədərə düçar olmuşdu, şəhərin alınması işinin uzanmasından ciddi narahat olan ziyalılar, türk əsgərlərinin ruh yüksəkliyini qaldırmaq və onları daha da cəsarətləndirmək üçün avqustun 10-da türk əsgərlərinə müraciət hazırlayıb göndərdilər.

 

Müraciətdə deyilirdi:

 

"Neft və milyonlar səltənəti adlanan Bakının qapıları önündə neçə gündür qələbə quşunun qanadlarını tutmaq istəyən türk ordusuna. Bu gözəl şəhəri azad edə bilməsəniz, türkün və onun ordusunun şərəfini indi dayandığınız xəndəklərin içində basdırmış olacaqsınız. Əgər siz bu sərvət və qızıl şəhərini azad edə bilməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının ürəyinə sancılmış xəncərin üzərinə "Heyif ki, türk bizə köməyə gəlmədi" cümləsi yazılacaq. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaq...

 

Ey türk əsgəri! Əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan süfrələr qonaqsız qalacaq, sənin üçün tikilən geyimi düşmənin geyinəcək. Sənin üçün verilən qurbanlar qəbul edilməyəcək, sənin üçün kəsilən qurbanlar düşmənə qalacaqdır. Əgər sən bu şəhəri ala bilməsən, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə mübarək İslam qanı qırmızı şərablar kimi vəhşi işgəncələrin yolunda axacaqdır. Sənin zəfərin üçün dua edən əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu şəhəri ala bilməsən, qadınlar saçlarını yolacaq, ağlını itirəcəkdir. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq, sən də bu toz-torpaqlı yerlərdə pərişan və səfil olacaqsan, türkün gözlərini çıxarıb iplərə düzən düşmənləri şənləndirəcəksən. Fəqət sən, ey türk əsgəri! İngilislərin gücünü öz gücünlə Çanaqqalada darmadağın etdin. Ən böyük döyüş gəmilərinin böyük mərmilərinə sinə gərdin. Quttuləmmarədə 14000 əsir götürdün. Qarsındak düşmənin çoxunu, erməniləri, bəlkə, Azərbaycandan, Qarsdan bəri qabağına qataraq bu şəhərə qədər sıxışdırdın. Türk adını yüksəldən Çanaqqala, Quttuləmmarə, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almaz qaşı olacaqdır. Al Bakını! Vətənə bir almaz ərməğan et!"

 

İslam Ordusunda bu müraciət əl-əl gəzir, döyüşə atılmaq üçün hər kəsə qol-qanad verirdi. Gözlənilən, istənilən köməyin hamısı gəlib çatmamışdı, düşmənlə müqayisədə xüsusən mərmi, silah-sursat zəif idi.

 

İkinci hücum avqustun 25-dən sentyabrın 13-dək davam etdi. Komandan Nuru paşa sentyabrın 14-də axşam saat 20:30-da Ordunun Bakını alması üçün 100 saylı əmri imzaladı.

 

Son döyüş barədə savaşan tərəflərin şahid komandirlərinin isti-isti yazdıqları raportlardan bir neçə sətirdə hər şey görünür. 5-ci Qafqaz piyada diviziyasının rəhbəri podpolkovnik (yarbay) Rüştü bəy: "Bu gün 5 avqust tarixinin üzərindən 39 gün keçir. 5-ci Qafqaz firqəsi heç ana vətəndəki döyüşlərdə belə, Azərbaycanda olduğu qədər çətin, qanlı itkilərə uğramamışdı. Həm din, həm də irqini qurtarmaq üçün, mənsub olduğu ordunun qəhrəmanlıq dastanını yerə salmamaq üçün əsgər və zabit heyəti səylə çalışmış, qan axıtmış və canlarını fəda etmişdilər. İstiqlalına vurğun Anadolu türkü, nəhayət, qonşu və qardaş millətin istiqlalını da çətin mübarizələr ilə təmin və azərbaycanlılara təhvil verirdi. Sentyabrın 13-dən 14-nə keçən gecə bütün firqə heç yatmamışdı. 5 avqustdakı məğlubiyyətin acısını çıxarmaq və intiqam almaq üçün hər kəs hücum vaxtının gəlməsini səbirsizliklə gözləyirdi. Axır ki, gözlənilən o saat gəlmiş və kontingent gecənin dərin qaranlıqları içində gündüzdən bələdlənmiş Heybət-Bakı dəmir yoluna doğru axmağa başlamışdı. Bu dəfə Bakının ələ keçiriləcəyinə hamıda inam var idi. Ruh yüksəkliyi hökm sürürdü. İlk qumbara səsləri düşmənin ilk mövqelərinə çatıldığından xəbər verirdi".( Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 202-203).

 

(Ardı var)

 

525-ci qəzet  2018.- 11 sentyabr.- S.6.