15 sentyabr - AnadoluQafqaz türklərinin əbədi qardaşlıq günü

 

Hacı NƏRİMANOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri

 

(Əvvəli ötən sayımızda)

 

Ordu Komandanı general Xəlil paşa Bakıya edilən hücumun ilk günü döyüş meydanında gördüklərini yaşadıqlarını bu cümlələrlə ifadə edir:

 

"Hava təzə işıqlanmağa başlamışdı ki, piyadanın özünə məxsus qışqırıqları (Allah, Allah) ilə qumbara süngü hücumuna başlanıldı. Hücum qoluna sağdan soldan həmlə edən düşmən ehtiyat qoşunları, "qəmə" şəklində irəliləyən türk birliklərinin sağa, sola açdığı yaylım atəşləri ilə geri oturdulurdu. "Qəmə"nin önündəki birliklər düşmən cəbhəsini yarmış, şəhərin mərkəzinə doğru irəliləyirdi. Düşmən fasilələrlə əks-hücuma keçir, lakin yenə olduqları yerə qayıtmaq məcburiyyətində qalırdılar... Bakı qarşımızdaydı... Düşmən ehtiyat qüvvələri şəhərin mərkəzinə doğru çəkilməyə məcbur olmuşdular... Bakı möhkəmləndirilmiş mövqeyinin sol tərəfində, yəni mövqenin şimal tərəfində ingilis qüvvələri yerləşmişdi. Bunu batareyaların atəşindən təxmin etmişdik. Sübhdən başlayan döyüş axşama qədər davam etdi. Bu döyüşdə, ara-sıra özümü əlimdə mauzer ön xətlərin arasında gördüyüm anlar da oldu... Bir həmlə zamanı bir sıravinin yalvara-yalvara yanıma soxulduğunu gördüm: "Komandan Paşam, mən səninlə hələ Ərəbistan ellərindən bir yerdə idim. Bax, yenə özünü qorumursan!.. Güllə dəyəcək, komandan paşam, az da olsa, başını qorusana?.." Qucaqlayıb, dodaqlarımı, yaşı qırxı keçmiş bu dəliqanlının alnına dayadım. Çiyinlərini buraxanda əlimdə qan izləri gördüm... "Yaralısan, oğlum!.." Əlini çiyninə apardı... Sıxdı, bir ara ağrıdan üzünü turşutdu... "Unutmuşam, komandan paşam!.." dedi, sıçrayışla irəli yüyürdü. Bir ucdan mauzerindəki güllələri doldururdu... imperiya dastanı davam edirdi... Yanımdan gənc bir zabitin parçalanmış bədənini keçirdilər. Pulemyot bədəninin bir hissəsini aparmışdı..." (Sorgun, Xəlil paşa, İttihad və Tərəqqidən Cümhuriyyətə bitməyən savaş, s.225-226).

 

Bakı hücumunun birinci günündə türk əsgərinin coşqunluğu, ruh yüksəkliyi, qələbə əzmi, onların müdafiə xətlərini surətlə ələ keçirməsi, ingilis ordu komandanı general Deustervili heyrətə gətirmişdi. O yazırdı: Türk əsgərlərinin qəhrəmanlığını, Azərbaycan sevgisini ingilis qoşunlarının Bakıdakı komandanı belə xatırlayır: "İnanmaq mümkün deyil! Cəbhəmizin ən güclü xətti türklər tərəfindən ələ keçirilmişdi. Həm də türklərin hücuma keçəcəyinin bütün birliklərə qabaqcadan xəbər verilməsinə baxmayaraq, işğal edildi. İnanmaq çətin olsa da, mövcud vəziyyət belə idi. Cəbhədəki bütün üstünlüklərin bizim tərəfimizdə olmasına baxmayaraq, hücumun ilk anlarında darmadağın olan hərbi qüvvələrimizin artıq nəsə edə biləcəyinə ümid qalmamışdı. Bu vəziyyətdə üzərimizə düşən əsl vəzifə, geri çəkilmək və düşmənin hərəkət surətini azaldaraq, hərbi birləşmələri yenidən nizamlamaq idi" (General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 263). Amma Türkün zəfər yürüşünün qarşısını almaq mümkünsüz idi. Qarşıdakı Vətən idi.

 

Sentyabrın 15-də səhər saat 5:30-da hücum 10 saat bir an durmadan görünməmiş qızğınlıqla davam etdi. Bu hücumun qarşısıalınmaz olduğunu görən "Sentrokaspi" rəhbərliyi danışıqlara başlamaq üçün üzərində bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı. Ordu adından "Sentrokaspi"yə bu Bakının qeyd-şərtsiz hərbi qüvvələr, silah-sursat, hərbi texnika ilə birlikdə təslim edilməsi, Nargin adasında olan türk, almanAvstriya əsirlərinin dərhal azad olunması, mülki, hərbi mülkiyyətli obyektlərin təslim edilməsi və digər bəndlər barədə ultimatum verildi.

 

Avqustun əvvəllərindən sentyabrın 15-dək Bakı uğrunda gedən döyüşlərdə 17 erməni, 9 rus, 10 gürcü zabitdaxil olmaqla, 1.151 erməni, 383 rus, 4 ingilis və müxtəlif millətdən olan 113 əsgər əsir götürüldü.

 

Sentyabrın 15-i saat 15:00-də Bakı bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-dək Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdi. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri çox idi. Onlara divan tutulması isə Cümhuriyyətin süqutundan sonra Bakıda qırmızı bolşevik-daşnak cütlüyünün tam və qəti qələbəsindən sonra başlayacaqdı - Cümhuriyyət və Qafqaz İslam Ordusunun 40 mindən çox əsgər və zabiti qırmızı terrorun qurbanı olacaqdı...

 

Bakının azad edilməsi Qurban bayramı günü ilə üst-üstə düşdüyündən xalq ikiqat bayram sevinci yaşayır, qalib türk ordusunun keçdiyi hər yerdə qurbanlar kəsirdi. Şəhərdə ciddi intizam, qayda-qanun yaradılmasına başlandı. Nuru paşa Bakının ələ keçirilməsi ilə bağlı hərbi nazir Ənvər paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Osmanlı dövlətinin rəhbərləri adından Hərbiyyə naziri Ənvər paşanın Şərq Ordu komandanı Xəlil paşaya göndərdiyi teleqramda deyilirdi: "Bakı başarısından dolayı gözlərindən öpərək təbrik edirəm". Ənvər paşa Nuru paşaya göndərdiyi teleqramda yazırdı: "Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevincmutluluqla qarşıladım. Türkİslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm".

 

Bakının işğaldan azad edilməsi ilə onilliklər boyu müstəqilliyindən məhrum qalmış Azərbaycan 15 sentyabrda öz paytaxtına qovuşmuş oldu. Bir unudulmaz müqəddəs məqam da onda idi ki, Bakının azad olunması mübarək bir günə - Qurban bayramına təsadüf etmişdi.

 

Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı. Türk qoşunları Bakıya Güney Azərbaycanın ermənilərin bir gündə 10 min günahsız adamı tarixdə misli görünməmiş amansızlıqla qırdıqları Urmiya, Xoy, Təbrizi ingilis işğalçılarından tamam təmizləyib gəlmişdi! Dağıstan müsəlmanlarının çağırışları ilə 13 oktyabr 1918-ci ildə Qafqaz İslam Ordusu Komandanı Nuru Paşa, Quzey Qafqaz Cümhuriyyəti Ordusu Komandanı Yusuf İzzət PaşaQuzey Qafqaz Cümhurbaşqanı Abdülməcid Cermoy üçlükdə Dərbənddə şəhərin bürclərinə Quzey Qafqaz Cümhuriyyətinin yeddi ulduzlu bayrağını ucaltdılar. Türk əsgəri Bakıdan sonra həm də Dərbəndi azad edərək Qafqazda rus işğalına qarşı ən böyük mücadiləni vermiş Şeyx Şamilin də arzu-istəyini yerinə yetirmiş oldu.

 

Xatırladaq ki, 1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Ancaq qırmızı bolşevizm xalqımızın azad, müstəqil yaşamaq haqqını zor gücünə əlindən aldığı kimi, bu abidənin tikintisini də arxivə göndərdi, xilaskar Türk əsgərinin adını çəkmək belə qadağan edildi, bu şərəfli tarixi missiyaya qara ləkələr yaxıldı.

 

Osmanlı ordusunun Azərbaycanda başladığı möhtəşəm hərbi, siyasi, milli dövlət quruculuğu işlərinə dəstək İstanbuldan gələn acı bir xəbər alt-üst etdi: Qafqaz İslam Ordusu "Devlet-i Aliyə"nin imzaladığı "Mondros Mütarekesi"nin tələbi ilə geri çağırıldı. Qəhrəman Nuru Paşa bir müddət daha Qarabağda qalıb rus qırmızı bolşevik ordusuna qarşı üsyanlar təşkil etdi, lakin sonucda çarəsizcəsinə Anadoluya döndü. Geridə Türk mehmetciyinin əziz xatirələri əbədi olaraq yaddaşlarda qaldı. Qafqaz müsəlmanları hər zaman bir qurtuluş simvolu olan Nuru Paşanı və əlbəttə, bu Qurtuluşun ideya rəhbəri olan Ənvər Paşanı rəhmətlə anmaqda davam edəcəklər.

 

Azərbaycan Cümhuriyyətinin Baş naziri Fətəlixan Xoylu 1918-ci il, 19 sentyabrda Nuru Paşaya müraciət ünvanlamışdı: "Qafqaz İslam Ordusunun Komandanı Səadətli Nuru Paşa cənablarına! Komandanlığınız altındakı cəsur türk əsgərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətim şəxsinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar duyuram".

 

Bu tarixi günün və hadisənin nə qədər böyük əhəmiyyətə malik olduğunu M.Ə.Rəsulzadə belə dəyərləndirmişdi: "15 sentyabr Azərbaycan xalqının tarixində 28 may qədər böyük dəyərə malikdir. Əgər 28 mayda Cümhuriyyətin istiqlalı bütün dünyaya elan edilmişdisə, 15 sentyabrda bu istiqlal real bir təməl üzərində qurulmuş oldu. 15 sentyabrda Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi ilə başla bədən birləşmiş oldu. Bakı baş, bədən isə Azərbaycandır".

 

Müasir Azərbaycan Respublikasının banisi, Ümummilli lider Heydər Əliyev 1997-ci il yanvarın 31-də Azərbaycan EA-nın aparıcı alimləri və institut rəhbərləri ilə keçirdiyi görüşdə milli tarix elmi ictimaiyyət qarşısında Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yenidən obyektiv, vicdanlı öyrənilməsi, tədqiqi, yazılması vəzifəsini qoydu. Məsələnin bu müstəvidə qoyulmasının əsas məqsədi son iki əsr ərzində Azərbaycan xalqının yaşadığı tarixin bütün qaranlıq səhifələrinin açılaraq ilk növbədə xalqımıza, həm də dünya icti-maiyyətinə çatdırılması idi.

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2017-ci il Sərəncamında xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirmək, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə dəstək vermək barədə tövsiyələrini əldə rəhbər tutan Bilik Fondu Qafqaz İslam Ordusu tarixinin öyrənilməsi, təbliği ilə bağlı maarifçilik işlərinin aparılmasına yarandığı gündən böyük diqqət yetirib. Təhsil ocaqlarında, kollektivlərində türk və Azərbaycan xalqlarının dostluq və qardaşlığına ayna tutan bu şanlı, şərəfli tarixi hadisənin məna, mahiyyətinin təbliği, şərhi ilə bağlı ardıcıl tədbirlər həyata keçirib. Bakı, Astara, Şəki, Neftçala, Salyan və Hacıqabulda türk şəhidlikləri ziyarət edilib. Məktəbli və gənclərə, ictimaiyyət nümayəndələrinə tariximizin bu dövrü barədə ətraflı bilgi verilib, şeir, rəsm müsabiqələri keçirilib. Bu ilFondun "Tariximizi öyrənək və öyrədək", "Gənc diplomatlar", "Gənc jurnalistlər" klublarının 10 universitetdən olan tələbələrinin, Şamaxı və Qobustan rayon məktəblərinin müəllim və şagirdlərinin, alim, jurnalistlərin, Türkiyə səfirliyi əməkdaşları, yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qobustan rayonundakı Acıdərə Türk Şəhidliyinə yürüş və anım mərasiminin təşkili nəzərdə tutulub. Məqsəd budur: heç kim, heç nə unudulmamalıdır, tariximizin şanlı, şərəfli, qürurlu səhifələri öyrənilməli, yaşadılmalıdır!

 

525-ci qəzet  2018.- 12 sentyabr.- S.6.