Tarixə dönənlər, tarixdə qalanlar..
Aprel şəhidlərimizin
hüzn və qürur abidəsi olan ailələrilə görüşdən təəssüratlar
“Aprel şəhidləri”. Bu gün bütün Azərbaycan xalqı onları belə tanıyır, belə yadda saxlayır. Axı ilin hər ayında, təqvimin hər günündə bir şəhid vermişik, toyu çalınmayan, xonçası qırmızı qalan bir oğul itirmişik. Nə etmək olar, bu sənin, mənim, bizim yox, torpağımızın alın yazısıdır.
Onlarla igid oğulun düşmən həmləsini dəf edərək əks-hücuma keçməsi ilə o gün Azərbaycan kiçik qələbənin böyük tarixini yazdı. O gün düşmənin “keçilməyən səddini” bir göz qırpımında keçib Vətənimizin bir parçası olan indiki Ermənistanı da almaq gücünü görən düşmənin havadarları əl-ayağa, daha doğrusu, qorxuya düşüb əllərindən gələni etdilər ki, bu el gücünün, xalqın daşmış səbrinin qarşısını kəssinlər. Onlar kəsə bilmədilər, amma biz sülhə, əmin-amanlığa xatir o ildırım sürətli yürüşü dayandırdıq…
Onlarla şəhid
verdik. Sanki bir
möcüzə oldu.
Azad etdiyimiz torpaqlar şəhidlərin
ağrısını çəkmək
üçün bizə
təsəlli oldu. (Mən azad olunmuş
torpağın sevinicini
Lələtəpəni ziyarətə
gedərkən gözlərimlə
gördüm)…
Bu həqiqət imiş, gəlişigözəl söz
kimi deyilməyibmiş:
“Torpaq, uğrunda ölən varsa Vətəndir!”…
“Aprel şəhidləri”. Onların doğulduqları,
boya-başa çatdıqları
evi, ocağı tapmaq elə də çətin deyil. Adlarını çəkən kimi sanki bir
işıq seli yol-yoldaşın olub səni ora-onların doğulduğu ocağa aparır.
Hərəsi bir kənddə,
bir şəhərdə
doğulsa da, bu gün onların
bir ünvanı var: Azərbaycan!
Telefonuma gələn zəngdən
sonra mənə elə gəldi ki, günlərlə beynimdə gəzdirdiyim fikri hamı bilir. Xəttin o başından Azərbaycan
Yazıçılar və
Jurnalistlər birliklərinin
üzvü, Bakı Dövlət Universitetinin doktorantı Aynur Səfərlinin “Vaxt elə, bir-iki günə Binəqədidə
yaşayan Aprel şəhidlərimiz Emin Bağırovun və Fəxrəddin Qurbanlının
ailələrini ziyarət
edək” deməsinə
matım-qutum qurudu.
Ürəkdən-ürəyə, qəlbdən-qəlbə yol
varmış, İlahi…
“Sənə xəbər edərəm” dedikdən sonra Binəqədi Rayon
Polis İdarəsinin rəisi,
polis polkovniki Namiq İsmayılovla əlaqə
saxlayıb, fikrimi ona deyəndə: “Sən nə vaxt gedəcəyini de, biz
hazırıq” deməsi
və özümdən
ixtiyarsız gözlərimin
dolub, qəhərin məni boğması sözümü tamamlamağa imkan
vermədi. Hiss etdim ki, o da tutuldu.
Handan-hana dilləndim: “Oldu, mütləq deyəcəyəm”…
Mənə elə gəlir
ki, məhz aprel hadisələrindən
sonra bu gün böyükdən-kiçiyə
hər birimizin bir andı var:
Vətən haqqı,
topraq haqqı, yurd haqqı. Bu birmənalı belədir:
Vətən əldən
getsə, dilin də, imanın da, sahib olduğun hər şeyin əldən gedəcək.
Kölgənin düşmədiyi
torpaq, yer yoxdusa, demək sən də yoxsan...
Şəhidlərimizin ailələri ilə görüşə
oğlum Turanı da aparacığımı
eşidəndə valideynlərim:
“Ora uşaq yeri deyil”,-deyib etiraz etdilər. “Bəs, nə
üçün düşmənlərimiz
olmayan faciəni körpələrin beyninə,
yaddaşına qazıyırlar”
cavabımdan sonra razılaşdılar.
İdarə rəisi ziyarət üçün hazırlıq
görməyi 4-cü Polis Şöbəsinin
rəisi, polis polkovnik-leytenantı
Etibar Balakişiyevə
həvalə etmişdi. Bələdçimiz isə rəis müavini, polis mayoru Yalçın Yaqubov və təhqiqatçı,
polis kapitanı Emil Abbaszadə
idi.
Şəhid Fəxrəddin Qurbanlının
doğulduğu evin qarşısında bizi
ilk salamlayan Azərbaycan
bayrağı oldu və Turanın sayğı duruşu ilə bayrağa hərbi salam
verməsi hamımızı
heyrətləndirdi. Uşaq olsa
da o hara gəldiyini anlamışdı.
Mənə elə gəldi ki, ayaqlarımdan dəyirman daşı asılıb, dizlərimin
“kəndiri kəsilib”. Şəhid
ocağına üz tutanlar bu hissi
yaxşı bilirlər…
Qapını üzümüzə açan kişinin baxışları “Şəhid
Fəxrəddinin atası
mənəm, ocağıma
xoş gəlmisiniz”,- deyirdi. Bütün şəhid
atalarının, analarının
baxışları, gözləri
bir-birinə çox bənzəyir. Onların
gözləntilərinin bir
adı var: Nə vaxtsa gələcəklər!
Şəhidimizin atası da bu ümidlə qapını açmışdı:
“Deyəsən, gələn
Odur!”
Bu gün bütün
şəhid qapılarını
döymək, onlarla həmdərd olmaq, onlara təsəlli vermək hər birimizin borcudur. Sayğısızlıq göstərsək, başımızın
üstündən göy,
ayağımızın altından
yer qaçar.
“Nə zəhmət çəkmisiniz”,- deyib şəhidimizin atası Seyfəddin kişi, anası Həzimə xanım boynumuzu qucaqladılar. “Elə torpaqlarımızın
ilk qoruqçuları, müdafiəçiləri,
ilk şəhidlərimiz də
polislər olub, bu gün də
onlar ölkəmizdə
əmin-amanlığı qorumaq
üçün səfərbərdirlər”,-dedi
ata. Məlum oldu ki, Fəxrəddinin əmisi Nizami Mustafayev də polisdir. Fəxrəddinlə birgə nəslin
daha bir igid oğlu Mahir Mirzəyev də aprel döyüşləri
qəhrəmanıdır.
“1988-ci ildə ata-baba
yurdumuzdan zorla qovulduqdan sonra elə bilirdim ki, sığınmağa
heç kimim, heç nəyim yoxdur. Atadan-anadan yox, torpaqdan
yetim qalmışdıq.
Hər gün yuxuda əzizlərinin uyuduğu
torpağın iniltisini
eşitmək adamı
lap dəli eləyirdi.
İllər keçdi,
yaramız az
da olsa qaysaq
tutdu, ancaq həsrətimiz azalmadı
ki, azalmadı. Qayğılara başımız elə qarışdı ki, uşaqların böyüməsindən xəbərimiz
olmadı. Bir də
gördük bizimlə
bir boyda-buxundadırlar.
Amma Fəxrəddini itirəndən
sonra elə bildim ki, doğulduğum
torpağı yenidən
itirdim.”…
Dərdli ananı ovutmağa söz tapmırıq. Sadəcə, gözümüzü albomdakı
şəkillərə zilləyib
onun son döyüşünü
xəyalımızda canlandırırıq.
Və qısa xatirlatma…
Fəxrəddin Seyfəddin oğlu Qurbanlı 13 yanvar
1994-cü ildə Bakı
şəhərində doğulub. 2011-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Universitetinə
daxil olub. 2016-cı ilin aprel
ayında Azərbaycan-Ermənistan
təmas xəttində
baş verən atışma zamanı şəhidlik zirvəsinə
ucalıb. O, ölümündən
sonra göstərdiyi qəhrəmanlığa görə
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə "Hərbi xidmətdə fərqlənməyə
görə" III dərəcəli
medalı ilə təltif edilib. Məzarı Pirşağı
qəbirstanlığındadır...
Vaxtı, zamanı unutmuşuq. Nə su
yadımıza düşür,
nə də çörək. Elə bil
bütün dünyanı
“yemişik”.
Daha bir aprel şəhidimizin evini, ailəsini ziyarət etmək üçün tələsirik. Ağ saçlarına
dərd çökmüş
kişini uzaqdan tanıyırıq. Emin Bağırovun
atası İmran dayıdır. Elə
onun da ilk sözü bu olur: “Nə zəhmət çəkmisiniz?”...
Eminli xatirələrin
sükutu çökür
şəhid ocağına. Məktəbə getdiyi gündən şəhid olduğu günə kimi onu xatırlayırlar.
Yenə gözlər yola dikilir, yenə də “Ana, mən gəldim” sözünə
tamarzı qalır qulaqlar. Şəhidimizin bəlkə də
özü boyda olan böyüdülmüş
şəklinə baxanda
mənə elə gəlir ki, Emin şəkil çəkdirməkdən həmişə
qaçıb. Bəlkə də
heç valideynləri
ilə birlikdə üst-üstə 3-5 şəkli
yoxdur. Elə onun həmən şəklinin yanında xatirə şəkli çəkdirəndə İmran
kişinin gözlərinin
dərinliklərindəki hüznlü
fikri sezə bildim: “Oğlum, mən axı şəkildə sənsiz
yaxşı düşmürəm”...
“Hərbi xidmətə
yola düşən günü- 2014-cü il oktyabrın 8-i sevincinin həddi-hüdudu yox idi. Əvvəlcə Beyləqanda hərbi
xidmət keçdi.
Vətənpərvərliyi, cəsarəti, verilən
tapşırıqları heç
bir çətinlik olmadan yerinə yetirməsi hissə komandirinin də diqqətindən yayınmayıb.
Orduda nümunəvi xidmətinə
görə iki dəfə məzuniyyətə
buraxıldı. Bir gün
mənə xəbər
göndərdi ki, Xüsusi Təyinatlı Qüvvələr bölüyünə
yazılmaq istəyir.
Sonuncu dəfə martın axırında evə gələndə çox
dəyişmişdi. Elə bil
ki, boyu uzanmışdı, daha cüssəli olmuşdu.
Aprelin 1-i cəbhədəki
gərginliyin eşidəndə
narahat olduq. Ayın 2-də ondan gələn zəngdən sonra yerə-göyə sığmadım.
Eləcə yorulmadan deyirdi: “Ata, biz qalib gələcəyik, düşmən
qaçır. Onunla danışdıqdan sonra bir az təsəlli
tapdım”...
Komandiri
əməliyyata gedən
dəstəyə Emini
salmayıbmış. Bunu
eşidəndə Emin
pərt olub və komandirinə: “Mənim evdə iki qardaşım da var”,-
deyib. Yəqin sonrasını siz də, xalqımız da yaxşı bilir”...
Və kiçik bir xatirlatma: Şəhid Emin Bağırov
1996-cı il 15 iyulda Bakıda anadan olub. 2016-cı
ilin aprel ayında şəhidlik zirvəsinə ucalıb.
O, da ölümündən
sonra "Hərbi xidmətdə fərqlənməyə
görə" III dərəcəli
medalı ilə təltif edilib.
Aylar, illər
keçsə də bu görüşlərin,
bu ziyarətlərin sonu olmayacaq. Əksinə, şəhid
ailələrini, onların
doğulduqları ocaqları,
ata yurdlarını ziyarət edənlərin sayı gündən-günə
çoxalacaq. Və
biz bilirik ki, bu torpağı, bu xalqı uca
yaradan Vətən sevdalı, bir az da obrazlı desək, baxanda dibi görünən
saf insanlarının xatirinə birliyinə və bütövlüyünə
qovuşduracaq. Daha doğrusu,
biz o torpaqları azad edib ona qovuşacağıq.
Hafiz Təmirov,
polis mayoru
525-ci qəzet 2018.- 12 sentyabr.- S.8.