Qafqaz İslam Ordusu. Nuru paşanın fədakarlığı.
Bakının qurtuluşu
Nəsiman YAQUBLU
tarix elmləri doktoru
Rusiyada 1917-ci ildə baş verən Oktyabr inqilabından
və bu hadisə nəticəsində bolşeviklərin
hakimiyyətə gəlməsindən sonra Osmanlı dövləti
Güney Qafqazda fəallığını artırdı.
Bu fəallaşmada Baş komandan vəkili Ənvər
Paşanın və III Ordu komandanı Vəhib Paşanın
xüsusi rolu vardı. Məhz Ənvər Paşanın təklifi
ilə Vəhib Paşa 1918-ci ilin yanvarın 9-da Qafqazdakı
rus hərbi qüvvələrinin müvəqqəti
komandanı, gürcü generalı Odişelidzeyə bir məktubla
müraciət etmişdi. 1918-ci ilin
yanvarın 16-da isə Vəhib Paşa Ənvər
Paşanın hazırladığı teleqramı Tiflisdəki
Rus-Qafqaz ordusu komandanlığına çatdırdı.
Bu teleqramda Ənvər Paşa Zaqafqaziya hökumətinin
Brest-Litovsk sülh danışıqlarında
iştirakının vacibliyini bildirir və bu zaman Zaqafqaziya
hökumətinin tanınmasına Osmanlı dövlətinin
kömək edəcəyini bildirirdi. Sonrakı
dövrdə də Osmanlı dövləti Qafqazla
bağlı siyasətini davam etdirməyə başladı.
Eyni zamanda, Azərbaycandan olan milli qüvvələr də
Osmanlı dövlətindən yardım almaq üçün
əlaqələr qurmağa başladılar. Bu işin
reallaşmasında rus əsirliyindən qaçaraq Gəncəyə
gəlmiş Osmanlı zabiti Hüsaməddin Tuğac bəyin
rolu böyük idi. Az sonra Gəncədəki Milli Komitənin
tapşırığı ilə (burada Nəsib bəy Yusifbəylinin
böyük rolu vardı) Nağı Şeyxzamanlı,
ziyalı Ömər Faiq Nemanzadə, acarların nümayəndəsi
Cəlal Həmşizadə və axılkələkli
Əbraim bəy birlikdə Türkiyəyə getdilər. Onların məqsədi icmaları adından türk
ordusunu öz vətənlərinə dəvət etmək
idi.
Az
müddət sonra bu əlaqələrin ilk bəhrələri
görünməyə başladı. Belə bir zamanda Ənvər
Paşa bolşevik inqilabından sonra Qafqazda yaranmış vəziyyətdən
bəhrələnib Berlin müqaviləsi ilə itirilmiş
Qars, Ərdəhan və Batumu vətənə geri qaytarmaq, həm
də Azərbaycan və Quzey Qafqazda Osmanlı himayəsində
müstəqil dövlətlər qurmaq istiqamətində fəal
siyasət tərəfdarı idi.
Bu dövrdə Osmanlı dövləti Qafqaza bir ordu
göndərmək qərarını alınca, Ənvər
Paşa bu ordunun komandanlığına öz qardaşı
Nurunu təyin etdi. Əvvəlcə ona diviziya generalı
rütbəsi, sonra Paşa (general) rütbəsi verildi. Bu təyinatdan sonra Nuru Paşa 1918-ci ilin martın
25-də Mosula, oradan isə Gəncəyə gəlib Qafqaz
İslam Ordusunu yaratmağa başladı. Qeyd
edək ki, Nuru Paşa Gəncəyə mayın 25-də gəlib
çıxmışdı.
Azərbaycanın
görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə
Nuru Paşanın Gəncəyə gəlişini belə qeyd
edirdi: "Cənubi Qafqaz nümayəndələri ilə
türk nümayəndələri Batumda müzakirələr
apararkən Nuru Paşa ilə bərabər tabeliyində olan
bir çox zabitlər
- İran və Qarabağ istiqamətindən Gəncəyə
daxil oldular. O zaman müdhiş bir anarxiyaya məruz qalan, digər
tərəfdən də bolşevik təcavüzü ilə
təhdid olunan Gəncə Nuru Paşanı göydən
enmiş xilaskar bir mələk kimi qəbul etmişdi".
Nuru Paşa Gəncəyə gəldikdən sonra burada və
ətraf bölgələrdə olan müqavimət dəstələrini
təşkilatlandırmağa başladı.
Maraqlıdır ki, Nuru Paşa Gəncədəki vəziyyəti
öyrəndikdən sonra Üçüncü ordu
komandanlığına çox dəyərli və tarixi əhəmiyyəti
olan bir məlumat göndərilmişdi. Nuru Paşa
Üçüncü ordu komandanı Vəhib Paşaya
yazdığı məlumatda bildirirdi: "Gəncədə
Milli Kolordu (hərbi birlik) adında təşəkkül edən
600 nəfərlik bir qüvvət vardır. Bakıya
qarşı da Kürdəmir stansiyasında knyaz Mağalov
adında bir gürcü zabitinin komandası altında 400-ə
qədər əsgər vardır. Bakı
qətliamında gürcülərin müsəlmanlarla təşrixi-məsai
etmələrinə bir əlamət və müsəlmanlarla
bir cəmilə olaraq Tiflisdən göndərilmiş olan bu əsgərlərin
300-dən ibarət olan gürcüləri də Tiflisə
dönüblər.
Azərbaycanın milli bir ordu yaratmaq imkanı
mövcuddur. Əsgərliyə layiq çox insan vardır.
Muğan kimi bölgələrdə 10 000 000
kiloya qədər də buğda və ərzaq mövcuddur.
Fəqət ordu təşkili üçün
paltar, silah və cəbbəxana yoxdur. Paşa
həzrətləri bu xüsusda yardım edilməsini rica edir
və əlavə edir ki, əsgərin təlim və tərbiyəsi
üçün buraya gələn əsgər heyəti
Mosulda qaldı. Bir müddətə qədər
gəlməyəcəklər. Təşəkkül
edəcək əsgərə komanda etmək üzrə
mümkün olduğu qədər müəllim-zabit və
kiçik zabitin izamın hassaten rica edirəm".
Üçüncü
ordu komandanı Vəhib Paşa Nuru Paşaya 1918-ci ilin iyunun
2-də yazdığı cavab məktubunda bildirirdi: "Azərbaycan
hökuməti Müstəqilliyi İslamiyyəsinin tələbi
üzərinə, islamları bolşevik təcavüzündən
qurtarmaq üçün müxtəlif qüvvətli bir güclə
Qazax üzərindən Gəncə istiqamətinə gedəcəyim.
Bu mübrəzənin (batalyonun, taburun)
süvarisi Qazax ilə Gəncə arasındakı
istasyonları mübarizə edəcəkdir".
1918-ci il
iyunun 4-də Osmanlı dövləti ilə Azərbaycan Xalq
Cumhuriyyəti arasında bağlanan müqavilənin 4-cü
maddələrinə əsasən (məhz həmin bənddə
Azərbaycanın Türkiyədən hərbi yardım istəməyi
nəzərdə tutulurdu), Azərbaycan dövlətinin rəsmi
müraciətinə uyğun olaraq Vəhib Paşa 1918-ci ilin
iyunun 7-də bu əmri verdi: "Beşinci Qafqaz Firqəsinin
heyətinin Qazax üzərindən Gəncəyə göndərilməsini
rica edirəm. Firqənin Ağstafa
stansiyasından Gəncəyə qədər qatarla nəqliyyatı
üçün indidən hazırlıq buyururuq və bunun
üçün serizn icab edənləri (lazım olan hər
şeyi) Qazaxa göndərin. Müsəlman
zabitlərindən Gəncəli İbrahimzadə Nazim Əfəndi
Ağstafa stansiyası ilə Gəncə arasındakı nəqliyyatı
tənzim üçün əvvəlcə Batumdan Gəncəyə
göndərilmişdi. Məmurlarımız
Nazim əfəndi ilə təmas etsinlər, firqənin nəzdində
ikinci Qafqaz Kolordusu telsiz stansiyanın verilməsini rica edirəm.
Firqə indilik əmrinizdə və Gəncədə
qalacaqdır, əfəndim".
Batumda imzalanmış müqavilə əsasında 5-ci
Qafqaz diviziyası Gümrü və Qazax istiqamətində
iki qrup halında Qazaxa gəldi.
Qeyd edək ki, Beşinci Qafqaz Diviziyasının
başında Mürsəl bəy (Mürsəl Paşa Baku),
Baş Qərargahı rəyasətində isə
Rüşdü bəy dururdu.
Nuru Paşa ordu hissələrini qüvvətləndirmək
üçün Gəncədə hərbi mək-təb və
qısa müddətli hərbi kurslar da təşkil etdi. Eyni zamanda, yaranmış Azərbaycan
korpusuna bir neçə azəri türklərindən ibarət
nizami alay, Dağıstan süvari alayı
və bunlardan başqa Azərbaycanın hər tərəfindən
gələn arası kəsilməyən könüllülər
də daxil olurdu. H.Baykara "Azərbaycan istiqlal mübarizəsi
tarixi" kitabında yazırdı: "Hərbi təlim-tərbiyənin
vaxtı az olduğu üçün vuruşma zamanı
çoxlu tələfat olurdu. Buna baxmayaraq,
döyüş meydanından əsla geri çəkilməyərək
"Biz buraya ölməyə gəldik, dönməyə
yox" - deyərək vuruşur və getdikcə
döyüş havasına alışırdılar. Azərbaycan korpusunun təşkilatı
tamamlandıqdan sonra ona podpolkovnik Həbib bəy Səlimov
komandanlıq edirdi".
Rüşdü
bəy isə "Bakı yollarında" əsərində
Qafqaz İslam Ordusu tərkibindəki qüvvələr
haqqında da maraqlı məlumatlar verir: "İlk
yaradılışında cənub qrupunun qüvvələri
belə idi: 4-cü piyada alayı (azəri alayı); 1-ci və
2-ci tabur, iki süvari bölüyü, azəri süvarilərindən
ibarət daha bir bölük, iki qrup dağ və rus səhra
topundan ibarət ol-muşdur. Bundan başqa ordu
alaylarına verilən Azərbaycan səhra topçu
bölüyü öküzlə daşındığı
üçün şosse yolundan kənara çıxa
bilmirdi. Ancaq bu heyvanlar düşmənin
zirehli avtomobillərini, zirehli qatarlarını
qaçırmaqda və toplarını susdurmaqda çox
yararlı olurdu. Əsasən toplar,
Türkiyə cəbhəsini tərk edərək Rusiyaya
dönən əsgərlərdən Azərbaycan
partizanları tərəfindən zorla
alınmışdı. Bu topların mərmiləri
rus alaylarından qənimət olaraq ələ
keçirilmiş və olduqca çox idi. Azərbaycan korpusunda olan silahlar Rusiyada istehsal
olunmuşdu. Buna görə də mərmi
sarıdan çətinlik çəkilmirdi. Amma Osmanlı ordusunda istifadə olunan silahlar
üçün mərmi çatışmırdı. Döyüş zamanı Osmanlı ordusunu, Azərbaycan
korpusunu Azərbaycan hökuməti və xalqı ərzaqla təmin
edirdi".
Müəllif xatirələrində daha bir maraqlı məlumatı da açıqlayır: "İslam Ordusu komandanlığından 5-ci Qafqaz diviziyası komandanlığına, Bakıya hücum zamanı verilən bir əmrdə aşağıdakı qeydlər çox əhəmiyyətlidir: "Bakıya yaxın olan müsəlman kəndlərinin silahlı yardımı ilə bərabər, sizə ət, çörək və digər ərzaqla yardım edəcəkləri də şübhəsizdir. Baxmayaraq ki, indiki vaxtda Siz həmin kəndlərdən 70 km aralıdasınız".
Bakının düşmən qüvvələrdən azad edilməsi üçün Qafqaz İslam Ordusu ciddi hazırlıq işləri aparmışdı. Ordu müəyyən hazırlığını başa çatdırdıqdan sonra Bakıya doğru hərəkət etmək qərarına gəldi. İyun ayının 1920-də Gəncədən Göyçaya gələn 5-ci Qafqaz diviziyası komandanı buradakı vəziyyəti gördükdən sonra aşağıdakı məlumatı hazırlamışdı: "1. Bakı, Dərbənd və qarşımızdakı düşmən qüvvətinin 7 000 sayda olduğu; 2. Düşmənin qəti bir zərbə altında əzilməsi və Bakıya sıxışdırılması üçün; a) Geridə qalmış qüvvələrin diviziyaya birləşdirilməsi; b) Qazaxdakı 800 milis atlısının toplaşaraq cəbhəyə cəlb edilməsi; c) keçmiş Qazax kaymakamı (qəza rəisi) Məhəmməd bəylə Daşsalahlı və hazırda Gəncədə olan Əli Nağı bəyin toplaya bilə-cəyi 4500 atlının cəbhəyə cəlb edilməsi; ç) Göyçay, Ağdaş, Bərdə atlılarının və Gəncədə toplanacaq atlı və piyadaların vacib cinahlara cəlbi; 3. Kürdəmir-Qaraməryəm xəttindəki zərbəni qəti endirdikdən sonra qüvvələri Şəki üzərindən Qubaya və ya Şuşaya göndərmək; 4. Yuxarıda sadalananların icrası üçün əmr hazırlamalı".
Bu hazırlıqlar başa çatdıqdan sonra Qafqaz İslam Ordusu qüvvələri iyun ayının 28-də düşmənə ilk zərbəni endirmiş, Qaraməryəmi, Göyçayı almış və sonra Ağsunu, Kürdəmiri azad etmişdir.
İyul ayının ortalarında isə xilaskar ordu iki istiqamətdən hücuma keçmişdi: birincisi - Ağsudan Şamaxıya, digəri də dəmiryol boyu ilə Hacıqabula - Bakıya doğru irəliləməkdə idi. İyulun 3-də isə artıq xilaskar türk və azərbaycanlı qüvvələr Bakıya xeyli yaxınlaşmışdılar. İyulun 31-də isə ordu hissələri Nəvahiyə, axşamüstü isə "Qurd Qapıları"na (Volçi-Vorotaya) gəlib çatdılar. Bakıya hücumu yekunlaşdırmaq üçün yenidən qüvvələr toplanılır və milis gücləri cəlb edilirdi.
Həmin hadisələrdə iştirak etmiş tanınmış mühacir Məhəmməd Əli Rəsuloğlu öz xatirələrində yazırdı: "Türk ordusu qərargahına xəritə, plan yetişdirmək üçün Müsavat partiyası bütün qüvvəsilə çalışırdı. Hər gün dəniz və quru yolla türk ordusu qərargahı nəzdində bulunan dostumuz Abbas bəy vasitəsilə şəhərdəki əsgərlərin hərəkəti haqqında türk ordusu qərargahına lazımi məlumatlar verilirdi. Bolşeviklər bu məlumatın sürətlə öyrənilməsinə heyrət edirdilər..."
525-ci qəzet 2018.- 13 sentyabr.- S.6.