Milli Kitabxanada
"Arif Məlikov-85" sərgisi
Sentyabrın 12-də Azərbaycan Milli Kitabxanasında görkəmli bəstəkar,
Xalq artisti, AMEA-nın həqiqi üzvü Arif Məlikovun 85 illik yubileyi münasibətilə
"Arif Məlikov-85" adlı
geniş kitab sərgisi açılıb.
Milli Kitabxananın direktoru Kərim Tahirov Arif Məlikovun həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə
verdiyi töhfələrdən
söz açaraq bildirib ki, yubilyar
bəstəkarımız öz
əsərlərilə milli
musiqi ənənələrimizi
XX əsr musiqisinin nailiyyətlərinə qovuşduraraq
mütərəqqi təfəkkürə
malik sənətkar kimi çıxış edib.
Direktor söyləyib
ki, yaradıcılığı
parlaq istedad və özünəməxsusluğu
ilə səciyyələnən
dahi sənətkarın
"Məhəbbət əfsanəsi"
baleti ona dünya şöhrəti
qazandırıb. Görkəmli bəstəkarın "Ölümdən
güclü", "Yer
üzündə iki nəfər", "Əlibaba
və qırx quldur", "İki ürək dastanı",
"Yusif və Züleyxa" baletlərinin,
"Azərbaycan" balladasının,
"Dalğalar" operettasının
və 8 simfoniyanın,
eləcə də digər əsərlərin
müəllifi olduğunu
vurğulayan direktor onun musiqilərinin dünyanın hər bir ölkəsində dinlənildiyini və səhnələşdirildiyini, Rusiya, ABŞ, Böyük
Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Bolqarıstan, Rumıniya, Macarıstan, Almaniya, Qazaxıstan,
Moldova, Ukrayna və digər ölkələrdə
ifa olunduğunu qeyd edib.
Sonda iştirakçılar geniş kitab sərgisi ilə tanış olublar. Bəstəkarın Azərbaycan və xarici dillərdə nəşr olunan əsərləri, not əsərləri, redaktoru olduğu, ön söz yazdığı, haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş etdirilib. Sərgi 10 gün davam edəcək.
ŞAHANƏ
525-ci qəzet 2018.- 13 sentyabr.- S.7.