Olmuşlar haqqında düşüncələr: Şəxsiyyətin və yaddaşın bütövlüyü

 

Allahverdi EMİNOV

 

Mən uzun illərdir düşünürdüm: gəncliyindən tanıdığım, tez-tez görüşdüyüm və çörək kəsdiyim, dəyərli ziyalı, Muğanda öz xeyirxah imicini qazanmış, kövrək qələm sahibi Tədbir Mahmudov nə üçün, nə səbəbdən xatirələrini: olub-keçənləri qələmə almır? Bəlkə təvazökarlığıdır, bəlkə müqəddəs hisslərini oyatmaq istəmir? Bəlkə çətin günlərin kədəridir? Yadıma IX əsrdə yaşamış Şəhdi Bəlxinin kəlamları düşdü: "Əgər kədər həmişə ocaq kimi tüstüləsəydi, onda bütün dünyanı tüstü bürüyərdi". Və fikrimdən daşındım.

 

Tədbir Mahmudov, axı, əsl insan: rəhbər, təşkilatçı, pedaqoq, nəhayət, namuslu ailə başçısı kimi yaşamış, yaşayır. O, bütün Salyan ətrafında, Nefçala bölgəsində xeyirxahlığı ilə yaddaşlardadır. Minlərlə şagirdləri onu sözün həqiqi mənasında sevirlər, rəhbərliyi altında işləyənlər onun obyektlivliyindən danışırlar, alicənablığını nümunə gətirirlər. Bu sətirləri yazanda qürurlandım və böyük ədib M.Qorkinin oğluna məktubunu pıçıldadım: "Əgər həmişə və hər yerdə bütün ömrün boyu insanlar üçün yalnız yaxşı şeylər: güllər, özün barədə gözəl fikirlər, şanlı xatirələr qoysan, sənin həyatın mənalı, xoş olar. Onda sən özünü bütün adamlara lazımlı, xeyirli bilərsən, bu hiss sənin qəlbini zənginləşdirər". Deyəsən, suallarımın cavablarını özüm verməli oluram və belə xarakterli insanlar haçansa memuar ədəbiyyatına üz tutmaya bilmirlər, tarixin dəyərlərini yeni nəslə çatdırmaq istəyirlər. Əlbəttə, tarixi yaşamaq bir xoşbəxtlikdir, ancaq onu yaddaşlardan "qoparmaq" da lazımdır, gərəklidir. Fransız rəssamı Dalton əbəs deməmiş ki, mənə qılıncın özü gərək deyil, mən onun şəffaflığını, gücünü, qüdrətini görmək istəyirəm...

 

Maraqlı odur, Tədbir Mahmudov bu "üç" nəsnəni bilavasitə yaşamağı bacarmışdır və bu günümüzə öz dəsti-xəttilə gətirmişdir! Axı köhnə heç zaman köhnəlmir.

 

"Bu da mən" memuar əsərini (Bakı, "Araz" nəşriyyatı, redaktoru Əjdər Ağayev, rəyçisi Böyükağa Mikayıllı) oxuyanda bu hissim məni çox uzaqlara aparmaq istədi, amma iradəmə güvəndim, hissiyata qapılmaq istəmədim. Kitabı bir də vərəqlədim, hər bir səhifədə müəllifin yaddaş itiliyini, təbii istəyini, bütöv şəxsiyyətini görürdüm. Bu "üçlüyün" fəlsəfəsində tanıdığı insanlara istəyi, doğulduğu, boya-başa çatdığı yurda məhəbbəti, unudulanlara sevgisi dayanır: buna şəxsiyyət bütövlüyü deyirlər.

 

Birincisi, O insanlar kimlərdir? Tədbir müəllim üçün özü qədər sadə, təvazökar, zəhmətlə gələcəyini qazanan, böyüyün-kiçiyin yerini bilən, yaxşılığı unutmayan (pisliyi unudan) dəyanətlilər. Mən onların adları ilə qarşılaşanda barələrində kövrək sözləri oxuyanda sanki onların yanındayam, bəzilərilə sağlığında görüşmü-şəm, söhbətləşmişəm, bəziləri isə... son sözümə dilim gəlmədi, indi haqq dünyasına qovuşmuşlar, torpaqda tənhalaşmışlar! Deməkdə israrlı deyiləm: dünyasını dəyişənlər başdan ayağa ideal olmuşlar yox, lakin belə hissiyyatı unutmaq necə də xoşdur. Fransız yazıçısı Q.Floberin sözüdür: "Sevmədiyinə belə heyran olmağı bacarmaq lazımdır". Bəli, Tədbir müəllim bu cür xasiyyətə malikdir, ünsiyyət qurduğu mərhumlara yer vermişdir.

 

Mən təsadüfi xatırlatmadım ki, Tədbir Mahmudova azmı-çoxmu xeyirxahlıq göstərənlər unudulmamışlar: Kamran Hüseynov, İbrahim Qurbanov, Nəsibə Abbasova, Mehdi Mehdizadə, Ramiz Mehdiyev, Cavid Mirzəyev, Misir Mərdanov, Vaqif Əliyev. Adlar xeylidir, bu, müəllifin həyatının və görüş dairəsinin genişliyinə dəlalət edir. Adlar sahibləri vaxtilə Tədbir Mahmudovla ya həmkar kimi, ya da rəhbər kimi çalışmışlar. Adlar arasında şəxsən tanıdığım, hal-əhval tutduqlarım da yox deyil:  Mərhumlardan İbrahim Qurbanov, Nəsibə Abbasova, Vaqif Əliyevin işıqlı xatirələri unudulmazdır. Onu alqışlamaq gərək ki: Tədbir Mahmudov hətta sovet dönəminin idealogiyasından gələn birinci katiblərin, icrakomların, təhsil şöbə müdirlərin və qeyri rəhbər işçilərin fəaliyyətində və şəxsiyyətində işıqlı tərəfləri oxucularına təqdim edir. Bu ona işarədir ki, yazarın öz daxili təmizliyindən, işgüzarlığından və təmmənasızlığından irəli gəlir. Aramızda yoxsa da onlar unudulmamalıdır. Təəssüf ki, memuar, yaxud xatirə qələmə alanlar "nə lazım, onlar haqqında düşünməyə dəyməz" - qənaətlərinə də üstünlük verirlər və kimlər müəllifi "mühakimə edəcəkdir?" - sualı cavabsız buraxırlar.

 

"Bu da mən" memuar - kitabında Tədbir Mahmudovun incə məntiqini anlamaq da lazım gəlir: yəni olub-keçənləri yazdın, şəxsiyyətləri təqdim etdin, quruculuq-yaradıcılıq işlərindən epizodları göstərdin və s. Belə də olmalıdır, bu günə gəlib çıxmışıqsa, keçmişi arxivə atmaq haqsızlıqdır. Təəssüf ki, bir çox diletantlar bu yolu seçir, dünəni unudurlar. Şərəfli xatirədir ki, Ulu öndər Heydər Əliyev, Neftçala rayonunun ilk birinci katibi Kamran Hüseynov, eləcə də Abdulla Abbasov, Təvəkkül Xankişiyev, İbrahim Qurbanov, Vilayət Seyidov, Əbülfəz Ağayev, Seyfəddin Məmmədov və digərlərinin az-çox əməyi tarixləşmişdir.

 

İkincisi, Tədbir Mahmudovun gəlmə və yerli rəsmi kadrlarla işləməyi yaxşı mənada bacarmaq psixologiyasına malik məktəb direktoru, təhsil şöbəsinin müdiri olmasıdır. Mən bunun birbaşa şahidi olmuşam.

 

"Azərbaycan müəllimi" qəzetində çalışarkən iki dəfə Neftçala rayonuna ezam olunmuşdum, İbrahim Qurbanov və Vilayət Seyidovun katibliyində. Sonuncunun rayonda təhsilin vəziyyəti haqqında geniş məqaləsini hazırlamalı idim. Tədbir müəllimlə V.Seyidovun qəbulunda olduq və vəziyyətlə tanış etdik. Katibin ilk müdaxiləsi: - Tədbir Mahmudov yerində oturmuş müəllimdir. - dedi.- Təşkilatçılığı öz yerində, əsl pedaqoqdur, nüfuzlu şəxsdir.

 

Mən müdaxilə etdim:

 

- Tədbir müəllimi gənclik illərindən tanıyıram. - Fikrimi bildirdim. - Çünki o, yaxşı da dil və ədəbiyyat müəllimidir, təcrübəsini qəzet səhifələrinə çıxaran, bizim qəzetdə müntəzəm çap olunur.

 

Bir mətbuat işçisinin imicinə hörmət əlaməti olaraq katibin üzündə razılıq əlamətini sezdim. O illərdə mətbuat orqanlarına rəsmilər hörmətlə və ciddi yanaşardılar. Vilayət Seyidov da istisna deyildi... Bir sıra məktəblərdə olduq, pedaqoji kollektivlərlə görüşdük. Hiss etdim ki, məktəb direktorları, müəllimlər təhsil şöbəsi müdirinə peşəkarlıq nəzəri ilə yanaşır, informasiya verir, istəklərini gizlətmirlər. Bu, əsas amildir, təəssüf ki, belə bir pedaqoji-sosial dəyər getdikcə funksiyasını itirir, subyektiv yanaşmalar təhsili "girov" götürür. Fikrimcə, çox strukturlarda səhvə yol vermək olar, bir-iki ildən sonra sahmana salmaq olar, lakin təhsil sistemində buraxılan nöqsanlar on-on beş il davam edir, bir nəslin inkişafına ciddi əngəllər yaradır. Belə bir prizmadan yanaşanda Tədbir Mahmudov müəllimlikdən başlayıb pillələri aramla, öyrənə-öyrənə, oxuya-oxuya, idarəetmə qabiliyyətinə yiyələnə-yiyələnə yüksəlmişdir və bu mərhələlər, demək olar ki, gözümün qabağında baş vermişdir. Əlbəttə, eniş də, yoxuş da olmuşdur. Nadan rəsmilərlə "toqquşmuş", obyektivliyini gizlətməmiş, sözünü birbaşa demişdir.

 

Bəzən rəsmi tribunadan məntiqi və real faktlara söykənən fikirlərindən qaçmamışdır. Təsadüfi olmadı ki, o, ikinci dəfə təhsil şöbəsinə müdir təyin edildi. Bir fakt: - Nefçalaya yenicə təyin olunan icra hakimiyyəti başçısı Əbülfəz Ağayevə təqdimatda yeganə Tədbir Mahmudov çıxış etmiş və demişdi ki, yeni icra başçımızdan xahişimiz budur, kadrların işinə, bacarığına görə, şəxsi keyfiyyətlərinə görə seçilməsinə xüsusi diqqət yetirsin.

 

O, təhsil idarəsinin müdiri olaraq fəaliyyətini sapdırmır, işini düzgün qururdu, baxmayaraq imzalı-imzasız məktublar təşkil olunurdu. Nə isə haqq öz yerini tutdu. Təbii ki, Tədbir Mahmudovun işini qiymətləndirməkdə sabiq Təhsil naziri, professor Misir Mərdanovun haqqını itirmək ədalətsizlik olardı.

 

Kitabı oxuyanda mən bir məsələyə isti hisslə yanaşdım: istər məktəb direktoru, istərsə təhsil şöbəsinin müdiri işlərkən nə qədər rayon partiya komitəsinə, rayon icra hakimiyyətinə, respublika təhsil nazirliyinə rəsmi, əlində sənəd müraciət etmiş və problem həllini tapmışdır.

 

Üçüncüsü, memuarda Tədbir Mahmudovun yaradıcı adamlara şəxsi rəğbətini açıqlamasıdır, bu, ilkin olaraq  müəllifin özünün qələm sahibi, ədəbiyyat bilicisi və mütaliyə mədəniyyətinə malikliyidir, "zər qədrini zərgər bilər" aforizmi elə-belə söylənilməmişdir. Bu sırada həmyerlilərindən İmamverdi Əbilov, Vaqif Əliyev, Tofiq Abdin, Əlövsət Bəşirli, Sahib Sailov, Əliağa Kürçaylı xüsusi yer tutur. İ.Əbilov fədakar və istedadlı ədəbiyyatşünas, məhsuldar alim idi, şəxsi tanışlığımız vardı, şəxsi qonağı olmuşdum və onun haqqında xatirələrimi çap etdirmişəm.

 

Vaqif Əliyev müqtədir jurnalist, qəzet redaktoru işləmişdi. Tələbə və müəllim olarkən məqalələrimin çapına qayğı göstərmişdi.

 

Tofiq Abdinlə eyni kənddən idik, eyni məktəbdə oxumuşduq, şəxsi və yaradıcılıq dostluğumuz Bakıda da davam etmişdi. Sahib Sailov ictimai xadim olmaqla yanaşı, tarixçi-alim, qələm sahibidir (Onun haqqında monoqrafiya müəllifiyəm). Əliağa Kürçaylı isə böyük istedada malik görkəmli şairdir. Kitabda onlar haqqında şirin və kövrək detalları oxuyanda qürurlanırsan.

 

Yeri gəlmişkən, Tədbir Mahmudov bəlli olmayan tarixi faktların iştirakçısı, habelə yaşlı nəslin söylədiyi xatirələrdən yan keçməmişdir, çağdaş nəslin yaddaşına ötürmüşdür. Xalq şairi Səməd Vurğunun 1954-cü ildə Neftçalaya gəlişi, onunla görüşün təntənəsi, İmamverdi Əbilovun dolğun məruzəsi, ilk dəfə "Ceyran" şeirini oxuması kitabda əbədiləşmişdir. Bu barədə mərhum İmamverdi müəllim mənə danışmışdı. Sonra bu görüşün həzin təəssüratı haqqında xatirələrini mətbuatda oxumuşdum. Eləcə də müəllim Ölməz Məmmədovun...

 

Tədbir Mahmudov "Yada düşdü xatirələr" bölümündə ən mühüm detallara qədər yazmışdır, öz üslubuna xas təhkiyəsiylə, faktların diriliyilə.

 

Mən "üslub", “təhkiyə" anlayışlarını sözgəlişi demirəm: yazarlarımız sağolsunlar "xatirə ədəbiyyatı"na son vaxtlar müraciət edirlər, təqdirəlayiq təşəbbüsdür, lakin akademik üslubda, faktların soyuq təsvirində, yalnız informasiyaları çatdırmaqda və sairədə israrlıdırlar. Tədbir Mahmudovu şəxsən tanıdığım üçün deyərdim ki, onun şirin, çevik, iti qələmi vardır ki, bu keyfiyyətlər dərin müşahidəsindən qaynaqlanır.  Bu baxımdan ötən əsrin 60-cı illərini xatırladım...

 

"Mətbuatda yazdıqlarım" bölümü təsadüfi əksini tapmamışdır. Bu publisist yazılarda görülən işlərin əksi, alınan reaksiyalar, ortaya atdığı ideyalar və təklifləri, anadan doğulmuşlar və dünyadan köçmüşlər haqqında fikirləri, ürək sözləri yer almışdır. Bu simalar: Əmək qəhrəmanı həyatını zəhmətə bağlayan, kolxoz sədri Nuruş Əliyev, əruzşünas Əli Fəhmi, məktəbşünas Zəhra Əliyeva, şairlərdən Məmməd Araz, Nəriman Həsənzadə, bəstəkar Arif Məlikov, aktyor Nadir Hüseynov, müğənni Teymur Hüseynov, habelə dövlət xadimlərindən akademik Ramiz Mehdiyev, Arif Rəhimzadə, Elmira Qafarova və başqa şəxsiyyətlər. Mən bu simalar haqqında az-çox yazdığını oxuyanda bir nüansa diqqət yetirdim: Tədbir Mahmudovdakı yaddaşa, etibarlı arxivinə, insanları tanımaq fəhminə. Bu "üç"lük hər şəxsdə olmayan, coşqun gənclik illərini arxada qoyan, bu gün müdrik yaşına çatan Tədbir müəllimin keçmişə sayğısına, unudulmuşlara ehtiramına, zəngin informasiyaları qorumasına, bir sözlə, ensiklopedik təfəkkür tərzinə heyran qaldım. Bəzi oxuculara elə gələ bilər ki, müəllif çox olayların, faktların üstündən keçibdir, təbii haldır, amma belə rəydə olanlar antik dramaturq Esxilin sözlərini unutmasınlar: "Müdriklik çox şeyi bilmək deyil, lazım olanı bilməkdir".

 

Dördüncüsü, - mən bu qiymətin sədasını gözləyirdim - dəyərli ziyalı, əməkdar müəllim, pedaqoq, təşkilatçı, qələm əhli, sədaqətli dost haqqında yazıların sorağını. Bu hissi hər bir yaradıcı, yaxud təşkilatçı adam umur, axı nə üçün yaşanan ömür kimlər tərəfindən yaşanmasın? Əmək qiymətləndirilməsin? Yaşanan bu həyat unudulsun? Tədbir müəllim isə sağlığında qiymətini aldı, barəsində yazdılar, çünki amalı təmizdi, hissləri səmimidi, savadı yerindədi. O, yaşadığı ömrü sonadək ehtirası ilə aparır, bu gün də yaradır.

 

Kiçik haşiyə çıxarım ki, Tədbir Mahmudovun özü layiqli insanlar barədə yazmışdır: səmimi qələmlə Vaqif Əliyev, Əjdər Ağayev, Tofiq Abdin, Əlövsət Əliyev, Əbuzər Ağayev və başqaları. Bunlar Nefçalada doğulmuşlar, yaşamışlar, işləmişlərdir. Sonradan Bakıya ayaq açmışlar, rayona hörmət gətirmişlər.

 

Digər bir haşiyə: Tədbir Mahmudov öz təşəbbüsü ilə rayonda ilk dəfə "Təhsil muzeyi" yaratmışdır, bu gün çox zəngin tədbirlərə malikdir, respublikanın maarifçi qurumları ilə sıx əlaqə qurur.

 

Beşincisi, bu şərti bölgünü əsas hesab edirəm: mühüm səbəbi hər bir insanın adiliyindən və istedadından, vəzifəsindən, sağlam və imicindən asılı olmayaraq öz Mənliyinə və Ailəsinə sadiqliyi, namusluğu fenomenliyidir. Məşhur türk yazıçısı Yaşar Kamal necə də haqlıdır: "Mənə yazdıqlarım yox, namusum önəmlidir". Bəli, Tədbir Mahmudov qeyrətli və zəhmətsevən ailədə doğulmuş, ərsəyə gəlmiş, valideynlərinin heç vaxt üzünə qayıtmamış və sağlam köklərdən qidalanıb ailə qurmuş, namusunu heç bir fərdi zövqə, təmənnalı vəzifəyə dəyişməmişdir, bu proses mənim və mən nəslin gözü qabağında da davam etmişdir. Belə insanlar Allaha daha yaxın olurlar.

 

Dəyərli ziyalı, tanınmış pedaqoq, xeyirxah vətəndaşı Tədbir Mahmudovun "Bu da mən" memuar-kitabının adı da məndə maraq doğurdu, əsərin fəlsəfəsinə vardım: Müəllif öz yaşam dünyasının acılı-şirinli illərində sosial-mənəvi mühitin ponaramını, qarşılaşdığı, yaxından ünsiyyət qurduğu dost-tanışlarının mövcudluğunu və xatirəsini, artıq unudulmuşların ruhunu qəlbində yaşatdığını, yadigar kitabı ilə səmimi yazılan salnaməsiylə. Bu, həqiqətin, olmuşların kitabıdır.

 

18.08.2018

 

525-ci qəzet  2018.- 13 sentyabr.- S.8.