Zavod çörəyi
Ayişə Nəbi
Zavod çörəyi ilə böyüyən uşaqların
Ağzı qabalığa alışır,
Dili qalınlığa
Dadı
çovdar
Rəngi qurumuş buğda sarısı.
Boğuq
günəş yumruluğunda
Bəzən zindan kimi ağır, bəzən qov kimi yüngül,
Bəzən, 3 qəpiyin çatmasa
əlinin çatmadığı
qədər yüksək
olan
Zavod çörəyi.
Dilin cadar olar mədən
yalvarar
Aclıqdan gözün qaralar
gözün vitrindəki
zavod çörəyində
qalar
3 qəpiyin çatmaz
Gözün yerdə 3 qəpik axtarar.
Töküb bütün ciblərini,
axtarıb küncü-bucağı
Tapdığın 47 qəpik -
50-dən
3 əksik - bir çörək eləməz
3 qəpik - çörəyə
3 addım deməkdir.
...O yanda maşın-maşın
heyvana tökülən,
təkrar emala gedən
Ancaq 47 qəpiyə satılmayan
O əlçatmaz, o sevgili zavod çörəyi.
Vitrində qızara-qızara üzünə
baxar
yumru-yumru zavod çörəyi
Yumru yumru qayalar yastığı
olmaz,
daş olar tökülər başına
3 qəpiyi çatmayanda...
Ovcundakı üç, beş, on qəpikliklərə
baxar
Bir də dönüb vitrindəki zavod çörəyinə.
Baxışarlar səssizcə zavod çörəyi ilə.
Qarşı vitrinin güzgüsündə
pörtmüş üzünə
baxar sonra
Utanar çörəkdən.
Satıcıya baxar.
bir də 3 qəpiyin möhtəşəm
gücünə.
Supermarketin qələbəliyində,
insana gəl-gəl deyən parlaqlığında
dönüb miskin-miskin
özünə baxar,
ovcundakı 47 qəpiyə
baxar,
qalar durduğu yerdə...
Mənsə torbamdakı çörək
çeşidinə baxar
Şükr edərəm
uşaqlarımı
zavod çörəyi
ilə böyüdə
bildiyimə.
YA NƏBİ
Daş üstə düşmüş
toxumam
Cücərmirəm ya İsa, ya
İsa.
Üstümə yağmur yağdı
şişdim
Qabığım çatladı ciyərim
çürüdü
Rişəm daşa yerimədi ya İsa, ya
İsa.
Gün od tökür
yer qaynayır
içimdə doğulan
doğulub-doğulub yerində
boğulan
atəş mənə
sərinlik
od mənə mehdi
nəfəsim ahdı
ya Musa, ya Musa.
Ayağın yandı ya Xəlil, ya İbrahim, ya ya….
Uddu məni qara balıq, ya Yunus
hu çəkdim huu nəfəsim itdi
nəfəsim yandı
sular axmadı dayandı
balıq məni
mən dünyanı uddum
ya Yunus, ya Yunus zikr
elə, zikr elə
toxam-toxam sirr oldum, sir oldum
doydum ya Yunus, ya Yunus
üstümə hopub donmuş
dəqiqələri çırpsam,
ayları çırpsam
çırpsam bir toz kimi
tökülsə qarışsa
havaya
quruyan gül ləçəkləri kimi
gizildər canım
ya Nəbi, ya Nəbi.
HAVANIN UÇAN XALÇASINDA
Yuyulub sıxılıb ipdən
asılıb
küləkdə yellənən
paltarın içindəyəm
Rənglər titrəyir paltarda
yelləndikcə
Hasar daralıb genəlir
Dəyişmir isti ilə soyuğun alveri
Nə üşüyürəm nə
isinirəm
nəfəs alıram
bəlirsizcə hissiz
nə
varam, nə yoxam
iki dünya arası cəzbədəki
duruşam
nəfəsimi tutub asılıram havadan
brahman kimi
ağır gəlir
düşüncəm çəkisizliyə
çıxarıb atıram
onu da yüklənmir
beynimə
güncəlləmirəm hisslərimin
çəkisini (yaşamı).
Dindirmə məni ud deyəcəyin sözləri
Qırılar asıldığım ip çaxılaram yerə
ölüm körpüsünə
çıxmış kimi
Yenidən qayıdaram bədənimə
Yenidən ağrıyar ruhum canım.
qoy özbaşına
titrəsin havada kölgələr
məni dindirmə, dinmə danışma
səssizliyin ahəngində
bardaş qurmuşam
havanın uçan
xalçasında
daha paltarım da yellənmir asıldığı ipdə
yoxluq hökm oxuyur günün üzünə
səslər sərtləşir
üzlər qaba
yoxmu oldum yoxsa daha...
Ayişə
NƏBİ
525-ci qəzet 2018.- 14
sentyabr.-S.8.