Gürcüstanda
yaşayan soydaşlarımızın ana dili və kadr problemi
Bir
neçə il öncə bir qrup gənclər
Gürcüstanın Baş Nazirənə açıq məktub
ünvanlamışdılar. Cəsarətli addım idi, ancaq
və lakin… Məktubda Azərbaycan məktəblərinin
bağlanması, təhsilin gürcü dilində olması
(yalnız azərbaycan dilinin hər gün 1 saat tədris
olunması istisna olmaqla) xahiş deyil, TƏLƏB ediliridi, belə
bir addımın Gürcüstan azərbaycanlılarının
cəmiyyətə inteqrasiyasına müsbət təsir etməsi
əsaslandırılırdı. Xəyallar gerçəkləşir,
statistika, faktlar öz-özünə danışır:
2008-2009-ci illərdə Gürcüstandakı Azərbaycan məktəblərinin
sayı 124 idisə, 2017-2018-ci illərdə 82 azərbaycan məktəbi
qalmışdır, 2026-2027-cı illərdə isə
gözlənti 40 Azərbaycan məktəbidir.
Gəlin Gürcüstan dövlətinin etnik azərbaycanlılar
üçün yaratdığı imkanları nəzərdən
keçirək. Gürcüstanda orta təhsil 12 ildir.
12 il ərzində hər gün orta məktəbdə
gürcü dili tədris edilir, dərs saatları 15-20 il
bundan əvvəlki şəraitlə müqayisədə
kifayət qədər artırılıbdır. Gürcüstanda 1-ci sinfə gedən bütün
şagirdlərə, şəhərdə, ucqar kənddə
yaşamasından asılı olmayaraq dövlət kompüter
(netbook) verir. Kompüter şagirdlərə “facebook”-da
qeydiyyatdan keçib, şəkillər yükləyib
“like”ları saymaq üçün verilmir. Kompüterdə
gürcü, ingilis, riyaziyyat, rəsm və s. fənləri
daha dərindən və daha asanlıqla mənimsəmək
üçün xüsusi proqramlar yüklənib.
Sovet İttifaqı dağılandan sonra ölkədə
iqtisadi, sosial, siyasi böhran yaşanırdı, dərsliklər
bir nəfərə çatanda digərinə
çatmırdı. İndi isə dərsliklər pulsuz
verilir, azərbaycan dilində tədris olunan fənlərlə
(tarix, coğrafiya, riyaziyyat və s.) bağlı dərsliklərin
30 %-i gürcü dilindədir. Yəni şagird 12 il ərzində gürcü dilini dövlət
dili kimi öyrənir, üstəlik azərbaycan dilində
öyrəndiyi digər dərsliklərin 30 %-i gürcü
dilindədir (tarix, coğrafiya, riyaziyyat və s. dərsliklər
sırf azərbaycan dilində deyil, gürcü dilində
qısa xülasəsi də verilib).
Qayğıkeş Təhsil nazirliyi etnik azlıqlar
üçün orta məktəblərdə gürcü
dilini daha da yaxşı öyrənmək üçün
başqa bir yol da fikirləşib. Xüsusi treyninq
keçmiş, gürcü dili müəllimləri orta məktəblərə
gürcü dili tədrisini təkmilləşdirmək
üçün göndərilir (həmin müəllimlər
adi müəllimlərlə müqayisədə yüksək
maaşla da təmin edilir).
12 il ərzində gürcü dilininin tədrisinə
və dərs saatlarının artırılmasına
baxmayaraq, dərsliklərin 30 %-nin gürcü dilində
olmasına baxmayaraq, xüsusi treyninq keçmiş müəllimlərin
səyinə baxmayaraq yenə də gürcü dilini öyrənə
bilməyən və bu dəfə artıq abiturientlər
üçün qayğıkeş dövlət “1+4”
proqramını fikirləşib hazırladı. Yəni tələbə
1 il müddətində yalnız gürcü
dilini öyrənir (haşıyə: xarici dili 6 aya öyrənməyə
söz verən nə qədər kurslar
tanıyırsınız, deyilmi?), sonra isə bakalavr pilləsində
təhsilini digər gürcü tələbələrlə
eyni masa arxasında, eyni auditoriyada davam etdirir. Sağ olsun SOCAR
Gürcüstan da tək bakalavr pilləsində 4 il ərzində oxuyanların deyil,
hazırlıqda oxuyanların da təhsil haqqını verir,
çökməkdə olan evin sütununa dirək olur.
Əslində çox böyük bir köməklikdir,
Gürcüstanda sosial vəziyyəti çətin olan,
bununla belə övladını ali təhsilli
görmək istəyən, ancaq təhsil haqqını ödəməyə
imkanı olmayan ailələr və belə ailələrdə
savadlı, potensial gənclər də çoxdur (haşiyə:
təəssüf ki, bu imkanlardan yararlanmağa ərinən, dərslərə,
imtahanlara laqeyd yanaşanlar da az deyil).
Gəlin,
indi də riyazi biliklərimizi imtahana çəkək: 12 il orta məktəb, 1 il hazırlıq, 4 il
bakalavr = 17 il. İndi bu yazdıqlarımı oxuyan
öz-özünə düşünəcək ki, görəsən
bu Borçalı cammatı nə yeyib-içir ki, 17 il ərzində bu qədər imkanlarla bir dili
öyrənə bilmir??? Hələ internetin,
yeni texnologiyanın, smartphoneların yaratdığı
imkanları bir kənara qoyaq (online dil öyrənmə
imkanları, lüğətlərin smartphonelara yüklənməsi,
TV və s.).
Bəlkə məsələnin kökünə varmaq
lazımdır, problemin nədə olmasını
araşdırmaq lazımdır. Dövlət etnik azlıqlar
üçün bu qədər imkanlar yaradır. Elə azərbaycan məktəbləri var ki, orada
gürcü dili fənnini gürcü tədris edir (təsəvvür
edin ingilis dilini bu dilin doğma daşıyıcı olan
ingilisdən, amerikanlıdan öyrənirsiniz). Bir dəfə sual verən olmur ki, bəs bu müəllimlər
sinfə daxil olanda nə işlə məşğul olurlar,
12 ilini nəyə sərf edirlər??? Təhsil
nazirliyi nə üçün tez-tez yoxlamalar, monitorinqlər
aparmır???
Bizim gənclər Baş Nazirə məktub yazanda bəlkə
elə bunları qeyd etmək lazım idi ki, dövlətimiz
etnik azlıqlar üçün bu qədər qayğı
göstərir, çalışır bəlkə arada bir
monitorinqlər də aparılsın. Bu məsələni
TƏLƏB etməyə haqqımız olsa da, xahiş də
edib məktubda yazmaq olardı.
Əlbəttə
bu gün dövlətin bu səylərinin nəticəsi var,
gürcü dilini gürcüdən də gözəl bilən
gənclərimiz var, imtahanlarda gürcüdən də
yaxşı nəticə əldə edən gənclərimiz
var, gürcü dilində danışanların sayı gənclər
arasında ilbəil artır (yaşlı nəslin nümayəndələrini
nəzərə almıram, onları qınamağa,
mühakimə etməyə haqqımız da yoxdur,
çünki onların dövründə bir VƏTƏN var
idi – SSRİ, hər yerdə də istifadə olunan dil RUS dili
idi). Bütün bunlarla yanaşı orta məktəblərində
ciddi monitorinqlər olsa, gürcü dilini tədris edən
müəllimlər VİCDANla dərs keçsələr
şagirdlərin orta məktəbi bitirdikdən sonra 1 il hazırlıqda oxumasına qətiyyən
ehtiyac qalmaz!
Azərbaycan məktəblərinin saxlanılması, ANA
dilində təhsil hava-su qədər vacibdir. Fədəkar
ziyalımız Həsən bəy Zərdabi demişdir: “Bir
millətin ki, dili batdı, onda o millətin özü də
batar. Çünki bir millətin
varlığına, isbati-vücud etməsinə səbəb
onun dilidir”.
ANA dilini nəinki qoruyub saxlamaq, Baş Nazirə
ünvanlanan məktubda azərbaycan dilinin ikinci dövlət
dili olmasını TƏLƏB etmək lazım idi, nəinki
Azərbaycan məktəblərinin bağlanmasını. 3.5 milyonluq
Gürcüstan əhalisinin yarım milyonunu etnik azərbaycanlılar
təşkil edir. Bu gün İsveçrə
kimi dünyanın ən inkişaf etmiş ölkəsində
insanlar 4 rəsmi dildə danışırlar. 4 rəsmi dil İsveçrəyə
yaşayış səviyyəsinə, iqtisadi
inkişafına və digər göstəricilərinə
görə bütün reytinq cədvəllərində 1-ci
yerdə qərarlaşmasına heç də mane olmur.
Milli dəyərləri qoruyub saxlamaq lazımdır,
milli dəyərlərə sahib çıxmaq
lazımdır. Gənclərə yeganə tövsiyyəm budur ki,
heç vaxt heç kimə Sizləri MANİPULYASİYA etməyə
imkan verməyin! Həyat insana bir dəfə verilir, həyat
çox qısadır, amma bu həyatı şərəflə,
namusla, qeyrətlə, heç kəsin buyruqqulu olmadan,
alnıaçıq yaşamağa dəyər!
Elm, bilik,
savadla silahlanıb, sonra da həmin SİLAHI öz millətimizin
nümayəndələrinə qarşı yönəltməyin
əziz gənclər, buna görə tarix sizi heç vaxt
bağışlamaz!
Azərbaycan
məktəblərində kadr
çatışmamazlığı
Məktəblərdə kadr
çatışmamazlığı bu gün
hamımızı narahat edən ən əsas məsələlərdən
biridir.
Bü
gün riyaziyyat, fizika, kimya, azərbaycan dili və ədəbiyyatı
və s. fənləri azərbaycan dilində tədris edən
kadrların əksəriyyəti yaşlı insanlardır
(Allah ömür versin onlara!). Cavan kadrlar
azlıq təşkil etsələr də, aralarında bəzi
qeyri-peşəkarlar da var (öz işinin peşəkarı
olan gənclərimizi inkar etmirik). Bəzən
yaşlı kadrlara “Sovet dönəminin qalıqları” kimi
baxıb onların əziyyətini ayaq altına atırlar.
Ancaq unutmaq lazım deyil ki, məhz həmin “Sovetin qalıqları”
adlandırdığınız müəllimlər 90-cı
illərdə aylarla maaş
almadıqlarına baxmayaraq (Bəli, acı reallıq budur:
aldıqları bir aylıq maaşa bir çörək almaq
mümkün idi) məktəbdə təhsil-tədris prosesini
dayandırmamışdılar, bütün çətinliklərə
baxmayaraq fədakarcasına elin-obanın çətin günlərində
övladlarımızın təhsil almasına
çalışmışlar, məktəbdən
ayrılmamışdılar. Bu gün gənc və
yaşlı kadrlar birgə, müştərək işləyib
təcrübələrini bir-birilə bölüşməlidir.
Bu gün azərbaycan dilində fənləri tədris
edən peşəkar kadrlara çox böyük ehtiyac var. Hər
kəs ilk növbədə öz ANA dilini mükəmməl
bilməlidir.
Gürcü məktəblərinidə təhsil
almaq ANA dilinin ölməsinə, gələcəkdə isə
bir millət kimi yox olmağa, gürcüləşməyə
gətirib çıxaracaq. Cəlil Məmmədquluzadənin
“Anamın kitabı” pyesindəki tragikomik vəziyyət cəmiyyətimizdə
təəssüf ki, bu gün də cəmiyyətdə bir
reallıq olaraq qalır.
Təəssüf
ki, bəzi valideynlər övladlarını bilərəkdən
gürcü məktəblərinə qoyurlar və
düşünürlər ki, belə olan halda gələcəkdə
onların iş tapması daha asan olacaq. Ancaq
düşünmürlər ki, Gürcüstanda işsizlik səviyyəsi
çox yüksəkdir, gürcülər özləri belə
iş tapmaqda çətinlik çəkirlər
(gürcü dili gürcülərin ana dili olmasına
baxmayaraq).
Valideynlər
düşünmürlər ki, Azərbaycan məktəblərini
bitirənlərin çox üstünlükləri var, Azərbaycan,
Türk, Gürcü(17 il gürcü
dilini Azərbaycan məktəbində öyrənmək
üçün kifayət deyilmi??), İngilis, Rus dillərini
çox da əziyyət çəkmədən bilmiş
olacaqlar. Valideynlər düşünmürlər ki, bu
gün Gürcüstana ən çox investisiya edən
şirkətlərin əksəriyyəti Türk və Azərbaycan
şirkətləridir və həmin şirkətlərdə
əsas tələblərdən biri də Azərbaycan və
Türk dillərində səlis, qrammatik, səhvsiz yazıb və
danışmaq əsas şərtlərdən biridir. Valideynlər düşünmürlər ki,
gürcü dili 3.5 mln. əhalinin
dövlət dilidir (bu əhalinin də 500 mini azərbaycanlılardır),
Gürcüstandan kənarda bu dil heç kimə lazım
deyil. Sual olunur əziz valideynlər: Övladlarınız nəyə
görə yalnız işsizlik səviyyəsi yüksək
olan Gürcüstan daxilində iş axtarmalıdır (?),
axı beynəlxalq təcrübə qazanmaq imkanı Azərbaycan
məktəbini bitirənlərdə daha üstündür.
Gürcüstanda
əsası qoyulacaq Azərbaycan Pedaqoji Universitetin mövcud
problemin həllində rolu
Azərbaycan
məktəblərində kadr
çatışmamazlığını həll etməyin
yeganə yolu Gürcüstanda tez bir zamanda Azərbaycan pedaqoji
universitetinin əsasının qoyulmasına nail olmaqdır (əlbəttə
ki, belə bir universitetdə azərbaycan dilində digər fənləri
mənimsəməklə yanaşı gürcü dilinin
öyrənilməsi də nəzərdə
tutulmalıdır). Bu yalnız Azərbaycan
dövlətinin dəstəyi ilə baş tuta bilər.
Təklif olunan variantlardan biri kimi
Gürcüstanda hansısa bir uiversitetin nəzdində balaca
bir bölüm və ya departamentin yaradılmasıdır
ancaq bu effektiv nəticə verməyəcək. Digər təklif olunan variantlardan biri tələbələrin
Qazax və ya Bakıda təhsil alıb Gürcüstana
qayıtmasıdır, hansı ki, bu da lazımı nəticəni
verməyəcək. Çünki, həmin tələbələr
4-6 il Gürcüstandan uzaqda olmaqla
gürcü dilində bildiklərini də unudacaqlar.
Gürcüstanda əsası qoyulmuş Azərbaycan pedaqoji
universitetində isə tələbələr 4 il ərzində ixtisas fənləri azərbaycan
dilində öyrənməklə yanaşı, gürcü
dilini də öyrənəcəklər. Tələbələri
Azərbaycana göndərmək əvəzinə, Azərbaycandan
müəllimləri Gürcüstana dərs deməyə dəvət
etmək daha məqsədəuyğun olardı.
Azərbaycan
dili – Gürcüstanda İkinci Rəsmi Dil
Gürcüstanda yaşayan azərbaycanlılar
çoxluq təşkil edən ən böyük etnik
azlıq hesab edilir.
Etnik
azlıq kimi ANA dilində həm orta məktəbdə, həm
də ali məktəbdə təhsil
almağa hər cür haqqımız və hüququmuz
çatır desək yanılmarıq.
Gəlin beynəlxalq təcrübəyə baxaq, bu
gün İsveçrədə 4 RƏSMİ dil işlədilir,
mətkəblərdə tədris dili bölgədə
hansı dilin üstünlük təşkil etməsindən
asılı olaraq həmin dildədir, əlbəttə digər
rəsmi dillər də paralel olaraq öyrənilir. Bir neçə rəsmi
dili olan başqa ölkələri də misal gətirmək
olar: Belçika (3 rəsmi dil), Kanada, Hindistan, Belarusiya,
Finlandiya və s. Ölkədə üstünlük təşkil
edən milli azlıq kimi (bu bölgənin aborigen əhalisi
kimi) düşünürəm ki, bizim də ANA dilimiz
Gürcüstanda rəsmi dil kimi qəbul edilməlidir və
buna nail olmaq üçün var-qüvvəmizlə
çalışmalıyıq (bizim millətin vəkilləri
ilə birlikdə). ANA dilinin rəsmi dil kimi qəbul edilməsi
gürcü dilini öyrənməmək anlamına gəlmir,
yenə də 17 il ərzində ana dili ilə
yanaşı gürcü dilinin də öyrənilməsi
davam edəcək.
İlbəil Gürcüstanda Azərbaycan məktəblərinin
sayı azalmaqdadır, ANA dili ölmək üzrədir, kadr
çatışmamazlığı ilə əlaqədar bu
problem 5-6 ilə daha kəskin şəkildə hiss olunacaq. Gələcək
fəsadlardan yayınmaq üçün indidən həyacan
təbilini çalmaq və hərəkətə keçmək
mütləqdir.
Aygül İsayeva
İqtisadiyyat üzrə fəlsəfə
doktoru
525-ci qəzet 2018.- 14 sentyabr.-S.6.