Tarixi Sərəncamın
işığında: "Əcnəbilər
üçün Azərbaycan dili" layihəsi
"Azərbaycan dili xalqımızın mənəvi sərvəti
və dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən
biridir.
Ölkədə dil siyasətinin
formalaşdırılması, ana dilinin dövlət dili olaraq
tətbiqi işinin təkmilləşdirilməsi və
dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə
çevrilməklə, həmrəyliyin göstəricisi kimi
beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəlməsi
Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin adı ilə bağlıdır...
... Azərbaycan Respublikasında hər il
yüzlərlə əcnəbi təhsil alır. Ölkəmizi
əcnəbi tələbələrə daha yaxından
tanıtmaq, onların Azərbaycan cəmiyyətinə
inteqrasiyasını asanlaşdırmaq və ölkəmizlə
mənəvi bağlarını daha da möhkəmlətmək
üçün əcnəbilərin, o cümlədən,
ölkəmizdə təhsil alan xarici
ölkə vətəndaşlarının Azərbaycan dilini
öyrənməsinə imkan yaradılması əhəmiyyətli
məsələlərdən biridir..."
Yuxarıdakı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin "Azərbaycan dilinin elektron məkanda daha
geniş istifadəsinin təmin edilməsi ilə bağlı
bir sıra tədbirlər haqqında" 17 iyul 2018-ci il tarixli Sərəncamından
götürülmüşdür. Bu Sərəncam
20 illik arzumuzun, illərdir üzərində
çalışdığımız bir işin
qarşısında geniş üfüqlər açır.
Son 10 ildə "Əcnəbilər üçün Azərbaycan
dili" dərs vəsaitləri dəstinin
hazırlanmasını nəzərdə tutan "SALAM
AZƏRBAYCAN" adlı layihəmizlə çox
qapıları döydük, maddi və texniki dəstək
aradıq. Şükürlər olsun ki, belə bir dəstək
ən yüksək səviyyədən - Azərbaycan
Respublikası Prezidentindən gəldi. Əslində,
biz buna inanırdıq və ümid edirdik ki, belə bir dəstək
mütləq gələcək.
Bizə
bu ümidi verən Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq
edilən "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı" oldu. Bu Proqramın
icrasına dair Tədbirlər planının 6.4.3 saylı maddəsində
"Azərbaycan dilində internet resursların, elektron və
interaktiv dərsliklərin yaradılması istiqamətində
fəaliyyətin gücləndirilməsi" nəzərdə
tutulur. "Əcnəbilər
üçün Azərbaycan dili" dərs vəsaitləri
dəstinin hazırlanmasına başlamaq üçün bizi
ruhlandıran məhz bu müddəa olmuşdur.
Bu günə qədər əcnəbilər
üçün Azərbaycan dili dərsliyinin hazırlanmasına
çox cəhdlər edilmişdir. Azərbaycan dili ilə
bağlı peşəkar dərsliklərdən birincisi Mirzə
Kazımbəyin "Türk-Tatar (Azərbaycan) dilinin ümumi
qrammatikası" kitabıdır. Bundan
sonra Nəriman Nərimanov ruslar üçün Azərbaycan
dili dərsliyi hazırlamış, lüğət tərtib
etmişdir. Tanınmış dilçi
alim professor Y.Seyidov tərəfindən ruslar üçün
yazılan Azərbaycan dili dərsliyindən uzun müddət
yeganə dərs vəsaiti kimi istifadə olunmuşdur.
Son
dövrlərdə ingilis, rus, alman, fransız və digər
dillərin əcnəbilərə tədrisi metodologiyasına
əsaslanmaqla, müxtəlif təhsil müəssisələrində,
o cümlədən, Azərbaycan Dillər Universiteti, Bakı
Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan
İqtisad Universitetində müxtəlif müəlliflər
tərəfindən Azərbaycan dili dərslikləri yazılmış
və indi də yazılmaqda davam edir. Böyük
təəssüflə qeyd etmək lazımdır ki, indiyə
qədər Azərbaycan dilinin linqvo-psixoloji modelinə,
morfoloji və sintaktik quruluşuna uyğun gələn və
eyni zamanda, rəqəmsal-interaktiv formaya salınıb internetə
qoyulması mümkün olan tək bir dərslik belə
mövcud deyildir.
"Linqvo-psixoloji vəhdət nəzəriyyəsi"
işlənib hazırlandıqdan sonra onun tətbiqi yolu ilə
AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və dil siyasəti
şöbəsində "Salam, Azərbaycan" ümumi
adı altında əcnəbilər üçün Azərbaycan
dili dərs vəsaitləri dəstinin yazılmasına
başlanmışdır. Artıq 2 ildir ki,
Sosiolinqvistika və dil siyasəti şöbəsinin 6 əməkdaşı
bu işlə məşğuldur.
Dilçilik
İnstitutu çərçivəsində qrammatik
materialların, oxu mətnlərinin, çalışma və
lüğətlərin interaktiv formata salınması, rəqəmsal
modellərin işlənməsi, lazımi keyfiyyətə
malik audio və video materialların hazırlanması, mətn,
səs və görüntülərin
sinxronlaşdırılması üçün tələb
olunan proqramçı, dizayner, rejissor, operator, ifaçı və
digər mütəxəssislər, eləcə də,
lazım gələn texniki təchizat yoxdur. Belə
mütəxəssisləri kənardan cəlb etmək və
texniki təchizatı satın almaq və ya kirayə
götürmək üçün İnstitutun lazımi qədər
maddi vəsaiti də mövcud deyildir. Bu səbəbdən
hal-hazırda həmin dərs vəsaitləri dəstinin ilkin
manual (kitab) forması hazırlanmaqdadır. Əgər "Layihənin büdcəsi"
bölməsində qeyd edilən həcmdə maliyyə vəsaiti
ayrılarsa, əlavə mütəxəssislər cəlb etməklə
layihədə göstərilən mərhələlər
üzrə "SALAM AZƏRBAYCAN" adlı interaktiv elektron
dərsliklər dəstini tam şəkildə hazırlamaq
mümkündür.
Layihədə həm əcnəbilər
üçün "Salam Azərbaycan" adlı rəqəmsal
və interaktiv dərs vəsaitləri dəstinin
hazırlanması, həm onların elektron məkanda yerləşdirilməsi,
həm də dil öyrənən şəxslərə hər
cür şərait yaradan bu sistemin aktiv şəkildə idarə
olunması nəzərdə tutulur.
Qeyd edək ki, bu layihədə Azərbaycan dilini rus və
ingilis dilli bazasında öyrənən şəxslər
üçün dərs vəsaitləri dəstinin
hazırlanması nəzərdə tutulur. Layihənin xərclər
smetasında hər yeni dil üçün müəyyən
olunan məbləği ümumi xərclərə əlavə
etməklə bu siyahıya istənilən dili və ya dilləri
daxil etmək mümkündür.
Hazırlanacaq
dərs vəsaitləri dəstinə A1, A2, B2, B2, C1, C2 səviyyələrinin
hər biri üzrə aşağıdakı 5 vəsait
olmaqla hər dil üzrə cəmi 30 vəsait daxildir:
1. Azərbaycan
dilində oxu mətnləri,
2. Azərbaycan
dilində çalışmalar,
3. Əcnəbi
dildə qrammatik qaydalar,
4. Əcnəbi
dildə çalışmalar,
5. Azərbaycanca-əcnəbi
dildə və əcnəbi dildə-Azərbaycanca tematik
lüğət.
Dərs vəsaitləri
dəsti A1, A2, B2, B2, C1, C2 səviyyələrinə uyğun
olaraq 6 mərhələdə hazırlanacaq, rəqəmsal və
elektron formaya transformasiya olunacaq, əsas etibarilə dilin mənimsənilməsinə
xidmət edən interaktiv mətn, audio və video materiallardan
ibarət olacaqdır. Əcnəbi dillərdə
verilən qrammatik şərhlər, eləcə də, Azərbaycan
dilindəki oxu mətnləri - sinxron səs-yazı, sadəcə
səs və eyni zamanda, sadəcə mətn kimi 3 fərqli
formatda təqdim ediləcəkdir. Qrammatik
çalışmalar interaktiv formaya salınacaq, lüğətlər
avtomatik axtarış və səsli müşayiət sisteminə
malik olacaqdır.
Dərs vəsaitləri dəsti elektron məkanda yerləşdirilərək
idarə olunacaqdır. Distant formada (uzaq məsafədən) Azərbaycan dilini
öyrənən şəxslərin bütün suallarına
e-mail vasitəsilə cavab və məsləhətlər veriləcəkdir.
Səviyyələr üzrə test keçiriləcək və
müvəffəqiyyət qazanan şəxslərə həmin
səviyyə üzrə SERTİFİKAT təqdim
olunacaqdır.
A1 səviyyəsi üzrə testlər distant qaydada təşkil
olunacaq və bu səviyyə üzrə uğur qazanan şəxslərin
sertifikatı müvafiq indentifikasiya kodu verilməklə
onların elektron ünvanına göndəriləcəkdir. A2, B1, B2, C1, C2 səviyyələri
üzrə test və imtahanlar isə dil öyrənmə mərkəzində
həyata keçiriləcək, uğur qazananlara müvafiq
indentifikasiya kodu olan və xüsusi möhürlə təsdiqlənən
sertifikat-diplom veriləcəkdir.
A1-A2 səviyyələri Azərbaycanda fiziki işlə
məşğul olmaq, B1-B2 səviyyələri Azərbaycan
dilində təhsil almaq və birbaşa sənədləşmə
ilə bağlı olmayan zehni işlərdə işləmək
hüququ verəcəkdir. C1-C2 səviyyəsi isə Azərbaycanın
ali məktəblərinin Azərbaycan
bölmələrində dərs demək və birbaşa sənədləşmə
ilə bağlı olan işlər də daxil olmaqla istənilən
işdə işləmək hüququ verəcəkdir.
Distant təhsil
sisteminin idarə olunması, xüsusi cihaz və
avadanlıqlarla təchiz etmək, əlavə kadr yerləri
açmaq şərtilə AMEA İ.Nəsimi adına
Dilçilik İnstitutu Sosiolinqvistika və dil siyasəti
şöbəsinin əməkdaşları tərəfindən
həyata keçirilə bilər.
Əcnəbilərin Azərbaycana gələrək dili əyani
şəkildə öyrənməsini təmin etmək məqsədi
ilə müstəqil təhsil korpusu və qonaq evi olan Mərkəzin
yaradılması arzu olunandır. Respublika Prezidentinin Sərəncamında
qeyd edildiyi kimi, "Ölkəmizi əcnəbi tələbələrə
daha yaxından tanıtmaq, onların Azərbaycan cəmiyyətinə
inteqrasiyasını asanlaşdırmaq və ölkəmizlə
mənəvi bağlarını daha da möhkəmlətmək"
çox vacibdir. Dil mühitində
yaşamaq təhsilin keyfiyyətinə də müsbət təsir
edəcəkdir. Bənzər qurumlar
Türkiyə, Rusiya, Qazaxıstan, Amerika, Almaniya, Fransa və
digər ölkələrdə uğurla fəaliyyət
göstərir.
Azərbaycanın
ali məktəblərində təhsil
almaq istəyən şəxslərin 10 ay: sentyabr-iyul
aylarında Mərkəzdə əyani şəkildə dil
öyrənməsi məqsədəuyğundur. Respublikamızda yaşamaq və müxtəlif
bölgələrimizə səyahət etmək bu şəxsləri
Azərbaycanın əbədi dostlarına çevirə bilər.
Layihənin
əsas məqsədi dünyanın istənilən nöqtəsində
yaşayan və
1. Azərbaycan
dilini bilməyən azərbaycanlıların,
2. Azərbaycan
dilinə maraq göstərən,
3. Azərbaycanın ali məktəblərində bakalavr,
magistr və ya doktorantura səviyyələri üzrə təhsil
almağı nəzərdə tutan,
4. Azərbaycanda
işləmək və ya yaşamaq istəyən əcnəbilərin
rəqəmsal məkana (internetə) yerləşdirilimiş
elektron və interaktiv dərsliklərdən, dərs vəsaitlərindən,
audio və video materiallardan istifadə edərək distant
(uzaqdan) təhsil yolu ilə Azərbaycan dilini öyrənməsini
təmin etməkdir.
Əlavə
məqsədlər isə:
5.
Ümumilikdə Azərbaycanın və xüsusi olaraq Azərbaycan
dilinin dünyada tanıdılması işinə xidmət etmək;
6. Azərbaycanın
ədəbiyyatı, tarixi, etnoqrafiyası, mədəniyyəti
haqqında məlumat vermək;
7. Azərbaycanın
turizm imkanlarını, iqtisadi potensialını və milli
brendlərini dünyaya tanıtmaq işinə dəstək
vermək;
8. Azərbaycanın
sülhsevər xarici siyasətini, multikultural köklərə
əsaslanan milli siyasətini və onun tərkib hissəsi olan
dil siyasətini təbliğ etməkdir.
Əsas məqsəd "Linqvo-psixoloji vəhdət nəzəriyyəsi"nə
əsaslanan dərs vəsaitləri dəstinin
hazırlanması, rəqəmsallaşdırılması,
interaktiv formaya salınması və internetə yerləşdirib
idarə edilməsi yolu ilə əldə olunacaq. Əlavə məqsədlər
isə dərs mövzuları üzrə hazırlanan və əsas
dərs vəsaitləri ilə birlikdə internetə yerləşdirilən
audio və video materiallar bazasında təmin ediləcəkdir.
Layihə altı ardıcıl icra mərhələsindən
və dövri olaraq davam edən tətbiq və idarəetmə
mərhələsindən ibarətdir. Nəzərdə
tutulan kontingentlə layihənin icra müddəti 3 ildir.
Tətbiq və idarə olunma mərhələsi
isə mütəmadi olaraq davam edəcəkdir.
1. Layihənin
icrasının birinci mərhələsində A1 səviyyəsinə
daxil olan 8 dərsin materialları hazırlanır, o cümlədən
1) qrammatik materiallar şərh edilir və müvafiq dillərə
tərcümə olunur, 2) onlara uyğun (adaptasiya olunmuş) və
qismən də əvvəlki dərsləri təkrar edən
oxu mətnləri hazırlanır, 3) hər yeni dərs
üzrə (qismən əvvəlki dərsləri də təkrar
etməyə yönələn) çalışmalar
hazırlanır, 4) hər dərs üzrə lüğət
tərtib edilir, bununla bərabər səviyyələr
üzrə yekun lüğət də hazırlanır.
2. Layihənin
icrasının ikinci mərhələsində eyni qayda ilə
A2 səviyyəsinə daxil olan 8 dərsin 1) qrammatik
materialları şərh edilir və müvafiq dillərə
tərcümə olunur, 2) onlara uyğun (adaptasiya olunmuş) və
qismən də əvvəlki dərsləri təkrar edən
oxu mətnləri hazırlanır, 3) hər yeni dərs
üzrə (qismən əvvəlki dərsləri də təkrar
etməyə yönələn) çalışmalar
hazırlanır, 4) hər dərs üzrə lüğət
tərtib edilir, bununla bərabər səviyyələr
üzrə yekun lüğət də hazırlanır.
DİQQƏT:
Buraya qədər qeyd edilən işlər, artıq AMEA
İ.Nəsimi adına Dilçilik
İnstitutu Sosiolinqvistika və dil siyasəti şöbəsinin
əməkdaşlari tərəfindən yerinə
yetirilmişdir.
Layihənin
icrasının ikinci mərhələsində yuxarıda qeyd
edilən işlərə paralel olaraq A1 səviyyəsinə
daxil olan 8 dərsin rəqəmsallaşdırılıb
interaktivləşdirilməsi prosesi həyata keçirilməldir:
1) qrammatik materiallar tərcümə edildiyi dildə
audio-diktor versiyasına çevrilir, qrammatikanın şərhinə
aid olan nümunələr rəqəmsallaşdırılıb
interaktivləşdirilir və qrammatik materialın audio-diktor
versiya ilə sinxronlaşdırılır, 2) dərslərə
aid olan oxu mətlərinin yazılı formasından əlavə
audio-diktor (səs) versiyası və
sinxronlaşdırılmış forması da
hazırlanır, 3) yazılı çalışmalar rəqəmsallaşdırılıb
interaktiv şəklə salınır, səsli (saund)
çalışmalar audio-interaktiv modula keçirilir, 4) həm
dərslər üzrə lüğətə, həm də səviyyə
üzrə yekun lüğətə daxil olan sözlər
avtomatik axtarış sistemi və səsli müşayiət
sistemi ilə təmin edilir.
Layihənin
icrasının üç, dörd, beş
və altıncı mərhələlərində də eyni
qayda ilə ilkin yazılma və interaktivləşdirmə fəaliyyətləri
həyata keçirilir.
Müvafiq
maliyyə vəsaiti ayrılarsa, layihənin nəticələrinin
tətbiqi və idarə olunması mərhələsi B1 səviyyəsinə
paralel şəkildə başlaya bilər, yəni A1 və A2
səviyyələrini internetə yerləşdirib bu səviyyələr
üzrə dilin öyrənilməsinə start vermək
mümkündür. Bu fəaliyyət, eyni
zamanda, hazırlanmaqda olan tam kursun reklamı və ya
tanıdılması funksiyasını da yerinə yetirəcəkdir.
Layihənin nəticələrinin tətbiqi və
idarə olunması mərhələsi ən gec C1 səviyyəsinə
paralel şəkildə başlanmalıdır.
Dünya praktikası belə deməyə əsas verir
ki, dili sadəcə ünsiyyət məqsədi ilə
öyrənən şəxslər B2 səviyyəsindən
sonrakı səviyyələri öyrənməyə o qədər
də maraq göstərmirlər. Bir qayda olaraq, C1 və
C2 səviyyələrini peşəkarlar, yəni dilçi, tərcüməçi,
jurnalist, diplomat və ya bu dildə dərs deyən, əsər
yazan mütəxəssislər öyrənir.
Bu
layıhə üzrə hazırlanan dərs vəsaitləri
dəsti Azərbaycanın ali məktəblərində
bakalavr, magistr və doktorantura səviyyələrində təhsil
almaq istəyən əcnəbilər üçün nəzərdə
tutulur. Azərbaycanda işləmək istəyən
şəxslər, eləcə də yaşlılar və
uşaqlar üçün nəzərdə tutulan sadələşdirilmiş
vəsaitlər dəsti, mövcud dərs vəsaitlərinin
müəyyən qədər ixtisar edilməsi və dəyişdirilməsi
yolu ilə daha sonra hazırlanacaqdır.
Azərbaycan
Respublikası Prezidentinin 17 iyul 2018-ci il tarixli "Azərbaycan
dilinin elektron məkanda daha geniş istifadəsinin təmin
edilməsi ilə bağlı bir sıra tədbirlər
haqqında Sərəncamı" işığında AMEA
İ.Nəsimi adına Dilçilik İnstitutu tərəfindən
verilən aşağıdakı Təkliflər beynəlxalq
təcrübə, habelə, Azərbaycan Respublikası
qanunvericiliyi əsasında dəyərləndirilmiş və
belə bir nəticəyə gəlinmişdir ki, bu tədbirləri
"Əcnəbilər üçün Azərbaycan dilinin
elektron platforması" layihəsinin tərkib hissəsi kimi
icra etmək məqsədəuyğundur:
1. Azərbaycan
dilini öyrənmək istəyən əcnəbilər
üçün "Salam Azərbaycan" adlı elektron və
interaktiv dərs vəsaitləri dəstinin hazırlanması,
rəqəmsal formada internetə yerləşdirilməsi və
daim təkmilləşdirilərək idarə olunması zəruridir
(İnternet məkanına yerləşdirilən bu elektron və
interaktiv dərs vəsaitləri dəsti dünyanın istənilən
yerində yaşayan insanların distant formada Azərbaycan
dilini öyrənməsinə imkan və şərait
yaradacaqdır. Azərbaycan dilinin özünəməxsus cəhətlərini
nəzərə almaqla hazırlanan bu dərs vəsaitləri
dəsti 2011-ci ildə
Azərbaycanda işlənib hazırlanmış
"Linqvo-psixoloji vəhdət nəzəriyyəsi"nə
əsaslanır).
2. Azərbaycan
dilini dünyada həm təbliğ və tədris edən, həm
də, ölkəyə gələn əcnəbilərə
öyrədən, respublikadakı dil situasiyasına və
dilin daxili inkişafına nəzarət edib istiqamət verən,
dil siyasətinin müəyyən olunması və tətbiqi
işində hökumətə tövsiyələr verən və
dövlət tərəfindən müəyyən edilən
direktivlər istiqamətində fəaliyyət göstərən
yeni bir struktur vahidinin yaradılması məqsədəuyğun
hesab edilir. Belə bir qurumun yaradılması təhsil almaq və
işləmək məqsədi ilə ölkəyə gələn
əcnəbilərin Azərbaycan dilini öyrənməsinə
yardım etməklə yanaşı, bu ad altında ölkəyə
gəlib arzuolunmaz fəaliyyətlərlə məşğul
olan şəxslərin də bir mərkəz ətrafında
toplanıb nəzarətdə saxlanılmasını
asanlaşdıra bilər (Türkiyədə TÖMER,
Qazaxıstanda "Sosiolinqvistika İnstitutu", Rusiyada
"Rus Dili İnstitutu", İngiltərə, Fransa, Almaniya
və digər ölkələrdə fəaliyyət göstərən
çoxsaylı bənzər qurumların qazandığı
uğurlar belə bir struktur vahidinin Azərbaycanda da
yaradılmasının məqsədəuyuğun olduğunu
söyləməyə əsas verir. Bu yeni struktur "Salam Azərbaycan"
dil öyrənmə mərkəzi adlandırıla bildiyi
kimi, Fransa modelinə uyğun "Azərbaycan Dili Mərkəzi",
Rusiya modelinə uyğun "Azərbaycan Dili
İnstitutu", Qazaxıstan modelinə uyğun "Azərbaycan
Sosiolinqvistika İnstitutu" və ya onların
hamısından fərqli şəkildə "Azərbaycan
Sosiolinqvistika və Dil Siyasəti İnstitutu" adı
altında yaradıla bilər).
3. Azərbaycan dilinin elektron korpusunun yaradılması, eləcə də, Azərbaycan reallığı, dövlət siyasəti, milli siyasət və dil siyasəti, elm və mədəniyyət, iqtisadi və turizm potensialı haqqında həm Azərbaycan dilində, həm də, əcnəbi dillərdə informasiyanın internetdə yayılması zəruridir (Azərbaycan dilinin elektron korpusunun bir mərkəz ətrafında yaradılması məqsədəuyğundur. Əsas fəaliyyətləri elmi, bədii və publisistik mətn yaratmaq olan bütün qurumlar həmin mətnləri redaktə və korrektə olunmuş formada və vahid texniki standartlara uyğun şəkildə dilin elektron korpusunun yaradılması üçün məsul olan quruma təqdim edərlərsə, bu, Azərbaycan dilinin elektron korpusunun yaradılması prosesinə böyük təkan verər və bu vacib işi sürətləndirə bilər).
Mayıl
ƏSGƏROV
Filologiya üzrə
elmlər doktoru, AMEA Nəsimi adına Dilçilik
İnstitutunun Sosiolinqvistika və dil siyasəti şöbəsinin
müdiri
525-ci qəzet.-2018.-14
sentyabr.-S.7.