Məmməd Araz
yaradıcılığının rənglər
dünyasındakı əksi
RƏSSAM
KİRMAN ABDİNİN "MƏMMƏD ARAZ QRAFİK
ALBOMU" HAQQINDA QEYDLƏR
Şahanə MÜŞFİQ
"Sözün sehrinə
bax, qüdrətinə
bax!
Bir heykələ döndüm
öz yerimdə mən;
Beləcə bir misra yazaydım ancaq,
Yüz il yazacağım əsərimdə
mən".
Xalq şairi
Məmməd Arazın
dahi Füzulinin "Nə yanar kimsə
mənə atəşi-dildən
özgə, Nə açar kimsə qapım badi-səbadan qeyri" beytinə yazdığı "Səba
yeli" şeirindəki
yuxarıdakı misralar
onun şeirə, sənətə, poeziyaya sonsuz sevgisinin, Füzuli dühasının
zəngin və parlaq söz sənəti qarşısındakı
ən səmimi könül etiraflarıdır. Özündən sonra illər, əsrlər boyunca davam edəcək bir ədəbi-əbədi
ömür diləyən
şair elə bu və bunun
kimi onlarla misranın artıq ona Əbədiyyət qapısını açdığının
fərqində idimi, görəsən?
Zaman sübut
eləyir ki, həqiqətən də Məmməd Araz şeiriyyəti ölməzliyin
zirvəsində əbədi
taxt qurub. Tez-tez onun yaradıcılığına
müraciət edən
söz adamları, onun poeziyasından "su içən" gənc şairlər, onun şeirlərinin fəlsəfi-estetik incəliklərini,
poetik duyğularını
fırçalarının köməyi ilə kətan üzərinə
köçürən təsviri
sənət ustaları
illər keçdikcə
Məmməd Araz səntkarlığını ən
yaxşı şəkildə
əks etdirirlər.
Hazırda qarşımda olan və günlərdir vərəqlədiyim "Məmməd
Araz qrafik albomu" da bir rəssamın şairin poeziyasına və şəxsiyyətinə
sonsuz sevgisinin təcəssümüdür. Azərbaycan
Rəssamlar İttifaqının,
Azərbaycan Jurnalistlər
və Azərbaycan Karikaturaçı Rəssamlar
Birliklərinin üzvü
Kirman Abdinin bədii təxəyyülünün
və yüksək sənətkarlığının əksi olan tabloların hər birində başqa, tamamilə yeni Məmməd Araz "doğulur" sanki.
Naxçıvan Muxtar Respublikasında nəfis tərtibatda hazırlanan albomun ön sözünün müəllifi sənətşünas
Əsəd Quliyev rəssamın Xalq şairinin yaradıcılığına
müraciət səbəbini
öz dilindən verir. Rəssam deyir:
"Mənim üçün
Məmməd Araz yaradıcılığı hər
zaman maraqlı olub. Məmməd Arazın yaradıcılığına
üç aspektdən
yanaşmağa çalışdım.
Həyata gülən, həyatda
qəm çəkən
və həyatda düşünən Məmməd
Arazı göstərməyə
çalışdım. Qrafik üslubda Məmməd Araz poeziyasına müraciət etmək mənə elə gəlir ki, bir müəllif olaraq məndən məsuliyyət tələb
edirdi. Sevinirəm ki, üç
illik zəhmətimin nəticəsi bu gün bəhrəsini göstərdi və bu əsərlər sərgidə nümayiş
olunur".
Albomu vərəqlədikdə
hər tabloda Məmməd Araz şəxsiyyətindəki nəhayətsizlik,
bəzən çılğınlıq,
bəzən duruluq, bəzən ehtiras dolu üsyan, bəzən həlim kövrəklik insanı sanki duyğular labirintinə salır. Tabloları maraqlı
və özünəməxsus
edən cəhət hər birinin şairin hansısa misrasını əks etdirməsidir. Hiss olunur
ki, hər bir misra, hər
bir beyt yüksək sənətkarlıq
və incə ədəbi zövqlə seçilib. Rəssam burada yalnız
rəsmlər çəkməklə
kifayətlənməyib, həmçinin,
şairin yaradıcılığını
öz təxəyyülünə,
dünyagörüşünə və ədəbi düşüncələrin görə
də mənalandırıb.
Tabloların bəzilərində ölməz
Xalq şairinin portreti varsa, bəzilərində sadəcə
yazdığı misraya
rəssam baxışı
yer alıb. Ancaq şairin
əksi olan tabloların heç birində siması, üz cizgiləri, reaksiyası eyni deyil. Onun üzünün ifadəsi də tablonun adını aldığı misranın
ruhuna uyğun dəyişir.
"Görünür ürəklə yaşayanların
elə ölümü
də ürəkdən
olur", "Əyilməz
doğulan şair vüqarı. Yalnız baş əyibdir əyilməzliyə", "Fikrimin
çəkisi çəkimdən
ağır, Dartmaq da çətindir, atmaq da çətin",
"Dünyada bir damla olmaq istəsən,
Dünyaya sən ümman həvəsiylə
gəl", "Ruha qanad verdi şirin
diləklər, Qəlbimə
əsmədi soyuq küləklər" misraları
ana tema kimi seçilən tablolarda Məmməd Araz nikbindir, gülümsəyir, sabaha
inamla, insanlara və dünyaya sevgiylə baxır. Sanki heç o "Dünya heç kimin" deyən adam
deyil. Elə bil bu tablolardakı
adam şeirin
elə "Dünya mənim" hissəsində
qalıb. Ümidlidir, ümid aşılayandır.
O məşhur şeirdən
söz düşmüşkən,
həmin şeirin artıq dillər əzbəri, həyat devizinə çerilən
misralarını rəssam
ayrı-ayrılıqda əks
etdirib ("Dünya sənin", "Dünya
mənim", "Dünya
heç kimin"). Boz fon üzərində ağ və qara rənglərdən
istifadə edərək
yaratdığı sənət
əsərləri şairin
həyatın faniliyi haqqındakı sözlərini
ən yüksək şəkildə dəstəkləyir.
"Dünya gözəl dünyadır, Ömrümüzdən
bir gül üzən dünyadır",
"Biz qapı açmışıq
öz eşqimizə Keçməyə qorxuruq:
görən nə deyər", "O mənim
qəlbimə girdiyi qədər, Mən onun qəlbinə girə bilmədim",
"Düşüncələr",
"Nədənsə insanın
əzəldən bəri
Gəlişi sevincdir,
gedişi qəmdir"
tablolarında isə əksinə şair fikirli, qayğılı, nədənsə narahat və narazı görünür. Sanki min illərin yorğunudur.
Gözləri yol çəkir.
"Şəhriyar gəlmədi",
"Necə düşünməyim,
axı kainat düşünən bir insan yaratmış məni", "Qəlbimdəki
çırpıntını, hərarəti şeirə
gətir", "Mən
özümlə oynadığım
şahmata güldüm",
"Şuşam mənim",
"El sazında səsim
qala bircə sim", "Sahildə ağ kəpənəklər",
"Hardasan, ey qəlbimin kimsənəsi,
hardasan..." kimi tablolarda isə Məmməd Araz poeziyasının coşğun
səsi rəssam fırçasının üsyankarlığı
ilə çuğlaşıb.
Hiss olunur ki, rəssamın Məmməd
Araz yaradıcılığına
özündən nələrsə
əlavə etmək,
onu öz duyğu və düşüncüləri istiqamətində
dəyişmək, ona
artıq və gərəksiz məna çalarları yükləmək
məqsədi yoxdur. Axı bu çağlayan bulağın əlvaə
damlaya ehtiyacı yoxdur. Siz dənizə su
atarsınızmı?
Albomun
son səhifələrində isə rəssamın şairlə fotosu, eləcə də Xalq şairinin ev muzeyindən
görüntülər bu
nəfis nəşrin
məntiqi tamamı kimi uğurla seçilmişdir.
Görünür, Kirman Abdinin Məmməd Araz sevgisi təkcə fırçanı deyil, qələmi də dilləndirməyi bacarıb:
Göz yaşımı damla-damla
axıdan,
Bulaqlardan
alıb gələn çağlayan,
Sakit enib, dəryalara qarışan,
Bəlkə elə, O özüdür
Allahın.
525-ci qəzet.-2018.-14
sentyabr.-S.7.