Ömrün altmışıncı baharında

 

"Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur.

 

Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar".  Bu qiymətli fikirlər ulu öndər Heydər Əliyevə məxsusdur. Ulu öndərin dediyi kimi, Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə, həm iqliminin gözəlliyinə, həm orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olub. Belə insanlardan biri Cavid Qurbanovdur. O, Miskin Abdal, Ağdabanlı Qurban, Dədə Şəmşir, Qənbər Şəmşiroğlu kimi ulu söz-sənət dühalarının, müdrik el ağsaqqallarının ailəsində dünyaya göz açıb.

 

Cavid Qurbanov 1958-ci ildə 19 sentyabrda Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub, ilk təhsilini Ağdaban kəndində alıb. Orta təhsilini başa vurduqdan sonra, 1975-ci ildə əmək fəaliyyətinə Kəlbəcər şəhərində başlayıb, 1977-ci ildə 26 Bakı Komissarı adına mətbəədə işləyib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub, hərbi xidmətdən qayıdandan sonra yenidən 1979-1980-ci illərdə 26 Bakı Komissarı adına mətbəədə çalışıb. 1980-1981-ci illərdə "Azərdövlət" Layihə İnstitutunda xətçəkən, 1982-1987-ci illərdə "Azərnəqliyyattikinti" trestinin avtobazasında baş mexanik, rəis müavini vəzifələrində işləyib. 1987-1992-ci illərdə isə "Elektromexanikləşdirmə" trestinin 4 saylı Avtonəqliyyat kontorunda direktor, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyinin Respublika İxtisaslaşdırılmış İstehsalat Avtomobil Nəqliyyat Birliyində baş direktor, 1993-1994-cü illərdə - "Azəravtoyol" Dövlət Şirkətində Prezident, 1995-ci ildə "Avtoərzaqnəqliyyat" Birliyində baş direktoru, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı bölməsinin Təchizat şöbəsində rəis, 1997-ci ildə ADDY "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis, 1997-2003-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolu rəisinin müavini - "Azərdəmiryolservis" İB- rəisi, 2003-2007-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin  "Yolnəqliyyatservis" Departamentində rəisi, 2007-2015-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətində sədr vəzifələrində çalışıb. 2015-ci ildən  "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir. 123 saylı Kəlbəcər Seçki Dairəsindən III, IV V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvü, texniki elmlər namizədi, Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Erməni işğalı nəticəsində yurd-yuvasından məcburi köçkün düşən kəlbəcərlilər bu gün Bakı, Sumqayıt, Gəncə, eləcə Azərbaycanın 60-a yaxın şəhər rayonlarında məskunlaşıb. Cavid Qurbanov kəlbəcərliləri Mili Məclisdə yüksək səviyyədə təmsil edir. O, həmişə Kəlbəcər camaatının xeyrində-şərində onlarla bir yerdə olmağa çalışır, ehtiyacı olanlara dəstək verir, yüzlərlə kəlbəcərli gəncin təhsil probleminin həllinə yardım göstərir, Kəlbəcər əhalisinin sosial problemlərinin həlli üçün əlindən gələni əsirgəmir.

 

Özüm kəlbəcərli, eşqim yüz bulaq,

Hər səhər ətrini gətirir sazaq,

O yerlər gözümdən olmasın uzaq,

Şəmşir üçün hər nişanı görünsün.

 

- deyən Cavid müəllim təkcə öz el-obasına deyil, Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət etməklə bütün kəlbəcərlilərə başucalığı gətirir.

 

Əziz Cavid müəllim, Sizi bu doğum gününüz münasibəti ilə təbrik edir, Sizə Uca yaradandan cansağlığı, çətin və məsuliyyətli işlərinizdə uğurlar arzulayırıq. Azərbaycanımızın günü-gündən artan qüdrəti, ordumuzun qələbəyə olan inamı, möhtərəm Prezidentimiz, Ali Baş Komandamız İlham Əliyevin torpaqlarımızın azad edilməsi istiqamətində gördüyü işlər bizlərə inam verir ki, İnşallah, yaxın zamanlarda Sizin növbəti doğum gününüzü Kəlbəcərdə qeyd edəcəyik. Tanrı Sizi qorusun!

 

Rübabə ŞİRİNOVA

AMEA Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.-2018.-14 sentyabr.-S.5.