Təkcə sən!
Başqa
şəhərdəyəm...
başqa adamların
arasında,
ömür ötürürəm
ayrı küçələrdə.
Ayrı
sabahlara dururam,
ayrı axşamlarda uyuyuram...
hər şey ayrı...
hər şey başqa.
Başqa
havalardayam,
ay başqa,
gün başqa,
mən başqa.
Və bircə sən başqa deyilsən,
elə həmənsən,
gözlərimdə gətirdiyim
kimisən.
Gedirəm
Hər gün ömür dediyinin
anından çıxıb
gedirəm.
Ürək-ürək, əsəb-əsəb
canımdan çıxıb
gedirəm.
Bu yadlığa özgə kimi,
yığışdırıb dərdi-qəmi,
bir qaralan kölgə kimi,
yanımdan çıxıb
gedirəm.
Gedər-gəlməz bir səfərə,
açılmayan sirr səfərə,
ölüm adlı
o əvvələ,
sonumdan çıxıb
gedirəm.
Həsrət
Ömrün qaranlıq tərəfindən
açıldı sabahlar,
qaranlıq yanından
açıldı güllər,
qaranlıq qoxudu bütün səhərlər.
Heç
baharı da tanımadı payız budaqları,
heç yazı
da tanımadı ağaclar.
Və payız gülləri heç bilmədi ki,
yaz gülləri var bu yer
üzündə.
Bu yer üzü ən çox yaza həsrət,
bir qızın dodaqları ən çox
bir gözəl sözə həsrət.
Və sevdalar ən çox bu qıza həsrət.
Həsrət... budaqlar yuvalara,
yuvalar doğmalığa,
havalar günə həsrət.
Yaralı
quşların gözləri
ən çox da göyə həsrət.
Həsrət də hər şeyə həsrət!
Məndən savayı
Dincəl,
o gəlməyən günlərdə
dincəl,
incəl, üzüldüyün
tellərdə incəl,
indi düşünürsən,
boşuymuş səncə,
bir ömrə bu gəliş-gediş havayı...?
Çəkil, çəkilməyən rəsimdən çəkil,
sevə bilmədiyin isimdən çəkil,
sevda tilsimiymiş, tilsimdən çəkil,
bitsin ayrılığın
bu bəm harayı.
Atlan, ürəyimin başından
atlan,
gördün qış
sərt keçir, qışından atlan,
çırman, gözlərimin
yaşından atlan,
gör hara düşürsən məndən
savayı.
Çox gec...
Bilirəm ki...hər şey üçün çox gec,
çox gec yenidən başlamaq,
yenidən umudlanmaq,
yenidən xəyal
etmək
və çoxlu xəyal qurmaq.
Hələ o xəyallarda yaşamaq,
hələ o xəyalları
yaşatmaq...
Sonra ovunmaq öz təsəllilərində...
Sonra o təsəllilərə
inanmaq.
Bilirəm ki, payızın
dilini öyrənmək
asan,
baharın dilində
danışmaq çətin.
Çətin bir şax ağac olmaq,
asan bir çiçək olmaq,
qoparılmaq,
atılmaq.
Və sonra yenidən doğulmaq.
Bilirəm ki, hər şey üçün çox gec...
Ən çox
da unutmaq üçün.
Köçə bilməyən quşlar
küçələr yetim,
gecələr soyuq,
həyat anlamını
itirmiş eynilik,
ağaclar köçə
duran durnalar kimi,
amma uçmağı
bilməyən.
Durnaların hamısı mən...
Ağacın qırılmış budağındakı
Yerinin intizarında.
O yer hansı ocaqdasa çoxdan yanmış,
küllərini küləklər
sovurmuş.
Hərdən də küləklər
o külləri vurar gözlərimə...
Ağacın kəsilmiş budağındakı
yanan yerimin küllərini,
o küllərdə
qanadlarımın izi.
Hər gün o külləri sovurur külək,
o küllərdən çiçəklər
açır kül rəng.
Və köçə bilməyən
quşlar
fəsilləri unudur mənimtək.
Qəriblik
Bir qərib ulduz işığında
bir yol saralar sapsarı.
O yoldan keçər
kiminsə gerçək
olmayan xəyalları.
Bir qərib ulduz işığında
hansımız qərib
deyilik ki,
hamı qərib,
mən hamıdan qərib,
sevdalar məndən qərib.
Bir qərib ulduz işığı sızar
pərdənin arasından...
O yerdən ki,
ordan gün işığı sızar
həmişə.
Və qərib ulduz işığı
o pərdənin arasında
qəribliyini anlayar,
mən bütün qəriblərin içində
qəribliyimi anladığım
tək.
bir qərib ulduz işığı
ən çox can verən
bir yaralı ilanın gözlərinə
düşər.
Ötrü
Elə yaddan çıxır, unudulursan
darıxan da olmur adından ötrü.
Darıxan da olmur, baxışlarından
qara gözlərinin
odundan ötrü.
Qəfil
anlayırsan, sən də özgəsən,
susan bir kəlməsən, lal olan sözsən,
qəfil bir uşaqçün qəribsəyirsən,
uşağa dönürsən,
yadından ötrü.
Gedirsən, ardınca ta baxan olmur,
üz-üzə gələndə
karıxan olmur,
daha bundan belə darıxan olmur,
özüyçün darıxan
adamdan ötrü.
lll
Bir az nə
varsa yaxındı,
bir az, bir az da
uzaqdı.
Bu istidə, bu bürküdə,
bir az, bir az da
sazaqdı.
Avazıyıb nəsə solur,
kim üşüyür,
kimsə donur.
bu yaşamda, bu qürbətdə
yaşam yaşam
kimi olmur.
Bir az soyuq,
bir az ayaz,
yenə bu payız üşüdür.
Bir payızın xatirəsi
adamı hər yaz üşüdür.
Bir az hava da kədərdi,
bir az qəzadı, qədərdi.
Bu tale alnımızda,
oxumadığımız əzbərdi.
Bir az, bir ömür ötməkdi,
bir az, bir az da
itməkdi.
getməklər heç
gəlmək olmur,
gəlməklər hamısı
getməkdi.
Bir az ölçmədi,
biçmədi,
bir az ələkdən keçmədi,
bir də ayılırsan ki, həyat
bir az, bir az da
heç nədi.
lll
Gün də gələr, yadın itər,
unudular, adın itər,
dünyada ölümdən
betər
yaşamaq zoruymuş
elə.
Bir gün özün də bilərsən,
bir gün özün də görərsən,
illərdən sonra deyərsən,
sevgilər koruymuş
elə.
Ayağından izinəcən,
dodağından sözünəcən,
baxışından gözünəcən
adam da yoluymuş elə
lll
Sularda ləpələr qırılır,
sularda körpələr
qırılır.
Ağrının, acının üstündən,
keçəndə, körpülər
qırılır.
Bu həyat donduqca, gördüm,
bir umud sındıqca, gördüm,
bir qazi yandıqca, gördüm,
canında qəlpələr
qırılır.
Bu dünya nə aldı, nə verdi,
dərdi də bir matah nəmərdi.
Ömür də bir gödək kəmərdi,
dartıram törpülər
qırılır.
Özümdən
Hər şeydən keçib gedirəm,
sözümdən keçə
bilmirəm.
Baxışlarım geri dönür
gözümdən keçə
bilmirəm.
Yolum qışdan-qardan ötür,
neçə yoxluq vardan ötür,
haralardan, hardan ötür,
izimdən keçə
bilmirəm.
Suyun üzündən keçirəm,
dərdin izindən
keçirəm,
heçin özündən
keçirəm,
özümdən keçə
bilmirəm.
Gediblər
Mən bəlkə də mən deyiləm,
məni dəyişib gediblər.
Mən cəhənnəm, hələ
səni,
səni dəyişib gediblər.
Hamı
ölmək öyrənib,
bilməyən bilmək
öyrənib,
bu qəm də gülmək öyrənib,
qəmi dəyişib gediblər.
Yaz qışlıqdan gəlirsə,
gün daşlıqdan gəlirsə,
vaxt boşluqdan gəlirsə,
dəmi dəyişib gediblər.
Olmur
Arada da neynəyirsən,
nə deyirsən -
düz edirsən hər şeyi,
amma nəsə düz olmur.
Külək döyür, ürək
döyür,
yağış döyür,
gün döyür
döyülməklər bitməmiş
heç
qəfil qapın
döyülür,
açırsan ki, ayrılıqdı
mat qalırsan qapıda,
ayrılığa get deməyə
üzündə bir üz olmur.
Nəsə tərsə gedir
elə...
gəlişin tərs,
gedişin tərs,
gülüşün tərs,
işin tərs...
Elə işin tərsliyindən bu qədər tərsliklərə
durub bir söz deməyə
lüğətində söz olmur.
Ağrı
Gözünü açanda səhərlərə...
ağrılar da səninlə oyanır.
Hər şeyin ağrısı
yerinin içində qıvrıldır bədənini.
İlan
kimi qıvrılırsan
ağrılarla durursan,
ağrılarla gedirsən,
yaşayırsan,
gülürsən.
Sanki ağrıları yaşadırsan,
ağrıları uyudursan,
ağrıları güldürürsən.
Sonra görürsən ki,
özün boyda ağrısan...
Qədər oyunu
Yaşanmamış xəyallar, umudlar
və vaxtın kədəri
döyünür saatda -
vaxt yorğunuyam.
Bir tel saçın üstünə qonan notlar
eyni havanı çalar.
Eyni melodiyə oynayar yalnızlığım...
Hər şey rəqs edər gözyaşı kimi.
Yaralı
quşun qanadlarında
qanı oynayar,
axır nəfəsində
kiminsə canı
oynayar.
İlahi...
Hamı oynayar.
Amma hamı
öz oyununu oynamaz.
Kimsəsizlik etüdü
Gözləməyə
kimsə olmayanda,
baxarsan ki,
pəncərən yox,
küçən yox,
şəhərin qeybə çəkilib.
Dənizin də başqasının adınadır...
sahilin də yaddı,
yolun da.
Və
o narın yağışlar daha yağmır,
o xəfif küləklər də əsmir..
Gözləməyə kimsə olmayanda,
bilərsən ki,
səni də heç kim gözləmir,
olmayan pəncərəndə,
olmayan küçəndə,
qeybə çəkilən şəhərində.
Elçin İSGƏNDƏRZADƏ
525-ci qəzet.- 2018.- 15 sentyabr.- S.23.