İspaniya - düşüncələr və
unudulmaz xatirələr
(Əvvəli
ötən şənbə sayımızda)
“Bütün böyük səyahətçilər
kimi, mən xatırladığımdan çox şeyi
görmüşəm və gördüklərimdən
çox şeyi xatırlayıram”.
Bencamin
Dizraeli, Böyük Britaniyanın 1868-1874-cü illərdəki
baş naziri
Roma işğalından əvvəl İberiya şəhərləri
inkişaf etmişdi. Buradakı daş heykəllər yunan təsirindən
xəbər verirdi. Məşhur
“Elçedən olan xanım” heykəl büstü b.e.ə.
I əsrdə yaradılmışdı,
qızılla bəzənmişdi. Onun
orijinalı Madriddəki milli muzeydə saxlanılır, lakin
biz onun kopyasını çox gözəl Elçe
parkında gördük. Qadının sifət
cizgiləri çox məlahətlidir, mütənasib
alnı, aşağı dikilmiş gözləri, incə
burnu və nazik dodaqlarının örtdüyü kiçik
ağzı və simmetriyaya uyğun çənəsi
vardır. Gənc qadının
başı və boynu daş-qaşlarla bəzək içərisində
təsvir olunmuşdur.
B.e.ə. IX əsrdən başlayaraq, Mərkəzi
Avropadan olanlar da Pireneyi tədricən keçib, yarımadaya
daxil olmuşdular. Onlar keltlər idi. Bu
xalq çox hallarda yerli əhaliyə absorbsiya edilirdi. Bu vaxt Kelt-İberiya adlanan qarışıq xalq əmələ
gəldi. Yəqin ki, ispanlar elə bir
xalqdır ki, onların damarlarında nisbətən daha
çox sayda xalqların qanı axır.
İstehkamlanmış təpələrdə tikilən
şəhərlərdə “dəyirmi ev mədəniyyəti”
yarandı, o, həm də “Kastro mədəniyyəti”
adlanırdı.
B.e.ə.
II əsrdə isə Roma işğalı baş verdi. Ondan bir əsr sonra İspaniyanın
əksər hissəsində romalılaşma getdi. Bunun həlledici faktoru Roma vətəndaşlığının
genişlənməsi idi. Əvvəlcə
Roma koloniyalarında yaşayanlar Roma vətəndaşı
hesab olunurdular. Bizim eranın III əsrində
isə imperator Karakallanın ediktinə müvafiq olaraq
imperiyadakı bütün sakinlər Roma vətəndaşlarına
çevrildilər. Latın dili təhsil
görmüş vətəndaşlar üçün
universal dilə çevrildi və tezliklə yerli ispan-Roma ədəbiyyatı
təşəkkül tapdı.
Romalıların yaratdıqları abidələr
yarımadanın çox hissəsində indiyədək
qalmışdır. Barselonada və digər bir neçə
şəhərdə Roma divarları
tapılmışdır. Meridada və digər
şəhərlərdə o dövrdə tikilmiş
körpülər vardır. Seqoviyadakı
və Meridadakı akveduklar göz oxşayır. Romalıların icadı olan akveduk hər iki şəhəri
kənardan gətirilmə təzə içməli su ilə
təmin edirdi. Biz Meridadakı akveduka
heyranlıqla tamaşa etdik və qədim romalıları
abadlığa, sakinlərə göstərdikləri
qayğıya görə xoş sözlərlə
xatırladıq. Bütün Avropanın
geniş yol şəbəkəsi ilə (bu gün də qitənin
əsas yolları həmin qədim şəbəkəyə əsaslanır)
təmin edən romalıların nəcib izləri burada da
qalmışdır. Roma yolları
bütün yarımadanı kəsib keçir.
Roma təsviri sənət abidələri də
yarımadada boldur. Barselona, Merida və digər şəhərlər
heykəltəraşlıq mərkəzləri idi, portret rəssamlığı
da inkişaf etmişdi.
German tayfaları V əsrin başlanğıcında əraziyə
geniş müdaxilə etdilər. Ostqotlar Roma
imperiyası üçün böyük təhlükə
idi. Hər bir səviyyədə Roma
imperiyasının barbarlaşması gedirdi. 401-ci ildə Alarixin başçılığı
altında vestqot qoşunu Alp dağlarını aşıb
İtaliyaya düşdü və 418-ci ildə Romanı qarət
etdi. Digər tayfalar - sueblər, alanlar və
vandallar 409-cu ildə Pireneyi keçmişdilər. Lakin ikiəsrlik qarışıqlıq və
pozğunluq dövründən sonra onlar müdaxilələrini
dayandırdılar. Vandallar cənubda məskunlaşdılar.
Andalusiya adı Vandalusiyadan əmələ gəlmişdir.
Bundan sonra german tayfaları tərəfindən
yarımadanın işğalı dayandı. Vandallar Kartaxenanı və Sevilyanı işğal
etdilər. Vestqotlar İspaniyaya gəldikdə,
ölkə artıq geniş ölçüdə
romanlaşmışdı.
İspan-Roma
əhalisi VI əsrdə artıq 6 milyon nəfər idi və
onlar arian məzhəbinə məxsus
xristianlar idilər. Digər xristianlardan
onların fərqi İisus Xristin allahın oğlu
olmasını inkar etmələri idi. Vestqot
kralının təsiri ilə əhalinin əksəriyyəti
katolikliyə keçdi.
VIII əsrdə xristian İspaniyasına müsəlmanlar
müdaxilə etdilər və XV əsrdə Ferdinand və
İzabellanın hökmranlıqlarına qədər
İspaniyada qalmaqda davam etdilər. Müsəlmanlar
vestqot birliyini dağıtdılar. Sonrakı
əsrlərdə şimaldakı dağlarda bir sıra
xristian dövlətləri meydana gəldi. Həm özlərini qorumaq üçün, həm
də dini düşmənçiliyə görə onlar
Rekonkista hərəkatına başladılar. Rekonkista - “geri almaq”, “yenidən işğal etmək”
mənasını verirdi. Müsəlmanlar
zəifləyəndə, adətən, xristianlar yaxşı
fayda götürürdülər. XIII əsrin
ortalarında Rekonkista, əsasən tamamlandı və
yalnız kiçik Qranadada müsəlman krallığı
1492-ci ilə qədər qala bilmişdi.
Kastiliya kralları nikah, diplomatiya və müharibə
yolu ilə digər xristian dövlətləri üzərində
nəzarəti əldə etməyə
çalışırdılar. Böyük sayda
mosarablar və ya ərəb dilində danışan xristianlar
Toledoda yaşayırdılar. Şimali
Afrikadan fanatik müsəlman sektası olan Almoravidlər
öz din qardaşlarına köməyə gəldikdən
sonra 1086-cı ildə xristian ordusunu darmadağın etdilər.
Müsəlman imperiyasının mosarab əhalisi baş
verənlərə laqeyd olan kimi görünürdü. Digər
müsəlman sektası olan Almohadilərin Şimali Afrikadan gəlməsi
ilə Almoravid imperiyası dağılmağa başladı.
Xristian hökmdarları müsəlmanların
öz aralarındakı vətəndaş müharibələrindən
fayda götürərək, müsəlman imperiyasına
nüfuz edirdilər. Almohad imperiyası
XIII əsrin ikinci rübündə süquta uğradıqda,
xristian hökmdarları Rekonkistanı tamamlamağa
başladılar. Leon kralı on il ərzində
bir neçə mühüm şəhəri işğal
etdi. Yalnız Qranada krallığı müsəlmanların
əlində qalırdı, lakin o da təbəə kimi
Kastiliyaya illik təzminat ödəyirdi.
Xristian dövlətlərinin iqtisadiyyatı kənd təsərrüfatına
əsaslanırdı. Təhkimçi kəndlilərin üzərinə
ağır yük düşürdü.
Tam fərqli
olan müasir ispan kəndlisi ilə də tanış
olmaq imkanı əldə etdik. Andalusiyada yol
üstündəki bir tavernada səhər yeməyi yeyərkən,
tarlaya gedəndə bura dönüb, öz kiçik spirtli
içki normasını içib, sonra öz torpaq sahəsinə
yollanan kəndliləri gördük. Görünür,
onların maddi vəziyyəti və ənənələrini
nəzərə almağı, belə “kübarlığa”
imkan verir.
Həmin dövrdə şəhərlər də
böyüyür, onların əhalisi də
çoxalırdı, bu da sənətkarlığın və
ticarətin inkişafına şərait yaradırdı.
Yeni Dünya kəşf edildikdən sonra
limanlarda gəmiqayırma sənayesi inkişaf edirdi. Gəmilər isə dənizlərin o tayı ilə
intensiv ticarət aparılmasına şərait
yaradırdı.
Rekonkistanın irəliləməsi həmçinin,
çox sayda müsəlmanların xristian
krallığına keçmələrinə səbəb
oldu. Şəhərlərdə mühüm müsəlman
məhəllələri var idi. Yəhudilər
isə əsasən, şəhərlərdə
yaşayırdılar, orada ticarətlə, pulu sələm
qaydasında verməklə məşğul olurdular. Müsəlmanlara və yəhudilərə öz
dini ibadətlərini icra etməyə icazə verilirdi. Lakin bir sıra hallarda xristian qoşunları yəhudilərə
basqın edirdilər.
1469-cu ildə
Araqon prinsi Ferdinanda ərə gedən İzabella beş il sonra Kastiliya taxt-tacına
çıxdı. 1478-ci ildə isə Ferdinand Araqon kralı
öldu, beləliklə, Araqonun və Kastiliyanın fərdi
ittifaqı səmərə verdi.
Kastiliyanın siyasi həyatında Kortes (parlament)
mühüm rol oynayırdı. krallığın
iqtisadiyyatı əkinçilikdən və maldarlıqdan ibarət
idi. Yun parça manufakturaları şəhərin
mühüm sənaye sahəsinə çevrilmişdi.
XIV əsrin ortalarından başlayaraq, Qara Ölüm -
taun epidemiyası əhalinin sayının xeyli azalmasına səbəb
olmuşdu. 1351-ci ildə sosial narazılıq yarımadanın əsas
hissələrinə yayılmaqla, yəhudi
qırğınlarının törədilməsinə səbəb
oldu. Hətta xristianlığa
keçmiş yəhudilərdən də şübhələnilirdi
və onlar yalnız İudaizm dini ibadətlərinin icra etdiklərinə
görə ittiham edilirdilər.
Müsəlman
İspaniyası
VII əsr ərzində Şimali Afrikadakı Bizans
qalaları ərəblərin irəliləməsinə yol
açdı.
Kartaxena əsrin sonunda təslim oldu və VIII əsrin
başlanğıcında xəlifə Harun ər-Rəşidin
təyin etdiyi yeni qubernator Musa ibn Nusayr Tannerə qədər
bütün Şimali Afrikanı anneksiya etdi, öz generalı
Tarik ibn Ziyada yerli berberləri islamlaşdırmaq vəzifəsini
tapşırdı və onu inzibati cəhətdən ərazini
idarə etməyə təyin etdi. Tarik sosial
mövqeyinə görə qul olsa da, sərkərdəliyə
qədər yüksəlmişdi.
İspaniyaya müsəlmanların müdaxiləsi
onların öz təşəbbüsündən daha
çox, vestqotların dəvətinin nəticəsi idi. 709-cu ildə
Vestqot krallığında hökmdarın ölümü ilə
müharibə başlandı və mərhum kralın ailəsi
taxt-tacdan uzaqlaşdırıldı. Onların
tərəfdarları Musaya müraciət edərək,
uzurpator Roderikə qarşı müdaxiləyə kömək
göstərmək xahişini etdi. Tarik berber
ordusu ilə Gibraltar boğazını keçib, 711-ci ildəki
döyüşdə Roderikin üzərində qəti qələbə
çaldı. Boğaz sonralar ərəb sərkərdəsinin
şərəfinə, oradakı dağa görə Cəbəl-üt-Tarik
(“Tarik dağı”) adlanır, qərb dillərində isə
bu ad Gitraltar kimi səslənir. Göründüyü
kimi, ərəblər sonrakı səlibçilərdən fərqli
olaraq, xristian dünyasına heç də
işğalçılar kimi deyil, onların öz xahişi əsasında
gəlmişdilər.
Tarik
öz niyyətinə artıq nail olduğundan, geri - Afrikaya
qayıtmalı idi. Lakin İsrail çarı
Solomonun əfsanəvi xəzinəsinin Toledoda gizlədilməsi
barədəki rəvayətə inanaraq, şimala tərəf
hərəkət etdi və şəhəri tutdu. Lakin rəvayət təsdiq olunmadı, Toledoda heç
bir qiymətli xəzinə yox idi.
Bu yürüşündə Tarikə öz təəccübünə
rəğmən, belə bir cəhət də məlum oldu
ki, ispanların çoxu könüllü surətdə ona
tabe olurdu.
Sonrakı ili Musa özü ərəb
ordusunu yarımadaya gətirdi, o da fateh kimi özünü təsdiq
etmək istəyirdi. O, Roderik tərəfdarlarının
axırıncı istehkamı olan Meridanı tutdu. Şəhərin nüfuzlu nümayəndələri
onun yanına gələndə saqqalının tünd
qırmızı olduğunu görmüşdülər,
sabahısı gün yenidən onunla görüşdükdə,
saqqalının tam qara olduğunu gördülər. Yerli adamlar bunu onun dininin möcüzələrindən
biri kimi izah edirdilər. Axı
meridalılar saqqala həna qoyulmasından bixəbər idilər.
Sonra Musa Toledoya və Saraqosaya daxil oldu, vestqotları ya
tabe olmağa, ya da qaçmağa məcbur edə bildi.
Lakin Musa ilə Tarik Əməvi xəlifəsi tərəfindən
Şərqə çağırıldı, arxada isə
onların nəzarətində olan İberiya
yarımadasının əksər hissəsi
qalmışdı.
Ən çoxu 20 min əsgəri olan bir orduya
yarımadanın sürətlə təslim olması göstərdi
ki, faktiki olaraq ispan-vestqot cəmiyyəti hələ kompakt yaşamağa
və bircinsli inteqrasiyaya nail olmamışdır. Qotlar və
ispan-romalılar özlərinin fərqli olmaları barədəki
şüurlarını qoruyub saxlamışdılar. Yəhudilər isə təzyiqə məruz
qaldıqlarından xristian hökumətinə qarşı
düşmən mövqeyində idilər. Həm də müsəlman işğalı cəmiyyətin
xeyli hissəsinə fayda gətirirdi. Vergilər
vestqot epoxasında olduğundan xeyli yüngül idi, islama
keçən təhkimçi kəndlilər isə azad adama
çevrilirdilər. Yəhudilər də
artıq təqib edilmirdilər, qotlarla, ispan-romalılarla bərabər
bir səviyyəyə qoyulmuşdular. Bütpərəstlərdən
fərqli olaraq, onlar təkallahlı olduqlarından və səmavi
kitabları rəhbər tutduqlarından müsəlmanlar tərəfindən
əl-zimmə, yaxud əl-kitab kimi qəbul edilirdilər.
Onlara heç də pis münasibət bəslənmirdi.
Həm də çox sayda sakin islamı qəbul
etdi, onlar “reneqada” - “dönüklər” qrupunu təşkil
edirdilər. Öz xristian dinini saxlamaqla, ərəb
mədəniyyətini və dilinin çox cəhətlərini
qəbul edənlər isə “mosarablar” (ərəbləşmişlər)
adlanmağa başladılar. Sonralar onlar
almohavidlərin və almohadların dövründə
islamı qəbul etməli oldular.
Beləliklə, VIII əsrin birinci yarısında buradakı müsəlman imperiyasında yeni və tam fərqli bir cəmiyyət meydana gəlmişdi. 712-ci ildə Musa ibn Nusayrın başçılığı altında ərəblər yüksək səviyyədə idilər. Suriyalılar isə buraya üç onillik sonra gəlmişdilər. Sonralar berberlər ərəb kübarlığına yüksəldilər, onlar həm də yarımadaya müdaxilə etmiş qoşunlarda çoxluğu təşkil edirdilər. Müsəlmanlar və ya mavlaslar, onların törəmələri olan müvəlladlar əhalinin çoxluğunu təşkil edirdilər. Yarımadadakı qubernatorlar Əməvi xəlifəsi tərəfindən təyin olunurdular. Lakin bu qarışıq dövrdə vətəndaş müharibələri davam edirdi. Ərəblərlə berberlər - axırıncılar çox vaxt İspaniyada moros-mavrlar adlanırdılar, - arasında silahlı toqquşamlar başladı. 756-cı ildə I Əbd ər-Rəhman tərəfindən müstəqil Əmirlik quruldu. O, özü Əməvi prinsi olmaqla xəlifəliyə yeni gələn Abbasilər tərəfindən taxt-tacdan getmiş sülalənin nümayəndəsi kimi öldürüləcəyindən qorxub qaçaraq, Kordobaya gəlmişdi və siyasi cəhətdən artıq Abbasilərdən asılı olmayana çevrilmişdi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2018.- 15 sentyabr.- S.22.