“Ötən günlərimi qaytaraydılar...”

 

 

... Bir zamanlar hər sayını intizarla, ülvi bir məhəbbətlə gözlədiyim, indinin özündə də dadını-tamını unutmadığım, artıq çoxdan tarixə qovuşmuş “Təşəbbüs” (Yevlax) qəzetini  və redaksiyanın istedadlı jurnalistlərini həmişə dərin ehtiramla xatırlayıram.

 

Həmin qəzetin çap edildiyi mətbəənin kiçik, lakin mehriban kollektivini böyük sevinc hissi ilə yad edirəm. Ona görə ki, qeyri-adi mətbəə qoxusu verən qəzet səhifələrinin arasında hər dəfə unudulmaz gənclik illərimi görürduyuram. Və nə vaxtsa öz tərcümeyi-halımı tərtib edəndə fəxrlə məni bu qəzetin mətbəəsinə bağlayan tarixi günü iri hərflərlə  qeyd edirəm. Düz əlli il bundan əvvəl - 1968-ci ilin hər tərəfdə xoşbəxtlik çiçəyi açılan gözəl yay günlərinin birində ilk dəfə “Təşəbbüs” qəzetinin mətbəəsində işə başladığım günü deyirəm.

Bu gün - aradan  düz 50 il keçəndən sonra bir daha qəlbimdə  taleyin mənə bəxş etdiyi qismətə minnətdarlıq hissi baş qaldırır.  Taleyimə ona görə minnətdaram ki,  məhz burada - mətbəədə və “Təşəbbüs”ün redaksiyasında çalışdığım  iyirmi üç il ərzində “insanlara fikir bəxş edən” bir jurnalist kimi böyük təcrübə məktəbi keçmişəm və necə deyərlər, “əyalət mətbuatın”da əxz etdiyim peşəkarlıq dərsləri sonralar çalışdığım beynəlxalq və respublika səviyyəli mətbu orqanlarda - “Günay” qəzetində, Azərbaycan Dövlət İnformasiya Agentliyində  (AZƏRTAC) və hal-hazırda işlədiyim “İki sahil” qəzetində çox karıma gəlib.

Sən demə, adam günlərin, ayların, illərin içində olanda vaxtın “ildırım sürəti” ilə  keçdiyini bir o qədər də hiss etmir. Lakin əlini gözünün üstünə qoyub əlli ilin uzaqlığından dünəninə, bu gününə baxanda isə heyfislənirsən, təəssüflənirsən, hələ bir qədər də kövrəlirsən ki, aman Allah, ömür qatarı göryaman sürətliymiş!

Bir neçə xatirəni vərəqləməli olacağam. Lap əvvəldən başlayıram.       

Bəli, yuxarıda söylədiyim kimi, ötən əsrin  68-ci ilinin hər tərəfdə xoşbəxtlik çiçəyi açılan gözəl yay günlərinin birində orta məktəb partası arxasından ayrılıb işləmək üçün Yevlax şəhərinin o vaxtkı “Kommunist” küçəsi 26 ünvanında yerləşən “Təşəbbüs” qəzeti redaksiyasının  (mətbəə redaksiyanın tərkibində idi) qapısını döyəndə heç ağlıma gəlməzdi ki, həyatımın bundan sonrakı çox uzun bir mərhələsi çətin və şərəfli jurnalistika sənəti ilə bağlı olacaq.

Ona görə “ağlıma gəlməzdi” deyirəm ki, nə gizlədim, mən bu sahəyə sırf təsadüfən qədəm qoymuşdum. Həmin dövrdə Yevlax Şəhər Partiya Komitəsində məsul vəzifədə çalışan qardaşım Yaşar Əhmədov  “Təşəbbüs” qəzetinin yaxın dostluq münasibətində olduğu redaktoru İsrail Rzayevə (hər ikisinin ruhu şad olsun) zəng edərək məni hərbi xidmətə gedənə kimi mətbəədə işə götürməyi xahiş etmişdi.

Yeri gəlmişkən, bir neçə kəlmə mərhum redaktorum İsrail müəllim  barədə. Bilirsiniz ki, müstəqil həyata sərbəst qədəm qoyan hər bir gənc üçün göstərilən diqqət və qayğı unudulmazdır. Və bu diqqət və qayğını sərgiləmək hər kişininişi deyil. Şeyx Nizami gözəl deyib: “Əsl insan Kişi olur”. Bu kişiliyi əksər adamlar İsrail Rzayevdən görüblər. Təsadüfi deyil ki, onun bərəkətli qayğısından çoxları mənfəətdar olublar, şənyaşar ovqatından həyata bağlanıblar və vərəsəlik bəxşişindən cəmiyyətdə mövqe qazanıblar. Elə mənim özüm kimi.     

Bu sətirləri yazdıqca bir daha xəyalən o çağlara qayıdıb ilk günümü xatırlayır, qəlbimdə jurnalistikaya mətbuatın əlifbası sayılan “mətbəənin özünəməxsus spesifik havasını udmaqla başlayan” hər bir həmkarıma xas olan şirin hisslər, xoş duyğular baş qaldırır, qara boyanın, necə deyərlər, o vaxtdan ruhuma hopmuş  və məlhəm bildiyim qoxusunu yenidən duyuram.  Və sövqi-təbii olaraq  ilk dəfə əynimə qara xalat (mətbəə həyatını yaşayan həmkarlarım  yaxşı bilirlər ki, buradakı bütün prosesində aparıcı rola malik olan qara xalatdır) geyinib işə başlayan andan mənə şriftləri (həmin vaxt bütün yazıların başlıqları kiçik həcmli xəbərlər əllə yığılırdı) yan-yana düzməyi böyük səbrlə və təmkinlə öyrədən, artıq əksəriyyəti həyatda olmayan nəcib, xeyirxah və sadə insanları - mətbəənin briqadiri, linotipçi Məmməd İsmayılovu (yaşca çoxlarından böyük olsa da hamı ona Mamed deyə müraciət edirdi), mürəttiblər Məsmə xalanı, Zərifə bacını, əslən Ukraynanın Xerson vilayətindən olan və Azərbaycanı özünə ikinci vətən seçən, hər kəsin böyük sayğı və məhəbbətlə “tyotya Nusya” adlandırdığı Anna Peçoriçkinanı, özünün dediyi kimi, “Naxçıvandan tövlənə-tövlənə Yevlaxa gəlmiş” çapçı Hidiş dayını (Hidayət İbrahimovu), həmyaşıdım, çapçı, gənc yaşında dünyadan köçmüş Qəzənfər Yusifovu,  məndən bir az əvvəl burada əmək fəaliyyətinə başlamış Zemfira Qəhrəmanovanı, sonralar cərgəmizə qoşulmuş Sərdar və Qəhrəman Məmmədov qardaşlarını və adlarını çəkə bilmədiyim neçə-neçə yoldaşlarımı sonsuz hörmət və ehtiramla xatırlayır, dünyasını dəyişmiş həmkarlarıma Ulu Tanrıdan rəhmət diləyir, qalanlara cansağlığı arzulayıram.

Əgər desəm ki, həyatımda ən unudulmaz anlar sırasında mətbəədə işə başlamağımdan heç bir ay ötməmiş “Təşəbbüs” qəzetində ilk dəfə yazımın dərc edilməsi ön cərgədə yer alan hadisədir, şübhəsiz, heç bir mübaliğəyə yol vermiş olmaram. Bugünkü kimi yadımdadır. Mətbəədə işə başlayandan iki həftə sonra istirahət günlərində rayonun Ərəb-Bəsrə kəndində yaşayan qohumlarımgilə  qonaq getmişdim. Magistral yoldan xeyli aralıda, şəhərdən təqribən 25 kilometr məsafədə yerləşən həmin kənddən bazar günü geri qayıtmaq mümkün olmadığına görə qohumlarım məni ertəsi gün sübh tezdən Füzuli adına kolxozun heyvandarlıq fermasından Yevlaxa gedənsüd maşını” ilə yola salmağı qərara aldılar.

Səhərin, necə deyərlər, heç gözü açılmamış fermadakı istehsal prosesini, müdir rəhmətlik Miskin İskəndərov başda olmaqla sağıcıların və naxırçıların öz işlərini böyük şövqlə və əzmkarlıqla yerinə yetirdiklərini yaxından müşahidə edərkən qəlbimdə bu sadə, zəhmətkeş insanlar haqqında məqalə yazmaq duyğusu baş qaldırdı və qəzetin növbəti nömrəsində jurnalistika sahəsində sonrakı əlli illik fəaliyyətimin bələdçisi olan ilk “qələm məhsulumu” “Təşəbbüs”də görərkən keçirdiyim hissləri bu gün də sözlə ifadə etməkdə çətinlik çəkirəm.

Heç şübhəsiz, iki illik fasilədən sonra, yəni 1971-ci ilin əvvəllərində hərbi xidmətimi başa vurduqdan sonra əsgərlik dövründə hər an darıxıb xiffətini çəkdiyim kollektivin sıralarına tərəddüd etmədən bu dəfə çapçı kimi yenidən qoşulmağımda, bir vaxtlar “təsadüfən qədəm qoyduğumu” zənn etdiyim jurnalistikanı özümə həyat yolu seçməyimi qətiləşdirməyimdə ilk dəfə imzamı qəzet səhifəsində görərkən keçirdiyim hisslərin rolu az olmamışdı. Dediyim kimi, mətbəənin özünəməxsus qoxusunun və buradakı öz sənətinin vurğunu olan mehriban, qayğıkeş insanların səmimi rəftarları da məni bu peşəyə bağlayan amillər sırasında idi.

O zaman digər mətbu orqanlar kimi, həftədə üç dəfə nəşr olunan “Təşəbbüs”  də qəzetçiliyin bütün zamanlarda  dəyişməz ənənəsinə uyğun olaraq gecə çap edilirdi. Mənim qrafikim belə idi ki, həftənin 1-ci, 3-cü və 5-ci günlərində digər çapçı yoldaşlarımla (Hidiş dayı və Qəzənfər) birlikdə axşamlar mətbəəyə gəlməli, qəzet çapa imzalandıqdan sonra çap prosesini başa çatdırıb səhər tezdən evə getməli idim. Amma nə gizlədim, mətbəə qoxusuna, kiçik kollektivimizdəki geniş qəlbli, gülərüz insanlara elə bağlanmışdım ki, bəzən çap prosesinin səhərə yaxın - saat 4-5-də yekunlaşdığı gecə növbəsindən sonra evə gedib dincəlməyi “unudur”, bütün günü burada qalıb mürəttiblərə kömək edirdim.

Hə, az qala unutmuşdum. İlk vaxtlar həftədə bir-iki dəfə təkrar olunan bu halın (gecə növbəsindən sonra evə getməyib mətbəədə qalmağımın) sonralar mütəmadi xarakter almasında ilıq nəfəsli yaz günlərinin birində, Günəş üfüqdən yenicə baş qaldıran zaman şahidi olduğum bir hadisə də böyük rol oynadı. Həmin gün adəti üzrə çapdan yenicə çıxmış qəzeti poçta yola salmaq üçün işə hamıdan tez gələn briqadir Məmməd İsmayılovla mətbəənin giriş qapısında dayanıb söhbət edirdik. Bu dəmdə eynilə mənim biçimimdə, boyda məndən bir qədər hündür olan arıq, çəlimsiz, əlində məktəbli çantası tutmuş bir oğlan bizə yaxınlaşıb ədəb-ərkanla salam verib:  - “Adım Rafiqdir, 1 nömrəli məktəbin 9-cu sinfində oxuyuram”, - söylədi və utana-utana əlindəki 20 qəpiyi Məmməd İsmayılova uzadıb: - “Bugünkü qəzetdən birini mənə verə bilərsiniz?”, - deyə soruşdu.

Yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, qəzetin bir nüsxəsinin qiymətinin 2 qəpik olduğu həmin dövrdə 20 qəpik heçaz pul deyildi. Briqadir pulu ondan alıb içəri keçdigeri qayıdıb əlindəki “Təşəbbüs”ün son nömrəsindən bir nüsxəni bu məktəbli oğlana uzadaraq: - “Bugünkü nömrəmizin ilk oxucusu sənsən”, - deyib həmin 20 qəpiyi onun ovcuna basdı. Adəti üzrə damağındakı siqaretdən dərin bir qullab vurub gülə-gülə: - “Bu pula özünə qələm-dəftər alarsan. Bundan sonra hər həftənin 2-ci, 4-cü və 6-cı günləri bu vaxtlar gəlib qəzetin təzə nömrəsini mətbəədən pulsuz götürə bilərsən” - dedi.

Sonradan bildim ki, həmin vaxt “Təşəbbüs”də bu gün çağdaş jurnalistikamızın istedadlı qələm sahiblərindən biri, maraqlı yazılar müəllifi, yazıçı-publisist Rafiq Hacıyevin ilk məqaləsi dərc olunubmuş. Bu səbəbdən də o, sonralar dediyi kimi, “bütün gecəni gözünü yummamış”, səhərin gözü açılmamış mətbəənin qapısını kəsdirmişdi. Tale elə gətirdi ki, bir neçə il sonra orta məktəbi bitirən Rafiqlə mətbəədə bir yerdə çalışmalı, özünün tez-tez təkrar etdiyi kimi, “gecələr səhərə kimi üz-gözümüz mətbəənin qara kraskasına bata-bata” qəzet çap etməli olduq. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olmaq arzusu ilə qanadlanan, öz üzərində yorulmadan işləyən, “Təşəbbüs”də rəngarəng yazılarla çıxış edən və gecə-gündüz mətbəənin bütün poliqrafiya “sirlərinə” dərindən vaqif olmağa çalışan Rafiqin bir müddət sonra daha birfitri istedadı”  da özünü büruzə verdi. Məlum oldu ki, Rafiq həm də yüksək xanəndəlik qabiliyyətinə malik gözəl və məlahətli səs sahibi imiş. Hər dəfə axşam qəzet çapa imzalandıqdan, mətbəədə əl-ayaq kəsildikdən sonra Rafiq Hacıyevin qəzet çap edə-edə oxuduğu xalq mahnıları muğamlar, eyni zamanda, onun qəlbləri riqqətə gətirən ecazkar səsi çap maşınlarının gurultusunu üstələyərək qaranlıq gecənin bağrını yarır, hətta mətbəənin qarşısından keçənləri belə, ayaq saxlayıb bu səsin cazibəsinə düşməyə məcbur edirdi.

Bax, elə həmin vaxtdan bu gün özümə qəlb sirdaşı bildiyim Rafiq müəllimlə  artıq əlli ili haqlamaqda olan dostluğumuzun bünövrəsi qoyuldu. Sonralar bu münasibət daha da inkişaf edib ailəvi dostluğa çevrildi. Günü bu günbiz hər görüşümüzdə mətbəədə keçirdiyimiz o qayğısız, xoşbəxt, işıqlı çağlarımıza qiyabiolsa ekskurs edir, həyatımızın o bəxtəvər, sevincli illərinin bir-birindən şirin xatirləri ilə dolu unudulmazbir daha təkrarolunmaz anlarını birlikdə yaddaşımızın süzgəcindən keçirərək xəyalən o günlərimizə qayıdırıq.     

Bu gün artıq 68-ci ilin hər tərəfdə xoşbəxtlik çiçəyi açılan yay gözəl günlərinin birində “Təşəbbüs” qəzetinin mətbəəsində yazı şriftlərini yan-yana düzməklə başlanansonralar respublikada sayılıb-seçilən bu mətbu nəşrin redaksiyasında, əgər belə demək mümkünsə, bütün ştat mərhələlərini - korrektor, ədəbi işçi, şöbə müdiri, redaktor müavini vəzifələrini adlamaqla 23  il davam edən yaradıcılıq yolumun hər qarışına nəzər salarkən, bu şərəfli yolda mənimlə çiyin-çiyinə çalışmış mərhum həmkarlarım - İsrail Rzayevi, İdris Hüseynovu, Ramiz Xasıoğlunu, Balabəy Kərimovu, Nazim İsmayılovu, Mahmud Yusifovu, Mustafa Əhmədovu, İsmayıl İsmayılovu və bu gün həyatda olan Hüseyn Səmədovu, İradə İsmayılovanı, sonralar müstəqil struktura çevrilmiş Yevlax Şəhər Mətbəəsinin direktorları olmuş Rəxşəndə Kərimovanı, həyatdan vaxtsız köçmüş Aydın Məmmədovu  xüsusi ehtiram,  hörmət və minnətdarlıq duyğuları ilə yada salıram.

Eyni zamanda, bu gün “Təşəbbüs” qəzetinin xələfi olanKür” qəzetinin baş redaktoru vəzifəsinin öhdəsindən layiqincə gələn tanınmış qələm sahibi, Əməkdar jurnalist Əminə Yusifqızı, həmin qəzetin əməkdaşı, veteran jurnalist, “Tərəqqi” medallı Ramiz Həmidov, AzTV-nin əməkdaşı Faiq Sadıqov, hazırda Hacıqabul Rayon İcra Hakimiyyətində çalışan Əsabir Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov kimi həmkarlarımla vaxtilə “Təşəbbüs”də birlikdə  çalışmağımdan sonsuz qürur hissi keçirirəm.

Əlbəttə, ötən 50 illik yola nəzər salarkən sonralar çalışdığım “Günay” qəzetində, AZƏRTAC-da və hazırda işlədiyim “İki sahil” qəzetindəki fəaliyyətimdən, bu mətbu orqanlarda bir sırada çalışdığım və bu gündostluq əlaqələrimiz davam edən respublikanın tanınmış qələm sahiblərinin də ünvanına lütfkarlıqla xeyli xoş sözlər söyləyə bilərəm. Amma təəssüf ki, kiçik bir qəzet məqaləsində bütün bunları tam əks etdirmək mümkünsüzdür və yəqin ki, buna görə hörmətli həmkarlarım Ələkbər Abbasov, Qasım Qasımov, Tamilla Rüstəmova, Zülfüqar Şahsevənli, Tofiq Yusifov, Orxan Fikrətoğlu, Əli Səmədov, Oktaedr  Məmmədov, Dağbəyi İsmayılov, Nərgiz Sadıqlı, Zeynal Ağazadə, Vüqar Ağayev, Fəridə Abdullayeva, Sabir Şahtaxtı, Abdulla Suvar  və adlarını çəkə bilmədiyim digər qələmdaşlarım məndən inciməsinlər.

... Xatirələr çözələndikcə yeni-yeni səhifələr yada düşür... Lakin mən özgün qeydlərimi, “xatirələr dünyası ənginliklərində” qanadlanan şirin təəssüratlarımı artıq bitirmək üzrəyəm və adətimə uyğun olaraq yazıya başlıq, seçmək üstündə “baş sındırıram”. Görəsən yazı üçün hansı sərlövhə daha məqsədəmüvafiq olar: “O illəri xatırlayarkən”, yoxsa “50 ilin işığında”, bəlkə “Jurnalistika mənim taleyimdə?”  Bəlkə... Bu düşüncələr içərisində “üzərkən” qulağıma Azərbaycan Radiosunun efirindən bənzərsiz müğənnimiz Akif İslamzadənin ifasında sözləri unudulmaz şairimiz Rəfiq Zəkaya, musiqisi isə ölməz bəstəkarımız Elza İbrahimovaya məxsus, qəlbləri riqqətə gətirən, könülləri duyğulandıran məşhur “Ötən günlərimi qaytaraydılar” mahnısının təkrarolunmaz sədaları gəlir:

O çağlar necə də mənə haydılar,

Könlümə, gözümə şəfəq yaydılar.

Ötən günlərimi qaytaraydılar,

Gələn günlərimi qurban verərdim...

Hər misrasında və əsrarəngiz musiqisinin hər çalarında həyatının ixtiyar çağını yaşayan hər bir insanın özünün keçmişini tapdığı və böyük məmnuniyyətlə, “gələn günlərini qurban verməyə” hazır olduğu bu unikal sənət əsərini dinlədikdən sonra tərəddüd etmədən ömrümün son əlli ilinə qısa  ekskurs olan yuxarıdakı özgün qeydlərimə “Ötən günlərimi qaytaraydılar...” başlığını seçdim. Seçimim uğurludurmu, uğursuzdurmu? Sualın cavabı sizdədir, möhtərəm oxucular...

 

Əhməd QURBANOĞLU

 

525-ci qəzet.- 2018.- 15 sentyabr.- S.20-21.