Sənətdə dəniz obrazı: dalğalı duyğular mozaikası

 

 IV yazı

 

 

 

... Bilirəm, daimi oxucularımız “bir aydır dənizdən yazırsan, hələ də sözün bitmədimi?” - deyəcəklər. Söz yox, dənizdir bitməyən. Amma gündəlik həyatımızda etdiyimiz işləri göz önünə gətirsək, hansımızın plan-proqramında bircə saatını dənizlə başbaşa keçirmək, onun gözəlliklərindən zövq almaq, həzin dalğaların səsiylə gözlərini yumub, xəyalən də olsa, bu dünyadan baş götürüb qaçmaq var?..

Bir gün bir dostumla dəniz qırağına getmişdik. Küləkli hava idi. Qayalıqlardan dənizi seyr edirdik. Dəlisov ləpələr gətirib özünü düz ayağımızın altına çırpır, dənizin zərrələrini üst-başımıza çiləyir, sonra da sanki bu zərbədən və bizə verdikləri hədiyyədən məmnun qalmış kimi sakitcə geriyə, öz yatağına qayıdırdı. Biz isə uzaqdan vahiməli, səsli-küylü gəlişi ilə qorxunc əjdahanı xatırladan dalğalara, üstümüzü isladan damlalara, o dəniz zərrələri ilə birləşib canımıza üşütmə salan küləyə aldırmadan səssizcə qarşımızdakı mənzərəni seyr edirdik. Dostumun həmin an nə düşündüyünü bilmirdim (sonra biləcəkdim!), amma mən yerlə göyün birləşdiyi üfüq xəttinə heyranlıqla baxırdım. Və dənizin yerlə göyün birləşdiyi yeganə məkan olduğunu düşünürdüm. Birdən dostum:

- Şair olsaydım, məmnuniyyətlə bu mənzərəyə şeir yazardım - dedi.

- Amma mən qələmdənsə fırçanı üstün tutardım bu an. Möhtəşəm rəsm əsəri var burda.

- İstəyirsən çəkək də - deyib mobil telefonunu çıxartdı. Kamerasıyla fotosunu çəkmək idi fikri, etiraz etdim:

- Yox, fotoaparatı demirəm, fırçanı, kətanı, tablonu deyirəm...

“Rəssam, bu dənizin şəklini gəl, çək...”

Həm dünya, həm də Azərbaycan təsviri sənətində onlarla, yüzlərlə dəniz mənzərəli sənət inciləri yaradılıb. Çünki dəniz özü bir hekayədir. Onu kağıza, ya da kətana köçürməyinizdən asılı olmayaraq, sujetini özü varlığı ilə hazır təqdim edir. Yaradıcılıq isə onu duymaq və köçürməyi bacarmaqdır.

Buna da qeyd etmək lazımdır ki, dəniz təsvirləri olan əsərlər marina, onu işləyən rəssamlar isə marinist adlanırlar. Dünyada dəniz təsvirləri işləyən ən məşhur rəssamlar İvan Ayvazovski, Vasili Surikov, İlya Repin və başqalarıdır. Xüsusən, Ayvazovskinin əsərlərinin yarıdan çoxunu dəniz mənzərələri təşkil edir. “Dənizdə qəza”, “Balıqçı qayıqları limanda”, “Dənizdə fırtına”, “Odessa limanı” və digər kimi əsərlərində dəniz hər cür obrazda cilvələnir.

“Sənsən, Xəzər, mənim ürəyimdə...”

İstər rəngkarlıq, istərsə də qrafika sənətində Xəzəri müxtəlf aspektdə, maneralarda, əhval-ruhiyyədə təsvir edən saysız-hesabsız sənət incisi var. “Bir çox tablolarda Xəzərin obrazı, onun ümumi əhvalı, gah günəşin zərrin şüaları altında bərq vuran, gah da şaxtanın sazağında donan suları, dalğaları dramatik, ekspressiv, emosional patetika ilə doludur, digərlərində isə bu duyğuları lirik, romantik təəssürat əvəzləyir, bəzilərində isə Xəzər başqa prizmadan - sırf industrial nöqteyi-nəzərdən görünür”.

Xəzərin bu cür möhtəşəm obrazlarını yaradan rəssamlar sırasında S.Bəhlulzadənin, T.Salahovun, B.Mirzəzadənin, N.Qasımovun, M.Rəhmanzadənin, M.Xəlilovun, F.Xəlilovun, Y.Mirzənin, Q.Yunusun, R.Muradovun, E.Qurbanovun, M.Allahverdiyevin və bu sıranı zənginləşdirəcək onlarla rəssamın adını çəkmək olar.

Azərbaycan mənzərə rəngkarlığına ölümsüz əsərlər bəxş etmiş təbiət nəğməkarı Səttar Bəhlulzadənin təkrarsız fırçası ilə doğma təbiətin ayrılmaz parçası olan Xəzər obrazı özünəməxsus tərzdə canlandırılmışdır. Bakı lövhələri, dəniz, dəniz axşamı, sahil kəndləri rəssamın tablolarında Azərbaycan obrazının ayrı-ayrı cizgi və boyalarıdır. Onun mənzərələrində, eləcə də dəniz təsvirlərində təbiət sakit və lirik tərzdə əks etdirilmişdir.

Rəssamın “Neft daşları”na səyahətinin nəticəsi olaraq meydana gələn “Neft daşlarının görünüşü”, “Estakada”, “Xəzər axşamları”, “Xəzər gözəli” kimi əvəzsiz sənət nümunələri onun yaradıcılığındakı dəniz mövzusunun bir hissəsidir.

Hələ 1957-ci ildə diplom işi kimi çəkdiyi “Növbədən qayıdış” əsəri ilə bütün diqqətləri öz üzərinə çəkən və adını dövrünün tanınmış rəssamları ilə eyni sıraya yazdırmağa nail olan Tahir Salahov isə S.Bəhlulzadədən fərqli olaraq, Xəzərə başqa gözlə baxırdı. Onun əsərlərində Xəzər dramatikləşir, səneyləşmə ilə özünün əsl mahiyyətini itirir və bu itki onu soyuq, sərt bir dənizə çevirir. “Təmirçilər”, “Neftçi”, “Yeni dəniz”, dəniz fatehlərinin qəhrəmanlığından bəhs edən “Xəzərdə səhər” və s. əsərlərinin qəhrəmanları məhz Xəzər kimi sərtləşib, soyuyublar.

Rəssamın Xəzərə həsr etdiyi digər maraqlı işləri sırasında “Xəzərin sahilində qum təpələri”, “Xəzəryanı qayalıq”, “Səhər”, “Tutqun hava”, “Xəzərdə fırtına, “Xəzərdə ləpədöyən”, “Sakit Xəzər”, “Qarpız və dəniz”, “Nardaransayağı qarpızlar” və digərlərinin adlarını çəkmək olar. Bu tabloların hər birində rəssamın özünəməxsus üslubunun parlaq təzahürləri əksini tapıb. Onun bu mövzuya həsr etdiyi sonuncu şedevri “Odlar yurdu” triptixinin bir hissəsi olan “Xəzər bu gün” adlı kompozisiyasında isə Xəzərin sənaye qüdrəti əks olunub. Rəssam sanki, qloballaşan iqtisadi dünyada Xəzərin əzəmətini, möhtəşəmliyini, əvəzolunmaz iqtisadi əhəmiyyətini tərənnüm edir.

Dəniz həmişə gözəldir, amma onun yaşatdıqları, ya da onun sahilində yaşananlar nə yazıq ki, bu gözəlliyə bəzən xələl gətirir. Bu xalqın yaxşı və pis başına gələn, gətirilən hər bir hadisənin yeganə şahididir Xəzər. Ona görə də onun bir də faciəvi günlərin şahidi obrazı var. Bu obraza isə biz fırça ustası Nadir Qasımovun yaradıcılığında rast gəlirik. Rəssamın 1990-cı il 20 Yanvar hadisələrinə həsr etdiyi “Xəzər. 1990-cı il 20 yanvar” əsəri bu baxımdan səciyyəvidir. Əsərdə qan gölünə dönmüş, üzərini qara buludlar örtmüş sıxıntılı, əzablarla dolu Xəzər xalqın başına gətirilən faciənin təsvirində sanki bir vasitə rolunu oynayır.

Bundan başqa, rəssamın Xəzər silsiləsində işlədiyi “Xəzərin qum təpələri”, “Dəniz coşur”, “Yeni neft yataqları”, “Xəzərdə külək”, “Xəzərdə axşamçağı”, “Xəzərin günəşi və küləyi”, “Xəzərdə qızıl gün batanda”, “Buludlu gün”, “Dəniz və qayalar”, “Xəzər dənizi” və s. kimi əsərlərinin əksəriyyəti romantikliyi, sanki bir şair şeiriyyəti ilə diqqəti cəlb edirsə, “Neft kəşfiyyatçıları”, “Fəhlə estakadada”, “Xəzərin köhnə neft mədənləri”, “İliç buxtası”, “Daş sahil”, “Xəzər. Axşamçağı”, “Xəzər qayaları”, “Xəzər mənzərəsi”, “Abşeronda buludlar”, “Dəniz və qayalar”,  “Əsgərlər çimərlikdə”, “Neft sahələri”, “Dəniz burulğanı” və s. kimi tablolarının qayəsini Bakı nefti, neft mədənləri, sənayeləşən Xəzər təşkil edir.

Rəssam Mirteyyub Xəlilovun tablolarında isə Xəzər sanki anbaan dəyişir, haldan hala düşür və yalnız özünəxas rəngləri ilə təbiətə meydan oxuyur. “Dəniz kənarında uşaqlar”, “Külək”, “Dəniz”, “Dənizdə axşam”, “Xəzər dənizi sahilində” tabloları bu baxımdan səciyyəvidir.

Sənətkar Cavad Mircavadovun əsərlərində Xəzər simvol və alleqoriya ilə ifadə olunur. Onun “Xəzərdə”, “Xəzərdə gəmi” əsərləri folklordan qaynaqlanan motivləri, dərin fəlsəfi yükü ilə fərqlənirlər.

Özünəməxsus üslubu ilə seçilən Yusif Mirzənin “Bakının qədim nəğməsi”, “Xəzərin qədim nəğməsi” tablolarında Qobustan qayaüstü təsvirlərinin rəqs edən insanlarının ecazkar səhnəsini görürük. Qədim türk-Şumer motivlərinin üstünlük təşkil etdiyi bu əsərlər uğurlu rəng həlli ilə diqqəti cəlb edir.

Müasir rəssamlarımız da Xəzərin gözəlliyini diqqətdən kənarda saxlamır, vaxtaşırı bu mövzunu öz yaradıcılıqlarına daşıyırlar.

Onların bir nümayəndəsi Murad Allahverdiyevin “Xəzər üzərində alaqaranlıq” əsərində səhər tezdən dan yerinin sökülməsi çox məharətlə ifadə olunub.

Gənc rəssam Cavid Həsənlinin “Keçmişdən gələcəyə. Cəsur dənizçilər” əsəri də öz orijinallığı və müəllif təxəyyülünün genişliyi ilə fərqlənir. Əsərdə buludların üzərində bir xəyal, yuxu kimi əks edilən Qobustan qayaüstü rəsmlərindəki gəmi təsvirləri keçmişin, böyük, əzəmətli, dalğaların üzərində cövlan edən gəmi isə indinin və gələcəyin simvoludur. Əsər, həmçinin, uğurlu rəng seçimlərilə də diqqət cəlb edir.

Bunlardan başqa, İbrahim Səfinin “Dəniz mənzərələri”, Lətif Feyzullayevin “Tənha sahil”, “Sahildə”, Yavər Sultanovun “Köhnə gəmi”, Akif Kazımovun “Dəniz kənarında, Aygün İsgəndərovanın “Xəzərim”, “Mənə dəniz verin”, Müslüm Eldarovun “Xəzər”, Həmzə Abdullayevin “İki gəmi”, Davud Kazımovun “Zaqulba” əsərləri göstərir ki, Azərbaycan təsviri incəsənəti heç zaman öz maddi və mənəvi sərvətlərinə qarşı biganə deyil, sənətkarlarımız bu təbiət incisini çox gözəl duyur və o duyumu bütün sənətsevərlərə ötürə bilirlər. 

“Kaş ki mən dəniz olaydım...”

Fransız boyakarı Kamil Jakob Pissarronun “Dəniz kənarında söhbət edən iki qadın” əsəri isə Fransa kənd və şəhər mənzərələrinin təsvirləri arasında xüsusilə seçilir. 1856-cı ildə çəkilmiş əsərdə sakit, huzurlu dəniz və onun sahilində nə haqdasa ehtiraslı şəkildə söhbət edən iki qadın təsvir olunub. İmpressionizmin yaradıcılarından biri hesab olunan rəssam digər həmkarlarından fərqli olaraq, dənizlə göyün göz oxşayan vəhdətini, havanın şəffaflığını və nəmliyini daha aydın şəkildə əks etdirməyi bacarıb.

Fransız impressionist rəssam Klod Monenin də yaradıcılığında dəniz mövzusu xüsusi yer tutur. İlkin olaraq qeyd etmək lazımdır ki, impressionizm termini, Monenin “Gün doğarkən” adlı rəsmindən gəlir. Le Havre limanından bir mənzərə əks etdirən tablonu rəssam 1872-ci ildə çəkir və rəsm əsəri 1874-də ilk impressionist sərgidə yer alır. Əsərdə mavi gecədə göy üzündən süzülərək çıxan narıncı rəngli günəş dalğaların üzərində iz qoyur. Burada rəssam müəyyən vaxt biçimində göy üzü ilə dəniz arasında əmələ gələn rəng dalğalarını füsunkar şəkildə əks etdirib.

Rəssamın 1867-ci ildə çəkdiyi “Sante Adressdə terras” əsəri isə realist sənət nümunəsi kimi əlamətdardır. O, həmin il yayı Adressdə keçirir və belə bir sənət əsəri yaradır. Şəkildə rəssamın atası və qohumları əks olunub. Terras, dəniz və göy üzü bir vəhdət halında ecazkar bir mənzərə yaradır.

İranlı rəssam Şoeyb Əhmədinin rəsmlərində isə dəniz hər zaman təlatümlü, hər zaman hirslidir. Onun əsərlərindəki dənizin rəngi də bir başqadır. Yaşıla çalır bir az. “Fırtınalı dəniz” əsərində qaranlıq gecədə yaşıl dalğaların üzərində həyatla ölüm arasında ləngər vuran gəmi təsvir olunub. “At” və “Atlar” əsərində isə dəniz yenə də coşğundur, ağ köpüklü masmavi sular atların ayaqlarını “qucaqlayır”.

Haqqında yazdığım tabloları seyr etdikcə insan təsvirəgəlməz hisslər yaşayır. Hər tabloda o sehrkar sular dil açıb danışır, hər tabloda başqa duyğuların tərcüməçisinə çevrilir. Və fonda “Rast” qrupu “Kaş ki mən dəniz olaydım...” oxuyur. Dənizi yağış yağarkən seyr etmisinizmi? Sanki İlahi bir əl dalğaların üzərində pianino çalır. Göylərin o İlahi musiqisi yerdə notlara düzülür və bu təbiət möcüzəsi bu dəfə notlara “qonaq gedir”. Amma bu barədə gələn yazımızda...

 

Şahanə MÜŞFİQ

 

 

525-ci qəzet.- 2018.- 15 sentyabr.- S.18.