Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə yeni töhfə

 

”İÇƏRİŞƏHƏR” DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİNİN “ELMİ ARAŞDIRMALAR” TOPLUSUNDA MARAQLI MƏQALƏLƏR DƏRC EDİLİB

 

 

 

Ötən ilin dekabr ayında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində “Azərbaycan Cümhuriyyəti - 100” adlı müsabiqə elan etmişdi.

Müsabiqənin təşkil edilməsində məqsəd Prezident İlham Əliyevin 2017-ci ilin mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamdan irəli gələn bir çox layihələri icra etməklə yanaşı, gənclərə cümhuriyyət tarixini və fəaliyyətini mükəmməl mənimsətmək, onların arasında maariflənmə işini gücləndirmək, elmi potensialı olan gəncləri bu mövzuda yeni araşdırmalara cəlb etməkdir.

Bu ilin may ayında müsabiqənin qalibləri Qoruq İdarəsinin Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbirində mükafatlandırılıb və məqalələr qurumun “Elmi araşdırmalar” toplusunda dərc olunub.

“Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda hazırlanan toplunun elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədovadır. İşçi qrupa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri Əsgər Ələkbərov, Emi-Mədəni mərkəzin direktoru Cavid Kazımov, filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Musayeva, “İçərişəhər” Tarix muzeyinin Elmi tədqiqatlar şöbəsinin müdiri Nahidə Bəkirova və Elm şöbəsinin tarix üzrə elmi işçisi Nərmin Alıyeva daxildir.

Toplu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə başlayır.

Nəşr daxil edilən məqalələrin mövzu rəngarəngliyi, tədqiqatçıların mövzuya və tarixi hadisələrə obyektiv yanaşması, zəngin araşdırma materialları ilə seçilir.

“Fevral burjua inqilabı və Azərbaycan” adlanan ilk məqalə tarix elmləri doktoru, professor Anar İsgəndərova aiddir. Məqalədə fevral burjua inqilabı, onun səbəbləri və nəticələri, Azərbaycandakı vəziyyət və inqilabın Azərbaycana təsirləri geniş şəkildə şərh olunub.

Anar İsgəndərovun məqaləsində toxunduğu məsələləri Firdovsiyyə Əhmədova özünün “Açıq söz”: siyasi tribuna- tarixi mənbə” məqaləsində daha da genişləndirir, hadisələrə bir növ mətbuatın gözündən baxmağa çalışır. O, həmin dövrdə azad mətbuatın və üsyankar tribunanın simvoluna çevrilmiş “Açıq söz” qəzetinin inqilabın nəticəsində bilavasitə oynadığı roldan, ictimai təsir gücündən və Məhəmməd Əmin Rəsulzadənin vaxtaşırı qəzetin səhifələrində yer alan məqalələrindən danışır:

“Açıq söz” qəzeti 1917-ci ilin martın 5-də “Böyük inqilab” məqaləsi ilə çıxış etdi. “Yaşasın tazə və azad Rusiya! Var olsun millətlərin bərabərligi, birligi!” şüarları ilə bitən bu məqaləsində M.Ə.Rəsulzadə Rusiya inqilabını “dünyanın ən böyük hadisəsi” adlandırdı”.

“Açıq söz” qəzeti Rusiya inqilabını və onun əhəmiyyətini yalnız vəsf etməyi qarşısına məqsəd qoymamışdı. Əsas hədəf inqilabın yaratdığı imkandan məqsədyönlü faydalanmaq idi...”

Məqalədə həmçinin, M.Ə.Rəsulzadə və tərəfdaşlarının inqilabın ardınca qaldırdıqları “Azərbaycan muxtariyyəti” hərəkatına da toxunulur. Bu məsələnin də ifadə yeri məhz “Açıq söz” qəzeti idi. Bu məsələyə mane olmağa çalışan xarici və daxili qüvvələrin səylərinə baxmayaraq, Azərbaycan ən böyük nəticəni əldə edə bildi: “Azərbaycan muxtariyyəti” hərəkatı Azərbaycanın dövlət istiqlaliyyətinə qovuşmaq üçün bir mərhələ idi. 1917-ci ilin yazından 1918-ci ilin yazınadək Azərbaycan milli hərəkatı on illərlə bərabər inkişaf yolu keçdi və başlıca məqsədinə nail oldu. Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdi, müsəlman Şərqində ilk Respublikanı qurdu. XX Yüzilliyin sonlarında Azərbaycan xalqı yenidən dövlət müstəqilliyini bərpa etdi”.

Bu məqalələrin məntiqi ardıcıllığını professor Musa Qasımlı davam etdirir. O, məqaləsində “Azərbaycan Xalq Cümhuriyyətinə aparan yol”dan danışır.

Fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Azərbaycan Milli Hərəkatının ideoloji əsasları” məqaləsində yazır: “...yeni yaranmış dövlətlərin ideoloqlarının  bir tərəfdən “Azərbaycan Cümhuriyyəti”nin türk tarixi, türk ədəbiyyatı, türk mədəniyyəti anlamında onun bir parçası olması kimi varislik prinsiplərini gözləməsi, digər tərəfdən vətən və coğrafiya anlamındakı “Azərbaycan”dan uzaqlaşaraq onu millət və dövlət olaraq ifadə etmələri təsadüfi ola bilməzdi. Hər halda 1918-ci ilə qədər daha çox coğrafi və vətən anlamında qəbul edilən, ancaq Rəsulzadənin sayəsində milli mənsubiyyətinə dönən “Azərbaycan” kəlməsinin “Türk-Oğuz” etnik kimliklə eyniləşdirilməsi, eyni zamanda, dövlət kimi ifadəsi keçmişlə bağlılığı ortaya qoymuşdur”.

Tarix elmləri doktoru Nəsiman Yaqublu “Üçrəngli bayrağımızın mənası” məqaləsində yalnız bayrağımızı mənalandırmaq və tarixini araşdırmaqla qalmır, eləcə də digər dövlət atributlarımızı-gerbimizi və himnimizi də diqqətdə saxlayır, yaranma tarixləri haqqında qiymətli məlumatlar verir.

Elmi topluda yalnız Cümhuriyyət dövrü hadisələri deyil, həmçinin “cümhuriyyət qurucularımız və həmin dövrdə ictimai-siyasi fikrin formalaşması, vətənpərvəlik ideyalarının təbliğində mühüm rol oynayan şəxslər də böyük sayğı və qürur hissi ilə anılır. Əli bəy Hüseynzadə (Azər Turan: “Cümhuriyyətə aparan ilk istiqlal həmləsi. Əli bəy Hüseynzadə və “Turan Heyəti”, Gülnar Əliyeva: “İctimai-siyasi fikrin parlaq nümayəndəsi Əli bəy Hüseynzadə”), Əlimərdan bəy Topçubaşov (Nadir Məmmədli: “Milli hərəkatımızın mübariz döyüşçüsü - Əlimərdan bəy Topçubaşov”, Aygün İsmayılova: “Əlimərdan bəy Topçubaşovun mühacirətdəki fəaliyyəti”), Məhəmməd Hadi (Alxan Bayramoğlu: “Məhəmməd Hadinin həyatı və cümhuriyyət dövrü yaradıcılığı”), Zivərbəy Əhmədbəyov (Cəfər Qiyasi: “Zivərbəy Əhmədbəyov - ustad memar, böyük şəxsiyyət”), Xəlil bəy Xasməmmədov (Qərənfil Xəlilova: “Taleyi təlatümlərdə keçən şəxsiyyət - Xəlil bəy Xasməmmədov), Əhməd Ağaoğlu (Günel Qarayeva: “Əhməd Ağaoğlu “Sərbəst insanlar ölkəsində” əsərinin timsalında AXC dövründə ideal cəmiyyət obrazı”), İsmayıl bəy Qaspiralı (Səidə Babayeva: “İsmayıl bəy Qaspiralı məktəbinin davamçılarının AXC-nin qurulmasında rolu”).

Kitabda “Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra xaricə oxumağa göndərilən tələbələrin taleyi”ndən professor Kamil İbrahimov, həmin dövr ədəbiyyatı, dövrün çətinliyinin əsərlərdəki əksi və Sovet senzurasından isə filologiya elmləri doktoru Almaz Həsənqızı (“Repressiya və Azərbaycan mühacirəti folklorşünaslığı”) söz açır. A.Həsənqızı o dövrün mövcud durumunu belə ümumiləşdirir: “Sovet dövrünün təbliğatçıları folklor qəhrəmanlarını əsl həqiqətdə olduğu kimi - millətlərin azadlığı, hürriyyəti üçün mübarizəyə qalxaraq, xalq tərəfindən əbədiləşdirilməsi kimi deyil, imperiyaya lazım olduğu şəkildə təbliğ edilməsini tələb edirdilər ki, nəticə etibarı ilə bu da xalq ədəbiyyatının saxtalaşdırılmasına gətirib çıxarırdı”.

Tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov da olduqca maraqlı və vacib məsələlərdən birinə işıq tutub. O, “Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi” məqaləsində yazır: “1918-ci ilin dekabrında fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünün bir sıra iclaslarını ermənilərin Zəngəzur, Qarabağ və Naxçıvanda həyata keçirdikləri soyqırım cinayətlərinə həsr etmişdir.

Beləliklə, parlament sənədlərinin təhlili göstərir ki, 1918-1920-ci illərdə Azərbaycanın Zəngəzur, Qarabağ və Naxçıvan bölgəsində daşnak qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı qanlı soyqırımlar, vəhşiliklər törədilmiş və bu cinayət əməlləri Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində dəfələrlə müzakirəyə çıxarılmış və qəti addımlar atılmışdır”.

“İçərişəhər” Tarix muzeyinin Elmi tədqiqatlar şöbəsinin müdiri Nahidə Bəkirova isə “71 il gizlədilən tarix...”-dən söz açır: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin varlığı birbaşa Milli ordunun yaradılması və Bakının azad edilməsi hadisəsi ilə bağlıdır. Azərbaycan dövlətinin sütunları olan generallarımız hərb tarixinə parlaq səhifələr yazaraq bu işdə misilsiz xidmətlər göstərmişdilər. Bu tarixin ilk səhifələrini yazmış sərkərdələrimizin bəziləri mühacirətdə, bəziləri isə Bakıda dəfn olunmuşdur. Acı həqiqət budur ki, 1920-ci ildə güllələnən və meyiti Xəzər dənizində batırılan 12 generallarımızın taleyi tariximizin qaranlıq səhifəsi hesab edilir”.

Müəllif məqaləsində həmin 12 generalın taleyi haqqında da məlumat verir. Onlar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, İbrahimağa Usubov, Süleyman bəy Əfəndiyev, Qacar Əmir Kazım Mirzə Bəhmən, Qacar Feyzulla Mirzə Bəhmən, Qacar Sədrəddin Mirzə Bəhmən, Əliyar bəy Haşımbəyov, Murad Gəray Tlexas, Əbdülhəmid bəy Qaytabaşı, Sulkeviç Süleyman bəydir.

Marmara Universitetinin magistrantı Dilqəm Əhməd isə kitabda iki araşdırma məqaləsi ilə çıxış edir. O, birinci məqaləsi “Azərbaycan Cümhuriyyətinin poçt markaları”nda Azərbaycanda istifadə olunan ilk poçt markaları və AXC dövründə hazırlanan xüsusi markalardan, ikinci - “Tək hədəf müstəqillik Vidro Vilsonla tarixi görüş” məqaləsində isə AXC tarixinin ən önəmli hadisələrindən birindən danışır.

Topluda Solmaz Rüstəmova-Tohidi, Oğuztoğrul Tahirli, Sevda Süleymanova, Arifə Adıgözəlova, Afət Səfərova, Mübariz Süleymanlı, Sevinc Əliyeva, Kamran İsmayılov, Fərhad Cabbarov, Vaqif Abışov, Samirə Məmmədli, Səadət Ələkbərova, Nurlana Həmzəyeva, Gülarə Bağırova, Ofelya Əfəndiyeva, Nigar Camalova, Gülnar Məmmədova, Orxan İsayev, Turab Əhmədov və Sevinc İbadova kimi tədqiqatçıların AXC dövrünün müxtəlif məsələləri ilə bağlı məqalələri, araşdırma yazıları yer alıb.

O cümlədən, Cümhuriyyət qurucularının portretləri, “İstiqlal Bəyənnaməsi” və eləcə də digər mühüm sənədlərin, arxiv materiallarının, AXC-nin pul vahidlərinin, dövlət rəmzlərinin, Gəncədəki Xalq Cümhuriyyəti binasının və həmin dövrə aid tarixi hadisələrin fotoları da qurumun “Elmi araşdırmalar” toplusunu daha maraqlı və oxunaqlı edib.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 15 sentyabr.- S.16.