Doğmasevimli ADPU...  

 

 

 

Tələbə adını qazanmaq, universitetə qəbul olunmaq sanki azad həyata vəsiqə qazanmaq kimidir. Bir tərəfdən yeni bir mərhələ başlanır ömründə.

 

Seçdiyin peşəni günbəgün öyrənirsən, hər yeni mühazirəylə, seminarla bir az daha dərinlərə getdikcə, oxuduqca əslində ciddi bir həyat məktəbi keçdiyini başa düşürsən. Hələ yeni tanışlıqlar, tələbə yoldaşlarınla başına gələn unudulmaz hadisələr, imtahanların həyəcanı aldığın qiymətlərin sevinci... Bütün bunlar həqiqətən ciddi bir yaşam dərsidir, müstəqil həyata hazırlıqdır. Bəlkə ona görədir ki, ən məşhur, zəngin, maraqlı, fərqli həyat yaşayan adamlar da məhz tələbəlik illərini sevgiylə, nostaljiylə xatırlayırlar. Tələbəliyin romantikası öz yerində, amma həyatın bu mərhələsinin qəribə bir asudəliyi, qayğısızlığı var. Bəlkə əslində bütün bunları zaman keçəndən sonra dərk edirik. qəribə bir minnətdarlıq hissi ilə  yada salırıq o illəri , bizə peşəmizin incəliklərini öyrədən müəllimlərimizi ...

İlk dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin binasına girəndə keçirdiyim hissləri heç unutmuram. Köhnə özünəməxsus aurası olan bina, hələ üstəlik, şəhərin mərkəzində, dənizə, bulvara yaxın... Elə bunların özü tələbəliyin maraqlı olacağını deyirdi. O vaxt burda dinləyəcəyim mühazirələrin, qatılacağım müzakirələrin dünyagörüşümə, baxışlarıma necə təsir edəcəyini bilmirdim. Amma indi, illər sonra bu universitetin müəllimi kimi həmin auditoriyalara girəndə, tələbələr qarşısında danışanda o vaxtları, öz tələbəliyimi yada salıram. Yaddaşın qəribə işləri var... Bəzən heç özün fərqində olmadan gətirib nələrisə çıxarır gözünün önünə. sən bir az da gəncləşib, uşaqlaşıb o keçmiş, əslində çox da uzaqda olmayan keçmiş haqqında düşünürsən. Görünür, müəllim sənətinin bir üstünlüyü budur, unudulmaz olmaq şansı... İnsan ömür yolunda müxtəlif adamlarla ünsiyyətdə, münasibətdə olur, amma ən çox yada düşən unudulmayan məhz müəllimlərimizdir. Bu günlərdə məzuniyyətdən qayıdar-qayıtmaz universitetin tələbəsiz dəhlizlərinə, bir az da səliqəyə düşmüş, göz oxşayan auditoriyalarına, kafedralarına elə-belə nəzər salıb o uzaq illəri, indi birgə çalışdığım müəllimlərimin sözlərini bir daha xatırladım. Məsələn, professor Himalay Qasımovun Rəsul Rza haqqında danışdıqlarını, həm şəxsiyyətini, həm   poeziyasını necə təhlil etməsini heç unutmuram. Yaxud professor Yaqub Babayevin sufizmi sadə, anlaşıqlı dildə, həm hamımızı heyrətləndirən nümunələrlə izah etməsi yaddan çıxarmı?! Professor Buludxan Xəlilov Müasir Azərbaycan dili fənnini tədris edirdi məhz onun mühazirələrindən anladıq ki, dil ədəbiyyat bir-birindən ayrı sahələr, elmlər deyillər. Bu cür nümunələri sonsuz sayda gətirmək olar. İndi dərin nostalji hissi ilə bunları yada saldıqca həm bu qənimət adamların yeni gələn nəsillərə necə müsbət təsir etdiyini düşünürəm hər dəfə tələbələrimə onlardan öyrənməyi, hər sözlərindən faydalanmağı məsləhət görürəm.

Pedaqoji Universitetin özünəməxsus tarixi, ənənəsi olduğu üçün bu ardıcıllıq itmir, yeni gələn nəsillərə ötürülür. 1921-ci ildə 6 nəfər tələbə ilə milli dildə fəaliyyətə başlayan ilk ali pedaqoji təhsil ocağı məktəbləri yüksək ixtisaslı müəllimlərlə təmin etmək məqsədiylə yaradılıb. Yaxın illərdə yüz illiyini qeyd edəcək universitetin tarixinə nəzər salanda necə böyük çətinliklərdən keçdiyini, müxtəlif fədakar alimlərin sayəsində öz nüfuzunu, özünəməxsusluğunu qoruyub saxladığını görürük. Xüsusən yarandığı ilk illərdə çətinliklərlə qarşılaşan, İkinci Dünya Müharibəsi illərində müxtəlif böhran vəziyyətlərindən keçən Pedaqoji Universitet bu gün ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən biridir.

Azərbaycan Milli Elmlər Akademiyasının 10 prezidentindən üçünün - Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayevin Pedaqoji Universitet məzunu olması ADPU-çulardan ötrü xüsusi qürurverici hadisədir. Bu məqamda universitetimizin tarixinə ekskursiya etdikdə adları xüsusi minnətdarlıqla çəkilən Mikayıl Rəfili, Bəkir Çobanzadə, Feyzulla Qasımzadə, İsmayıl Şıxlı, Mehdi Hüseynzadə bu kimi neçə-neçə ziyalının xidmətlərini xüsusi vurğulamaq istərdim. Məhz bu şəxsiyyətlərin qoyduqları təməllər əsasında bu günün universiteti, müasir, dinamik, çevik ali təhsil müəssisəsi fəaliyyət göstərir. istər rəsmi məlumatlardan, istər qeyri-rəsmi, yəni xalq arasında gedən söhbətlərdən, istərsə statistik göstəricilərdən universitetimizin nüfuzunun ildən-ilə necə artmasını müşahidə edirik.

Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov müasirliyin, yeniliklərin tərəfdarı kimi dəfələrlə müsahibələrində prinsipial məsələlərə münasibətini bildirib. Həqiqətən universitetimizdə təhsilin keyfiyyətinin artırılması üçün, həmçinin, istər universitet əməkdaşları, istərsə tələbələr arasında canlanmaya gətirib çıxaran obyektiv seçki, müsabiqə, attestasiya, yeni imtahan qaydalarının tətbiqi öz müsbət nəticəsini verib.

Ötən il rektor, professor Cəfər Cəfərov müsahibələrindən birində bu məqamı qısaca şərh etmişdi: “Müəllim hazırlığı ölkə üçün ordu quruculuğu, hətta bəlkə ondan daha artıq dərəcədə vacibdir. Müasir şəraitdə görüləsi işləri göz önünə gətirərək belə düşünürəm ki, müəllim hazırlığı ölkənin milli təhlükəsizlik məsələsidir. Bununla bağlı görüləcək işlər çoxdur. Təhsil Nazirliyi , Pedaqoji Universitet olaraq biz məşğul oluruq. Hazırda həm infrastrukturun müasirləşdirilməsi, həm tədrisin optimallaşdırılması, həm kadrların yenilənməsi ilə bağlı addımlar atılır. Yəqin razılaşarsınız ki, bu vəziyyətdən çıxmaq da zaman istəyir. Buna baxmayaraq, artıq tendensiya var, rəqəmlər mövcuddur. Təhsil Nazirliyinin kollegiya iclasında bununla bağlı rəqəmlər səsləndirildi. Müsbət tendensiyalar var. Bunu görmək lazımdır”.

Cəfər müəllimin bir il öncə söylədiyi müsbət tendensiyalar haqqında artıq birmənalı fikir səsləndirmək mümkündür. Çünki bu il ali məktəblərə qəbul imtahanlarının nəticələri göstərdi ki, ADPU-nun nüfuzu xeyli artıb. Ümumiyyətlə, ölkədə müəllim peşəsinə marağın artması son dərəcə mühüm məqamdır. Bir neçə ildir atılan ardıcıl addımlar əldə olunan nəticələrdə böyük rol oynayıb. Bir sözlə, pedaqoji təhsilin təşkili ilə bağlı atılan müsbət addımlar çoxdur. İki ali təhsil müəssisəsi - Azərbaycan Müəllimlər İnstitutu ilə Pedaqoji Universitetin birləşdirilməsi, Pedaqoji Kollecin ADPU-nun tərkibinə verilməsi dövlətin bu sahəyə diqqətinin xüsusi göstəricisiydi. Beləliklə, məhz bu kompleks tədbirlər nəticəsində yüksək balla müəllim peşəsini seçən gənclərin sayı ildən-ilə çoxalır. Bütün bunlarla yanaşı, Pedaqoji Universitetdə təhsilin səviyyəsi gənclərin seçiminə təsir göstərir. Statistik göstəricilərə nəzər salsaq, 500-dən çox bal toplayan yüzlərlə abituriyent məhz Pedaqoji Universitetin Filologiya, İbtidai təhsilin Pedaqogikası metodikası, Kimya biologiya, Riyaziyyat fakültələrini seçiblər. Eyni zamanda, 600-dən çox bal toplayan abiturientlər Pedaqoji Universitetin müxtəlif ixtisaslarını seçir. Beləliklə, bu il filiallarla birlikdə 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunan tələbələrin sayı 566 nəfərə çatıb. Builki tədris ilində filiallarla birlikdə 15 nəfər gənc 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.

bu məlumatların içərisində məni ən çox təsirləndirən 600-dən çox bal toplayan gənclərin ADPU-nun filiallarını seçməsidir. Adətən paytaxta meyl edən gənclərin universitetimizin filiallarında da oxumağa razı olması doğrudan da sevindirir. Bu günlərdə rektor bu gənclərlə görüşüb söhbətlər edib, uğurlar diləyib düşünürəm ki, bu cür hadisələr yeni gələn nəsilləri həvəsləndirəcək. 

Pedaqoji Universitetin uğurlarından danışmışkən beynəlxalq əlaqələrimizin genişlənməsini, nüfuzlu alimlərin mühazirələrinin, görüşlərinin təşkilini qeyd etmək istərdim. Elə bu günlərdə Türkiyənin Van Yüzüncü İl Universiteti ilə  ikitərəfli əməkdaşlıq müqaviləsinin Mövlana Mübadilə Proqramı çərçivəsində protokolun imzalanması əlamətdar məqamdır. Xarici universitetlərlə bu cür birgə layihələrin həyata keçirilməsi, tələbə müəllim mübadiləsi təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olur.

Ömrümün yarısından çoxunu bağlı olduğum bu ali təhsil ocağı haqqında çox danışmaq, çox yazmaq olar. Mən sadəcə dərslərin başlanmasına lap az qaldığı bu günlərdə bütün sevindirici xəbərləri vərəqləyib Pedaqoji Universitetə minnətdarlığımı dilə gətirmək istədim... Təşəkkürlər, doğma, əziz ADPU! Bilik günümüz mübarək!

 

PƏRVİN

 

 

525-ci qəzet.- 2018.- 15 sentyabr.- S.11.