Nurəngiz Gün
yaradıcılığı: coşğun hisslərin
poeziyası
Allahverdi EMİNOV
İstedadlı şair Nurəngiz Gün poeziyasına
ötən əsrin son on illərindən bələdəm və
bunun bir səbəbi yaşımla bağlıdır.
Sakit, dəbdəbəsiz və coşğun şeirləri
onun fərdi yaradıcılıq xüsusiyyətlərilə
bağlı idi. Digər qadın şairlərimizdən
şeirlərindəki təbii hissləri, fikir tutumu ilə
seçilirdi. Görünür, Nurəngizin
poeziyası haqqında həmin illərdə də yazmaq
olardı. Amma tale cari illərimizə qismət
etdi, bu o mənada mənim üçün maraqlı oldu.
Poetik kökündən düşmədi, nə
yazdısa Məni oldu, lirikanın ən zərif yarpaqlarını
soldurmadı, payızlaşmadı; heyif ömrü
ömrün bu fəslinə qovuşdu. Allah qəbrinə
nur çiləsin...
Mən şairin poeziyasını gül
ağacının ilk dəfə açdığı
yarpağa bənzədərdim. Hələ
gülünü gətirməmiş budağa bülbül
yox, yırtıcı quş qonubdur. Və
bununla da o gül ağacının taleyi gətirməmişdir.
Bəli, Nurəngiz Gün şeirimizdə ən
ilhamlı şair olmaqla, yaşamaqdadır.
Mən onu şeirlərində həzin bakirəlik və
içində xəbərsiz ağlayan şair kimi
tanımışam. Vallah, belə hissli-emosiyalı şair
yoxdur, təbiəti poeziyasına hopmuşdur. Məndən
yəqin ki, inciməzlər, çünki şeir aləminin
bir yazılmamış qanunu da var: şair, xüsusilə,
şeirini özünə oxşatmalıdır,
özünün daxili aləminə etibar etməlidir, sonra
yazmalıdır. Bizim Nurəngiz Gündən fərqli
olaraq şairlərimiz var - şeirlərini oxuyanda bilmirsən
təfəkküründən gəlir, yoxsa emosional təxəyyülündən.
Halbuki hər iki qanad o şeiri
uçurmalıdır.
Bir də
şeir "ah-uf" da deyil: "Gedərəm, yana-yana
qalarsan", "Gələrəm, gözlərinə
baxmaram", "Daha məni axtarma" və ilaxır - əslində,
soyuq yalvarışlardır! Qadın hissiyyatından gəlib,
yoxsa kişi zabitəsindən?! Poeziya belə deyil. Xüsusilə,
qadınların şeir dünyası tez inciyən, küsəyən,
üz döndərən olmalıdır, etiraf edilmiş zəriflik
olmalıdır, kübar qadın sevgisi, səadət və
şöhrət nuruna boyanmalıdır. N.Gün
poeziyasındakı kimi mənəviyyat və əxlaqi təmizlik
timsalını, duyğu azadlığını özündə
təcəssüm etdirməlidir. Və bu mənəvi
qüvvəylə, mərdliklə yol getməlidir:
Saçlarımda
rüzgarım,
Ruhumda ana
laylası,
Başımda
məğlub eşqim
Yol gedirəm, sinəm qaralanədək.
Önümdə
silsilə dağlar,
Sərt
qayalar, soyuq dəniz
Qərib
canla, bu tək cana, qürub
çağı
Yol gedirəm, öləziyib saralanadək.
Arxamda
sarp enişlər,
Çiynimdə
Günəş tayası,
Ağuşumda
Jaləm və titrəyişim,
Yol gedirəm, yol olanadək.
Nurəngiz Günün poeziyasında qadın-xanım cəsarətinin,
kövrək ziddiyyətlərin anatomiyası, astadan
pıçıldamaq səriştəliyinin vərdişi,
işıq süzülən nöqtəni axtarıb tapmaq fəhmi
var. Biganəliklə çox yaşamaq ehtirasının
obrazı gizlənmir burada. Bu baxımdan şairin
bir şeirini etiraf dəyərində qiymətləndirərdim;
hansı ki, üzünü günəşə tutur. Dünyanı, Yer kürəsini qızdıran
Günəş bir şairi isidə bilmir, səbəb nə?
Günəş!
Mənə soyuqdur...
Axı, mən qütbə gedən tək gəminəm.
Məzlum mənzərəsinə dözümsüz
olaram.
Axı,
üşüyürəm mən hərdən,
Azad qanad
yoluna atəş açan
Zalım ovçu üzündən.
Şeirin
zahiri çaları poetik funksiyasını ödəyir,
daxili mətləbə varanda şairin psixoloji və həyat
qütblərinə güclü istəyi oxucunun əhvalına
sığal çəkir və yenə də Günəş
obrazı, amma bu dəfə yanar "planet" yuxularda
şair ilə görüşür, sadəcəmi?
...Günəşim!
Tez-tez röyalarımdasan!
Bir dəfə
də xəyalımda
səninlə öpüşəndə
qucaqlaşıb demişdim:
Məhvəşim!
Atəşim! Sahib dur!..
Məşum toxunur hər şey.
Çək məni, apar məni.
Apar, apar!...
Yerdə
mənə yaman soyuqdur, Günəş!
Şairlərin iddiası ilahi umacağıdır, - desəm
yanılmaram; onlar fərəhsiz zülmət
işığında məftun təbəssüm
axtarırlar, qüssə içində ruhi həyata
qovuşmaq istərlər, xüsusilə, qadın şairlərimiz. Müəllifi
isidə bilməyən günəş obrazı məntiqə
uyuşmayan bir predmetdir və formalığından, maddiliyindən
çıxır. Bir də axı,
şairi Yerdə içində boşluq kabusu gəzdirən
bir ovuc adamlar, paxıllar və istedada qısqananlar rahat
buraxmamışlar. Bir şahid kimi Nurəngiz
Günü bu baxımdan izləmişlər. Özü isə ovqat ifadəsini, sözün dəyər
dərəcəsini yüksək tutmuş və qayəsini
kinayə, məcaz və rəmzi yozumlarla
pıçıldamışdır. Totalitar
ideoloji düşgünü olmamışdır. Mərdanəliklə həyatının mənəvi
və maddi iztirablarını yaşamışdır.
Nurəngiz Günün oxuculara çatdırdığım
bu şeiri daima məni
düşündürmüşdür: öz poetik həzinliyi
və fəlsəfi yükünə görə:
Açılıb
uzanan hər sap düzümü
ömür deyilmiş,
ömrün hər dözümü ömür deyilmiş!
Bağışla!
Aldandıq, aldatdıq, nələrdən döndük.
nələrdə yanıban, nələrdə söndük.
Bilməzdim
bu qədər üzü dönükdük!
Bağışla!
Pisi əzizləyib,
yaxşını atdıq,
Olub ki, bəzən
də xeyrə şər qatdıq,
Beləcə
sivişib ömür uçdu ki!
Ömür
quşdu ki!
Sevdalı
yolları unutmuşuq ki!
Bağışla!
Bağışla!
Bu poetik
fantom-etiraf-bax epiqraf budur! Həyatın iti
baxışını, ağılın ayıq dəlillərini,
hətta dünyaya ironik baxışını sezmək,
poeziyaya gətirmək.
Nurəngiz Günün bəzi şeirlərinin
adlarını xatırlayıram. "Gümüş
köçü", "Bəyaz qiyafə", "Boz
dünya", "Ağ qanadlar"... Şeirlərin
lirik-fəlsəfi mahiyyəti qədər orijinaldır,
mövzu ilə məntiq yozumunda "barışmayan"
şair düşüncələrinin qənaəti. O,
təxəyyülünə "daman" mövzularla o halda
razılaşır - mütləqa qəlb kövrəkliyindən,
həzin duyğularından keçirməlidir; şairin fərqli
bir orijinallığını da bu hisslər diqtəsində
axtarmalıyıq! Mən deyərdim, bu məftunluq
onun analıq qüdsiyyətindən bir paydır.
İlahi!
Kömək ol! O təkdir! Anadır,
Tək
qalıb torpağın üstündə, biçarədir...
Yaxud:
Gör
ki, nə vaxtdır
Qolları, əlləri oğul arayır.
Bir
gör nə vaxtdır
Bu
ananın ağ saçını
Qərib
küləklər darayır...
Kimsə
yoxdur, nə bir nəfəs,
nə
bir səs!
Haraylar
açılır o ananın
qulaqlarında
Damlalar quruyar yanaqlarında.
Təşvişli
və həyəcanlı misralarında belə, şair öz
özəl poetik üslubundan ayrılmır, sanki şeirləri
ondan keçəcək ki... Küsüb
hörümçək torunun qəfəsinə üz
tutacaqlar. Bu, Nurəngiz Günün qəlb
paklığından, bahar üçün darıxan kəpənəyin
arzusundan çiçəklərə, güllərə
çevrilən ömür intizarından doğan taleyidir.
Yaşadığı şeiriyyət
ömrünün tükənməzliyindən gələn səsidir.
Şairin səsində də bir duyğulu
hıçqırtı vardı, səsi şeirlərindən
qopurdu, misralarına himayəlik edirdi, küləkdən,
çovğundan qoruyurdu. Hayıf ki, poeziyaya
hələ çox-çox gözəl şeirlər
bağışlayacaqdı; buna haqqı çatırdı.
Nə edəsən ki...
Nurəngiz Gün poeziyasının dolu nəfəsi son
şeirində belə, boşalmadı, çün o, tənhalığı
xoşlamırdı, insan ünsiyyəti üçün
darıxırdı. Bunu şair-xanımın iç-daxili
dünyası diqtə edirdi. Və bir şeirindən:
Bomboş
bir səssizlik
bomboş...
Boşluqda
nə sevgi, nə nifrət,
nə səadət,
nə hiss, nə səs!
Atlıydım. Bəs hanı?
Qamçım vardı, bəs hanı?
Atım
sizə qalsın -
qaytarın qamçımı!
Qamçılamaq
istəyirəm
bu
boşluğu!
Şair heç zaman səssizliyi sevməzdi, poetik
ovqatına arxayın idi, şeiri onun üçün
darıxırdı; o isə yox. Çün istedad, ilahi pay onda
anadangəlməydi! Adətən, qadın
şairlər ayrılıqdan qorxurlar o mənada - qəlb
kövrəkliyi, itkiləri övladlarının taleyi xofu
rahat buraxmır. Nurəngiz xanımın payına
"ayrılıq" çox düşmüşdür,
xüsusilə, repressiyanın intiqamı! O, bir şeirində
bu hissini poetikləşdirmişdir:
Ah,
ayrılıq!
Biz ki,
çoxdan tanışıq!
Elə əvvəlki
tək hamımız
sopsoluq...
Xoş gəldin
son ayrılıq,
qolboyun
olaq -
artıq
qorxum yox!
Şairdəki
güclü yaşamaq və yazmaq hissindən doğan paradoks!
Daha nədən qorxmalı?
Qorxmalı-darıxmalı bir nəsnə üçün:
öz qəhrəmanın düşdüyü vəziyyət
üçün. Tarixən belə bir psixoloji
hal yaşanmışdır müəlliflər tərəfindən.
Onore de Balzak ağır dəqiqələrində
- ölüm ayağında başına
yığışan yaxınlarından, dostlarından
çılğınlıqla tələb edir ki, əzrayılı
qovmaq üçün Doktor Byanşonu
çağırın. Və Parisi ələk-vələk
edirlərsə, belə bir doktoru tapmırlar.
Yazıçınınsa solğun baxışları
qapıdadır ki... Kim idi Doktor Byanşon?
Balzakın əsərinin qəhrəmanı - obrazı! Müqayisədə heç bir şişirtmə
yoxdur və istedadlı şairin, yazıçının
qarşılaşdığı bir həqiqət.
Nurəngiz
Gün görünür, daxilindəki
çılğınlıq, poetik narahatlıq, haradasa onu
gözləyən ayrılığın illüzyalarında
"Tanrı bəşər övladları" povestini qələmə
almışdır; qəhrəmanı valideynlərini
itirmiş növrəstə qızın taleyi təsvir
olunmuşdur: bir ailədə qulluqçuluq edir, əzabla
günlərini yaşayır... Yazıçı-şairin
qızı Jalə xanımın şəhadətinə
görə, anası bu qızın - obrazının taleyindən
çox nigarançılıq keçirirmiş, kədərlənirmiş.
Nurəngiz Gün çağdaş şeirimizin ləyaqətli
və istedadlı nümayəndəsidir. Şahidiyəm: O, adi danışığında,
şeir oxuyanda da həzin, səmavi həsrətini büruzə
verən xanım idi. Və son şeirinə və
son ömrünəcən bu munis hissi saxladı. Və son sözümü yazıçı-şair
Vaqif Nəsibin Nurəngiz Günə həsr etdiyi şeirilə
tamamlayıram.
Hər məzar
doğmalara
Boylanır acı-acı.
Bəlkə
ziyarətlərdi
Onların ehtiyacı.
O iki
gözə dönüb
Heç zaman tək qoymayın.
Günəşli
günlərdə heç
Üstə çiçək qoymayın.
Adını
ondan alıb
O günəş
balasıdı.
Odlu
çiçəklərini
Göylərdən alasıdı.
Çiskinli
günlərini
İlk bahara döndərin.
Sevimli
gülləriylə
Günə
salam göndərin.
04 fevral 2018.
525-ci qəzet 2018.- 18 sentyabr.- S.8.