Milli Dram Teatrı: repertuar haqqında düşüncələr

 

Akademik Milli Dram Teatrı yeni - 146-cı teatr mövsümünü sentyabrın 15-də yenə ənənəvi olaraq İlyas Əfəndiyevin "Qarabağnamə" əsərinin tamaşası ilə açıb, sevimli tamaşaçıları ilə görüşəcək.

 

Nə qədər ki, vətən torpaqları işğaldadır, "Qarabağnamə" əsərinin tamaşası teatrın repertuarında olmalı və hər yeni mövsüm səhnə "Qarabağnamə" ilə açılıb, "Qarabağnamə" ilə də bağlanmalıdır. Bu tamaşa ilə teatr vətən torpaqlarının işğalına protestini bildirir. İnanırıq ki, ölkə rəhbərinin müdrik siyasətinin nəticəsi olaraq, tezliklə Qarabağ torpaqları işğaldan azad olunacaq. Başqa cür ola da bilməz.

 

Hələlik isə yeni teatr mövsümü gəlir. Yenə gərgin, maraqlı və axtarışlarla bol bir teatr mövsümü həm yaradıcı heyəti, həm də tamaşaçıları gözləyir desək, heç də səhv etmərik. Repertuara rəngarəng, maraqlı, tamaşaçı zövqünə cavab verə bilən dram əsərlərinin tamaşaları salınıb. Əslində, elə belə də olmalıdır. Teatrın repertuarında klassik dram əsərləri ilə yanaşı, müasir nümünələr də yer alır.

 

C. Məmmədquluzadənin "Ölülər", C. Cabbarlının "Almaz" dramları klassik nümunə olaraq bütün dövrlər üçün müasirdir. "Ölülər" dramında ölü ilə diri, "Almaz" əsərində da isə, köhnə ilə yeni düşüncə tərzi arasında gedən mübarizənin əyani təsvirinin tam yeni rejissor yozumunda təqdim olunan yüksək aktyor oyun tərzi ilə qarşılaşırıq. C.Cabbarlının "Almaz" əsəri Əli Əmirli tərəfindən yeni versiyada işlənərək, dövrə uyğunlaşdırılıb. Maraqlı tamaşa ilk baxışda tamaşaçıya həm yeni, həm də bir qədər fərqli təsir bağışlayır. Lakin tədricən tamaşaçı mübarizənin mahiyyətinə varır və yeni rejissor yozumunda sərgilənən baxımlı aktyor ifa tərzini qəbul edir. Bu, belə də olmalıdır. Klassik nümunə neçə-neçə onilliklər bundan qabaq tamaşaya qoyulduğu kimi səhnəyə çıxarılıb, müasir tamaşaçıya çatdırıla bilməz. Klassik nümunəyə müasir yozum və yeni ifa tərzi tapılmalıdır ki, tamaşaçı qəbul edə bilsin. Nə bilmək olar, bəlkə gələcəkdə həm Cəlil Məmmədquluzadəni, həm də Cəfər Cabbarlını daha yeni və daha müasir yozumda, tam fərqli bir aktyor oyun tərzində təqdim edəcəklər. Bu, gələcəyin işidir.

 

Teatrın repertuarında daha bir maraqlı əsər, Əli Əmirlinin işlədiyi "Şah Qacar"ıdır. İnsanın hakimiyyət uğrunda apardığı mübarizələr həmişə maraq kəsb edib. Qacar obrazı isə, həmişə polemika yaradır. Bu obrazın təqdimatı tamaşaçı üçün hər zaman maraq kəsb edir. Teatrın repertuarını bəzəyən növbəti əsər Elçinin 1937-ci ilin repressiyalarının bədii təcəssümü olan "Cəhənnəm sakinləri" əsərinin tamaşasıdır. Repressiya illərinə həsr olunmuş çoxsaylı əsərlər yazılsa da, bu mövzuya vaxtaşırı müraciət olunmalıdır ki, yetişməkdə olan gənc nəsillər tariximizə biganə qalmasınlar. Bu əsərin tamaşası da tamaşaçının maraqla baxdığı, çoxsaylı nümunələrdən biridir.

 

Adları çəkilən tamaşaların rejissoru və müəllifi Akademik Milli Dram Teatrrının bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Bu tamaşaların hər birinə o, fərqli və baxımlı bir rejissor yozumu və aktyor oyun tərzi verərək müasir tamaşaçının düşüncə tərzinə yaxın nümunələr yaratmışdır. Bu əsərlərin hər biri rejissorun düşüncə və baxış süzgəcindən keçərək, tam fərqli, maraqlı, baxımlı və düşündürən tamaşalardır.

 

Akademik İsa Həbibbəyli Azər Paşa Nemətovun fərqli yaradıcılıq nüanslarını yüksək qiymətləndirərək yazırdı: "... Azər Paşa Nemət dramaturji materialın dərinliklərini və incəliklərini açmaq baxımından mahir sənət ustasıdır. Rejissurada əsas mövzunu və ideyanı qorumaqla dramaturji mətnə müdaxilə etmək, müəyyən əlavələr və düzəlişlər, ixtisarlar aparmaq məqbul sayılan işdir... Azər Paşa Nemətov dram əsərinin mətnindəki nəinki ayrı-ayrı cümlələrin, hətta bəzən adi görünən sözlərin də mahiyyətinə elə bucaqdan yanaşır ki, burada cümləni və ya sözü dəyişmək həmin anlayışın yazıldığı dövrdəki hədəfini yox, indiki, yəni tamaşaya qoyulduğu vaxtdakı məna çalarını tapıb üzə çıxartmaq, aktyorun ifadəsindəki xüsusi vurğu ilə tələffüzünə nail olmaq mümkün olur. Azər Paşa Nemətov dramaturji mətn üzərində sözbəzöz, cümləbəcümlə işləyir, sözlərdə, səslərdə və cümlələrdəki işığı, odu, közü, yaxud kölgəni kəşf edə bilir..."

 

Teatrın repertuarında növbəti əsər M. S. Ordubadinin "Qılınc və qələm" romanı əsasında Ç.Ələsgərlinin yeni versiyada işlədiyi, Xalq artisti Mərahim Fərzəlibəyovun tamaşaya qoyduğu "Qətibə İnanc"əsəridir. Bu əsər də əvvəlki klassik nümunələr kimi neçə onillik bundan əvvəl novator rejissor Tofiq Kazımovun quruluşunda, o dövrün rejissor tələblərinə uyğun hazırlanaraq, tamaşaçılara təqdim olunub. Lakin bu gün klassik nümunənin çox maraqlı mövzusuna tam yeni bir baxış bucağı, müasir texnologiyalar dövrünə uyğun yeni rejissor yozumu və müasir tamaşaçının qəbul edə biləcəyi yeni aktyor ifa tərzi tapılmalıdır. Əks-təqdirdə tamaşa qəbul edilməz.

 

Teatr repertuarını qurarkən, söz yox ki, tamaşaçı zövqü əsas götürülməlidir. Lakin bununla bərabər, teatr milli və mənəvi dəyərlərə əsaslanan zəngin repertuarı ilə tamaşaçını öz ardınca aparmalı, xüsusən gənc nəslin milli ruhda tərbiyə edilməsini qarşısına əsas məqsəd qoymalıdır.

 

Teatrın repertuarını bəzəyən daha bir dram nümunəsi İlyas Əfəndiyevin "Boy çiçəyi" əsərdir. Bu əsər də artıq neçə onillikdir ki, "bir sevgi dastanı olaraq" tamaşaçı qəlbini ovsunlayıb. Bu əsərin də yeni rejissor yozumunda yeni aktyor ifasına ehtiyac duyulurdu. Kimlərsə deyə bilər ki, bu maraqlı əsərlə görkəmli rejissor Tofiq Kazımov novatorcasına öz sözünü deyib. Həsənzadəni vaxtı ilə Əli Zeynalov, Nargilə obrazını Amaliya Pənahova yüksək peşəkar səviyyədə təqdim edib, baxımlı obrazlar yaradaraq, adlarını milli teatr tariximizə qızıl hərflərlə yazıblar. Ancaq bu o demək deyil ki, bir daha bu klassik əsərə müraciət etmək olmaz. Klassik nümunələr hər bir teatrın repertuarında əsas yer tutmalıdır. Həm teatrın truppası, həm də müasir tamaşaçı klassik nümunələrdən məhrum qalmamalıdır.

 

Teatrın repertuarında klassika ilə yanaşı, mütləq müasir nümunələr də olmalıdır. Klassika ilə müasir dram nümunələri teatrın repertuarının bəzəyi olmalıdır. Teatrın repertuarı elə qurulmalıdır ki, klassiki dram nümunələri ilə müasir dram əsərləri yarı-yarıya bir-birini tamamlaya bilsin. Belə bölgü sistemində teatrın repertuarında dram əsərlərinin janr və dövrlə uyğunlaşma məsələlərinə də xüsusi diqqət verilməlidir. Bu gün kompyüter texnologiyaları özünün yüksək inkişaf mərhələsindədir. İstənilən mövzu haqqında istənilən məlumatı asanlıqla əldə etmək olar. Deməli, tamaşaçını cəlbedici janrda işlənmiş, çox maraqlı bir mövzunun fərqli rejissor yozumunda təqdim olunan orijinal tamaşanın sorağı ilə teatra gətirmək olar və lazımdır. Elə etmək lazımdır ki, tamaşaçı çoxsaylı informasiya vasitələrində olan saysız-hesabsız rəngarəng mövzulu verilişlərdən, filmlərdən, tamaşalardan və sairdən ayrılıb, teatra gəlsin. Bu isə, söz yox ki, çox çətindir. Ancaq nə yaxşı ki, Akademik Milli Dram Teatrının bu sahədə problemi yoxdur.

 

Teatrın repertuarında maraqlı rejissor və aktyor həllini tapmış daha bir pyes, Rusiyanın tanınmış yazıçısı, dramaturqu və jurnalisti Yuri Polyakovun "Sinif yoldaşları" əsəridir. Dram əsəri Rusiyanın və digər ölkələrin teatrlarında maraqlı səhnə həllini tapıb. Pyes rus cəmiyyətinin məhvinə həsr olunsa da, ümumi mənada, dövrümüz üçün aktual olan insan cəmiyyətlərinin dağılmağına həsr olunub. Bu əsərin tamaşasının da müasir tamaşaçı üçün maraq kəsb edəcəyinə inanırıq.

 

Teatrın repertuarında Əli Əmirlinin "Ah bu uzun sevda yolu", Kamal Abdullanın "Bir, iki, bizimki...", Miro Qavranın "Qəribə, çox qəribə əhvalat", A.Məmmədovun "İuda" və Çingiz Aytmatovun "Əsrə bərabər gün" romanı əsasında işlənmış "Manqurt" tamaşaları da maraqla qarşılanır. Son dörd əsərin tamaşası teatrda yeni yaradılmış "Abbas Mirzə Şərifzadə" səhnəsində nümayiş olunur.  Hazırda A.Məmmədovun "İuda" tamaşası 12-16 sentyabrda Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Qazaxıstanın Aktau şəhərində təşkil olunmuş Xəzəryanı Ölkələrin 2-ci Beynəlxalq Teatr Festivalında ölkəmizi uğurla təmsil edib.

 

Adlarını çəkdiyimiz son bir neçə əsərin ilk baxışları sentyabr ayına nəzərdə tutulub. Bu tamaşlara da tamaşaçıların biganə qalmayacağına əminliyimiz var.

 

Daha bir tamaşa da var ki, onun haqqıda danışmasaq düz olmaz. Bu əsər uşaqlar üçün nəzərdə tutulmuş C.Rodarinin "Çipollino" əsərinin tamaşasıdır. Teatrın repertuarında kiçik yaşlı tamaşaçılar üçün də tamaşa yer almalıdır. Hazırda kiçik yaşlı tamaşaçılar üçün teatrda L.Tolstoyun "Buratino axmaqlar ölkəsində" əsəri üzərində də məşqlər gedir. Yaxın vaxtlarda daha bir rəngarəng tamaşa ilə kiçik tamaşaçıları da sevindirməyi qarşımıza məqsəd qoymuşuq. Çünki teatr gələcək tamaşaçı haqqında düşünməlidir.

 

Beləliklə, yeni teatr mövsümü başlanır, yenə teatr səhnəsində tamaşaçılar üçün bir-birindən maraqlı tamaşalar nümayiş olunacaq. 7-dən 70-dək və daha artıq, hər kəsi maraqlandıran tamaşalarımıza hamını dəvət edirik. Yeni teatr mövsümündə teatrda görüşmək ümidilə...

 

Çingiz ƏLƏSGƏRLİ

Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri  

 

525-ci qəzet  2018.- 18 sentyabr.- S.7.